Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:09

‘Nərmin işi’ üzrə məhkəmə istintaqı yekunlaşdı: nənəsi nələr danışdı?


İlkin Süleymanov
İlkin Süleymanov

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun işi üzrə məhkəmə istintaqı tamamlanıb. Aprelin 26-da Gəncə Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar verilib.

Bu qərar Süleymanovun özünü də, onun vəkillərini də narazı salıb. Onlar hesab edirlər ki, bu işdə araşdırılmamış ziddiyyətli məsələlər qalıb və bunlara aydınlıq gətirilmədən məhkəmə istintaqını yekunlaşdırmaq olmaz. Etirazlara baxmayaraq, qərar dəyişməyib.

Hələ məhkəmə iclasının əvvəlindən vəkillər Dadaş İmanovun sədrlik etdiyi, Nural ƏliyevFaiq Mahmudovdan ibarət hakimlər kollegiyasına etiraz veriblər. Onlar bildiriblər ki, iş üçün əhəmiyyətli olan məsələlər araşdırılmır, hakim təmin elədiyi vəsatətləri belə, sonradan icra etməkdən boyun qaçırır və sair. Lakin vəkillərin etirazı baxılmamış saxlanılıb.

Məhkəmədə Səhiyyə və Ədliyyə nazirliklərinin ekspertləri dindirilib.

Rəy 5 gün öncədən prokurorluğa necə məlum ola bilərdi?

Səhiyyə Nazirliyinin eksperti Elşən Məmmədov deyir ki, təqdim olunmuş qan nümunəsilə bağlı rəy verib. Həmin rəy 2020-ci il yanvarın 27-də hazır olub.

O dövrdə Baş prokuror olan Zakir Qaralov Ombudsmana 22 yanvar 2022-ci il tarixli cavab məktubunda qanla bağlı ekspert rəyinə istinad edib. O zaman təqsirləndirilən Süleymanovun atası Ombudsmana məktub yazaraq, törətmədiyi cinayətin işgəncə yoluyla oğlunun üzərinə qoyulmasından şikayətlənib. Ombudsman da həmin şikayət əsasında Baş prokurora məktub göndərib. Qaralov isə sözügedən məktubla Ombudsmana cavab yazıb və orada göstərib ki, Süleymanovların həyətindən II qrup qan tapılıb.

Bu səbəbdən vəkillər ekspertdən soruşublar ki, yanvarın 27-də hazır olan rəy 5 gün öncədən prokurorluğa necə məlum ola bilərdi?

“Rəy məxfi şəkildə hazırlanır. Onunla bağlı əvvəldən kiməsə məlumat vermək mümkün deyil”, – Elşən Məmmədov belə deyib.

“Hər kəsdən şübhələnirdim”

Məhkəmədə Nərmin Quliyevanın ana nənəsi Minayə İsmayılova da dindirilib. O, İlkin Süleymanov tutulandan sonra prezidentə və başqa qurumlara məktubunda yazıb ki, onun qatil olduğuna inanmır, əsl qatilin tapılmasını istəyir.

“Mən elə deməmişəm, demişəm ki, İlkin deyilsə də, hər kimdirsə, tapın...” – vəkillərin həmin məktubların yazılma səbəbi haqda sualına İsmayılovanın cavabı belə olub. Lakin vəkillər bildiriblər ki, məktublarda birmənalı şəkildə Süleymanovun qatil olmadığını yazıb.

İsmayılova telekanallardakı çıxışlarında, mediaya müsahibələrində nəvəsinin başına gələnlərə görə uşağın öz valideynlərini ittiham etmişdi. Hətta azyaşlının itkin düşməsinə görə Nərminin sonuncu dəfə evindən çıxdığı əmisi Lətif Quliyevi günahlandırmışdı. O, nəvəsinin başına gələnlərə görə niyə məhz qızını, kürəkənini və onun qardaşını günahlandırmasını isə belə izah edib: “Mən hər kəsdən şübhələnirdim...”

“Niyə istintaqda 4-5 dəfə dindirilib?”

İstintaq zamanı İsmayılova bir neçə dəfə dindirilib. O ifadələrdən birində deyib ki, hadisədən əvvəl kürəkəni (Nərminin atası-red.) Şərif Quliyev öz həyat yoldaşı Aynurə İsmayılovanın iş yerinə gələrək, orada onunla dalaşıb və bıçaqlamağa cəhd edib. Qızı ona zəng edərək bu haqda məlumat verib. Onlar birlikdə gedib polisə bu haqda xəbər veriblər.

Vəkillər məhkəmədə İsmayılovadan bu hadisə haqda da soruşublar.

“Hər evdə belə söz-söhbətlər olur...” – İsmayılova belə cavab verib.

Hakim vəkillərin İsmayılovaya əlavə suallar verməsinə imkan yaratmayıb. Deyib ki, onu ancaq İlkin Süleymanov haqda yazdığı məktuba görə məhkəməyə çağırmışdılar. Ona görə əlavə məsələləri soruşmağa ehtiyac yoxdur. Bu isə vəkilləri narazı salıb.

“O zaman niyə istintaqda 4-5 dəfə dindirilib? Cinayət işinin materiallarında var bütün bu məsələlər. Niyə dindirməyə imkan vermirsiniz?” – vəkillər etiraz edib.

Bundan sonra hakim məhkəmə istintaqının tamamlandığını elan edib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Ona mayın 3-nə qədər vaxt verilib.

Xatırlatma

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.

Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG