Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:29

İlkin Süleymanova 20 il həbs cəzası istənildi


İlkin Süleymanov
İlkin Süleymanov

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanova 20 il həbs cəzası istənilib. Mayın 3-də Gəncə Ağır Cinayətlər Məhkəməsində prokuror Müşfiq Rəhimov bu təkliflə çıxış edib.

Prokuror təxminən 20 dəqiqəlik çıxışında deyib ki, Süleymanova qarşı ittihamlar bu məhkəmə prosesində sübuta yetirilib.

Dövlət ittihamçısı bu cinayətin işgəncə yoluyla onun üzərinə qoyulması haqda iddiaların əsassız olduğunu bildirib.

Zərərçəkmişin hüquqi varisi qismində tanınan azyaşlının atası Şərif Quliyev isə Süleymanova daha ağır cəza verilməsini istəyib.

Məhkəmə prosesi mayın 10-da İlkin Süleymanovun vəkillərinin çıxışıyla davam edəcək.

Vəkillər prokurorun çıxışından narazı qalıblar. Onlar AzadlıqRadiosuna bildiriblər ki, prokuror cinayət işindəki bir sıra sübutları təhrif edib, istintaq zamanı yol verilən saxtakarlıqları nəzərə almayıb.

Məhkəmə iclasından sonra təqsirləndirilən Süleymanovun yaxınları ilə Nərminin atası Şərif Quliyevin atası arasında gərginlik yaşanıb.

Süleymanovun yaxınları hüquq-mühafizə orqanlarının Quliyevlər ailəsi, özəlliklə Şərif Quliyevin özü ilə bağlı araşdırma aparmasını istəyir. Onlar iddia edir ki, azyaşlının atası bir çox məsələləri gizlədir.

"Məhkəmədə də dəfələrlə yalanları üzə çıxdı. Lakin hər dəfə məhkəmə buna göz yumdu. Onun özü, telefonu ilə bağlı normal, hərtərəfli araşdırma aparılsa, çox şey üzə çıxar. Həmin gün uşaq niyə dərsdən icazə alınıb tez gəlib evə? Özü bir azdan həmin qardaşıgilə gedəcəkdisə, uşağı niyə ora gödəkcə arxasınca göndərirdi? Uşaq gəlib çıxmır, ata maraqlanmır ki, övladım niyə gəlmədi?", – təqsirləndirilən şəxsin qardaşı Adil Süleymanov belə deyir.

Şərif Quliyev isə AzadlıqRadiosuna bildirib ki, onun haqqında deyilənlər əsassızdır, uydurmadır: "Mən öz uşağımla maraqlanmışam da, qayğısına da qalmışam...".

Məhkəmə prosesi mayın 10-da Süleymanovun vəkillərinin müdafiə çıxışı ilə davam edəcək. Ardınca onun özü məhkəmədə son sözünü deyəcək və daha sonra hökm oxunacaq.

Xatırlatma

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb.

47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.

Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG