Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:04

ABŞ Gürcüstana sanksiya xəbərdarlığı edir


Moskvanın Şeremetyevo hava limanı
Moskvanın Şeremetyevo hava limanı

Gürcüstan prezidenti Salome Zurabişvili, ölkənin üç müxalifət partiyası, habelə Avropa İttifaqı və ABŞ Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasına etiraz bildiriblər.

Mayın 10-da Rusiya prezidenti Vladimir Putin bu uçuşların bərpa olunmasına dair birtərəfli qərarını elan etmişdi.

Gürcüstan hökuməti bu qərarı dəstəklədiyini bildirmişdi.

Avropa İttifaqı onun üzvü olmaq istəyən Gürcüstana Rusiyaya qarşı aviasiya sanksiyalarını dəstəkləməyə çağırıb.

Bu isə o deməkdir ki, Tbilisi Rusiya təyyarələrinin Gürcüstana və Gürcüstan təyyarələrinin Rusiyaya uçuşlarına icazə verməməlidir.

“İşğalçının hədiyyəsi lazım deyil”

ABŞ Dövlət Departamenti bildirib ki, Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpası, əgər Gürcüstan Rusiyanın sanksiya siyahısında olan hava şirkətlərinin təyyarələrinə xidmət göstərərsə, Tbilisiyə qarşı ikincili sanksiyaların qoyulması ilə nəticələnə bilər.

Departamentin bəyanatında deyilir:

“Bütün Qərb icması özünü bu qəddar rejimdən kənarlaşdırıb. İndi Rusiya ilə qarşılıqlı münasibətləri aktivləşdirməyin vaxtı deyil”.

Gürcüstan prezidenti Salome Zurabişvili hələ mayın 10-da Putinin qərarını Gürcüstana qarşı “növbəti təxribat” adlandırmışdı.

O demişdi ki, bugün Gürcüstana Rusiyadan hər hansı “hədiyyələr və ya güzəştlər” lazım deyil və “işğalçı tərəfindən belə bir jest yersiz və qeyri-məqbuldur”.

Müxalifət müqavimət vəd edir

Prezident ölkə hökumətini Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsinə baxılmasına çağırıb.

Zurabişvili bu məsələdə onunla hökumət arasında fikir ayrılığının müzakirəsi üçün milli təhlükəsizlik şurasının iclasının çağırılmasını istəyib.

Rusiya ilə birbaşa hava nəqliyyatının bərpasına qarşı habelə Gürcüstanın üç siyasi partiyası çıxış edib.

Bunlar Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat, “Droa” və “Lelo” partiyalarıdır.

Müxalifət partiyaları iddia edirlər ki, Rusiya hökuməti bu qərarı Gürcüstanın hakim “Gürcü arzusu” partiyası ilə məsləhətləşmədən sonra qəbul edib.

“Droa” partiyasının rəhbəri xəbərdarlıq edib ki, Gürcüstanda işləməyə çalışan hər hansı Rusiya hava şirkəti fiziki müqavimətlə üzləşəcək.

İqtidar Rusiya tərəfi seçib

Gürcüstan hökuməti Rusiya ilə birbaşa hava əlaqəsinin bərpasını dəstəkləyib.

Hakim “Gürcü arzusu” partiyası bəyan edib ki, iki ölkə arasında birbaşa uçuşların olmamasına görə “milyonlarla gürcü” əziyyət çəkir.

Partiya bunu da vurğulayıb ki, Gürcüstan ölkə iqtisadiyyatına ziyan vurulmaması üçün Rusiyaya qarşı sanksiyalar elan etməyəcək.

Gürcüstan məsələləri haqqında yazan bloger Nikolay Levşits bildirib ki, Moskvanın Ukraynaya müdaxiləsinin başlanmasından keçən bir ildə Gürcüstanın Rusiyadan idxalı 79 faiz, Rusiyaya ixracı isə 61 faiz artıb.

Levşits yazır ki, “Gürcüstan Rusiya ilə əməkdaşlıq yolunu tutub və bunu fakt kimi qəbul etmək lazımdır”.

XS
SM
MD
LG