Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:09

Aİ də Ermənistandan Rusiyaya ixracın artmasını şübhəli sayır


İllüstrativ foto
İllüstrativ foto

ABŞ-ın Ermənistan üzərindən Rusiyaya qadağan olunmuş malların daşınması ilə bağlı xəbərdarlıqlarından sonra, Avropa İttifaqı (Aİ) da Rusiyaya ixracın əhəmiyyətli dərəcədə artmasının şübhəli olduğunu bildirir.

"Fərdi sistemlərdəki boşluqlar sayəsində sanksiyalardan yan keçmək istəyənlər bunu edə bilər, ticarət vasitəsilə sanksiyalardan yayınmağın müəyyən yolları var", – Aİ-nin iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni (Paolo Gentiloni) mayın 19-da deyib.

Komissar qeyd edib ki, bir sıra ölkələrə və bu ölkələrdən də Rusiyaya edilən ixracda ciddi artım var. O, Qazaxıstan və Qırğızıstanla yanaşı, Ermənistanın da adını çəkib.

“Heç kimə işarə etmirəm”

Komissar hansı qadağan olunmuş mallardan söhbət getdiyini açıqlamayıb. “Heç kimə işarə etmirəm, amma hər şey çox açıqdır”, – deyən Brüssel rəsmisi bu məsələnin Aİ-nin qarşısındakı çətinliklərdən biri olduğunu vurğulayıb.

“Euronews”un məlumatına görə, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra Aİ-yə üzv ölkələrdən Ermənistana ixracın həcmi təxminən 1,9 milyard avro təşkil edir. Müharibədən əvvəl, 2021-ci ildə isə bu rəqəm 860 milyon idi.

Eyni zamanda, rəsmi məlumatlara görə, ötən il Ermənistandan Rusiyaya ixrac 2021-ci ilə nisbətən təxminən 3 dəfə artaraq 4 milyard dolları ötüb. Belə ki, 2021-ci ilin ilk altı ayında Ermənistandan Rusiyaya 745 telefon və modem ixrac edildiyi halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 53 minə çatıb.

Bəyanatları əsaslandırmaq

Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edirmi? Ermənistan rəsmiləri son aylar Qərbin artan xəbərdarlıqları ilə paralel bəyan edirlər ki, Yerevan Moskvaya sanksiyalardan yan keçməyə kömək etmir.

“Hayastan” fraksiyasının deputatı, iqtisadçı Tadevos Avetisyan deyir ki, erməni tərəfi şifahi təminatlarla yanaşı, həm də Qərbə öz bəyanatlarını aydın və əsaslı şəkildə əsaslandırmağı bacarmalıdır. “İzahat – şifahi deyilən hər şeyi əsaslı, aydın və şəffaf şəkildə təqdim etmək deməkdir. Təsəvvür edirsinizmi, hansısa qonşu ölkə ayağa qalxıb, “Bəli, biz qəsdən bu sanksiyaları pozmağa çalışırıq” deyir? Təbii ki, heç kim bunu deməz. Dövlətimiz bu ölkələrlə birbaşa dialoq qurmalı, bunun sırf iqtisadi əməkdaşlıq olduğunu izah etməlidir”, – deyə müxalifətçi deputat bildirib.

Avetisyanın fikrinə görə, Qərbin xəbərdarlıqları erməni şirkətlərinə qarşı sanksiyalar kimi konkret addımların atıla biləcəyindən xəbər verir.

Qırmızı xətt

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Çexiya qəzetlərindən birinə deyib ki, sanksiyalar Ermənistan üçün qırmızı xətdir. "Ukrayna hadisələrindən sonra yükdaşımaların logistik zəncirləri pozulub, ya da işləmir. Birbaşa Rusiyaya gedən bir çox mal indi Ermənistan, Qazaxıstan və digər ölkələr vasitəsilə Rusiyaya gedir", – Paşinyan deyib. Paşinyan vurğulayıb ki, Yerevan sanksiyalara məruz qalan mallarla bağlı mümkün qədər şəffaf olmağa çalışır və bu məsələdə bütün tərəflərlə əməkdaşlıq edir.

"Boş yer varsa, Rusiyanın tələblərini məmnuniyyətlə yerinə yetirəcəyik. Sanksiyalar bizim qırmızı xəttimizdir. Bunu Rusiya tərəfinə çox açıq şəkildə deyirik: sizə zərər vermək istəmirik, amma sanksiyalara məruz qalmağı gözə ala bilmərik", – Paşinyan vurğulayıb.

XS
SM
MD
LG