Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:58

Hesabat: Moskva kənarındakı daşınmaz əmlak Putinin ailəsinə bağlıdır


Putinə məxsus olduğu bildirilən mülklərdən biri
Putinə məxsus olduğu bildirilən mülklərdən biri

Rusiya Prezidenti Vladimir Putinin ailə üzvləri onun Moskvanın qərb ucqarındakı iqamətgahı yaxınlığında, dəbdəbəli evlərin tikildiyi ərazidə bir neçə daşınmaz əmlakı sakitcə əldə ediblər. Bunu yeni araşdırma üzə çıxarıb.

İyunun 1-də yayılmış araşdırmanı Rusiyanın “Proyekt” xəbər saytı aparıb. Bəzi ekspertlər Putin, onun müttəfiqləri və ailəsinə bağlı nəhəng, məxfi və gəlirli aktiv şəbəkəsi olduğuna inanırlar.

İlə 140 min dollar

Putin rəsmi olaraq ildə təxminən 140 min dollar maaş alır, onun açıqladığı sərvətinə 74 kvadrat metrlik mənzil, bir avtofurqon və üç avtomobil daxildir. Lakin bəzi analitiklər prezidentin sərvətini təxminən 200 milyard dollar və ya daha çox qiymətləndirir, yaxın adamlarının qurduğu mürəkkəb maliyyə sxemləri ilə gizlədildiyini deyirlər.

“Proyekt” Putinin çox vaxt yaşadığı Novo-Oqaryovo hökumət iqamətgahı yaxınlığındakı bir neçə torpaq sahəsinin 2006-cı ildə Panamada və başqa yerlərdəki ofşor şirkətlər tərəfindən alındığını müəyyən edib.

“Proyekt” bildirib ki, Putinin keçmiş həyat yoldaşı Lyudmiladan olan iki qızı daha sonra bu daşınmaz əmlakı cehiz kimi əldə edib.

Putinin böyük qızı Mariya həmin məkanlardan birində məskunlaşıb. Vorontsova soyadını daşıyan Mariya bir neçə il hollandiyalı ilə evli idi. Sonradan onların ayrıldığı, Mariyanın rusiyalı neft və qaz meneceri ilə ailə qurduğu deyilir.

Milyonlarla avroluq təmir

“Proyekt”in məlumatına görə, Putinin o biri qızı Katerina Tixonovanın artıq keçmiş əri Kiril Şamalov prezidentin qızıyla 2013-cü ildə evlənəndən az sonra başqa bir sahəni alıb. Daha sonra cütlük mülkdə milyonlarla avro dəyərində böyük təmir işləri aparıblar.

“Proyekt” bildirir ki, təmir edilmiş evin dekorasiyaları arasında təxmini dəyəri 72 min 000 avro (77 min 576 ABŞ dolları) olan əl işi zərli çilçıraq və tanınmış rus rəssamı İvan Şişkinin 19-cu əsrə aid rəsm əsəri var.

Şamalovun adına keçirilmiş başqa bir ərazidə Lyudmila Putina üçün ev tikilməsi gözlənilirdi. O, Putinlə 2013-cü ildə ayrıldığını elan etdi və qadın sonradan ailə qurdu.

“Proyekt”in tapıntılarına görə, 2013-cü ildə Şamalov əraziylə bağlı etibarnaməni Lyudmilanın yenidən evləndiyi adama göndərib.

Tixonova ilə ayrılandan sonra...

Şamalov və Tixonova sonradan ayrılıb və o vaxtdan Şamalov Putinlə yaxın əlaqələrə görə ABŞ, Britaniya və digər ölkələrin 2018-ci ildən başlatdığı maliyyə sanksiyalarına məruz qalıb.

Şamalov sahib olduğu torpaq sahələrini Putinin uşaqlıq dostu və milyarder iş adamı Arkadi Rotenberqlə əlaqəli olduğu iddia edilən firmaya keçirib.

“Proyekt” qeyd edir ki, Şamalov mülkləri təxmin edilən dəyərindən xeyli aşağı qiymətə satıb.

Putinin sərvəti və aktivləri Qərb hökumətləri, müxbirlər və digər tədqiqatçıların çoxsaylı araşdırmalarının mövzusu olub.

Hazırda həbsdə olan müxalifətçi Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun tədqiqatçıları Putinin Qara dənizdə müntəzəm istifadə etdiyi nəhəng malikanəni sənədləşdiriblər.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun 2016-cı il "Panama Sənədləri" adlı araşdırması Putin, onun dostları və ailələrinə bağlı cah-cəlalı, o cümlədən Rusiya daxilində və xaricində yaxtalar və daşınmaz əmlakı üzə çıxarıb.

XS
SM
MD
LG