Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:31

İlkin Süleymanov: 'Ailə Nərminin başına gələnlərin araşdırılmasında maraqlı deyil'


İlkin Sülemanov
İlkin Sülemanov

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanova iyunun 5-də hökm oxunacaq. Bunu Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə prosesinə sədrlik edən hakim Dadaş İmanov elan edib.

İyunun 2-də məhkəmədə İlkin Süleymanov son sözünü deyib, ardınca hakimlər hökm üçün müşavirəyə yollanıb.

50-yaşlı Süleymanov deyir ki, heç vaxt ağlına gəlməzdi ki, bu cinayət onun üzərində qala bilər. Onun sözlərinə görə, hadisədən sonra Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli şəxslərinin müdaxiləsi və ardınca dözülməz işgəncələr nəticəsində bu cinayət onun boynuna qoyulub. O, Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcovun, DİN-in idarə rəisi Arzu Daşdəmirovun və digərlərinin adlarını çəkib.

'Mən o uşağı niyə oğurlamalıydım?'

Təqsirləndirilən şəxs vurğulayıb ki, cinayət işində bir tərəfdən Nərmini övladlığa götürmək məqsədilə oğurladığı iddia olunur, digər tərəfdən onun uşağı soyuq otaqda, əl-qolu bağlı vəziyyətdə saxladığı göstərilir:

"Bunu eləmək üçün ya anlaqsız olmalısan, ya da psixi baxımdan problemli. Ekspertiza isə mənim psixi baxımdan sağlam olmağım haqda rəy verib. Mən o uşağı niyə oğurlamalıydım?"

O, yanmış meyitin Nərmin Quliyevaya aid olması haqda şübhələrini də dilə gətirib. Süleymanov hesab edir ki, azyaşlının ailəsi də onun başına gələnlərin obyektiv araşdırılmasında maraqlı deyil.

"Ailə eksqumasiyaya (meyitin qəbirdən çıxarılıb ekspertizadan keçirilməsi) qəti şəkildə etiraz etdi. Təəssüf edirəm ki, yaxınları Nərminin başına gələnlərin obyektiv araşdırılmasında maraqlı deyillər. Əksinə, onların bir mövqeyi var – İlkin tutulub, cəza alsın. Halbuki, üzə çıxartdığımız saxtakarlıqlar ilk növbədə onları maraqlandırmalıdır", – Süleymanov son sözündə belə deyib.

Hakimin müdaxiləsi

Amma hakim Dadaş İmanov ona bu istiqamətdə danışmağa imkan verməyib. Ümumiyyətlə, İmanov bir neçə dəfə son sözə müdaxilə edərək, Süleymanovun çıxışını kəsib. Tələb edib ki, konkret şəkildə məhkəmədən xahişini desin.

"Mənim cinayətə aidiyyətim yoxdur. Şərlənərək, heç bir günahım olmadan 3 il yarımdır ki, həbsdə saxlanılıram. Məhkəmədən də xahişim budur ki, bu ədalətsizliyə son qoyulsun. Ədalətsizliyə son qoyulması isə bəraət hökmü çıxarılması olar..." – Süleymanov son sözünü bitirib.

Məhkəmə iclasından sonra Nərmin Quliyevanın anası Aynurə İsmayılova məhkəmə binasının qarşısında qışqıraraq, Süleymanova ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini tələb edib.

Xatırlatma

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb.

47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.

Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Prokuror mayın 3-də çıxışında Süleymanova qarşı ittihamın sübuta yetirildiyini bildirib və onun 20 il azadlıqdan məhrum edilməsini təklif edib.

Ardınca Süleymanovun vəkilləri isə çıxışlarında ittihamın qanunsuz və əsassız olduğunu bildiriblər, onun haqqında bəraət hökmü çıxarılmasını istəyiblər.

XS
SM
MD
LG