Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:43

Rusiya elitası Putinə inamını itirib - Qərb mediası


Rusiya elitası müharibədən yorulub və onun dayandırılmasını istəyir, hərçənd Putinin belə bir addım atacağına inanmır.

Bu barədə Bloomberg agentliyi vəziyyətlə tanış 7 mənbəyə istinadla yazıb.

Hətta ən nikbin ruhda olan mənbələr də Bloomberg-ə Kreml üçün ən yaxşı nəticənin ilin sonunadək danışıqların keçirilməsi və münaqişənin dondurulması ola biləcəyini deyiblər.

Onların dediyinə görə Putin bundan sonra Rusiyanın Pirr qələbəsini elan edər və Ukraynanın işğal olunmuş ərazilərini nəzarətdə saxlaya bilərdi.

Bloomberg agentliyinin yazdığına görə Rusiya elitasından heç kəs Putinin Ukraynadakı müharibəsinə qarşı çıxmağa cəsarət etməsə də, müharibə prezidentə olan mütləq inamı sarsıdıb.

Elita “dalana düşüb”

Bunu Bloomberg agentliyinin danışdığı 4 mənbə deyib:

"Elita dalana düşüb: onlar bu mənasız müharibə üçün qurbanlıq quzu olacaqlarından qorxurlar”.

Bloomberg Rusiyanın siyasi və işgüzar elitasının müharibənin perspektivlərinə dair əhvalını “qatılaşan məyusluq” adlandırır.

Bu da qeyd edilir ki, Rusiya elitası Ukraynaya böyük itkilər hesabına uğursuz müdaxilənin məsuliyyətindən ehtiyat edir.

Bloomberg mənbələrə istinadla yazır ki, dronların Rusiya daxilinə hücumları “müdafiəsizlik” hisslərini gücləndirib, döyüşlərin Belqorod vilayətinə yayılması isə Rusiyanın qarantı kimi Putinin imicinə kölgə salıb.

İflas və ümidsizlik

Mənbələr deyirlər ki, bu situasiyada hətta müdaxiləni dəstəkləyənlər də Rusiyanın müharibədəki perspektivlərindən ümidsiz olublar.

Rusiyanın Ukraynada öz məqsədlərinə çatacağına şübhə etdiyini açıq deyənlərdən biri də Dövlət Dumasının deputatı Konstantin Zatulindir.

Zatulinin bu yaxınlarda etdiyi çıxış sosial mediada və teleqram kanallarında geniş yayılıb. O deyib ki, Rusiya bu müharibədə qarşısına qoyduğu dörd məqsəddən heç birinə çata bilməyib:

"Üstəlik bu məqsədlərdən bəziləri bütün mənasını itirib”.

Deputat deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibə planı tamamilə iflasa uğrayıb.

Müharibənin dondurulması

Bununla belə elitanın əksəriyyəti “başını qaldırmır”, işini görür və hadisələrə heç cür təsir göstərə bilməyəcəyini düşünür.

Bundan əvvəl ABŞ-ın Politico portalı yazmışdı ki, Bayden administrasiyası müharibənin donmuş fazaya keçməsini mümkün ssenarilərdən biri kimi nəzərdən keçirir.

Ukrayna hakimiyyəti bildirib ki, ölkə ərazilərinin itirilməsi hesabına heç bir danışıqlara və münaqişənin dondurlmasına getməyəcək.

Kreml də bəyan edib ki, Moskva münaqişənin dondurulması əleyhinədir və müharibəni öz məqsədlərinə çatanadək davam etdirəcək.

XS
SM
MD
LG