Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:16

Mərkəzi Bank sədrinin faizlərdən xəbəri yoxdur?


Taleh Kazımov
Taleh Kazımov

"Mən Azərbaycanda bank kreditləri faizinin 20-25 faiz olmasını görməmişəm", -Mərkəzi Bankın sədri Taleh Kazımov belə deyib. O bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında kredit faizlərinin yüksək olmasına dair iddiaları cavablarkən dilə gətirib. Təbii sual doğur: Bəs gerçəkdə Azərbaycanda istehlak kreditlərinin faiz dərəcələri nə qədərdir?

Rəsmi rəqəmlərə görə, ötən ilin əvvəlinə Azərbaycan bankların toplam istehlak krediti portfeli 5 milyard 754 milyon manat olub. Ölkədə istehlak kreditlərinin həcmi baxımından ilk yeri "Paşa Holdinq"in tərkibinə daxil olan "Kapital Bank" tutur. Bu ilin əvvəlinə bankın istehlak krediti portfeli 1 milyard 833 milyon manat olub. Deməli, Azərbaycandakı istehlak krediti portfelinin 32 faizi təkcə "Kapital Bank"ın payına düşür. Bu bank bazardakı kredit kartlarının da yarısından çoxuna sahibdir. Həmin kredit kartının illik faiz dərəcəsi 25 faizdir.

Ölkədə istehlak kreditlərinin həcminə görə ən böyük portfelə sahib ikinci bank dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankıdır. Bu bankın istehlak krediti portfelinin həcmi ilin əvvəlinə 973 milyon manat olub. Bu, ölkə üzrə istehlak krediti portfelinin 17 faizi deməkdir. Bankın saytında yerləşdirdiyi bilgilərdən aydın olur ki, Azərbaycan Beynəlxalq Bankında verilən istehlak kreditlərinin maksimum faiz dərəcəsi 26.9-dur. Beləcə bəlli olur ki, ölkədəki istehlak krediti portfelinin yarısına sahib olan ilk iki bankın hər ikisində istehlak kreditləri 20 faizi ötür. Deməli, Mərkəzi bank sədrinin iddiası doğru deyil.

Taleh Kazımov Mərkəzi Bankın sədri olmadan öncə "Paşa Holdinq"ə daxil olan digər banka – "Paşa Bank"a rəhbərlik edib. Həmin bankın saytındakı bilgilərdə qeyd edilir ki, "Paşa Bank"ın təklif etdiyi kreditlərin maksimum dərəcəsi 28 faizdir. Başqa sözlə, Taleh Kazımovun qısa zaman öncəyədək rəhbərlik etdiyi bankda da 20 faizdən yüksək istehlak kreditləri var.

Rəsmi rəqəmlərə görə, Azərbaycan bankları ötən ilin ilk üç ayı ərzində verdikləri kreditlərə görə toplam 827 milyon manat faiz gəlirləri əldə edib.

Ən çox faiz gəliri götürən bank dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankıdır. Bu bankın üç ay ərzində faiz gəliri 192 milyon manat olub. "Paşa Holdinq"ə daxil banklar - "Paşa Bank" və "Kapital Bank" cəmi üç aya 267 milyon manat faiz gəliri qazanıb.

Faizlər niyə yüksəkdir?

Azərbaycanda kredit faizlərinin yüksək olması tez-tez dartışılır. Hökumət kredit faizlərinin yüksək olmasında bankları günahlandırır və onları "günah keçisi" elan edir. Ancaq müstəqil ekspertlər düşünürlər ki, buna ölkə iqtisadiyyatı ilə bağlı amillər də təsir göstərir.

Azərbaycanda bank kreditləri faizinin yüksək olmasının əsas səbəbi kredit vermək üçün cəlb edilən resursların bahalığıdır. Hər hansı məhsulun satış qiyməti onun maya dəyərinə görə formalaşır. Başqa deyimlə, maya dəyərinin bahalığı sahibkarı məcbur edir ki, məhsulun satış qiymətini artırsın. Eyni durumu kredit məhsullarına da şamil etmək olar. Bankların cəlb etdikləri resursların baha olmasının səbəbi isə bu resursların böyük əksəriyyətinin depozitlərə bağlılığından qaynaqlanır. Ötən ilin sonuna olan göstəricilərə görə, Azərbaycanda bank öhdəliklərinin 80 faizdən də bir qədər artıq bölümü depozitlərdir.

Azərbaycanda maliyyə bazarlarının zəif gəlişməsi, Mərkəzi Bankın kommersiya banklarını aktiv maliyyələşdirməməsi, ölkədə xarici kapitallı bankların azlığı kimi amillər bankları depozitlərdən asılı qoyur. Depozitlərin maya dəyərinin baha olması isə son nəticədə kredit faizlərini də yüksəldir.

Digər tərəfdən, bank sisteminin depozitlərdən bu qədər yüksək asılılığı əlavə risklər yaradır. Axı böhran gözləntisi yaransa və istər vətəndaşlar, istərsə şirkətlər bank vəsaitlərini sürətlə çıxarmağa çalışsa, bu, bank sektorunda ciddi problemlərə yol açacaq. Bu baxımdan, Mərkəzi Bank əhalini banklarda pul saxlamağa həvəsləndirmək üçün əmanətlərin qorunması mexanizmini tətbiq edir. Hazırda 100 min manata və illik 12 faizədək faiz dərəcəsi ilə banklarda yerləşdirilən əmanətlərə dövlət zəmanəti verilir. Bununla belə, bankların depozitlərdən bu qədər yüksək asılılığı risk amili olaraq qalmaqdadır. Bu baxımdan, hazırda Azərbaycanda bank sisteminin durumu stabil görünsə və bankların mənfəəti son illər ardıcıl artsa da, bank sektoru üçün risk amili də qalmaqdadır. Bu riskləri doğuran başlıca səbəblər - haqsız rəqabət, ölkədə biznes mühitinin gəlişməməsi, məmur sahibkarlığı və depozitlərdən yüksək asılılıqdır.

XS
SM
MD
LG