Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:37

Qarabağ danışıqları barədə: 'Ən yuxarı səviyyədə ortaq məxrəcə gəlməyiblər'


Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr

Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin gələn həftə ABŞ paytaxtı Vaşinqtonda görüşəcəyi gözlənir. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan iyunun 22-də hökumətin iclasında bildirib.

N.Paşinyan deyib ki, Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq niyyəti ilə gedəcək: "Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq və tezliklə sülh müqaviləsini imzalamaq niyyəti ilə gedəcək".

Xarici işlər nazirlərinin Vaşinqtondakı görüşü əvvəlcə iyunun 12-də gözlənirdi, amma təxirə salındı. Bundan əvvəl 1-4 mayda Vaşinqtonda dördgünlük danışıqlar olmuşdu. Onda müəyyən irəliləyişdən bəhs edilsə də, mübahisəli məsələlərin qaldığı da deyildi.

Amma qarşıdakı görüşlə bağlı Azərbaycanda elə də nikbin əhval-ruhiyyə hiss edilmir.

H.Babaoğlu
H.Babaoğlu

"Paşinyan sülh danışıqlarının imitasiyasına başlayıb"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hikmət Babaoğlu "Turan"a bildirib ki, son dövrlərdə Ermənistan diplomatiyası münaqişə dövrünə qayıdıb: "Bu diplomatiyanın fəlsəfəsi vaxt udmaq, güclənmək və öz lehinə hansısa hərbi uğurları əldə etməklə masada üstünlük qazanmaqdan ibarətdir. Ona görə də hər dəfə görüşlər öncəsi Paşinyan və onun siyasi komandası pozitiv açıqlamalar verirlər, amma sonra bəlli olur ki, heç bir nəticə əldə olunmayıb".

Deputatın sözlərinə görə, hazırda Ermənistanda ehtiyatda olan hərbi mütəxəssislərin orduya cəlb olunması gedir. H.Baboğlu düşünür ki, N.Paşinyan artıq sülh danışıqlarının imitasiyasına başlayıb: "Konkret nəticə əldə olunmayana qədər Ermənistanın hansısa pozitiv addımlar atacağını demək çox çətindir".

O hesab edir ki, əgər hətta Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalansa belə, bu, müqavilə şərti olacaq: "Heç vaxt o müqaviləyə sadiq qalmayacaqlar. Üçtərəfli bəyanatın iki əsas bəndi – 4 və 9-cu bəndləri ilə bağlı iki il yarımdan çoxdur ki, danışıqlar gedir. Hansılar ki, Ermənistanın öhdəliyi idi. Vasitəçilik ola-ola Ermənistan bunları yerinə yetirmirsə, biz necə düşünə bilərik ki, Azərbaycanla sülh bağlayandan sonra Ermənistan sülhpərvər ölkə kimi davranacaq?".

2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı bəyanatda deputatin istinad etdiyi 4-cu maddədə "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir" cümləsi yer alır.

9-cu maddədə isə Azərbaycan və Naxçıvan arasında Ermənistanın nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməsindən bəhs edilir. Azərbaycan rəsmilər düşünür ki, Ermənistanda onlara dəhliz verməlidir. Ermənistan rəsmiləri isə, bir qayda olaraq, vurğulayırlar ki, Laçın dəhlizindən fərqli olaraq orada dəhlizdən söhbət getmir. Üstəlik, onlar iddia edirlər ki, öz silahlı qüvvələrini Qarabağdan çıxarıblar, Qarabağın "müdafiə" ordusunun onlara aidiyyəti yoxdur.

A.Qasımlı
A.Qasımlı

"Ən çox müzakirə olunan məsələlər bunlardır"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı da AzadlıqRadiosuna bildirib ki, iki ölkə arasında münasibətdə ciddi dəyişiklik yoxdur: "Müəyyən dəyişiklik olsa da, ciddi dəyişiklik yoxdur. Əsas məsələ odur ki, hazırda həmin bu görüşlərdə hansısa konkret detallardan danışılır".

Ekspertin sözlərinə görə, bu ərəfədə Azərbaycan hakimiyyəti nəbz yoxlamaq üçün ictimaiyyətin nəzərinə Xorvatiya modelini sanki yavaş-yavaş gətirməyə başlayıb: "Orada əsas nöqtə Qarabağda olan ermənilərin təhlükəsizliyinin hansı formada qorunacağıdır. Yəni, ruslar oradan getməlidir, gedəcəksə onun yerinə kim gələcək məsələləri müzakirə edilir. BMT sülhməramlı missiyası Rusiyanın əvəzinə Qarabağda ola bilər. Amma Azərbaycanın iştirakı ilə. Ən çox müzakirə olunan məsələlər bunlardır".

"Rusiya qalib gəlsə və…"

Politoloq hesab edir ki, bunlar vaxt aparacaq: "Ermənistanla-Azərbaycan arasında danışıqlar daha çox dövlət başçıları səviyyəsində gedir, daha aşağı səviyyələrdə danışıqlar çox azdır. Bu ondan xəbər verir ki, ən yuxarı səviyyədə ortaq məxrəcə hələ gəlməyiblər. Bu da çox vaxt aparacaq. Digər tərəfdən də, orta məxrəcə gəlinsə və məsələ hətta komissiyalar səviyyəsinə çatsa da, yenə də məsələ yata bilər".

A.Qasımlının fikrincə, Ukraynada gedən müharibədə Rusiya qalib gəlsə və Qarabağdan çıxmağa məcbur qalmasa, bu proses minimum 2025-ci ilə qədər uzanacaq.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.

XS
SM
MD
LG