Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:34

Alen Simonyan: Azərbaycan özünü aldadır...


Ermənistan parlamentinin spikeri Alen Simonyan
Ermənistan parlamentinin spikeri Alen Simonyan

Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi mühümdür, çünki bu məsələ unudula bilməz və əks halda problem həll olunmadan qalacaq.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu iyunun 26-da Milli Məclisdə keçirdiyi brifinqdə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qarabağ ermənilərinə heç bir xüsusi qarantiya verilməyəcəyinə dair bəyanatını şərh edərkən deyib:

“Mənə belə gəlir ki, bu bəyanat Azərbaycan tərəfinin özünə ziyan vurur. Bu halda problem həll olunmayacaq. Onlar reallıqdan qaçırlar, onlara bu məsələlərin müzakirə edilməməsi sərf edir. Amma əminəm ki, onlar hansısa mərhələdə bu məsələyə gələcəklər. Mən düşünürəm ki, onlar bunu danışıqlardan əvvəl plankanı qaldırmaq və danışıqlarda bundan istifadə etmək üçün edirlər. Bu mənim şəxsi fikrimdir”.

“Azərbaycan Bakı-Xankəndi dialoqu üçün beynəlxalq mexanizmin yaradılmasına razı olacaqmı” sualına cavab verən spiker deyib:

“Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi mühümdür, çünki bu məsələ unudula bilməz və əks halda problem həll olunmadan qalacaq. Bu, özünü aldatmaqdır. Əgər Azərbaycan özünü aldatmaqla məşğul olmağa hazırdırsa, Ermənistan buna hazır deyil. Biz bunu bəyan etmişik və bəyanata sadiq qalırıq”.

30 illik münaqişənin elə səbəbi budur

Spiker vurğulayıb ki, iki ölkə arasında 30 ildir davam edən münaqişənin əsas səbəbi Qarabağdır və bu məsələ diqqətdən kənarda qala bilməz.

Simonyan habelə Qarabağ erməniləri barədə məsələnin sülh müqaviləsinə daxil edilib-edilməyəcəyini bilmədiyini deyib:

“Bu hissənin sülh müqaviləsinə salınıb-salınmayacağını, bu barədə hər hansı başqa sənədin olub-olmayacağını bilmirəm, çünki konkret qarantiyalar lazımdır. Çünki biz 9 noyabr bəyanatına əməl olunmadığının şahidi olmuşuq. Əgər bu məsələ müzakirə edilməyibsə, bu məsələ barəsində qərar qəbul edilməyibsə, bu ən azı o deməkdir ki, bu danışıqların böyük bir hissəsi mənasızdır”.

Bununla yanaşı Alen Simonyan xarici işlər nazirlərinin Vaşinqton görüşündə irəliləyiş əldə olunacağına ümid bəslədiyini deyib.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.

XS
SM
MD
LG