Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:06

Ukrayna müharibəsinin Yaşkinoda buraxdığı izlər. ‘Pula görə getməmişdi’


Yaşkino məktəbində xatirə lövhəsi
Yaşkino məktəbində xatirə lövhəsi

26-yaşlı Yevgeni Sayapin Ukraynada iki ay vuruşandan sonra yanvarda Sibirdəki doğma Yaşkino şəhərinə qayıdıb. Amma fiziki və psixoloji sınmış durumda... O, müharibəyə getdiyini arvadına deməmişdi, yerli klinikada müalicə aldığı vaxt qadın ondan boşandığını açıqlayıb.

Evinə dönəndən 11 gün sonra Yevgeninin güllələnmiş cansız bədəni yol kənarından tapılıb. O, tezliklə boşanacağı arvadıyla münasibəti olan kişiylə dalaşıbmış, Sayapinin bacısı Yelena belə deyir. Həmin kişinin Yevgenini güllələdiyi bildirilir, hazırda qətllə bağlı təhqiqat aparılır.

“Ona pul lazım idi? Ehh, hamımıza lazımdı. İşləyirdi, evimiz yananda bizə kömək etmişdi. Həm öz uşaqlarını saxlayırdı, həm də mənimkiləri. Ancaq buna görə özünü dərdə salmırdı. Bu gün var, sabah yoxdu. Müharibəyə də pula görə getməmişdi, bu dəqiqdir. Ana vətənə kömək etmək istəyirdi. Belə bir oğlan idi”, – Yelena danışır.

Cəmi bir iş yeri...

İyulun 8-də Kremlin Ukraynada apardığı müharibənin 500-cü günü tamam oldu. AzadlıqRadiosunun “Siberia Realities” portalı münaqişənin Rusiya cəmiyyətinə dərindən hopduğunu, ölkə boyunca həyatın axarını dəyişdiyini yazır. Yaşkino kimi kiçik, təcrid olunmuş şəhərlərdə isə bu, ikiqat hiss olunur. Burada cəmi bir iş yeri var – qənnadı fabriki. Şəhər yoxsulluq, alkoqol aludəçiliyi, məhdud imkanlar içində çabalayır.

Qərb rəsmilərinin dediyinə görə, Rusiya 2022-ci ilin fevralında işğala başlayandan 200 minədək əsgəri ölüb, yaxud yaralanıb.

Kemerovo kömür mədənləri şəhərindən 90 dəqiqəlik məsafədə yerləşən, 13 minədək əhalisi olan Yaşkinodan isə Ukrayna müharibəsində rəsmən 19 nəfərin həlak olduğu açıqlanıb.

Yaşkino hələ müharibə qurbanların xatirəsini necə əbədiləşdirməklə bağlı qərar verməyib. İki nəfərin xatirə lövhəsi 4 saylı ibtidai məktəbin bayırında deyil, içində qoyulub.

“Çox qorxuludur, əlbəttə. Allaha yalvarıram ki, müharibə tez qurtarsın, oğlumu aparmasınlar. Onun cəmi 14 yaşı var, amma uzansa, aparacaqlar”, – oğlu səkkizinci sinifdə oxuyan, özünü Olqa kimi təqdim edən qadın deyib.

12 nəfərdən dördü sağ qalıb

Yelena Sayapina danışır ki, qardaşı Yevgeni əvvəlcə Ukrayna müharibəsinə könüllü getmək istəyib. Amma iki uşaq atası olduğu, müharibə təcrübəsi olmadığı üçün onu götürməyiblər. 2022-ci ilin noyabrında Vaqner özəl hərbi qrupuna yazılıb, ancaq bu haqda arvadına heç nə deməyib.

Yanvarın 13-də evə qayıdandan sonra isə post-travmatik stress sindromundan (PTSD), qıçlarında qəlpə yaralarından əziyyət çəkib, qolu da sınıbmış. Xəstəxanada müalicə aldığı vaxt arvadı ondan boşandığını elan edib.

“Deyirdi ki, olduğu hissədə 12 nəfərdən dördü sağ qalıb. Əvvəlcə snayper atəşinə tuş gəliblər, dəbilqəsindən vurulub. Sonra artilleriya atəşi altında qalıblar”, – Yelena danışır.

Sayapinin keçmiş arvadı AzadlıqRadiosuna danışmaqdan imtina edib, deyib ki, “şəxsi həyatı ictimaiyyətə sərgiləməyə ehtiyac yoxdur”.

Yaşkinoda heç də hamı müharibəni dəstəkləmir.

Ötən payız 31-yaşlı bir qadın müharibəyə etiraz aksiyası təşkil etməyə çalışmaqda təqsirli bilinərək 50 min rubl ($550) cərimələnib. Onun adı sosial mediadakı “Utanc divarı” adlı qara siyahıya düşüb. Qadın AzadlıqRadiosunun mesajına cavab verməyib.

Dolanışıq yükü

Gündəlik yaşam xərcləri də sakinlərin üstünə ağır yük kimi çöküb.

“Adamlar elə bilirlər ki, kənddə yaşayırıqsa, bizə pul lazım deyil. Ancaq bizdə qiymətlər elə şəhərdəki kimidir”, – Yaşkinoda Mərkəzi Mədəniyyət Evinin yanında uşaqlar ilə gəzişən Svetlana Kazantseva deyib.

Yaşkinoda Ukraynadakı müharibəyə neçə nəfərin getdiyi dəqiq bəlli deyil. Onların çoxu elə işsizlikdən gedir, sakinlər belə deyir.

Adının çəkilməsini istəməyən bir qadın ərinin müharibədə azından pul qazandığını deyib. Özünü Yelena Əliyeva kimi təqdim edən digəri isə qeyd edib ki, oğlu kontraktı bitən kimi Ukraynadan qayıdıb. Onun sözlərinə görə, ona vəd olunan 200 min rublun ($2,200) cüzi hissəsi verilib.

“Kontraktı bitib, ona deyiblər ki, xidmətdə saxlaya bilərlər. Ancaq qayıtmaq istəmir”, – deyən Əliyeva ödənişlərdə yubanma olduğunu, deyilən məbləğin verilmədiyini sözlərinə əlavə edib.

Qadın danışır ki, qənnadı fabrikində maaş yaxşıdır, amma gərək günə 12 saat işləyəsən.

“Şəhərdə başqa yerlərdə isə qəpik-quruş verirlər. Ona görə də adamlar müharibəyə gedirlər. Neyləmək olar?” – o, çiyinlərini çəkir.

XS
SM
MD
LG