Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:26

Lukaşenka Polşa ilə müharibəyə eyham vurur


Lukaşenka və Putin, arxiv fotosu
Lukaşenka və Putin, arxiv fotosu

Ötən bazar günü Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Vaqner özəl hərbi şirkəti ilə bağlı məsələni də müzakirə edib.

Vaqnerin başçısı Yevgeni Priqojinin yarımçıq qiyamından sonra Moskva və Minsk arasında əldə olunmuş razılaşmaya görə muzdlular Belarus ərazisinə köçürülməli idi.

Rusiya medialarının dərc etdiyi videoda Lukaşenka deyir:

"Vaqnerçilər bizi yaman sıxışdırırlar. Qərbə getmək istəyirlər. “İcazə verin” deyirlər. Deyirəm “Qərb nəyinizə lazımdır?” Deyirlər “Varşavaya, Jeşuva ekskursiyaya getmək istəyirlər”.

Niyə Jeşuv?

Qərbdən Ukraynaya verilən silahlar Polşanın Jeşuv şəhərinin aerodromuna gətirilir. Burdan silah-sursatı Ukraynaya yerüstü nəqliyyatla çatdırırlar.

Lukaşenkanın sözlərinə görə o Putinlə razılaşmasına əsasən vaqnerçiləri Belarusun mərkəzində “saxlayır” və onları qərb sərhədlərinə buraxmır.

O əlavə edib ki, “vaqnerçilərin kefləri pisdir”. Putin Lukaşenkanın Varşavaya və Jeşuva ekskursiya barədə dediklərinə qımışır.

Putin elə həmin görüş zamanı bildirib ki, Rusiya və Belarus arasında əməkdaşlığın planı “doldurulur və artıqlaması ilə doldurulur”.

Şoyqunun qızı ekskursiya təşkil edib

Lukaşenka isə deyib ki, Polşa Belarusun qərb sərhədində qoşun cəmləşdirir. O əlavə edib ki, Polşaya Ukraynanın qərbini zəbt etmək imkanı verilməməlidir.

Onun sözlərinə görə Belarus və Rusiya “Qərbi Ukraynanın əhalisinə kömək etməyə” hazır olmalıdırlar.

Varşavanın guya Ukraynanın qərbini işğal etmək planlarının olması barədə bir neçə gün əvvəl Putinin özü demişdi.

Putin Ukraynanın əks-hücumunun “iflasa uğradığını” bir daha iddia edib.

Putin-Lukaşenka danışıqları iki gün davam etməli idi. Putin iddia edib ki, bu görüşə görə bəzi planlarına yenidən baxıb.

Lukaşenka və Putin danışıqların birinci raundundan sonra Kronştadta gediblər. Orada müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu onlar üçün ekskursiya təşkil edib.

Lukaşenka 'Vaqner' qiyamından sonra ilk dəfə Putinlə görüşüb

Belarusun avtoritar lideri Aleksandr Lukaşenka "Vaqner" üsyanı və muzdluların Belarusda yerləşdirlməsindən sonra ilk dəfə Rusiyaya səfər edib.

Rəsmi məlumatlarda onun bazar günü Rusiya prezidenti Vladimir Putinlə təhlükəsizlik, beynəlxalq gündəlik, həmçinin “İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığı”nı müzakirə edəcəyi bildirilir.

Lukaşenkanın mətbuat xidmətinə yaxın olan “Pul Pervoqo" teleqram kanalı onun Sankt-Peterburqa gəldiyini və hava limanında qarşılandığını, Putinlə görüşdüyünü əks etdirən foto və vidolar paylaşıb.

Putinlə görüşdə Lukaşenka Polşanın Belarusun qərb sərhədinə qoşun yeritdiyini iddia edib. Onun sözlərinə görə, Belarus və Rusiya Ukraynanın qərbinin işğalına imkan verməməli, “Qərbi Ukrayna əhalisinə kömək etməyə” hazır olmalıdır. Putinsə Minskə təcavüzü Moskvaya təcavüz hesab etdiyini bildirib.

İyulun 21-də Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə Putin heç bir sübut gətirmədən Varşavanın Ukraynanın qərb bölgələrini ilhaq etmək planlarından da danışıb. Onun bu iddiaları Polşada etirazlara səbəb olub.

Məlumatlarda o da vurğulanır ki, Rusiyaya səfərdən əvvəl Lukaşenka Ümumbelarus Xalq Yığıncağına hərbi doktrinanı təsdiq etmək, respublikada fövqəladə, hərbi vəziyyət tətbiq etmək və həmçinin hərbi personalı ölkədən kənara göndərmək səlahiyyəti verib. (Ümumbelarus Xalq Məclisi Belarus hökumətinin və digər hakimiyyət orqanlarının nümayəndələrinin, müəssisə rəhbərlərinin və nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin ümumi yığıncağıdır)

Lukaşenka rejimi Ukraynaya qarşı müharibə aparan Rusiyanın əsas müttəfiqlərindən biri hesab olunur.

Belarus Ukraynaya qoşun göndərməsə də Moskvaya genişmiqyaslı işğala başlamaq üçün öz ərazisindən istifadəyə icazə verib.

Bundan başqa Minsk Moskvaya nüvə silahlarını Belarusda yerləşdirməyə də icazə verib. Rusiya prezidenti artıq nüvə silahlarının Belarus ərazisində olduğunu deyib.

Bu məlumatları ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat departamenti də təsdiqləyib.

XS
SM
MD
LG