Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:08

Rusiya turistlərinin gəmisinin bir daha Gürcüstana gəlməyəcəyi deyilir


Batumidə Rusiya turistlərinə etiraz aksiyasında şüar: "Siz işğalçı ölkədən gələn turistlərsiniz, gürcücə üzr istəməyi öyrənin!"
Batumidə Rusiya turistlərinə etiraz aksiyasında şüar: "Siz işğalçı ölkədən gələn turistlərsiniz, gürcücə üzr istəməyi öyrənin!"

Gürcüstanda polisin iyulun 31-də Rusiya turistlərini Batumiyə gətirmiş gəmiyə etiraz edənlərin aksiyasını dağıdarkən səlahiyyətlərini aşıb-aşmamasının araşdırıldığı xəbər verilir.

Bu barədə məlumatı AzadlıqRadiosunun Gürcü xidməti Gürcüstan Xüsusi İstintaq Xidmətinə istinadən verib.

Buna baxmayaraq iyulun 31-də saxlanmış 23 nəfərin heç də hamısı hələ ki buraxılmayıb.

Onlardan biri, ukraynalı Marina Çobanyan xırda xuliqanlıqda və polis əməkdaşlarına itaətsizlikdə ittiham olunur.

Onun hazırda Ozurgeti şəhərindəki təcridxanada saxlandığı bildirilir. Çobanyan iddia edir ki, heç bir qanun pozuntusuna yol vermədiyi halda polis ona qarşı zorakılıq tətbiq edib.

Saxlananlardan daha biri ukraynalı Dmitri Zukrevskidir. Onun nədə ittiham olunması məlum deyil.

Bundan əvvəl

Göyərtəsindəki turistlərin əksəriyyəti rusiyalılar olan Astoria Grande kruiz gəmisi ilk dəfə Batumiyə iyulun 27-də gəlmiş və etirazlarla üzləşmişdi.

Gəmidəkilərin bəziləri Putini və Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən şüarlar səsləndirirdilər.

Onlar Gürcüstanla müharibə etmiş Rusiyanın hərəkətlərinə haqq qazandırırdılar.

Turistlərdən biri deyib ki, “Rusiya Abxaziyanı gürcülərdən xilas edib”.

Batumidə keçirilən aksiyada etirazçıların əllərindəki plakatlarda “Rusiya bizi vətənimizdən, həyatımızdan və gələcəyimizdən məhrum edir”, “Ruslaşdırma siyasətinə yox!” və “Gürcüstan hökuməti gürcü xalqından rus düzəldə bilməyəcək!” yazılmışdı.

Gəmi iyulun 31-də ikinci dəfə Batumi limanına gələndə daha qızğın etirazlarla üzləşib.

Aksiyaçılar Rusiyanın Ukraynaya qarşı müharibə apardığı və Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini işğalda saxladığı bir vaxtda turistlərin gəlişinə etiraz edirdilər.

Hakim partiyanın sədri etirazçıları və ABŞ səfirini ittiham edir

Gürcüstan prezidenti Salome Zurabişvili gəminin gəlişini pisləsə və etirazçıları dəstəkləsə də, ölkə hökuməti etirazçıların hərəkətlərini tənqid edir.

Hakim “Gürcü arzusu” partiyasının başçısı İrakli Kobaxidze avqustun 1-də rusiyalı turistlərlə bağlı insidenti “təxribat” adlandırıb.

O iddia edib ki, aksiyaçılar və jurnalistlər rusiyalı turistlərə Abxaziya və Cənubi Osetiya barədə suallar verməklə təxribat yaradıblar.

Kobaxidze habelə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanı “qızışdırıcı mövqe tutmaqda” ittiham edib.

Səfir demişdi ki, heç kim gürcülərdən onların torpağını işğal edən ölkənin turistlərini salamlamağı gözləməməlidir.

Müxalifət tərəfindən rusiyapərəstlikdə ittiham olnuna Kobaxidze deyib ki, Rusiya turistləri olmasa Gürcüstan iqtisadiyyatı ildə 1 milyard dollardan məhrum olar.

Bununla belə Astoria Grande gəmisinin bir daha Batumiyə gəlməyəcəyi bildirib.

Məlumatda deyilir ki, gəmi Batumiyə hər iki həftədən bir gəlməli idi, amma bu liman artıq onun marşrutundan çıxarılıb.

XS
SM
MD
LG