Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:35

'The Washington Post' Qubad İbadoğluya qarşı ittihamları 'absurd' adlandırır


Qubad İbadoğlu
Qubad İbadoğlu

"The Washington Post" qəzetinin redaksiya məqaləsində hazırda Azərbaycanda həbsdə olan iqtisadçı Qubad İbadoğluya qarşı ittihamlar "absurd" adlandırılır.

Məqalədə deyilir ki, İbadoğlu öz fəaliyyətində hökumətə tənqidi mövqe tutub, ölkənin zəngin neft ehtiyatlarının niyə daha firavan, demokratik cəmiyyətin yaranması ilə nəticələnməməsinin səbəbini sual edib və onun həbsi prezident İlham Əliyevin bu suala "cavabı" kimi qiymətləndirilə bilər.

Məqalədə xatırladılır ki, İbadoğlu son illərdə ABŞ və Britaniya universitetlərində dərs deyib.

O, habelə Azərbaycanda yaratdığı İqtisadi Araşdırmalar Mərkəzinə başçılıq edib.

Məqalədə deyilir ki, iqtisadi inkişaf və yaxşı idarəçilik məsələlərini araşdıran bu mərkəzin hesabı Əliyev hökuməti tərəfindən dondurulub, hökumət onun təsis etdiyi Demokratik Rifah Partiyasının qeydiyyatından imtina edib.

"The Washington Post" yazır ki, Qubad İbadoğlu Azərbaycan hakimiyyəti tərəfindən saxta pulların hazırlanmasında və Türkiyədə 2016-cı ildə baş tutmamış çevriliş cəhdində ittiham olunan müsəlman vaiz Fətullah Gülənlə əlaqələrdə ittiham edilir. Hakimiyyət onun ofisindən 40 min dollar nağd pulun tapıldığını və onun saxlanmasına əsas verən informasiyanın Türkiyədən gəldiyini bildirib.

Onun həbsi böyük bir ehtimalla...

Qəzet yazır ki, bu ittihamlar absurddur və böyük bir ehtimalla onun həbsi Britaniyada Azərbaycan Gənclərinin Təhsil Fondunu yaratmaq təşəbbüsü ilə bağlıdır. Bu fond Azərbaycan gənclərinin xaricdə təhsil almasını və onun ianələrdən başqa, həm də Azərbaycan siyasətçilərinin Britaniyada müsadirə edilmiş korrupsiyalı vəsaitlərindən maliyyələşdirilməsini nəzərdə tutur.

Qəzet xatırladır ki, Azərbaycanın hakim elitası 2012-ci ildən 2014-cü ilədək Avropa siyasətçilərinə ödənməsi, habelə bahalı və dəbdəbəli mülkiyyətin alınması və çirkli pulların yuyulması kimi məqsədlər üçün ölkədən böyük məbləğlərdə vəsaitlər çıxarıb. Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi – OCCRP bu mexanizmi "Azərbaycanın pulyuyan maşını" adlandırıb.

Məqalədə bu da qeyd olunur ki, Əliyev müxalifət siyasi partiyaların fəaliyyətini son dərəcə məhdudlaşdıran qanun imzalayıb və bu yaxınlarda müxalifətin ən böyük üç partiyasının qeydiyyatından imtina edilib. Bu da vurğulanır ki, bu partiyaların varlığı üçün təhlükə yaranıb.

Qəzet yazır ki, Qubad İbadoğlu diabet və yüksək qan təzyiqindən əziyyət çəkir və ailəsi onun səhhətindən, lazımi dərmanlarla təmin edilməməsindən narahatdır.

Sabiq nazir, icra hakimi, polkovniklər: Ev dustaqlığında olanlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Xatırlatma

ADR Partiyasının sədri Qubad İbadoğlu bu il iyulun 23-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. İbadoğlu ittihamları qəbul etmir.

ADR dövlət qeydiyyatına alınmayıb.

XS
SM
MD
LG