Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:35

Kosmik agentliklər niyə Ayın cənub qütbünə can atırlar


İspaniyanın Qran Kanariya adasında böyük Ay
İspaniyanın Qran Kanariya adasında böyük Ay

Hindistanın kosmik agentliyi Ayın cənub qütbünə kosmik aparat endirməyə çalışır. Bu, Hindistanın kosmik ambisiyalarını inkişaf etdirə və potensial olaraq Ayın ən qiymətli ehtiyatlarından biri olan Ay su buzu haqqında bilikləri genişləndirə bilər.

Ayda donmuş suyun olması ilə bağlı nə məlumdur? Niyə kosmik agentliklər, özəl şirkətlər bunu Ay koloniyası, Ayda mədənçilik və Marsa potensial missiyalar üçün vacib sayırlar. "Reuters" bu haqda yazır.

Alimlər Ayda suyu necə tapıblar?

Hələ 1960-cı illərdə birinci "Apollon" kosmik gəmisinin enişindən öncə alimlər Ayda suyun mövcud ola biləcəyi haqda danışırdılar. "Apollon" ekipajının 1960-cı illərdə və 1970-ci illərin əvvəllərində təhlil üçün gətirdiyi nümunələr quru çıxmışdı.

2008-ci ildə Braun Universitetinin tədqiqatçıları yeni texnologiya ilə bu Ay nümunələrinə yenidən baxdılar və vulkanik şüşənin kürəciklərinin içərisində hidrogen tapdılar. 2009-cu ildə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) "Çandrayaan-1" zondunda olan NASA qurğusu Ayın səthində su aşkar etdi.

Elə həmin il NASA-nın Ayın ətrafında dövr edən başqa bir zondu Yerin təbii peykinin səthinin altında su buzu aşkarladı. 1998-ci ildə NASA-nın əvvəlki missiyası – "Lunar Prospector" su buzunun ən yüksək konsentrasiyasının cənub qütbünün kölgədə qalan kraterlərində olduğuna dair sübut tapmışdı.

Aydakı su nə üçün vacibdir?

Alimlər qədim buz yataqlarını tapmaqda ona görə maraqlıdırlar ki, onlar Ayda vulkanların, Yerə düşən komet və asteroidlərin, okeanların mənşəyi haqda məlumat verə bilər.

Donmuş suyun həcmi kifayət qədər olarsa, ondan Ayın tədqiqi zamanı içməli su kimi və avadanlığın soyudulmasında istifadə etmək olar.

Bundan başqa, suyu parçalayaraq yanacaq üçün hidrogen, tənəffüs üçün oksigen almaq, onlardan Mars missiyası və Ayda mədən işlərində yararlanmaq olar.

BMT-nin 1967-ci il Kosmos Müqaviləsi hər hansı bir dövlətin Aya sahib çıxmasını qadağan edir. Ancaq sənəddə kommersiya fəaliyyətini dayandıracaq hər hansı müddəa yoxdur.

Ayın cənub qütbü ilə bağlı xüsusi çətinlik nədən ibarətdir?

Aya eniş cəhdləri daha öncə də uğursuzluqla nəticələnib. Rusiyanın "Luna-25" stansiyası bu həftə Ayın cənub qütbünə enməli idi. Ancaq o, Ayın səthinə yaxınlaşarkən nəzarətdən çıxıb və bazar günü qəzaya uğrayaraq Ayın səthinə çırpılıb.

Daha öncəki missiyaların, o cümlədən astronavtları daşıyan "Apollon" gəmisinin endiyi ekvatordan fərqli olaraq, cənub qütbü kraterlər və dərin yarğanlarla doludur.

ISRO-nun "Çandrayaan-3" missiyasının avqustun 23-də Aya enməsi gözlənilir. Hindistanın daha öncəki missiyası 2019-cu ildə uğursuz olub. Aparat indi "Çandrayan-3"ün enməli olduğu ərazinin yaxınlığına təhlükəsiz eniş edə bilməyib.

Həm ABŞ, həm də Çin Ayın cənub qütbünə missiyalar planlaşdırıb.

XS
SM
MD
LG