Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:00

Ülvi Həsənlinin hədələndiyi deyilir


Ü.Həsənli
Ü.Həsənli

AbzasMedia-nın direktoru Ülvi Həsənlinin saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında hədələndiyi bildirilir.

Ü.Həsənlinin yaxınları deyib ki, təcridxananın rəhbərliyi ona Ombudsmana şikayət etdiyinə görə irad bildirib: "Ülviyə istintaq tərəfindən ailə üzvləri ilə əlaqə saxlamaq, görüşmək qadağan olunub. Amma ona vəkilə də zəng vurmağa belə icazə vermirlər. O da bundan Ombudsmana şikayət etmişdi. Eşitdiyimizə görə, istintaq təcridxananın rəhbərliyi ona deyib ki, niyə Ombudsmana şikayət yazırsan? Şikayətlərə davam etsən, burada vəziyyətin pisləşəcək".

Penitensiar Xidmətdən "Turan"a bildirilib ki, məsələ araşdırılacaq və məlumat veriləcək.

Ülvi Həsənliyə vəkili ilə əlaqə saxlamağa məhdudiyyət qoyulub?

AbzasMedia-nın həbsdə olan direktoru Ülvi Həsənliyə vəkillə əlaqə saxlamağa icazə verilmədiyi bildirilir.

Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. Onun sözlərinə görə, Ü.Həsənli ilə saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında görüşə bilirsə də, zənglərə qadağa qoyulub: "Bu, qeyri-qanunidir və mən bu məsələ ilə bağlı həm Penitensiar Xidmətə, həm də Ombudsman Aparatına müraciət etmişəm. Biz bu məsələyə görə məhkəməyə də müraciət etmək niyyətindəyik".

Z.Sadıqova bildirib ki, bundan əvvəl Ü.Həsənliyə istintaq orqanından ailə ilə görüş və zəng qadağası qoyulub: "Biz bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişik. Amma Ülvi bəyə hətta ailəsinin gətirdiyi kitabları belə götürmürlər".

Penitensiar Xidmətdən "Turan"a bildirilib ki, bu məsələ araşdırılacaq və məlumat veriləcək.

Ü.Həsənli noyabrın 21-də qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Daha sonra eyni ittihamla AbzasMedia-nın baş redaktoru Sevinc Vaqifqızı, jurnalist Nərgiz Absalamova və ictimai fəal Məhəmməd Kekalov barəsində də həbs-qətimkan tədbiri seçilib. Onlar ittihamı qəbul etmirlər.

Məhkəmə Sevinc Vaqifqızının şikayətini təmin etməyib

Oxşar şikayətlə AbzasMedia-nın bu iş üzrə həbs edilən redaktoru Sevinc Vaqifqızı da çıxış edir.

Dekabrın 6-da Xətai rayon Məhkəməsində S.Vaqifqızının ailə üzvləri ilə telefon əlaqəsinə və görüşlərinə qadağa ilə bağlı şikayətinə baxılıb.

Bu barədə "Turan"a vəkil Elçin Sadıqov məlumat verib.

"Hakim Bəxtiyar Məmmədov nə mənə, nə müstəntiqə, nə də Sevinc xanımın özünə proses barədə xəbər vermədən işə baxıb. Hakim bizim şikayəti təmin etməyib. Qərarla bağlı mən sonradan xəbər tutdum", - vəkil bildirib.

Bu deyilənlərə Xətai rayon Məhkəməsi və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

H.Babalı
H.Babalı

AbzasMedia işində bank hesablarına həbs qoyulduğu deyilir

AbzasMedia işində adı keçən şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulduğu deyilir.

Bununla bağlı jurnalist Hafiz Babalı AzadlıqRadiosuna bildirib. Onun sözlərinə görə, bu barədə qərarı Xətai rayon Məhkəməsi verib.

H.Babalı qeyd edib ki, bundan əlavə, məhkəmə həmin şəxslərin vergi ödənişləri və hüquqi şəxslərdə pay sahibliyi barədə məlumatların Bakı şəhər Baş Polis İdarəsinə təqdim olunması haqqında qərar çıxarıb: "Mən araşdırma yazısı yazmışam, buna görə mənim kartıma blok qoyulmalıdır? Şahid qismində ifadə vermişəm. Düzdür, yoxladım, hələlik, kartımda blok yoxdur, amma məhkəmə qərarı var artıq".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və Xətai rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb.

H.Babalı bir müddət öncə AbzasMedia işi üzrə Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) şahid qismində dindirildiyini açıqlamışdı.

Nərgiz Absalamova barədə həbs qərarı verildi

Dekabrın 1-də Xətai rayon Məhkəməsinin qərarı ilə jurnalist Nərgiz Absalamova barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bu barədə onun vəkili Şəhla Hümbətova məlumat verib.

N.Absalamova CM-in 206.3.2-ci (qaçaqmalçılıq, qrup halında) maddəsi ilə ittiham olunur.

Vəkilin sözlərinə görə, N.Absalamova özünü təqsirli bilmir və həbsini öz jurnalist fəaliyyəti ilə əlaqələndirir.

+++

Jurnalist Nərgiz Absalamova AbzasMedia-nın işi çərçivəsində polisə aparılıb.

Bu barədə "Turan"a onun yaxınları məlumat verib.

Məlumata görə, o, noyabrın 30-da Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub. Oradan isə N.Absalamovanın Xətai rayon Polis İdarəsinə aparıldığı deyilir.

Jurnalistin qaçaqmalçılıqda ittiham olunduğu vurğulanır.

Ötən həftə AbzasMedia-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və ictimai fəal Məhəmməd Kekalov CM-in 206.3.2-ci (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə həbs ediliblər. Onlar ittihamları qəbul etmirlər.

+++

ABŞ Dövlət Departamenti Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) USAID ilə bağlı ittihamına cavab verib.

"USAID-in yardım layihələri ilə bağlı bu cür ittihamlar yalandır və bizim yardımın məqsədini kökündən yanlış xarakterizə edir. Hər zaman olduğu kimi, bizim köməyimiz şəffafdır. Bütün USAID proqramları azad və dinc cəmiyyətlərə yönəlmiş demokratik dəyərləri təbliğ edir", - Dövlət Departamentindən "Turan"a bildirilib.

Azərbaycan XİN USAID və bir sıra beynəlxalq təşkilatların qrant verilməsi qaydalarını pozduğunu iddia edib.

Səfirliklərdən XİN-ə cavab

ABŞ və Almaniyanın səfirlikləri Azərbaycan Xarici İşlər Nazirliyinin AbzasMedia internet nəşrinin "qanunsuz" maliyyələşdirilməsi ilə bağlı ittihamlarını qəbul etmir.

"1992-ci ildə ölkələrimiz diplomatik əlaqələr qurandan bəri ABŞ və Azərbaycan qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə şəffaf şəkildə birgə işləyirlər. Bura bizim insanlar arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində birgə gördüyümüz işlər də daxildir", - ABŞ səfirliyinin sözçüsü Vanessa Zenjini "Amerikanın səsi"nə bildirib.

+++

"Almaniya səfirliyi 3 dekabr 2021-ci il Beynəlxalq Əlillər Günü münasibətilə ''KEKALOVE ADAPTIVE'' tərəfindən təşkil edilən moda nümayişi ilə əlaqədar 1500 avro maliyyə yardımı da daxil olmaqla, Məhəmməd Kekalov və əlillər üçün sosial öhdəliyini davamlı olaraq dəstəkləyib. Ən son bu ilin may ayında Almaniya səfirinin iqamətgahında bu moda nümayişinə dəstək verdik. Biz cənab Kekalova qarşı irəli sürülən ittihamlardan çox narahatıq və onun ədalətli mühakimə olunmasını gözləyirik", - Almaniyanın Azərbaycandakı səfirliyinin açıqlamasında vurğulanır.

Səfir və müvəqqəti işlər vəkilləri XİN-ə çağırılıb

Bugün, noyabrın 28-də ABŞ və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

XİN-in açıqlamasına görə, görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə AbzasMedia xəbər portalının "qeyri-qanuni" maliyyə əməliyyatları həyata keçirdiyi, sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və buna etiraz bildirilib: "Azərbaycan qanunvericiliyə əsasən, qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb".

Azərbaycan XİN-in bu açıqlamasına, hələlik, sözügedən ölkələrin səfirliklərindən münasibət almaq mümkün olmayıb.

AbzasMedia-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-də həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə qaçaqmalçılıq) maddəsi ilə ittiham ediliblər. Amma ittihamları qəbul etmirlər, həbslərini peşə fəaliyyətləri, korrupsiya araşdırmaları ilə izah edirlər.

Görüş və telefon danışıqlarına qadağa qoyulub

AbzasMedia-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının ailə üzvləri ilə görüş və telefon danışıqlarına qadağa qoyulub.

Bu hüquq müstəntiqin qərarı ilə 3 aylığa məhdudlaşdırılıb.

S.Vaqifqızının vəkili Aqil Layıc məhdudiyyət qərarının qanunsuz və əsassız olduğunu deyir. Müdafiəçi müstəntiqin qərarından məhkəməyə şikayət edəcəyini bildirib.

Noyabrın 24-də Bakı İstintaq Təcridxanasında S.Vaqifqızı ilə görüşdüyünü deyən vəkilin sözlərinə görə, o, özünü qətiyyən təqsirli bilmir: "Həbsini jurnalist kimi araşdırmaları ilə əlaqələndirir".

Məhəmməd Kekalov kimdir? İctimai fəal ailəsinin tutduğu vəkildən imtina edib
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Məhəmməd Kekalov həbs edilib

İctimai fəal Məhəmməd Kekalov barəsində 4 aya yaxın bir müddətə həbs-qətimkan tədbiri seçilib.

Kekalovun vəkili Sənan Əsədov da “Turan”a bildirib ki, Kekalov ona qarşı irəli sürülən ittihamı qəti şəkildə rədd edir.

M.Kekalov eyni cinayət işi (AbzasMedia-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının işi - red.) üzrə CM-in 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə qaçaqmalçılıq) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Kekalov ailəsinin tutduğu vəkildən imtina edib

İctimai fəal Məhəmməd Kekalov ailəsinin tutduğu vəkil Rövşanə Rəhimovanın müdafiəsindən imtina edib.

Bu barədə AzadlıqRadiosuna Xətai rayon Polis İdarəsində müstəntiqin iştirakı ilə M.Kekalov ilə görüşən vəkil R.Rəhimova bildirib. Onun sözlərinə görə, M.Kekalov ona deyib ki, o, heç bir günah işlətməyib deyə, vəkil kimi xidmətlərə ehtiyac duymur.

Vəkilin vurğulamasına görə, M.Kekalov ilə konfidensial şəkildə görüşmək istəsə də, müstəntiq buna imkan yaratmayıb.

Amma vəkil onu da əlavə edib ki, M.Kekalovun sifətində işgəncə əlamətləri müşahidə etməyib.

Vəkil Məhəmməd Kekalovla görüşə bilmir

Noyabrın 20-də evindən zorla aparılaraq saxlandığı deyilən ictimai fəal Məhəmməd Kekalovla vəkili Rövşanə Rəhimova görüşə bilmir.

Bu barədə vəkil R.Rəhimova özü bildirib. Vəkil M.Kekalovun harada saxlanıldığından xəbərsizdir: "Xəbər aldıq ki, Xətai rayon Polis İdarəsindədir, qardaşına belə deyiblər, amma onu da görüşə buraxmırlar".

'Azərbaycanda həbslər davam edəcək': AbzasMedia İşində son vəziyyət
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00

Ülvi Həsənli və Sevinc Vaqifqızı həbs ediliblər

Noyabrın 21-də Bakının Xətai rayon Məhkəməsi AbzasMedia-nın direktoru Ülvi Həsənli haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, CM-in 206.3.2-ci (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir. Ü.Həsənli ittihamı qəbul etmir.

Həmin ittihamla şəxsə 8 ilə qədər həbs cəzası verilə bilər.

+++

Noyabrın 21-də Bakının Xətai rayon Məhkəməsində AbzasMedia-nın redaktoru Sevinc Vaqıfqızı haqqında 3 ay 29 gün həbs-qətimkan tədbiri seçilib. O, CM-in 206.3.2-ci (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. S.Vaqıfqızı ittihamı qəbul etmir.

Vəkil Elçin Sadıqovun deməsinə görə, məhkəmədə S.Vaqifqızının könüllü olaraq Azərbaycana gəldiyini (o, xarici ölkələrdən birində olub) və bunun nəzərə alınaraq onun haqqında həbs-qətimkan tədbirinin seçilməməsini istəyiblər. Amma məhkəmə müdafiə tərəfinin arqumentlərini qəbul etməyib.

***

AbzasMedia-nın baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-nə keçən gecə xaricdən Azərbaycana gələndə Bakı aeroportunda saxlanıb.

Müdafiə tərəfinin bildirməsinə görə, o, əvvəlcə Bakı Baş Polis İdarəsinə aparılıb. Onun evində axtarış aparıldığı deyilir.

Müdafiə tərəfindən verilən məlumata görə, axtarışlardan sonra o, yenidən Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Vəkil Elçin Sadıqov deyib ki, axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməyib.

S.Vaqifqızı özü bildirib ki, bütün bu hadisələr onun jurnalist fəaliyyəti və AbzasMedia-nın işi ilə bağlıdır.

Ülvi Həsənlinin saxlanması: Abzas media korrupsiya araşdırmalarına davam edəcək
Gözlə

No media source currently available

0:00 0:06:51 0:00

ABŞ Ülvi Həsənlinin saxlanmasından 'dərin narahatdır'

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti noyabrın 20-də AbzasMedia-nın ofisində axtarış aparılması və onun direktoru Ülvi Həsənlinin saxlanması ilə bağlı dərin narahatlığını bildirib.

"Biz jurnalist Ülvi Həsənlinin tutulması və fiziki zorakılıq iddiaları barədə xəbərdən çox narahatıq", - mətbuat katibi Metyu Miller (Matthew Miller) "Turan"ın Vaşinqton müxbirinə müsahibəsində bildirib.

Miller əlavə edib: "Azərbaycan hökumətini ifadə azadlığı da daxil olmaqla hər kəsin hüquq və azadlıqlarını qorumağa çağırırıq".

Ülvi Həsənlinin döyüldüyü deyilir

AbzasMedia-nın direktoru Ülvi Həsənlinin saxlandıqdan sonra işgəncələrə məruz qaldığı bildirilir.

Bu barədə AbzasMedia bəyanat yayıb.

Bəyanatda vurğulanır ki, axtarış prosesinə gələn Ü.Həsənlinin gözünün altında qırmızı rəngdə yara izi müşahidə edilib: "O, jurnalistlərə bildirib ki, saxlanılan zaman onun gözündən yumruqla vurublar. Daha sonra Bakı şəhər Baş Polis İdarəsinə aparılaraq orada da qeyri-insani davranışa və işgəncəyə məruz qalıb. O bildirib ki, ona yumruq və təpik zərbələri endirilib".

Bildirilib ki, Ü.Həsənlinin sözlərinə görə, polis idarəsində ona verilən suallar AbzasMedia-nın korrupsiya cinayətləri ilə bağlı apardığı araşdırmalarla əlaqəli olub: "…Ü.Həsənlinin saxlanılması, onun evində və ofisində axtarış aparılması qanunsuzdur. Bütün baş verənlər jurnalistin fəaliyyəti ilə bağlıdır…".

Bu fikirlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Daxili İşlər Nazirliyi saxlanan şəxslərə polisdə işgəncə verilməsi ilə bağlı şikayətləri, bir qayda olaraq, təkzib edir. Üstəlik, rəsmilərin tez-tez vurğulamasına görə, ölkədə heç bir jurnalist, media orqanı ifadə azadlığı və korrupsiya araşdırmalarına görə təzyiqə məruz qalmır.

+++

AbzasMedia-nın ofisində və onun direktoru Ülvi Həsənlinin mənzilində axtarış aparılıb.

Ü.Həsənlinin vəkili Zibeydə Sadıqova deyir ki, ofisdə beş saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul aşkarlayıb.

AbzasMedia-dan isə bildirilib ki, aşkarlandığı iddia edilən vəsait onlara aid deyil: "İstintaq orqanlarının məqsədli şəkildə medianın fəaliyyətini dayandırmaq və Ü.Həsənliyə qarşı ittiham irəli sürmək üçün uydurduğu ssenaridir".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Ülvi Həsənli saxlanılıb

AbzasMedia-nın direktoru Ülvi Həsənlinin saxlanıldığı bildirilir.

Vəkil Zibeydə Sadıqova deyir ki, Ü.Həsənlini noyabrın 20-də səhər saatlarında Bakı hava limanına gedərkən polis saxlayıb: "Mənimlə Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi əlaqə saxladı, bildirdi ki, Ülvi Həsənli idarədədir. Hazırda səbəbini bilmirəm".

Eyni zamanda, AbzasMedia-nın Bakıdakı ofisində axtarışın aparıldığı bildirilir.

+++

AbzasMedia-nın direktoru Ülvi Həsənlinin saxlanıldığı güman edilir.

Bu barədə AbzasMedia-nın redaktoru Sevinc Vaqifqızı məlumat verib. Onun sözlərinə görə, Ü.Həsənli noyabrın 20-i səhər xaricə uçmalı idi, amma o, təyyarəyə minməyib: "Səhər saat 4:30-da evdən çıxıb, hava limanına yollanıb, amma təyyarəyə minməyib. Onun hava limanında saxlandığını ehtimal edirəm".

S.Vaqifqızı Ü.Həsənlinin ehtimal həbsini peşə fəaliyyəti ilə əlaqələndirir: "AbzasMedia prezident ailəsinin və prezidentin tabeçiliyində olan məmurların biznesi ilə bağlı araşdırmaları dərc edir".

Bu deyilənlərə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG