Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:10

Bələdiyyə torpaqları belə özəlləşdirilib: 169 halla bağlı rüşvət iddiası


Bələdiyyə
Bələdiyyə

Əmlak Məsələləri Dövlət Xidmətinin bir sıra vəzifəliləri və bələdiyyə sədrlərindən ibarət 19 nəfər Bakı Ağır Cinayətlərlər Məhkəməsində mühakimə olunur.

Hakim önünə çıxarılanlar arasında Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov, bu sektorun baş məsləhətçisi Əsəd Nəsibov, Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə və Lənkəran ərazi şöbələrinin rəhbərləri də var.

Təqsirləndirilən şəxslərdən bir neçəsi də Abşeron rayonunun Saray, Şəkinin Qoxmuq, Qazaxın Daşsalahlı, Salyanın Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləridir.

Təqsirləndirilən 19 nəfərin 6-sı həbsdə idi. Qalanları haqqında istintaq və məhkəmə dövrü üçün polis nəzarətinə vermə, başqa yerə getməməyə dair iltizam kimi alternativ qətimkan tədbirləri seçilib.

Cinayət işinin materiallarında iddia edilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin müxtəlif rayonlar üzrə şöbə rəisləri bələdiyyələrin balansında olan torpaqları bəlli adamlar üçün özəlləşdirib, yaxud onların istifadəsinə, icarəyə verib. Əvəzində həmin adamlardan xeyli rüşvət alınıb. Cinayət işində toplam 169 halda belə işlərin rüşvətlə görüldüyü iddia olunur.

İttihama görə, Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəliləri bu işləri bələdiyyə sədrlərilə birlikdə gerçəkləşdirib.

İddia edilir ki, ayrı-ayrı rayonlarda alınan rüşvətlərin böyük bölümü son nəticədə Xidmətin sektor müdiri İldırım Məmmədova çatıb. Amma İ.Məmmədov da daxil, təqsirləndirilən şəxslərin heç biri rüşvət ittihamını qəbul etmir. Onların hamısı məhkəmədə özünü təqsirli saymadığını söyləyib.

Misal: Xidmətin Lənkəran şöbəsinin rəhbəri çalışmış Pərviz Ələkbərov təqsirsiz olduğu halda, iki ilə yaxındır həbsdə saxlandığını bildirib:

“Mənə “Whatsapp” yazışmalarıyla əlaqədar ittiham verilib. Amma mən həmin yazışmalardan xəbərsizəm. Xahiş edirəm, yazışmalarım çıxarılsın, ortaya qoyulsun”.

Məhkəmədə şahid kimi dindirilən Niyaməddin Məmmədov da bildirib ki, prokurorluqda onu P.Ələkbərovun əleyhinə ifadə verməyə məcbur ediblər. Onun sözlərinə görə, Lənkəran rayon Prokurorluğunun binasında təzyiqlərdən sonra halı pisləşib:

“Məndən təzyiq altında Pərviz Ələkbərovun əleyhinə ifadə aldılar. Məni həbslə hədələyirdilər. Mən də məcbur olub, istintaqda onların dediyi kimi ifadə verdim”.

Prezident Adminstrasiyasının qarşısında "Tərtər işi"nə görə aksiyaya cəhd
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

"Cibxərci vermişəm, rüşvət yox"

Təqsirləndirilənlərdən Saray bələdiyyəsinin keçmiş sədri Məhi Həsənov məhkəmədə danışıb ki, qəsəbədə 76 kvadratmetrlik qeyri-yaşayış sahəsini dostunun oğlunun adına özəlləşdirib. Özü bələdiyyə sədri olduğundan, onun adına özəlləşdirmək qərarına gəlib və bundan ötrü 2 il cəhd göstərib:

“İldırım Məmmədovu Sumqayıt bələdiyyəsinin sədri olandan tanıyıram. Ona dedim. Bildirdi ki, özəlləşdirməkdən ötrü 52 min manat rüsum ödənilməlidir. Bu pulu hissə-hissə də ödəyə bilərdim. Razılaşdım, 28 min bir, 24 min manat da bir ödədim. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları məni saxlayandan sonra dedilər ki, “İldırım Məmmədova rüşvət vermisən”. Guya bu işə görə 400 manat rüşvət vermişəm. Mən bu pulu cibxərci vermişəm, rüşvət yox...”

Daha bir təqsirləndirilən - Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar rayon şöbəsinin keçmiş müdiri Amil Aslanov deyir ki, rayonda bir fermerin verdiyi min 900 manat pulu və sənədləri İ.Məmmədova çatdırıb:

“Bir fermer min 900 manat pulu və 6 hektar torpağın sənədlərini mənə verdi ki, İldırım müəllimə çatdırım. Yüz manat da mənə çatdırmaq pulu verdi. Mən də çatdırdım. Bir müddət sonra yenə 600 manat verdi. Dedi, “100 manatı sənin çatdırma xərcin, 500 manatı da İldırım müəllimə çatdır”. Mən də çatdırdım. Mən nə rüşvət almışam, nə də vermişəm...”

19 nəfər haqqında cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini Şəlalə Həsənova və daha iki hakimdən ibarət kollegiya araşdırır.

Noyabrın 23-də məhkəmə kollegiyası qərar verib ki, həbsdə olan 6 nəfərdən 4-ü ev dustaqlığına buraxılsın.

Bunlar Əmlak Məsələləri Xidməti Lənkəran ərazi şöbəsinin keçmiş müdiri Pərviz Ələkbərov, Xaçmaz ərazi şöbəsinə rəhbərlik etmiş Aydın Cəfərov, Qazax şöbəsinin müdiri olmuş Ehtiram Eyvazov və Şəki rayon Qoxmuq bələdiyyəsinin keçmiş sədri Etibar Eyvazovdur.

Hazırda 19 təqsirləndirilən şəxsdən ikisi – İldırım Məmmədov və Nazim Səfərov (Şirvan şöbəsinin keçmiş müdiri-red.) həbsdədir.

Bu cinayət işi üzrə istintaq Korrpsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. Təqsirləndirilən şəxslərin hamısına Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) və başqa maddələrilə ittiham verilib. Bu maddələrin sanksiyasında 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG