Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:50

Rusiya rəsmiləri Ermənistanın meyvə-tərəvəzində zərərvericilərin olduğunu deyirlər


Ararat vilayətindəki istixanalardan biri (Arxiv fotosu)
Ararat vilayətindəki istixanalardan biri (Arxiv fotosu)

Rusiyada kənd təsərrüfatına nəzarət edən dövlət agentliyi - Rosselxoznadzor noyabrın 29-da Ermənistandan idxal olunan meyvə-tərəvəz məhsulunun Gürcüstan sərhədində saxlandığını təsdiq edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Rusiya agentliyi Ermənistandan ixrac olunan meyvə, tərəvəz və güllərdə Gürcüstanın Yuxarı Lars sərhəd keçidində yoxlama zamanı “ziyanverici orqanizmlərin” aşkar olunduğunu iddia edir.

Rusiya tərəfinin bəyanatında deyilir ki, təkcə noyabrın 24-dən 26-dək Ermənistandan gələn gül, xiyar, quru meyvə, üzüm, kələm, pomidor, bibər, badımcan, alma və armud məhsullarında ziyanverici orqanizmlərlə bağlı 36 hal aşkar olunub.

Rosselxoznadzor bildirir ki, bu, Ermənistan Ərzaq Təhlükəsizliyi Müfəttişliyinin məhsullara nəzarətinin azaldığını göstərir.

Agentlik bildirir ki, belə hallar Rusiyanın fitosanitariyasına təhlükə yaradır və Ermənistan bu barədə təcili və hərtərəfli ölçülər götürməlidir.

Ermənistan “mənfi statistikadan” təəccüblənib

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib ki, ölkənin müvafiq orqanları Rosselxoznadzorun iddialarının araşdırılmasına başlayıb.

Onun sözlərinə görə bundan sonra Ermənistan rəsmiləri rusiyalı həmkarları ilə görüşəcək və Rusiyanın ərzaq təhlükəsizliyi sahəsində qaydaları dəyişməsinin səbəblərini öyrənəcəklər.

Ermənistan tərəfi bildirir ki, Rusiya Ermənistandan gələn ərzaq mallarının yoxlanış qaydalarını sərtləşdirib və “mənfi statistikanın” yaranmasına məhz bu səbəb olub.

Kerobyan bvildirib ki, Ermənistandan göndərilən kənd təsərrüfatı mallarında bütün 2022-ci il ərzində yalnız 40 pozuntu halı aşkar edilmişdi.

Amma Rosselxoznadzor bəyan edir ki, Ermənistandan gələn yüklərin yoxlanması prosedurunda heç bir dəyişiklik edilməyib.

Bundan əvvəl

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Ermənistana məxsus yüzlərlə yük maşını Rusiya-Gürcüstan sərhədinin əsas keçidi olan Yuxarı Lars məntəqəsində ilişib qalıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazırdı ki, bəzi xəbərlərə görə Moskva Yerevanla münasibətlərinin kəskin pisləşməsinin ardınca sərhəd keçidində ixrac-idxal nəzarətini gücləndirib.

Yük maşınlarının sürücüləri deyirlər ki, Rusiya gömrüyündə onlara sərt sanitariya və başqa yoxlama növləri tətbiq edilir. Buna çox vaxt gedir və nəticədə Yuxarı Lars keçidinin hər iki tərəfində Ermənistan yük maşınlarının uzun növbələri yaranır.

Azatutyun yazırdı ki, Ermənistan iqtisadiyyat nazirinin müavini Arman Xocoyan Rusiya gömrükçülərinin bəzi Ermənistan maşınlarını geri qaytarmalarını təsdiq edib.

Nazir müavininin sözlərinə görə maraqlıdır ki, eyni növ yük daşıyan maşınlardan bəziləri sərhəddən buraxılır, bəziləri isə geri qaytarılır.

Xocoyan bu vəziyyətin arxasında hər hansı siyasi motivin olub-olmamasına dair suala cavab verməyib.

Amma Ermənistanın müxalifətçi millət vəkillərindən Artur Xaçatryan inandığını bildirmişdi ki, Rusiya Ermənistan baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasını boykot etməsinə bu sayaq cavab verir.

XS
SM
MD
LG