Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:48

Rusiya Cinayət Məcəlləsinə ‘rusofobiya’ maddəsi əlavə ediləcək


Polşada Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı etiraz aksiyalarından birində
Polşada Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı etiraz aksiyalarından birində

Rusiyada qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası Cinayət Məcəlləsinə “rusofobiyaya” görə cinayət məsuliyyəti nəzərdə tutan maddənin daxil edilməsi təşəbbüsünü dəstəkləyib.

Bu xəbəri qanun layihəsinə hökumət rəyini əks etdirən sənədə istinadla Interfax agentliyi verib.

Qanun layihəsini Dövlət Dumasının deputatı İrina Yarovaya təqdim edib.

Bu qanun layihəsinə görə CM-ə 136.1 – Rusofobiya maddəsinin əlavə olunması nəzərdə tutulur.

Qanun layihəsində qeyd olunur ki, bu maddə ilə məsuliyyətə Rusiya Federasiyasının xaricində və ya Rusiyada daimi olaraq yaşayan, Rusiya vətəndaşlığı olan və ya olmayan həmvətənlərə qarşı diskriminasiyaya yol vermiş xarici məmurlar və beynəlxalq təşkilatların vəzifəli nümayəndələri cəlb oluna bilər.

Bu maddəyə görə habelə diskriminasiyaya çağırışlar da cinayət əməli sayılmalıdır.

Qanun layihəsində “diskriminasiya hərəkətlərinin” konkret olaraq nə olması izah edilmir.

Yalnız əcnəbilər üçün maddə

Maraqlıdır ki, Rusiya ərazisində törədilmiş “rusofobiyaya” görə cəza nəzərdə tutulmur.

Bunun əvəzində qanun layihəsi Rusiya CM-nin fəaliyyət dairəsini daimi olaraq Rusiyada yaşamayan xarici vətəndaşlara şamil edir. Qanun layihəsində məhkəmələrin cavabdeh olmadan keçirilməsinə icazə verilir.

Qanun layihəsinin izahat məktubundan bəlli olur ki, bu CM maddəsi xaricdəki hərbi məzarlıqları, abidələri, qüllə və obeliskləri, habelə xatirə lövhələrini məhv edən və ya onlara ziyan vuran şəxslərə şamil edilməlidir.

Başqa sözlərlə bu maddə ilə xaricdə sovet hərbi abidələrinin dağıdılması və demontajı ilə bağlı qərar qəbul edən xarici məmurlar cəzalandırıla bilər.

Sənəddə bildirilir ki, bir sıra qeydlər nəzərə alınmaqla hökumət qanun layihəsini dəstəkləyib.

Rus mədəniyyətini Rusiya siyasətindən ayırmaq çağırışı

Rusiya hakimiyyəti xüsusilə də Moskvanəın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra guya Qərb ölkələrini bürümüş “rusofobiya” haqqında bəyanatlar verir.

Rusiya prezidenti Vladimir Putin dəfələrlə hətta “rus mədəniyyətinin ləğv edilməsindən” gileylənib.

Moskva hətta rusiyalılar üzərinə Avropada və Qərbdə qoyulan sanksiyaları “rusofobiyanın təzahürü” adlandırır.

Qərb rəsmiləri isə bildirirlər ki, Rusiyaya qarşı sanksiyalar Rusiya vətəndaşlarını cəzalandırmaq üçün deyil, Kremlin Ukraynada işğalçı müharibə aparmaq qüdrətini sarsırtmaq üçün qoyulur.

Qərblilər habelə Rusiya hakimiyyətini rus mədəniyyəti ilə Rusiya hakimiyyətinin siyasəti arasında fərq qoymağa çağırırlar.

Onlar vurğulayırlar ki, Putinin bəyanatlarına baxmayaraq Qərbdə heç bir “rusofobiya” siyasəti müşahidə olunmur.

XS
SM
MD
LG