Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:45

Əliyev və Paşinyanın ayaqüstü söhbəti olub


İlham Əliyev və Nikol Paşinyan
İlham Əliyev və Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Sankt Peterburq şəhərində görüşərək sülh gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bunu Paşinyanın sözçüsü Nazeli Bağdasaryana istinadla xəbər verir:

"MDB-nin qeyri-rəsmi sammitində Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında qeyri-rəsmi təmaslar yer alıb. Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məsələlər müzakirə olunub. Müzakirələr ikitərəfli formatda keçirilib”.

Azatutyun yazır ki, bu, Azərbaycanın Qarabağda, sentyabrın 19-20-də keçirdiyi hərbi əməliyyatdan bəri iki ölkə lideri arasında ilk görüş olub.

Azərbaycan və Ermənistan liderləri son dəfə Avropa İttifaqının vasitəçiliyi ilə iyul ayında görüşmüşdülər.

Amma bu görüşdən sonra Azərbaycan prezidenti Paşinyanla noyabr üçün planlaşdırılan Qranada və Brüssel görüşlərindən imtina edib.

Hazırda bu barədə üzbəüz danışıqlar aparılmasa da, tərəflər sülh müqaviləsi layihəsinə dair təkliflər mübadiləsini davam etdirirlər.

Dekabrın 25-də Yerevan Bakıdan sənədin 7-ci versiyasını aldığını təsdiq edib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib ki, ikitərəfli görüşlərin 2024-cü ildə keçiriləcəyi gözlənilir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.

XS
SM
MD
LG