Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:52

Azərbaycan və Ermənistan arasında bu il də sülh sazişi olmayacaq?


İlham Əliyev və Nikol Paşinyan MDB dövlət başçılarının Sankt-Peterburq sammitində
İlham Əliyev və Nikol Paşinyan MDB dövlət başçılarının Sankt-Peterburq sammitində

Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən Ermənistanla sülh danışıqlarına da toxunub. Prezidentin sözlərinə görə, Ermənistanın Müstəqillik haqqında Bəyannaməsində Qarabağın bu ölkəyə birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar Ermənistan Konstitusiyasında əksini tapıb. O vurğulayıb ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

Ermənistanda isə artıq Konstitusiyanın dəyişdirilməsi ilə bağlı müzakirələr başlayıb. Baş nazir Nikol Paşinyan ölkəsinin tamamilə yeni konstitusiyaya ehtiyacı olduğunu deyib. O izah edib ki, regionda yaranmış yeni geosiyasi mühitdə bu, olduqca mühüm məsələdir.

Ermənistan müxalifəti isə bunu belə yozur ki, "Paşinyan Türkiyə və Azərbaycanın saysız-hesabsız tələblərindən daha birini qəbul etmək üçün zəmin hazırlayır".

Bu müzakirələrin nə ilə bitəcəyi hələ bilinmir. Amma bundan əvvəl də danışıqlar boyu tərəflərin dilindən bir sıra başqa şərtlər eşidilib. Məsələn, Azərbaycan rəsmiləri hesab edirlər ki, ölkənin qalan ərazilərini Naxçıvanla birləşdirəcək "Zəngəzur dəhlizi" (Ermənistanın Sünik bölgəsindən keçəcəyi gözlənən yol) gerçəkləşməlidir. Üstəlik, Azərbaycan rəsmiləri vurğulayıb ki, 2020-ci ildə üç ölkə - Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, onun təminatçısı qismində Rusiya silahlı qüvvələri iştirak etməlidir.

Ermənistan rəsmiləri isə, bir qayda olaraq, deyirlər ki, yol yalnız ölkənin suverenliyi əsasında fəaliyyət göstərə bilər.

Yeni şərtlər sülh razılaşmasını daha da yubada bilərmi?

H.Babaoğlu
H.Babaoğlu

"Konstitusiyanın dəyişməsi ilə bağlı mövqe əvvəlcədən qəti olub"

Azərbaycan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Turan"a açıqlamasında deyib ki, indi yeni tələb kimi qiymətləndirilən məsələlər elə əvvəlcədən sülh masasının üzərinə qoyublar: "Sülh danışıqları məxfi aparılır və, görünür ki, Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişməsi ilə bağlı mövqeyi əvvəlcədən qəti şəkildə olub. Sadəcə, bu informasiyanın ictimaiyyələşməsi bir qədər gec olduğuna görə bizə elə gəlir ki, sonradan yeni tələblər ortaya çıxıb".

Deputatın fikrincə, Ermənistana kənar iradə müdaxilə etdikcə, sülhün nail olmasına imkan verməyəcəklər. O hesab edir ki, prezident İ.Əliyevin yerli mətbuata son açıqlamasından sonra Azərbaycanın mövqeyi tam aydındır: "İlk növbədə sərhədlərin delimitasiyasında Azərbaycanın və Ermənistanın qəbul etdiyi bir xəritə olmalıdır ki, bu proses irəliləsin. Nə qədər ki, konkret xəritə üzərində razılıq əldə olunmayıb, sülhdən danışmaq bir qədər tez olacaq".

Amma deputatın sözlərinə görə, pessimist də olmaq lazım deyil: "Yəqin ki, 2024-cü ilin sonlarına qədər artıq "Ermənistan+" görəcək ki, regionda nələr baş verir və yalnız bundan sonra sülhlə bağlı bir mövqeyə gələ bilər. Azərbaycan isə sülhə həmişə hazırdır və buna nail olmasına hamıdan çox istəyir".

Ermənistan baş naziri N.Paşinyan da bugünlərdə ölkəsinin sülh sazişinə sadiq qaldığını, bu gündəmdən geri çəkilməyəcəyini vurğulayıb.

Ə.Oruclu
Ə.Oruclu

"Maneə Rusiyadır"

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna deyib ki, əvvəlki verilən optimist bəyanatlara rəğmən, sülh müqaviləsinin imzalanması reallaşmır: "Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz bölgəsində çox ciddi geosiyasi dəyişikliklərə gətirəcək. Bu səbəbdən də sülh müqaviləsinin imzalanmasında vasitəçilik təşəbbüsləri uğrunda kollektiv Qərblə Moskva arasında yarış gedir. Elə vaxt gəlib çatıb ki, bütün bu gizli oyunlar açıq müstəviyə çıxıb".

"Azərbaycan tərəfinin haqlı iddiasına görə, Ermənistanın Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddiası var. Yəqin ki, referendum olacaq. Ermənistan xalqı dəyişikliyə səs verməsə, sülh müqaviləsinin imzalanmaması tamamilə mümkündür", - o, sözlərinə əlavə edir.

Bununla belə, Ə.Oruclunun sözlərinə görə, sülh müqaviləsinin qarşısında görünməyən bir maneə də var: "Bu maneə Rusiyadır. Rusiya sülh prosesini uzatmağa, pozmağa çalışır. Ona görə yox ki, sülh müqaviləsi imzalanmasın, ona görə ki, bu müqavilə məhz Moskvanın vasitəçiliyi ilə imzalansın. Moskva sülhə təminatçı rolu adı altında bölgəyə hərtərəfli, müxtəlif ərazilərə öz hərbi kontingentini yerləşdirsin".

Politoloq bu il də sülh müqaviləsinin bu şərtlər içərisində imzalanmasını gözləmədiyini qeyd edib.

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçilikləri ilə ayrı-ayrılıqda aparılıb.

XS
SM
MD
LG