Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:44

ATƏT müşahidəçisinin Azərbaycana buraxılmadığı deyilir


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) seçki missiyasının qısamüddətli müşahidəçisi Nik Qugerin (Nick Gugger) Azərbaycana gəlməsinə icazə verilmədiyi bildirilir.

Bir sıra yerli və xarici media orqanlarında Nik Qugerin fevralın 3-də Bakıya gəldiyi, lakin elə hava limanından geri qaytarıldığı vurğulanır.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan “Turan”ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər. Bildirilib ki, hadisənin dəqiq səbəbi məlum deyil:

"Amma hakimiyyətə müraciət etdik və cavab gözləyirik", - deyə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mətbuat katibi Katya Andruş qeyd edib:

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidə missiyasında iştirak etmək üçün müşahidəçinin ölkəyə mümkün girişi barədə qərarın qəbulunda rol oynamır. Bu, ezam edən dövlətlə ev sahibi ölkə arasında ikitərəfli məsələdir".

Rəsmi qurumlar məsələni “Turan”a şərh etməyiblər.

Bütün bu deyilənlərə, hələlik, Nik Qugerin özündən də münasibət almaq mümkün olmayıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) uzunmüddətli missiyası dekabr ayından Azərbaycandadır. Hazırda gələnlər qurumun qısamüddətli missiyasına daxildir. DTİHB-in Azərbaycanda ümumilikdə 300 civarında müşahidəçisi olmalıdır.

Xatırlatma

Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Qanunvericiliyə əsasən, növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Prezident İlham Əliyev seçkinin tarixinin bir il önə çəkilməsini artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması ilə izah edib. (2020-ci ildə Ermənistanla 44 günlük savaş, ötən il isə qısa hərbi əməliyyatlarla Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilib)

Prezidentlik uğrunda hazırkı prezident də daxil 7 namizəd mübarizə aparmalıdır. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri isə bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar. Rəsmilər isə deyirlər ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

ATƏT 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə, fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində keçirildiyini bildirmişdi.

2020-ci ilin fevralında isə növbədənkənar parlament seçkilərini beynəlxalq missiya belə qiymətləndirmişdi: "Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb".

XS
SM
MD
LG