Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:31

Borrel sərhəd atışmasını pisləyir. XİN cavab verir


Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşür. Brüssel. 13 fevral 2024
Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşür. Brüssel. 13 fevral 2024

"Ermənistanın Azərbaycan əsgərinə atəş açmasını qınayırıq. Ancaq Azərbaycanın bugünkü reaksiyası da mütənasib deyildi, insidentin hərtərəfli araşdırılacağına dair Ermənistan Müdafiə Nazirliyinin bəyanatı gözardı edildi". Bu bəyanatla fevralın 13-də Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Jozep Borrel (Josep Borrel) çıxış edib.

Xarici İşlər Nazirliyi isə Borrelin fikirlərini "Azərbaycan əleyhinə əsassız iddialar" adlandıraraq pisləyib, bunu "hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırmaq" kimi qiymətləndirib.

Borrel Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə mətbuat konfransında danışıb. Tərəflər Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclasını keçiriblər. Birinci iclas 2018-ci ildə gerçəkləşib.

Borrel deyib ki, görüşdə Aİ-Ermənistan münasibətlərinin tam spektri əhatələnib. "Biz regional vəziyyəti və Ermənistan-Azərbaycan normallaşdırma prosesini, təəssüf ki, sərhəddəki son insidenti də müzakirə etdik", - Borrel vurğulayıb.

Fevralın 12-13-də Azərbaycan-Ermənistan sərhədində gərginlik yaranıb. Azərbaycan bir əsgərinin yaralanmasına cavab olaraq "qisas əməliyyatı" keçirdiyini bildirib. Ermənistan dörd hərbçisinin öldürüldüyünü, birinin yaralandığını açıqlayıb.

Avropa Komissiyası isə fevralın 13-də bəyan edib ki, Qarabağdan getmiş ermənilərə humanitar yardım olaraq 5.5 milyon avro yardım ayırır.

Bakı ötən il 19-20 sentyabr əməliyyatı ilə Qarabağa tam nəzarəti bərpa edib. Bundan sonra Qarabağdakı ermənilərin Ermənistana köçü başlayıb. Yerevan bunu "etnik təmizləmə" adlandırıb, ancaq Azərbaycan hakimiyyəti bu iddiaları təkzib edir, ermənilərə reinteqrasiya planı təklif edib.

Viza rejiminin liberallaşdırılması

Dpa xəbər verir ki, Aİ və Ermənistan həmçinin ikitərəfli viza rejiminin liberallaşdırılması üzrə dialoq potensialını müzakirə ediblər. Onlar siyasi islahatlar və insan haqları, eləcə də iqtisadi və ticari əməkdaşlıqdan danışıblar.

"Ermənistan inanır ki, bütün gərəkən tələblər yerinə yetirilib, Ermənistan-Aİ viza liberallaşdırılması dialoqunu başlatmaq vaxtıdır", - Mirzoyan deyib.

Ermənistan Aİ ilə əməkdaşlığı dərinləşdirməklə bağlı 2017-ci ildə razılaşma imzalayıb.

Azərbaycan isə Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. 2017-ci ildə Ermənistanla tərəfdaşlıq sazişi imzalananda Azərbaycanla da eyni danışıqlar başlayıb, amma bu sazişin nə vaxt imzalanacağı bilinmir. Prezident İlham Əliyev ötən ilin dekabrında deyib ki, Azərbaycan Aİ üzvü olmağı hədəfləmir, "çünki bizi heç vaxt qəbul etməyəcəklər".

Mülki missiyaya ittihamlar

2023-cü ilin yanvarında Aİ üzvləri Ermənistanın Azərbaycanla sərhədinə mülki missiya göndərməklə bağlı razılığa gəliblər. Ancaq bu missiyanı Azərbaycan xoş qarşılamayıb. Xüsusilə son vaxtlar dövlət mediası sözügedən missiyanı tənqid edir, kəşfiyyat məqsədilə istifadə olunduğunu iddia edir. Aİ-nin Bakıdakı səfiri Peter Mixalko bunu təkzib edəndən, missiyanın yalnız müşahidəçiliklə məşğul olduğunu yazandan sonra XİN-ə çağırılıb, ona missiya ilə bağlı narahatlıq çatdırılıb.

XİN Borrelin silahlı qüvvələrin geri çəkilməsi barədə təklifinin heç bir praktiki əhəmiyyətə malik olmadığını bildirir. Qurum qeyd edir ki, "Avropa İttifaqı Missiyası himayəsi altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir".

Bu ittihama Aİ-nin Ermənistandakı mülki missiyasının münasibəti bəlli deyil.

Bu missiyanın yaradılmasından öncə tez-tez Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılırdı. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini günahlandırırdılar.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG