Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:36

Azərbaycanla Ukrayna arasındakı ticarət dövriyyəsi 3 dəfə azalıb


Ukrayna hərbçiləri hava-desant qoşunlarının təlimində
Ukrayna hərbçiləri hava-desant qoşunlarının təlimində

Rusiyanın Ukraynaya hücumunadək Ukrayna Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri idi. Müharibədən öncəki il – 2021-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 922 milyon dollar idi. Bu göstərici ilə Ukrayna Azərbaycanın ən böyük ticarət dövriyyəsinə malik olduğu 7-ci ölkə sayılırdı. Savaş başlayandan sonra -2022-ci ildə Azərbaycanla Ukrayna arasındakı ticarət dövriyyəsinin həcmi 618 milyon dollara endi. Dövlət Gömrük Komitəsinin ötən ilin yekunları ilə bağlı açıqladığı rəqəmlərdən aydın olur ki, 2023-cü ildə ticarət dövriyyəsinin həcmində azalma davam edib və ticarət həcmi 354 milyon dollara enib. Başqa deyimlə, savaşöncəsi dövrlə müqayisədə iki ölkə arasındakı ticarət həcmi 2.6 dəfə azalıb.

Açıqlanan rəqəmlərin analizi göstərir ki, müharibə Azərbaycanın Ukraynaya olan ixracına daha çox zərər vurub. Belə ki, müharibədən öncəki illə müqayisədə ötən il Azərbaycanın Ukraynaya ixracdan əldə etdiyi gəlir 452 milyon dollardan 118 milyon dollara geriləyib. Başqa sözlə, 3.8 dəfə aşağı düşüb. Eyni dövr ərzində Ukraynanın Azərbaycana ixracı isə iki dəfə azalaraq 470 milyon dollardan 235 milyon dollara geriləyib.

Ukrayna Azərbaycana nə satır?

Ötən il Azərbaycanın Ukraynadan idxalına ən çox vəsait xərclədiyi məhsul iribuynuzlu heyvan ətidir. 2023-cü ildə Ukraynadan 14 milyon dollarlıq iribuynuzlu heyvan əti gətirilib. Maraqlıdır ki, son iki ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyələri azalsa da, ət idxalı iki dəfədən çox artıb. Müharibədən öncə Azərbaycan Ukraynadan cəmi 6.4 milyon dollarlıq iribuynuzlu heyvan əti almışdı.

Azərbaycanın Ukraynadan idxalına ən çox vəsait sərf etdiyi ikinci məhsul kağız və kartondan hazırlanmış qatlanan yeşik və qutulardır. Ötən il belə məhsulların Ukraynadan alışına 11.8 milyon dollar xərclənib. Müharibədən öncə bu rəqəm 23 milyon dolları aşırdı. Ukraynadan idxalda ilk üçlükdəki digər məhsul dərman vasitələridir. 2023-cü ildə Azərbaycan Ukraynadan 11.6 milyon dollarlıq dərman vasitələri alıb.

Savaşdan öncə ilə müqayisədə idxalı ən çox azalan məhsulların başında tütün gəlir. Axı, Ukrayna adətən Azərbaycanın əsas tütün tədarükçüsü idi. İndi durum dəyişib. 2021-ci ildə Ukraynanın Azərbaycana idxalında ilk yeri məhz tütün tuturdu. Həmin vaxt Ukraynadan Azərbaycana 65 milyon dollarlıq tütün gətirilmişdi. Ötən ilsə bu göstərici, az qala, 6 dəfə azalaraq 11 milyon dollara geriləyib.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynada tütün ixracı ilə bağlı yaranan problemlər Azərbaycanda siqaret istehsalçılarını pis duruma salmışdı. Həmin vaxt bəzi siqaret brendlərinin mağazalarda tapılmaması üzündən tütün istehsalçısı olan şirkət mediaya açıqlamasında bunun savaş üzündən daşıma çətinliklərindən qaynaqlandığını bildirmişdi. Sonrakı dövrdə Ukraynada tədarüklə bağlı yaşanan çətinliklər üzündən Azərbaycan Türkiyə başda olmaqla, digər ölkələrdən tütün idxalını artırdı.

Tütünlə yanaşı, polad prokat (18 milyon dollar), soya məhsulları (14 milyon dollar), toyuq məhsulları (12 milyon dollar), kərə yağı (8 milyon dollar) kimi məhsullar da müharibədən öncəki dövrlə müqayisədə idxalı ən çox azalan məhsullar arasındadır.

Azərbaycanın Ukraynaya ixracı

Azərbaycanın digər ölkələr kimi, Ukraynaya da ixracında əsas yeri neft-qaz sənayesi ilə bağlı məhsullar tutur. Ötən il gerçəkləşən 118.6 milyon dollarlıq ixracın 28.6 milyon dolları - 24 faizi dizel yanacağının payına düşür. Maraqlıdır ki, müharibədən öncəki dövrdə Azərbaycanın Ukraynaya dizel yanacağı ixracı daha az – cəmi 6 milyon dollar səviyyəsində idi.

Azərbaycanın Ukraynaya ixracında ikinci yeri mineral və ya kimyəvi azot gübrələri tutur. Ötən il Azərbaycan bu məhsulun Ukraynaya satışından 15.5 milyon dollar qazanıb. Xurma (11 milyon dollar) və sürtgü yağları (10 milyon dollar) da ixrac dəyəri 10 milyon dolları aşan məhsullar arasındadır.

Müharibədən öncə - 2021-ci ildə Azərbaycanın Ukraynaya ixracında ilk yeri ilkin formalı polietilen tutmuşdu. Həmin vaxt Azərbaycan bu məhsulun Ukraynaya ixracından 11 milyon dollar gəlir götürmüşdü. Ötən il bu məhsulun ixrac dəyəri cəmi 3.5 milyon dollara geriləyib. Azərbaycanın Ukraynaya neft bitumu ixracı 5 milyon dollar, reaktiv mühərriklər üçün kerosin yanacağı ixracı 4.8 milyon dollar azalıb. Öncələr bu məhsullar Azərbaycanın Ukraynaya ixracında ön yerləri tutsa da, hazırda ixrac həcmi minimuma enib.

Pul köçürmələri də azalıb

Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə Azərbaycan və Ukrayna arasındakı ticarət dövriyyəsi ilə yanaşı, Ukraynadan Azərbaycana köçürülən pul baratlarının həcmini də kəskin azaldıb. Bunun əsas səbəbi Ukraynada yaşayan çox sayda azərbaycanlının müharibə üzündən ölkəni tərk etməsidir. Savaş başlamazdan öncə - 2021-ci ildə (ilk 9 ay ərzində) Ukraynadan Azərbaycana 30 milyon dollar daxil olmuşdu. 2022-ci ilin ilk 9 ayında bu rəqəm beş dəfə azalaraq 6 milyon dollara enmişdi. Mərkəzi Bankın ötən ilin ilk 9 ayı ilə bağlı açıqladığı rəqəmlərdənsə belə görünür ki, Ukraynadan gələn pul köçürmələrinin həcmi hətta 2 milyon dollardan da aşağı enib.

XS
SM
MD
LG