Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:09

Fransa Rusiyanı Ermənistanı 'cəzalandırmaq' niyyətində ittiham edir


Qabriyel Attal
Qabriyel Attal

Fransanın baş naziri Qabriyel Attal Rusiyanı Ermənistanı “cəzalandırmağı planlaşdırmaqda” ittiham edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Fransa baş naziri deyib ki, Rusiya Ermənistanı Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaqla cəzasızlığa qarşı mübarizə apardığına və “sadəcə olaraq” onun “demokratiya və qanunun aliliyi”prinsipini seçdiyinə görə cəzalandırmaq istəyir.

Attal Fransanın nüfuzlu erməni icmasının CCAF təşkilatının illik konfransında Rusiyanı habelə Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi hərbi əməliyyatı qəbul etməkdə günahlandırıb.

Azatutyun yazır ki, Ermənistan hökuməti də Moskvanı və Rusiya sülhməramlı kontingentini Azərbaycanın hücumunu dayandırmamaqda ittiham etmişdi.

Rusiyanın mövqeyi

Moskva və Yerevan arasında münasibətlər Ermənistan hökuməti Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı ilə hədələyəndən sonra son dərəcə pisləşib.

Ermənistanın Avropa İttifaqı üzvlüyünə daxil olmaq niyyəti səsləndiriləndən bəri bu münasibətlər daha da gərginləşib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ayın əvvəllərində demişdi ki, Ermənistan ənənəvi müttəfiqindən (Rusiyadan-red) aralanmaqda davam etsə, Moskva Yerevanla münasibətlərinə “ciddi şəkildə” yenidən baxmalı olacaq.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə deyib ki, Ermənistan hökuməti ikitərəfli münasibətlərə, habelə Ermənistanın təhlükəsizliyinə və iqtisadi inkişafına “düzəlməz zərər” vurmaq riskinə girib.

Zaxarova habelə Ermənistanın Fransa ilə genişlənıən hərbi əməkdaşlığını, o cümlədən Fransanın müdafiə naziri Sebastiyen Lekornunun fevralın 23-də Yerevana səfərini tənqid edib:

"Fransaya tərəf meyllənən və Parislə hərbi-texniki əməkdaşlığı genişləndirən Yerevan üzdəniraq sponsorlarının əsl niyyətlərini, regionda Fransa hərbi mövcudluğunun yaratdığı riskləri dərk etmir. Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə hazır və ya qabil olmasını düşünmək sadəlövhlük olardı. Əgər Fransa buna qabil olsaydı, bunu müqavilə öhdəlikləri olan və buna görə pul aldığı Afrika qitəsində edərdi”.

Makron və Paşinyan görüşüblər

Bu arada martın 21-də Fransa prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən Nüvə Enerjisi Sammitinin əsnasında görüşüblər.

Ermənistan hökumətinin məlumatına görə iki lider ölkələri arasında “çoxsektorlu əməkdaşlığın gücləndirilməsinə” sadiq olduqlarını vurğulayıblar.

Nikol Paşinyan bundan əvvəl dəfələrlə Rusiyanın Yerevan qarşısında öhdəliklərini yerinə yetirməməsi üzündən ölkəsinin xarici siyasət və təhlükəsizlik vektorunu şaxələndirmək zərurəti barədə danışıb.

Lakin Ermənistan müxalifəti bildirir ki, Fransa da daxil, Qərb ölkələrindən qəti dəstək almayanadək ölkənin xarici siyasətini dəyişmək olduqca risklidir.

Müxalifət bunu da bildirir ki, Qərb Ermənistanın Rusiyadan iqtisadi və enerji asılılığını qısa müddətdə aradan qaldıra bilməz.

Ötən il Ermənistan ixracının 40 faizi Rusiyanın payına düşüb. Bu 8.4 milyard dollar deməkdir.

Bundan başqa Rusiya erməni əməkçi miqrantlarının ən çox çalışdıqları ölkə olaraq qalır.

Bu da qeyd olunmalıdır ki, Rusiya Ermənistanın əsas qaz təchizatçısıdır və qazı Ermənistana güzəştli qiymətlərlə satır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

XS
SM
MD
LG