Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:20

İsrailin 700 fələstinli məhbusu 40 girova dəyişməyə hazır olduğu deyilir


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns

İsrail 700 fələstinli məhbusun 2023-cü il 7 oktyabr hücumu zamanı HƏMAS qruplaşması tərəfindən girov götürülmüş 40 nəfərə dəyişdirilməsinə dair ABŞ-ın təklifini qəbul edib.

Bu barədə CNN telekanalının və bir sıra İsrail medialarının mənbələri məlumat veriblər.

ABŞ-da, Britaniyada və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınan HƏMAS Fələstin qruplaşması hələki bu təklifə münasibət bildirməyib.

Bu barədə təşəbbüsü ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Qətərin paytaxtı Dohada aparılan danışıqlarda qaldırıb.

Danışıqlar artıq bir neçə aydır ki, İsrail və HƏMAS arasında vasitəçilərin iştirakilə aparılır.

İsrailin əsas tələbi

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu girovların dəyişdirilməsinə dair HƏMAS-ın təklifini “absurd” adlandıraraq rədd etmişdi.

İsrailin HƏMASA yönəlik siyasətinin əsas tələbi budur ki, 7 oktyabrda İsrailə hücum zamanı girov götürülmüş şəxslərin hamısı qaytarılmalıdır.

HƏMAS öz növbəsində bu məsələdə razılaşmanı tam atəşkəsin elan olunması və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması ilə bağlayır.

Bundan əvvəlki girov dəyiş-düyüşü ötən ilin noyabrında keçirilmişdi.

O vaxt 105 İsrail girovu İsrail həbsxanalarında olan təxminən 240 məhbusa dəyişdirilmişdi.

130-dək girovun hələ də Qəzzada saxlandığı bildirilir. İsrail rəsmiləri bildirmişdilər ki, bunların 30 nəfərinin artıq sağ olmadıqları düşünülür.

Rəfah problemi

Razılaşmanın əldə olunması üçün daha bir əngəl İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində keçirməyi planlaşdırdığı əməliyyatdır.

Burada Qəzzanın şimalındakı hərbi əməliyyatdan qaçmış milyonadək fələstinli məskunlaşıb.

ABŞ belə bir əməliyyatın keçirilməsinə qaşıdır və İsraildən dinc əhalinin müdafiəsi üçün tədbirlərin görülməsini tələb edir.

İsrailin baş naziri Netanyahu bununla bağlı demişdi ki, bütün beynəlxalq təzyiqlərə baxmayaraq İsrail ordusu Rəfaha daxil olacaq, HƏMAS-ın hələ də qalmaqda olan bütün batalyonlarını ləğv edəcək və İsrail dövləti və xalqının “tam qələbəsi” təmin olunacaq.

ABŞ və dünya birliyinin əksər ölkələri hesab edirlər ki, davamlı sülhü yalnız “iki dövlət” prinsipi təmin edə bilər.

XS
SM
MD
LG