Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:50

Dunya Miyatoviç: 'Azərbaycan hakimiyyəti öz öhdəliklərinə açıq hörmətsizlik nümayiş etdirir'


Avropa Şurası İnsan Haqları komissarı Dünya Miyatoviç
Avropa Şurası İnsan Haqları komissarı Dünya Miyatoviç

“Azərbaycanda jurnalistlərə və vətəndaş cəmiyyəti üzvlərinə qarşı güclənməkdə olan repressiya dərin narahatlığa əsas verir”.

Avropa Şurası İnsan Haqları komissarı Dünya Miyatoviçin martın 25-də açıqlanmış bəyanatında belə deyilir.

Bəyanatda habelə Azərbaycanda jurnalistlərin və siyasi fəalların həbsləri, saxlanmaları və ədliyyə sistemi vasitəsilə qısnanması tənqid olunur:

“Son aylarda Azərbaycan hakimiyyətinin qanuni şəkildə öz işlərini görən və ya hökumətə yönəlik fərqli və tənqidi fikirlər ifadə edən müstəqil media, vətəndaş cəmiyyəti və fəallar üzərinə hücumları güclənib”.

Bəyanatda deyilir ki, ötən ilin noyabrında AbzasMedianın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, Kanal 13-ün təsisçisi Əziz Orucov və kanalın aparıcısı Rüfət Muradlı, habelə jurnalist Teymur Kərimov da daxil azı 6 jurnalist həbs edilib.

Daha sonra qeyd olunur ki, bu il martın əvvəllərində polis Toplum TV internet telekanalına reyd keçirərək kanalın təsisçisi Ələsgər Məmmədlini və jurnalist Müşfiq Cabbarı saxlayıb:

“Mən Azərbaycanda tanınmış alim, bir neçə ciddi sağlamlıq problemlərindən əziyyət çəkən Qubad İbadoğlu da daxil qanuni fəaliyyətinə görə saxlanan başqa şəxslərlə bağlı vəziyyəti də narahatlıqla izləyirəm”.

2019-cu ildən bəri...

Xanım Miyatoviç vurğulayır ki, o 2019-cu ildən bəri Azərbaycan hakimiyyətinin diqqətini ölkədə ifadə, media azadlıqları ilə bağlı vəziyyətə cəlb edib:

“Təəssüf ki, hakimiyyət bu sahələrdə özünün insan haqları öhdəliklərinə açıq hörmətsizlik nümayiş etdirməkdə davam edib və beləliklə ölkədəki vəziyyəti daha da pisləşdirib”.

Xanım Miyatoviç bəyanatında habelə jurnalist Əvəz Zeynallı ilə bağlı məsələyə də toxunur. O xatırladır ki, Zeynallının azad olunmasını Azərbaycan hakimiyyətindən rica edib. Miyatoviç eyni müraciəti vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyev üçün də etdiyini xatırladıb:

“Mən Azərbaycan hökumətini özünün insan haqları öhdəliklərinə tam ehtiramın təmin edilməsi üçün qətiyyətli addımlar atmağa çağırıram. Bunun üçün legitim fəaliyyətlərinə, fərqli və ya tənqidi fikirlər səsləndirdiklərinə görə, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları da daxil, məhbus edilmiş bütün şəxslərin azad edilməsi və jurnalistlərin, vətəndaş cəmiyyətinin və insan haqları müdafiəçilərinin fəaliyyəti üçün ifadə və dinc toplaşma azadlıqlarının təminatı da daxil mühitin yaradılması tələb olunur”.

Azərbaycan hökuməti Avropa Şurası İnsan Haqları komissarının bu bəyanatına hələlik münasibət bildirməyib.

Amma hakimiyyət bundan əvvəlki bəyanatlara və tənqidlərə cavab olaraq bildirir ki, Azərbaycanda insan haqlarına ehtiram təmin edilir və heç kəs siyasi baxışlarına, fəaliyyətinə və ya tənqidi fikirlərinə görə təqib olunmur.

Hakmiyyət israr edir ki, beynəlxalq bəyanatlarda adları çəkilən şəxslər konkret cinayət və qanun pozuntusu ilə bağlı saxlanıb və ya həbs edilib.

XS
SM
MD
LG