Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:17

Paşinyan müxalifət barədə: 'Onlar istəyirlər ki, Qars barədə xəyallara dalıb Yerevanı da itirsinlər...'


Nikol Paşinyan mayın 22-də parlamentdə Azərbaycanla sərhədin demarkasiyası məsələsindən danışıb
Nikol Paşinyan mayın 22-də parlamentdə Azərbaycanla sərhədin demarkasiyası məsələsindən danışıb

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də parlamentdə Azərbaycanla sərhədin demarkasiyası məsələsindən danışıb.

O deputatlardan birinin sərhədin delimitasiyasının hansı xəritələr əsasında aparıldığına dair sualına cavab olaraq deyib ki, söhbət SSRİ-nin dağılması anında olan de jure sərhədlərdən gedir və heç bir yeni xəritələr tərtib olunmur:

“1988-ci ilin demarkasiya işlərindən çox danışılır. Birincisi, bir daha vurğulayıram: burada nə vaxtsa və hansısa bir şəkildə görülən iş təsdiqlənir. Bu təsvirə görə həmin iş de jure qüvvəyə minməyib, çünki hüquqi prosedurdan keçməyib. Yəni hüquqi gücü yoxdur. İkincisi bu işin əsasında heç bir xəritə yaradılmayıb”.

Paşinyan parlamentdəkilərə SSRİ baş qərargahının 1969-cu ilin xəritələrinə əsaslanan 1976-cı ilə aid xəritələrini göstərib:

“Çox təfərrüatlı bir iş görərək biz xəritələrdə Ermənistan sərhədlərinin bütün perimetrlərini təsvirləmişik. Biz Bağanis, Voskepar, Kirants, Berkaber kəndlərində SSRİ-nın dağılması zamanında de jure hüquqi gücü olan xəritələr əsasında demarkasiya aparmışıq”.

Baş nazir əlavə edib ki, bu təsvir xəritələri tam 19 səhifədən ibarətdir.

Paşinyan bir daha bəyan edib ki, Ermənistanın ərazisi 29 min 743 kvadrat kilometrdir. Baş nazir vurğulayıb ki, “tarixi Ermənistan” ideyasının daşıyıcıları bu məntiqi başa düşməlidirlər.

“Bəzilərinin gözləntiləri”

O çıxışında müxalifətə işarə edərək “bəzilərinin gözləntilərindən” bəhs edib və deyib ki, belə mövqe birbaşa “qeyri-dövlətə, qeyri-suverenliyə, qeyri-vətəndaşlığa aparır”:

“Onlar istəyirlər ki, Yerevanın mərkəzində kafedə oturub, Qars barədə xülyalara dalsınlar və beləliklə də Yerevanın özünü itirsinlər. Baxın, real və tarixi Ermənistan arasında olan fərq budur. Onlar istəyirlər ki, real Qafanda oturan adamlar Zəngilan və ya onların sözlərilə desək, Sanasar haqqında xəyallara qapılıb real Qafanı itirsinlər. Bu konseptual müzakirədir. Real Ermənistan gələcəkdir. Biz deyəndə ki, gələcək var, gələcək elə budur”.

Paşinyan sözünə davam edərək deyib:

“Real Ermənistan konkretdir. Biz onun sərhədlərini bilirik və biz səhərdən axşamadək kiməsə ağız açıb “təhlükəsizliyimizi qoruyun” deməkdənsə, onun təhlükəsizliyini təmin edirik. Öz legitim mövqeyimizdə dururuq”.

“Çar Pap bir daha öldürülməyəcək”

Paşinyan Erməni Kilsəsinin tənqidindən də yan keçməyib. O deyib ki, Kilsə onun təklif etdiyi təhlükəsizlik sisteminə qarşı çıxmaqla Ermənistanı qanuni hədəfə çevirir.

Paşinyan yarızarafat deyib ki, Ermənistan suverenliyini itirəndən sonra, onun yerində 10 vilayət əvəzinə 10 dyakonluq olacaq:

"Erməni xalqının tarixdə belə bir təcrübəsi olub. Onlar (erməni ruhanilər-red) orta əsrlərdə Qeysəriyyəyə (Bizans imperiyasında şəhər-red) səfər edib orda erməni katolikosları kimi titul alırdılar, Ermənistana qayıdandan sonra isə nüfuz agentinə çevrilirdilər. Görünür, onlarda bu xasiyyət hələ dəyişməyib. Amma biz bu məsələni iki-üç aya həll edəcəyik”.

Baş nazir daha sonra tarixə ekskurs edərək deyib ki, qədim erməni çarı Pap bu məsələni kökündən həll etmək istəyirdi, amma bu proses onun qətli ilə yarımçıq qaldı:

“Çar Pap bir daha heç vaxt öldürülməyəcək. Onlar (ruhanilər-red) əyinlərinə hansı əbaları geyinsələr də, yaxalarından neçə kiloluq xaç assalar da, çar Pap bir daha öldürülməyəcək. Ermənistan dövləti öldürülməyəcək”.

Çar Pap kim olub?

Paşinyan çar Pap mövzusuna bundan əvvəllər də bir neçə dəfə müraciət edib.

Ermənistan tarixində “Böyük Ermənistanın çarı” kimi təqdim olunan Papın (353—374-cü illər) İran şahı II Şapurun və Roma/Bizans imperatoru II Valentinin hökmranlığı zamanı padşahlıq etdiyi deyilir.

Pap Ermənistanın istər İrandan, istərsə də Bizansdan asılılığına son qoymaq istəyib.

Tarixdə yazılanlara görə Pap həm də Kilsənin ağalığı ilə mübarizə aparırdı. Bundan əvvəl şahlar və kilsə arasında ziddiyyətlər olsa da, monarxlar heç vaxt kilsənin əmlakına əl qoymayıblar. Deyilənlərə görə bunu ilk dəfə Pap edib. O hələ Tiridatın zamanından kilsəyə aid torpaqların böyük bir hissəsini müsadirə edib.

Pap tarixi məlumatlara görə ölkənin bəzi torpaqlarını yenidən birləşdirib.

Yenə də tarixi mənbələrdə yazılanlara görə Pap iki imperiya arasında müstəqillik siyasətini sonadək davam etdirə bilməyib və imperatorun əmri ilə Roma sərkərdəsi Trayan tərəfindən qətlə yetirilib.

(Vikipediadan)

***

Ermənistan parlamentinin spikeri və baş nazir Nikol Paşinyanın ən yaxın siyasi müttəfiqlərindən biri olan Alen Simonyan da Erməni Kilsəsini siyasətə qarışmaqda ittiham edib.

Kilsəni son günlərdə keçirilən antihökumət aksiyalarını qızışdırmaqda günahlandıran spiker iddia edib ki, Kilsə vergi ödəmir:

“Kilsə siyasətə qarışmamalıdır...Siyasət ticarətdir. Sən seçki siyahısını tərtib edəndə ticarət edirsən. Erməni Kilsəsi öz işi ilə məşğul olmaqdansa, belə ticarətlə məşğuldur”.

Kilsə ittihamlara cavab verib

Lakin Erməni Kilsəsinin əsas iqamətgahı olan Eçmiadzin və hakimiyyətə qarşı etiraz aksiyalarına başçılıq edən Tavuş arxiyepiskopu Baqrat Qalstanyan Simonyanı “yalan danışmaqda” ittiham ediblər.

Qalstanyan bildirib ki, Kilsə nəinki vergi ödəyir və hətta sovet dövründə itirdiyi mülkiyyətə görə hökumətdən heç bir kompensasiya almayıb.

Azatutyun yazır ki, Erməni Kilsəsi ölkədə ən çox vergi ödəyən 1000 təşkilatın sırasında 488-cidir.

Erməni Kilsəsinin Ali Ruhani Şurası mayın 7-də Ermənistanın sərhədyanı Tavuş mərzindən baş nazirin istefasını tələb etmək üçün Yerevana yürüş keçirən Baqrat Qalstanyanın hərəkatına rəsmən dəstək verdiyini bəyan edib.

Ermənistanın əsas müxalifət partiyaları da arxiyepiskopun hərəkatına dəstək bildiriblər.

Qalstanyan Erməni Kilsəsinin rəhbəri – katolikos II Qareginlə iki gündən bir görüşərək vəziyyəti onunla müzakirə etdiyini etiraf edib.

Qaregin və Erməni Kilsəsinin başqa ruhaniləri 2020-ci il müharibəsindən dərhal sonra Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edən müxalifətə dəstək bildirmişdi.

Arxiyepiskop Baqrat Qalstanyanın Qarabağ erməniləri ilə görüşü
Arxiyepiskop Baqrat Qalstanyanın Qarabağ erməniləri ilə görüşü

Arxiyepiskop Qarabağ erməniləri ilə görüş keçirib

Azatutyun yazır ki, bundan əvvəl arxiyepiskop Baqrat Qalstanyan etiraz aksiyalarını daha da genişləndirmək məqsədilə mayın 21-də Qarabağın keçmiş separatçı liderləri və Qarabağ köçkünləri ilə görüş keçirib.

O Qarabağ ermənilərinin öz yurdlarına qayıtmaq hüququnu müdafiə etdiyini bildirib.

Azərbaycanın ötən ilin sentyabrında keçirdiyi hərbi əməliyyatın ardınca Qarabağ ermənilərinin bölgədən kütləvi axını olub.

Baş nazir Nikol Paşinyan hələ bundan əvvəl Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığını bəyan etmişdi.

O indiyədək Qarabağ məsələsinin artıq “qapandığına” dair dəfələrlə bəyanatlar verib.

Şahramanyan arxiyepiskopun iclasına qatılmayıb

Baş nazir bundan əvvəl Qarabağın keçmiş separatçı rejiminin Ermənistan ərazisində hər hansı tədbirlər keçirməsinə qarşı olduğunu bildirmişdi.

O Qarabağın sonuncu “prezidenti” Samvel Şahramanyanı Ermənistan dövlətçiliyinin əsaslarını sarsıtmaqda ittiham etmişdi.

Ermənistan müxalifəti Paşinyanın Şahramanyanı hədələməsini pisləmişdi.

Qalstanyanın keçirdiyi görüşdə Qarabağın keçmiş separatçı rejiminin bəzi liderləri də iştirak ediblər.

Azatutyun yazır ki, Şahramanyan Baqrat Qalstanyanın keçirdiyi görüşə qatılmayıb.

“Qarabağ parlamentinin spikeri” kimi təqdim olunan Qagik Bağunts deyib ki, onların məqsədi kimisə hakimiyyətdən salmaq deyil.

Azatutyunun yazdığına görə, buna baxmayaraq keçmiş separatçı liderlərdən bəziləri Paşinyan hakimiyyətinin istefasını tələb edən hərəkata dəstək bildirirlər.

Erməni keşiş Paşinyana qarşı. Yerevan etirazları
Gözlə

No media source currently available

0:00 0:07:52 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG