Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:51

Trampa sui-qəsd cəhdi prezidentlik yarışını necə dəyişə bilər...


Trampa atəş açılıb, dünya liderləri bu olayı pisləyir
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Trampa atəş açılıb, dünya liderləri bu olayı pisləyir

Nyu-York Dövlət Universitetinin Kortlend Kollecinin (SUNY Cortland) siyasi elmlər professoru Robert Spitser iyulun 14-də AzadlıqRadiosunun Vaşinqtonda çalışan əməkdaşı Todd Prinsə müsahibə verib. O bu müsahibədə Donald Trampın seçki yarışında atəş açılmasının 2024-cü il prezident seçkilərinin gedişatına mümkün təsirlərindən danışıb.

İyulun 13-də Tramp ən mühüm "svinq" (tərəddüdlü, qərarsız seçicilərin çox olduğu) ştatlarından biri olan Pensilvaniyada seçki rallisində çıxış edərkən ona odlu silahdan atəş açılıb. 20 yaşlı silahlı şəxs öldürülüb, ancaq onun niyə belə davrandığı müəyyənləşdirilməyib.

Olay Respublikaçılar Partiyası milli toplantısının keçirilməsindən iki gün öncəyə təsadüf edir. Bu toplantıda Trampın partiyanın rəsmi namizədi olacağı gözlənilir. Onun rəqibi, indiki prezident Co Bayden zorakılığı qınayaraq respublikaçı rəqibinin sağ-salamat olmasına görə şükür etdiyini deyib.

Professor Spitser 1981-ci ildə ozamankı prezident Ronald Reyqanın güllə ilə vurulduğunu, sinəsindən ağır yaralandığını və bir neçə ay müalicə olunduğunu xatırladıb: "Onun müşavirləri olay baş verəndən sonrakı 24 saat ərzində yığışıb onun bu hadisədən necə mənfəət götürəcəyini düşündülər… Onun prezidentliyinə bunun önəmli siyasi təsiri oldu. Bu ona 1982-ci ilin yayında vergilərin ciddi azaldılmasına dair qanunu Konqresdən keçirməyə yardım göstərdi. Bugünkü şərtlərsə fərqlidir. Donald Tramp indi prezident deyil. Ancaq, təbii ki, güllə yalnız onun [qulağını] sıyırsa da, … dərhal şəfqət dalğası gəlməyə başlayır…".

"Bunların heç biri sürpriz olmamalıdır"

Professorun sözlərinə görə, yaxın bir neçə həftənin rəy sorğularında Trampın nəticələrinin yüksələcəyini, ona qarşı simpatiyanın artacağını gözləməliyik. Di gəl, onun fikrincə, bu seçki yarışı kontekstində və, üstəlik, Tramp ciddi yaralanmadığından nəticələr yenidən atəşdən öncəki səviyyələrə qayıdacaq.

Kaliforniyanın Hantinqton-Biç şəhərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd, keçmiş prezident Donald Trampa dəstək mitinqi.
Kaliforniyanın Hantinqton-Biç şəhərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd, keçmiş prezident Donald Trampa dəstək mitinqi.

Professor Spitser Trampın seçki komandası və tərəfdarlarının onun hadisədən dərhal sonra yumruğunu yuxarı qaldırdığı fotoları yayaraq onu qətiyyətli lider kimi qələmə verəcəyinə diqqət çəkib: "Bunların heç biri sürpriz olmamalıdır. Onun adamları rəmz və görüntülərdən onun namizədliyini dəstəkləmək üçün yararlanacaqlar. Hətta o, bir neçə ay öncə federal məhkəmə önünə çıxanda onun müttəhim fotosu çəkilmişdi və həmin foto dərhal köynəyə və fincanlara vurulmuşdu. Bu onu qat-qat daha çox qəhrəman kimi göstərən an idi və, heç sözsüz, dəstəkçiləri bundan onun namizədliyini dəstəkləməkdən ötrü yararlanacaqlar".

Ancaq professor bunun noyabr seçkilərinin nəticələrinə təsir göstərəcəyinə inanmadığını deyir.

Professor Spitser hazırkı indiki vitse-prezident Kamala Harrisin bu dəfə də həmin vəzifəyə təqdim ediləcəyini düşünür, onun Afrika kökənli amerikalı olmasına və milli kampaniya aparmaq potensialına diqqət çəkir. Onun sözlərinə görə, indi sorğu nəticələri onun reytinqinin Baydendən bir qədər yüksək olduğunu göstərir. "Əgər …qarşıdakı bir neçə ayda prezident Baydenin səhhəti pisləşsə, [Harris] onu əvəzləyəcək …şəxs olacaq. Heç sözsüz, prezidentliyə namizəd olmağa yarayan çox sayda başqa demokratlar da var. Ancaq bu şərtlər daxilində, özəlliklə vaxtın daraldığını nəzərə alsaq, bu iş onun üzərinə düşəcək. Düşünürəm ki, o, güclü namizəd ola bilər. Məncə, o, Donald Trampı məğlub etməyə qadirdir, ancaq, əlbəttə, lakmus kağızı rolunu kampaniyanın özü oynayacaq".

"Bu, ABŞ siyasətində çox önəmli məqamdır"

Londonda fəaliyyət göstərən beyin mərkəzi "Chatham House"un ABŞ və Amerika proqramının direktoru doktor Lesli Vincamuri də AzadlıqRadiosuna müsahibəsində D.Trampın kampaniya rallisində atəş açılmasının seçki kampaniyasına mümkün təsirlərindən, Respublikaçılar Partiyasının qarşıdakı milli qurultayından və Co Baydenə namizədliyini geri götürməsi ilə bağlı basqılardan danışıb.

Federal Təhqiqatlar Bürosu (FBI) bu hadisəni qətl cəhdi adlandırır.

Öldürülən və ya sui-qəsd cəhdlərindən sağ çıxan ABŞ liderləri
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Doktor Vincamurinin fikrincə, bu hadisə prezident Bayden və onun seçki komandasının üzərinə əlavə yük qoyacaq. O deyir ki, Bayden kampaniyanın istiqamətini dəyişərək birlik, qeyri-zorakılıq kimi mesajlara daha çox üstünlük verməli olacaq.

Artıq Demokratlar Partiyasının kampaniya reklamlarına ara verdiyi görülməkdədir. Doktor Vincamuri bu addımı alqışlayır: "Bu, çox yaxşıdır. Düşünürəm ki, bu, [Baydenə] özünü lider kimi göstərmək imkanı verir. Biz bir çox seçilmiş respublikaçı siyasətçinin də eyni mesajı verdiyini görürük. Biz Açıq Cəmiyyət Fondunun zorakılığı açıq pisləyən tvitini gördük və bu mesajın Trampa qarşı [mövqeyi ilə tanınan] Corc Sorosun təsis etdiyi çox nüfuzlu vətəndaş cəmiyyəti qurumundan gəlməsi böyük önəm daşıyır. Bir çox demokrat da eyni cür davranır. O üzdən bu, ABŞ siyasətində çox önəmli məqamdır".

"Prezidentin kampaniyalarda çox güclü göründüyünü… görürük"

Vincamuri atəş açan 20 yaşlı şəxsin Respublikaçılar Partiyasının qeydiyyatdan keçmiş üzvü olması haqda xəbərə diqqət çəkib. "O, 17 yaşı olanda [demokratların siyasi kampaniya qrupu olan] "Act Blue"ya ianə verib. Bu da o deməkdir ki, o, bəlli məqamda demokrat da olub. O, gəncdir. Hələlik, onun motivləri ilə bağlı heç bir bilgimiz yoxdur. Çox ciddi təhqiqat aparılır. Biz bilirik ki, odlu silahla törədilən zorakılıq hallarının çoxu yaxşı planlaşdırılmış, motivasiyalı və mütəşəkkil olur. Biz onu da bilirik ki, bir çox zorakılıq aktları ruhi xəstəlik məsələləri ilə, silahların silaha sahib olmalı olmayan şəxslərin əlinə düşməsi ilə bağlı olur. …İnsanlar motivin nə olduğunu və bunun ayrıca götürülmüş insident olub-olmadığını anlamaq üçün bu məsələni izləyəcəklər".

Doktor Vincamuri son həftə ərzində Baydenin namizədliyi ətrafında baş verən hərəkətliliyə də toxunub: "Demokratlar Partiyasında çox adam prezident Baydenə dəstəyini geri çəkir, ikinci müddətə namizəd olmayacağını bəyan etməsi üçün ona basqı göstərir. Çox adamın da onun ətrafında birləşdiyini görürük. Biz prezidentin kampaniyalarda çox güclü göründüyünü, debatda nümayiş etdirdiyindən çox güclü nitqlər söylədiyini görürük".

Onun fikrincə, indi demokratlar sabitliyə üstünlük verərək öz namizədləri ətrafında birləşə bilərlər.

XS
SM
MD
LG