Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:28

Kabarda-Balkarda Rusiya himninə hörmətsizliyə görə 8 nəfər cərimələnib


İllüstrativ foto
İllüstrativ foto

Kabarda-Balkariya Respublikasının paytaxtı Nalçikdə məhkəmə orta məktəbin buraxılış mərasimində Rusiya himni çalınarkən ayağa qalxmayan 8 nəfəri 3 min rubl (35 dollar) məbləğində cərimə edib.

TASS və RIA Novosti agentlikləri xəbər verirlər ki, cərimə olunanlar “Rusiyanın dövlət rəmzlərindən rəsmi istifadə qaydalarının pozulması” maddəsi ilə təqsirli biliniblər.

Xəbər verilir ki, elə həmin məktəbdə Rusiya himninə hörmətsizliyə görə daha bir nəfərin məhkəməsi olacaq.

Valideynlərin məsuliyyətə cəlb edilməsinə səbəb Nalçik şəhərindəki 33 nömrəli məktəbdə, iyunun 23-də keçirilən buraxılış mərasimində çəkilən video olub.

Videodan görünür ki, himn çalınarkən valideynlərdən bəziləri ayaq üstdə dayansalar da, bəziləri yerlərində oturublar. Videoda bu da görünür ki, himn çalınarkən uşaqlardan biri qulaqlarını tutub.

Rusiya Dövlət Dumasının deputatı Andrey Kartapolov bu insident barədə özünün teleqram kanalında yazıb. O qeyd edir ki, Rusiya himninə nümayişkəranə hörmətsizliklə bağlı müvafiq orqanlara müraciət edib.

Kabarda-Balkariya Respublikasının Maarif Nazirliyi sözü gedən valideynlərə qarşı “tədbirlər” görəcəyini bildirib.

Nazirliyin məlumatında bildirilir ki, videoda qulaqlarını tutan uşaq məktəbəqədər qrupa gedir, lakin mərasimdəki bütün başqa məktəblilər Rusiya himninə ehtiram nümayiş etdiriblər.

Rusiya mediası cərimə olunanlardan birini - Andzor Xalilovu Kabarda-Balkariyanın ən iri tikinti şirkətinin başçısı kimi təqdim edir.

O bildirib ki, arvadı varikozdan əzab çəkdiyinə görə himn çalınarkən ayağa qalxmayıb.

Xalilovun sözlərinə görə respublikada himn çalınarkən ayağa durmaq lazım olduğunu və bunu etməməyə görə cəza nəzərdə tutulduğunu çox az adam bilir.

“Mühüm söhbət”

2022-ci ildən Rusiya Maarif Nazirliyinin qərarı ilə hər dərs həftəsinin əvvəlində məktəblərdə Rusiya bayrağı qaldırılmalı və Rusiya himni səsləndirilməlidir.

Bu ideyanı prezident Vladimir Putin də dəstəkləmişdi. O demişdi ki, “bu çox düzgün və zamanı çatmış tələbdir, lakin bunu ləyaqətlə icra etmək lazımdır”.

2022-ci ildən Rusiya məktəblərində habelə “Mühüm söhbət” adlı dərslər keçilir. Bu dərslər üçün mətnlər sinifdən sinfə fərqlənir.

Məsələn əgər birinci və ikinci siniflərə vətənə sevgi Rusiya təbiətinin təsviri ilə aşılanırsa, üç və dördüncü siniflərdə vətən uğrunda döyüşmək və işləməyin mühümlüyündən bəhs edilir.

Beşinci sinifdə isə uşaqlara “xüsusi hərbi əməliyyat” (Rusiya Ukraynaya qarşı müharibəsini rəsmi qaydada belə adlandırır-red) barədə məlumatlar verilir.

XS
SM
MD
LG