Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:42

Türkiyə Haaqa məhkəməsində İsraillə bağlı soyqırım iddiasına qoşulmaq istəyir


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Türkiyə avqustun 7-də Cənubi Afrika Respublikasının İsraillə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi soyqırım iddiasına qoşulmaq üçün müraciət etməli idi.

Türkiyə İsrailin HƏMAS-ın liderlərinə qarşı müharibədə Qəzza zolağını bombardman etməsi ilə bağlı İsraili dəfələrlə tənqid edib. HƏMAS ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin mövqeyini dəstəkləyir və İsraili qətliam siyasəti yürütməkdə ittiham edir.

BƏT indiyədək artıq İsraildən HƏMAS-ın oktyabr basqınına cavab olaraq apardığı əməliyyatda soyqırımın baş verməməsi üçün hər şeyi etməsini tələb edib. Bununla belə məhkəmənin qərarında atəşkəs tələbi yoxdur.

BƏT-in qərarında habelə deyilir ki, İsrail Qəzzanın fələstinli əhalisinin əsas ərzaq malları ilə təminatı üçün bütün səmərəli təbirləri görməlidir.

Haaqa məhkəməsinin may ayında qəbul edilmiş qərarında İsrailə Qəzzadakı Rəfah şəhərinə qarşı hərbi əməliyyatı dayandırması üçün çağırış edilir.

Müharibə riski

Ərdoğan avqustun 5-də keçirilən hökumət müşavirəsində deyib ki, Türkiyənin hüquqşünaslar komandası avqustun 7-də İsrailə qarşı soyqırım iddiasına qoşulmaq üçün Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinə petisiya təqdim edəcək.

Türkiyə indiyədək İsrailin Qəzzadakı hərbi əməliyyatlarının ən sərt tənqidçisi olub.

HƏMAS-ı habelə İsrailin uzun müddətdən bəridir düşməni olan İran dəstəkləyir. İyulun 31-də HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə Tehranda qətlə yetirildikdən sonra regionda gərginlik son həddinə çatıb.

İran Haniyənin qətlinə görə İsraili ittiham edir. Lakin İsrail bu sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürmür.

Bunun ardınca İranın ali rəhbəri ayətüllah Əli Xameneyi Haniyənin qətlinə hərbi cavab veriləcəyini bəyan etdikdən sonra region tammiqyaslı müharibə riski ilə üzləşib.

ABŞ və Qərb İsrailə qarşı iddiaları dəstəkləmir

Ərdoğan Haniyənin qətlini Fələstinə qarşı “mənhus akt” adlandırıb və bundan məqsədin Fələstin xalqının təhdid edilməsi olduğunu deyib.

Türkiyə prezidenti çıxışlarında İsrailin baş naziri Benyamin Netanyahunu Adolf Hitlerlə müqayisə edir və deyir ki, İsrailin fələstinlilərlə rəftarı soyqırım kimi qiymətləndirilməli və İsrail ən yüksək beynəlxalq səviyyədə cəzalandırılmalıdır.

Ərdoğan habelə Qərb ölkələrini və özəlliklə də ABŞ-ı İsraili dəstəklədiklərinə görə tənqid edir.

Cənubi Afrika Respublikası İsrailə qarşı iddianı BƏT-ə 2023-cü ilin dekabrında təqdim edib.

CAR İsraili iddia edilən aparteiddə, işğalda və Qəzza zolağının blokadasında ittiham edir.

Onlarca ölkə İsrailə qarşı bu məhkəmə iddiasını dəstəklədiklərini bildiriblər.

Lakin ABŞ, Birləşmiş Krallıq və bir neçə başqa ölkə İsrailə qarşı iddianı qəbul etmirlər.

İndi BƏT Türkiyənin İsrailə qarşı iddiaya qoşulmaq ricasına rəsmi cavab verməlidir.

XS
SM
MD
LG