Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:16

Rusiya Qərbi Yerevanı Moskvadan ayırmaq cəhdində ittiham edir


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayen
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayen

Rusiya Qərbi yenidən Cənubi Qafqazda “dağıdıcı siyasət” yürütməkdə ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 8-də bir daha iddia edib ki, Moskva Ermənistan və onun xalqı ilə “əsrlərcə yaşı olan” bağlara malikdir.

Zaxarova XİN-də keçirdiyi brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayenin bəyanatlarını şərh edib.

ABŞ rəsmisi iyulun 30-da ABŞ Senatı Xarici Əlaqələr Komitəsində keçirilən dinləmədə demişdi ki, Vaşinqton Ermənistanın “Rusiyadan qopmaq” cəhdlərinə kömək edir.

O’Brayen nə demişdi?

O’Brayen həmin dinləmədə iddia etmişdi ki, Moskva 2020-ci il müharibəsinin ardınca Ermənistanın təhlükəsizliyini təmin edə bilməyəndən və Azərbaycanın Qarabağ üzərində nəzarəti ələ almasına müdaxilə etməyəndən sonra Ermənistan əhalisinin əksəriyyəti ölkələrinin Rusiyadan daha da aralanmasını istəyir.

Bu barədə jurnalistin sualına cavab verən Zaxarova ABŞ rəsmisinin bəyanatlarını “əsassız” adlandırıb və deyib ki, “Rusiya və Ermənistan arasında əsrlərcə tarixi olan bağlar” Qərbin yaratdığı bu sınaqlardan da çıxa biləcək:

“Amerika rəsmisi, əslində Yerevan da daxil bizim partnyorlarımıza daim dediklərimizi dilə gətirib. O deyib ki, Qərb Cənubi Qafqazda dağıdıcı gündəliyini həyata keçirir və məqsəd regionu parçalamaq və Rusiyanın onun ənənəvi müttəfiqləri ilə tarixi bağlarını qırmaqdır”.

Zaxarova əlavə edib ki, “Rusiya tarix boyunca qardaş erməni xalqının köməyinə gəlib və biz bunu gələcəkdə də etmək niyyətindəyik”.

Yolayrıcı

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Rusiyanın yüksək vəzifəli rəsmiləri Moskva və Yerevan arasında, xüsusilə də hərbi və təhlükəsizlik sahələrində getdikcə zəifləyən əlaqələrdən narahatlıq ifadə edirlər.

Ermənistan Rusiyanın başçılığı altında olan hərbi blokda – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü faktiki olaraq dayandırıb və bu təşkilatdan ümumiyyətlə çıxa biləcəyini bəyan edib.

Yerevan Moskvanı, Ermənistanı Azərbaycanın 2021 və 2022-ci illərdəki müdaxilələrindən müdafiə etməməkdə ittiham edir.

Ermənistan eyni zamanda Qərb ölkələri, ilk növbədə Fransa və ABŞ-la hərbi bağlarını möhkəmləndirir.

Bu da qeyd olunur ki, Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan indi Avropa İttifaqı ilə inteqrasiyaya can atır.

Vaşinqtonda mənzillənmiş Beynəlxalq Respublikaçılar İnstitutunun mart ayında keçirdiyi sorğu göstərib ki, Ermənistanda rəyi soruşulanların 66 faizi Rusiyaya pis münasibət bəsləyir. Bu rəqəm bir il əvvəl 49 faiz idi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG