Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:13

Qırğızıstan prezidenti də rusiyalı müğənnilərin müdafiəsinə qalxdı


Sadır Japarov
Sadır Japarov

Qırğızıstan prezidenti Sadır Japarov Kabar dövlət informasiya agentliyinə müsahibəsində rusiyalı müğənnilərin ölkənin avqustun 31-də keçiriləcək Müstəqllik Günündə iştirakı ilə bağlı məsələni şərh edib.

Dövlət başçısının sözlərinə görə o ölkə mədəniyyət nazirinin verdiyi məlumatdan məmnun qalıb.

Mədəniyyət naziri demişdi ki, rusiyalı müğənnilər tədbirə öz təşəbbüsləri ilə gəlmək istəyirlər və konsertdə pulsuz oxuyacaqlar.

Japarov deyib:

“Əvvəllər Qırğızıstanı xaricdə demək olar tanımırdılar. Biz şad olmalıyıq ki, bizi təbrik etmək və Müstəqllik konsertimizdə oxumaq istəyənlər var. Sən demə onlar heç iştirakları üçün pul da almayacaqlar. Allah köməkləri olsun. Biz əlbəttə, onların yaşama və yemək xərclərini çəkəcək, qonaqpərvərliyimizi göstərəcəyik”.

Prezident bunu da bildirib ki, Rusiya müğənnilərinin gəlişini tənqid edənlər “uzağı görməyənlər” və onların tərəfdarlarıdır:

“Yadınızdadırmı, bir vaxtlar deyirdilər ki, heç kəs bizi tanımır, heç kəs bizim ölkəmizə gəlmək istəmir? İndi vəziyyət dəyişib. Bütün ölkələr Qırğızıstanla hesablaşmağa başlayıblar. Gələn il dünya gücləri prezidentlərinin gəlişi gözlənilir. Əvvəllər bizi heç qonşularımız da ciddi qəbul etmirdilər. İndi Allaha şükür, hər şey dəyişib. Təxribatçılara fikir verməyin. Kiminsə xoşuna gəlmirsə, qulaq asmasın. Biz heç kimi məcbur etmirik”.

Qırğızıstan naziri: 'Müstəqillik konsertində rusiyalılar oxuyacaq, istəməyən konsertə gəlməsin...'

Bundan əvvəl Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər naziri Altınbek Maksutov demişdi ki, avqustun 31-də Bişkekin Ala-Too meydanında keçiriləcək müstəqillik günü konsertində Rusiya müğənniləri də iştirak edəcəklər.

Nazirin sözlərinə görə Rusiya ifaçıları öz təşəbbüsləri ilə Bişkekə gəlmək və Qara-Qırğız muxtar vilayətinin 100 illiyi və Qırğızıstan Respublikasının müstəqilliyi günündə konsertdə çıxış etmək qərarına gəliblər:

“İndi Facebook-da və ya başqa sosial şəbəkələrdə oturanlar deyirlər: “Qoy bu müğənni gəlsin, amma o müğənni gəlməsin. Biz ona qulaq asmayacağıq”. Belələrinə demək istəyirəm: “Bu, bayram tədbiridir. Biz heç kimi konsertə güclə gətirib kiməsə qulaq asmağa məcbur edən deyilik. Qulaq asmaq istəməyənlər gəlməyə bilərlər. Çoxluq bu xəbəri şadlıqla qarşılayır. Azlıq çoxluğa tabedir”.

Nazirin sözlərinə görə əgər Qırğızıstan dövlətinin nüfuzu olmasaydı, hansı müğənni bura gəlib çıxışını hədiyyə edərdi?

Maksutovun bu müsahibəsindən əvvəl sosial media istifadəçiləri Rusiya müğənnilərinin Qırğızıstana gəlişindən narazılıq ifadə etmişdilər. Onlar bunun əvəzində yerli müğənnilərin çıxış etməsini istəyirdilər.

Sanksiyalı müğənnilər

Mədəniyyət Nazirliyinin məlumatına görə 31 avqust konsertində Rusiyanın Stas Mixaylov, Filip Kirkorov, Lyusya Çebotina kimi müğənniləri, habelə İsveç müğənnisi Bosson və italyan müğənnisi və bəstəkarı İn-Qrid çıxış etməlidirlər.

Bundan əvvəl Qırğızıstan prezidenti administrasiyasının informasiya şöbəsinin müdiri Dayırbek Orunbekov demişdi ki, müğənnilər pulsuz oxuyacaqlar və onların yalnız mehmanxana və yemək xərcləri ödənəcək.

Rusiyanın Ukraynaya qarşı təcavüzü başlanandan bəri ABŞ və Qərb Rusiya müğənnilərinin, xüsusilə də müharibəni dəstəkləyənlərin qastrollarına məhdudiyyət qoyublar.

Bununla bağlı indi rusiyalı müğənnilər Qırğızıstan da daxil Mərkəzi Asiya ölkələrində çıxış etməyə çalışırlar.

XS
SM
MD
LG