Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:27

Ermənistan hökuməti Azərbaycanla fikir ayrılığı məsələsini qabartmır


AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan hökuməti Azərbaycanla ikitərəfli sülh müqaviləsinin imzalanmasına mane olan fikir ayrılıqlarını açmaqdan imtina edir.

Baş nazir Nikol Paşinyan ötən həftənin sonunda demişdi ki, tərəflər sülh müqaviləsi layihəsinin 17 maddəsindən 13-ü barədə tam razılaşma əldə ediblər.

O Bakıya artıq razılaşma əldə olunmuş maddələrin əsasında keçid müqaviləsinin imzalanmasını, qalan məsələlərin müzakirəsinin davam etdirilməsini təklif etmişdi. Paşinyan məhz hansı məqamların açıq qaldığını xırdalamamışdı.

Azatutyun yazır ki, başqa Ermənistan rəsmiləri də sentyabrın 4-də jurnalistlərin bu kimi suallarından yayınmağa çalışıblar.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib ki, bu barədə əlavə məlumat olarsa, jurnalistlərə bildiriləcək.

“Mühüm müddəalar”

Ermənistan parlamenti xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan da Paşinyanın terminologiyasından istifadə edərək deyib ki, artıq razılaşma əldə olunmuş 13 maddə “Azərbaycan və Ermənistan arasında sülhün bütün əsas prinsiplərini əks etdirir”.

O ən əsası tərəflərin 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyi məsələsini dilə gətirib.

Lakin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Paşinyanın təklifini sentyabrın 2-də rədd etmiş və bildirmişdi ki, Yerevanın təklif etdiyi çərçivə sənədində “mühüm müddəalar” yer almayıb.

Bayramov və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bir daha bəyan etmişdilər ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamazdan əvvəl konstitusiyasına dəyişiklik etməlidir.

Üstəlik Hacıyev Ermənistan silahlı qüvvələrinin sayının azaldılması şərtini irəli sürmüşdü.

Xandanyan bu məsələni şərh edərkən deyib ki, üçüncü tərəflər Ermənistana silah-sursat alınıb-alınmaması məsələsini diktə edə bilməz.

Bakı bu barədə rəsmi tələb qoymayıb

Bununla belə Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat olan Xandanyan israr edib ki, Bakı indilik belə bir müddəanın müqavilə layihəsinə daxil edilməsini rəsmən tələb etmir.

Ötən ay tərəflər razılaşmaya əngəl olan əsas müddəalardan birinin qarşılıqlı şəkildə müqavilədən çıxarılmasına dair razılığa gəldiklərini bildirmişdilər.

Söhbət Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizi məsələsindən gedirdi.

Bakı həmin yolla daşınacaq adamların və yüklərin gömrük və sərhəd yoxlanışına məruz qoyulmamasını istəyirdi.

Yerevan isə israr edirdi ki, Ermənistan ərazisindən keçən bütün kommunikasiyalar Ermənistanın nəzarəti altında olmalıdır.

Beləliklə tərəflər bu məsələnin indilik müqavilə layihəsindən çıxarılmasına dair razılığa gəlmişdilər.

Detallar müzakirə olunmayıb

Bununla belə Paşinyan demişdi ki, Yerevan sözü gedən avtomobil və dəmir yoluna əlavə olaraq özəl bir şirkətin nəzarət etməsinə razılıq verə bilər.

Safaryan isə sentyabrın 4-də deyib ki, lap belə bir razılaşma əldə olunsa da, yolun Ermənistandan keçən hissəsinə Ermənistanın sərhəd və gömrük xidmətləri nəzarət edəcəklər.

Nazir müavini əlavə edib ki, bu məqamın detalları hələlik müzakirə olunmayıb.

2020-ci ildə Qarabağ müharibəsini dayandırmış və Rusiya tərəfindən vasitəçiliyi edilmiş üçtərəfli bəyanatda deyilirdi ki, Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat bağına Rusiya sərhədçiləri nəzarət edəcəklər.

Ermənistanın bu məsələyə yanaşması Moskvadan fərqlidir. Ermənistan rəsmiləri deyirlər ki, Rusiya tərəfinə yola nəzarət yox, uzaqbaşı “müşahidə” missiyası verilə bilər.

Rusiya Yerevanın belə mövqeyini kəskin tənqid edir.

Yerevansa bildirir ki, Moskva sözü gedən üçtərəfli bəyanatın Azərbaycan tərəfindən pozulan müddəalarını görməzliyə qoyur.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

XS
SM
MD
LG