Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:00

Ermənistanda hakimiyyəti devirmək cəhdinə görə cinayət işləri açılıb


Ermənistan İstintaq Komitəsi
Ermənistan İstintaq Komitəsi

Ermənistanın İstintaq Komitəsi ölkənin beş vətəndaşı və iki keçmiş Qarabağ sakini barədə hakimiyyətin zorla ələ keçirilməsi cəhdi ittihamı ilə cinayət işinə başlandığı barədə məlumat yayıb.

Komitə bildirir ki, bu adamlar Rusiya ərazisində hazırlıq təlimi keçiblər.

İş üzrə müttəhimlərin adları açıqlanmır. Məhkəmə onlardan üçü barəsində həbs qərarı çıxarıb, daha dörd nəfər axtarışa verilib.

İstintaqın versiyasına görə onlar ölkədə hakimiyyəti silahlı yolla ələ keçirməyi planlaşdırıblar.

Bu da iddia olunur ki, müttəhimlər Ermənistan vətəndaşlarını və Qarabağın keçmiş sakinlərini hər birinə aya 220 min rubl (2385 dollar) verməklə ələ alırdılar.

Bu yolla ələ alınmış şəxslər “ağır silahların yeni növləri üzrə üç aylıq təlim” keçmək adı ilə Rusiyanın Rostov şəhərinə göndəriliblər.

İstintaq iddia edir ki, oradan bu şəxsləri ayrı yerə aparıblar. Burada onları siyasi baxışları barədə sorğu-sual ediblər və poliqraf aparatından keçiriblər.

Son məqsəd - dövlət çevrilişi

Yalnız bundan sonra onlara elan edilib ki, son məqsəd onların Ermənistana qayıdaraq hakimiyyəti devirmələridir.

Bu da qeyd olunur ki, onlara örtülü və açıq məkanlarda döyüşmək qaydaları təlim edilib. Əlavə olunur ki, vətəndaşlardan bəziləri çevrilişdə iştirakdan imtina edərək vətənə qayıdıblar.

İstintaq vurğulayır ki, sözü gedən qrupun Rusiyada əlbirləri olub, lakin onların kimliyi hələ araşdırılmayıb.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya tərəfini Qarabağ münaqişəsi zamanı fəaliyyətsizlikdə ittiham edərək demişdi ki, Moskva Ermənistan əhalisini açıq şəkildə hakimiyyəti devirməyə çağırır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG