Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:37

Ukrayna baş prokuroru 16 əsirin Rusiya hərbçiləri tərəfindən edam edildiyini deyib


Əsir mübadiləsi ilə Ukraynaya qaytarılan hərbçilər (Arxiv fotosu)
Əsir mübadiləsi ilə Ukraynaya qaytarılan hərbçilər (Arxiv fotosu)

Ukraynanın baş prokuroru Andriy Kostin Donetsk vilayətində ukraynalı hərbi əsirlərin “ən kütləvi” edamından danışıb.

Onun sözlərinə görə Rusiya hərbçiləri işğal olunmuş Pokrovsk rayonunun Nikolayevka və Suxoy Yar kəndləri yaxınlığında 16 ukraynalı hərbçini öldürüblər.

Teleqram kanallarında yayılmış videoda Rusiya hərbçilərinin əsir düşmüş Ukrayna hərbçilərini meşə zolağından çıxardıqları görünür.

Ukrayna prokurorluğunun məlumatına görə əsirləri burda sıraya düzdükdən sonra işğalçılar açıq şəkildə onların güllələnməsinə başlayıblar. Hələ həyat əlaməti olan yaralıları yaxın məsafədən avtomat silahla güllələyiblər.

Baş prokuror Andriy Kostin hadisəni cəbhə xəttində Ukrayna əsirlərinin “ən kütləvi” edamı adlandırıb.

Onun sözlərinə görə ukraynalı əsirlərin qətli, habelə onlara verilən işgəncələr “təsadüfi deyil və Rusiya hərbi və siyasi rəhbərliyinin məqsədyönlü siyasətini nümayiş etdirir”.

Video görüntüləri

Ukrayna parlamenti – Verxovna Radanın insan haqları müvəkkili Dmitri Lyubinets əsirlərlə rəftarı tənzimləyən Cenevrə Konvensiyasının pozulması ilə bağlı BMT-yə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.

Donetsk vilayətinin prokurorluğu Ukrayna CM-nin müharibə qanun və qaydalarının pozulması maddəsi ilə ibtidai istintaqa başlayıb.

Sözü gedən insident Rusiya hərbçilərinin ukraynalı əsirləri edam etməsinə dair ilk iddialar deyil.

Ötən sentyabrda CNN, iddia edildiyinə görə təslim olarkən Rusiya hərbçiləri tərəfindən öldürülmüş ukraynaIı əsirləri görüntüləyən videonu efirə vermişdi.

Ukrayna hərbi kəşfiyyatının təqdim etdiyi dron videosüjetində edam əmrinin verildiyinin eşidildiyi qeyd olunur. Kəşfiyyat habelə həmin səslərin transkripsiyasını da təqdim edib.

Azı 28 edam işi

Ukrayna Baş Prokurorluğu o vaxt CNN-ə Ukrayna hərbi əsirlərinin qətli ilə bağlı azı 28 cinayət işinin araşdırıldığını bildirmişdi.

Rusiya bu ittihamlarla bağlı hələ ki, heç bir şərh verməyib.

BMT Monitorinq Missiyasının oktyabrın 1-də açıqladığı hesabatda deyilir ki, Rusiya əsirliyində olan başqa ukraynalı hərbçilər sistematik işgəncələrə və pis rəftara məruz qalırlar.

Bu işgəncələrdən ən geniş yayılanları döymə, elektrik cərəyanına vermə, boğma və “yuxudan məhrum etmədir”.

Bundan əvvəl BMT-nin insan haqları üzrə Kiyevdəki missiyasının başçısı Daniel Bell bəyan etmişdi ki, Rusiyada işgəncələrə ukraynalı əsirlərin demək olar hamısı – 95 faizi məruz qalır.

XS
SM
MD
LG