Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:54

Çox önəmli seçkilər ərəfəsində ABŞ-Gürcüstan münasibətləri ən pis durumdadır


"Gürcü arzusu"nun qurucusu Bidzina İvanişvili və baş nazir İrakli Kobaxidze apreldə Tbilisidə partiyanın mitinqində.
"Gürcü arzusu"nun qurucusu Bidzina İvanişvili və baş nazir İrakli Kobaxidze apreldə Tbilisidə partiyanın mitinqində.

Gürcüstan hökumətinin antiqərb və avtoritar ritorikasını güclənib. Bu fonda ABŞ bir zamanlar yaxın müttəfiqi olan həmin Güney Qafqaz ölkəsini güclü basqı altında saxlamağa başlayıb.

ABŞ Gürcüstanın iki güvənlik rəsmisinə maliyyə sanksiyası, daha 60 Gürcüstan vətəndaşına da viza məhdudiyyətləri tətbiq edib. ABŞ Dövlət Departamenti sentyabrın 16-da bildirib ki, bu 60 nəfərin arasında yüksəkvəzifəli hökumət rəsmiləri də var. Hələlik, onların adları açıqlanmır.

ABŞ hökuməti ölkənin hakim partiyası olan "Gürcü arzusu"nun təsisçisi və de-fakto rəhbəri Bidzina İvanişviliyə qarşı da ayrıca maliyyə sanksiyaları paketi hazırlayıb. Bu xəbəri bir neçə gün öncə "Amerikanın Səsi" radiosunun gürcü xidməti yayıb.

Ardınca Ağ ev rəsmiləri Gürcüstanın BMT Baş Məclisindəki nümayəndə heyəti ilə görüşməkdən boyun qaçırıblar. Hətta Prezident Co Baydenin sentyabrın 25-də verdiyi ziyafətə qatılması üçün Gürcüstan baş naziri İrakli Kobaxidzeyə göndərilən dəvəti də geri çağırıblar.

Bunlar ABŞ ilə bu yaxınlaradək onun postsovet məkanında ən sadiq və sevimli müttəfiqi olan Gürcüstan arasında münasibətlərin çox soyuduğunu göstərir. Üstəlik, bütün bunlar oktyabrın 26-da keçiriləcək və çoxları tərəfindən dönüş nöqtəsi kimi görülən parlament seçkiləri ərəfəsində baş verir. Qərb siyasətçiləri bu seçkilərdə "Gürcü arzusu"nun, nəhayət, hakimiyyətdən gedəcəyinə ümid edirlər.

Avrasiyanın ucqar bir küncündə yerləşən balaca və yoxsul ölkə

Azadlıq Radiosunun Tbilisidə fəaliyyət göstərən müxbiri Coşua Kuçeranın qələmə aldığı məqalədə deyilir ki, hələlik, dərc olunan sorğu nəticələrinin heç biri tərəfsiz deyil. Bu da reallığı düzgün anlamağa imkan vermir.

Təhlilçilər deyirlər ki, ABŞ-nin belə sərt cavabı bir gerçəyi ortaya çıxarır: Gürcüstanın demokratik hökuməti və tam qərbyönlü xarici siyasəti yoxdursa, Avrasiyanın ucqar bir küncündə yerləşən bu kiçik və yoxsul ölkəyə Vaşinqtonun yatırım etməyə marağı da yoxdur.

Korneli Kakaçia
Korneli Kakaçia

"Gürcüstan balaca ölkədir, özünün də qonşularımız kimi nefti, qazı, ya da buna bənzər heç nəyi yoxdur", - Tbilisidə fəaliyyət göstərən Gürcüstan Siyasət İnstitutunun rəhbəri Korneli Kakaçia AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, ABŞ-nin gözündə Gürcüstanın dəyəri, ənənəvi olaraq, onun postsovet dünyasında Amerikanın təsirini gücləndirən aktor, "Qərbin Qafqazda və digər yerlərdəki forpostu" olması ilə bağlıdır.

2000-ci illərdə "Qızılgül inqilabı"nın ardınca hakimiyyətə gələn prezident Mixeil Saakaşvilinin qərbyönlü və azad bazar siyasəti ABŞ prezidenti Corc Uoker Buşun "Azadlıq gündəliyi" ilə üst-üstə düşmüşdü. Buş hətta 2005-ci ildə Tbilisiyə səfər etmiş və Gürcüstanı "demokratiya mayakı" adlandırmışdı.

"Həm qərbyönlü xarici siyasət, həm də möhkəm demokratik göstəricilər vacibdir. Bir ölkədə bunlardan yalnız biri varsa, - məsələn, [baş nazir Nikol] Paşinyanın Ermənistanı Rusiyadan qopmazdan öncə belə idi – həmin ölkə bizim marağımızı bir az cəlb edəcək. Ancaq sadəcə biri yetməz. [2003-cü ildə baş verən] "Qızılgül inqilabı" buna görə Vaşinqtonun diqqətini çəkmişdi, axı bunların hər ikisini vəd edirdi", - ABŞ-nin Gürcüstandakı keçmiş hərbi attaşesi, indi Pensilvaniya ştatındakı ABŞ Ordusu Hərbi Kollecinin araşdırma professoru Bob Hemiltonun (Bob Hamilton) sözləridir.

Di gəl, indi 2012-ci ildən bəri hakimiyyətdə olan və ard-arda üç seçkidə qalib gələn "Gürcü arzusu" təkcə Qərb istiqamətində getməyə deyil, daha çoxvektorlu xarici siyasət yürütməyə çalışır. Rusiyanın Ukraynaya qarşı 2022-ci ildə başlatdığı tammiqyaslı savaş nəticəsində "region dövlətləri ilə əməkdaşlıq etmək üçün "Gürcü arzusu"na daha çox imkan açıldı. Onların da çoxu avtoritardır. Onlar nə üçün qərbyönlü xarici siyasət yürütməli olduqları ilə bağlı get-gedə daha az inandırıcı arqument görürlər", - Kakaçia belə deyir.

'Azərbaycanlı uzağı müavin ola bilər' - Gürcüstan 'referenduma bərabər' seçkilərə hazırlaşır.
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

Aİ-yə "ləyaqətlə" daxil olmaq

Ukrayna müharibəsinin açdığı unikal pəncərədən yararlanan Gürcüstan Avropa İttifaqı (Aİ) üzvlüyünə namizədliyini irəli sürdü və namizəd ölkə statusunu qazana bildi. Ancaq "Gürcü arzusu" buna demokratik göstəricilərinə görə deyil, geosiyasi önəminə görə nail olduğunu düşünür. Kakaçianın sözlərinə görə, yeni Şərq-Qərb enerji və nəqliyyat bağlantılarında öz rolunu oynayan Gürcüstan hökuməti Aİ-yə "ləyaqətlə" daxil olacağını deyir: "Onlar ["Gürcü arzusu"] bir növ Azərbaycanla Türkiyənin yerişini yeriyirlər. Ancaq Türkiyə bunu edə bilər, axı orta səviyyəli gücdür, daha böyük ölkədir və NATO üzvüdür. Türkiyə gerçəkdən belə xarici siyasət yürüdə bilər. Gürcüstansa Qərbin dəstək və yardımından asılıdır və çoxvektorlu xarici siyasət cəhdi Gürcüstanın önəmini bir az şişirtmək kimi görünür".

Gürcüstanın mövcud iqtidarı xaricdən maliyyə vəsaiti alan QHT və media qurumlarının fəaliyyətini məhdudlaşdıran və özünün "LGBT təbliğatı" adlandırdığı şeyə qarşı qanunlar qəbul edib. "Bu iqtidar seçkidə qalib gələrsə, bütün əsas müxalifət partiyalarını yasaqlayacağına söz verib", - yenə Kakaçianın sözləridir.

ABŞ Gürcüstanın rəsmi şəxslərinə qarşı sanksiya və ictimai töhmətin səbəblərini açıqlarkən həmişə "Gürcü arzusu"nun antidemokratik davranışına söykənir.

ABŞ-nin gördüyü bu tədbirləri tənqid edənlərsə Türkiyə və Azərbaycanın timsalında qonşularının Gürcüstandan qat-qat daha avtoritar sistemləri olsa da, bu üzdən eyni cəzaları almadığını deyirlər.

"Biz, gec də olsa, ondan yararlanırıq"

Kobaxidze gileylənərək deyib ki, Baydenin ziyafətinə 150-dən çox ölkənin, o cümlədən "onlarla avtoritar dövlətin lideri" dəvət edilib. Qonaqların siyahısı açıqlanmasa da, ən azı, insan haqları ilə bağlı daha pis durumda olan Rəcəb Tayyib Ərdoğan dəvət olunub. Düzdür, o, ABŞ-nin İsrailə dəstəyini əsas gətirərək dəvətdən açıq şəkildə boyun qaçırıb.

Bob Hemilton
Bob Hemilton

Hemilton deyir ki, Gürcüstanın daha sərt tədbirlərlə üzləşməsi ABŞ-nin 20 il boyunca yüz milyonlarla dollar yardımından sonra bu ölkədə daha güclü təsirə malik olmasından qaynaqlana bilər.

"Gürcüstanın ABŞ-dən aldığı yardım səviyyəsinə görə bizim orada Türkiyə və Azərbaycanda olmayan rıçaqımız var. Biz də, gec də olsa, ondan yararlanırıq", - Hemilton AzadlıqRadiosuna belə deyib və ardınca əlavə edib: "Gürcüstanın iqtisadi və güvənlik baxımından ABŞ üçün önəmi qat-qat daha azdır. Yəni, onun demokratik göstəriciləri bizim üçün daha dəyərlidir".

"Gürcü arzusu"nun liderləri ABŞ-nin 26 oktyabr seçkilərində güc balansına müdaxilə etdiyini deyirlər. Kobaxidzenin dəvətinin ləğv edilməsinin ardınca parlamentin spikeri Şalva Papuaşvili deyib ki, Vaşinqton "müxalifət diskursunu qızışdırır" və Gürcüstanın daxili siyasətinə müdaxilə edir.

ABŞ bu iddianı rədd edir.

"Bu mübarizədə bir siyasi düşərgəni dəstəkləyə bilməzsiniz"

Ancaq Kakaçianın fikrincə, ABŞ-nin "Gürcü arzusu"na qarşı belə sərt mövqeyi istənməyən nəticələr verə bilər: "Mənə elə gəlir, rejim dəyişəcəyi halda, ABŞ-nin Gürcüstan siyasətində mövcud bütün problemlərini çözəcəyinə ümidi həddindən çoxdur".

"Bu mübarizədə bir siyasi düşərgəni dəstəkləyə bilməzsiniz, axı son nəticədə ABŞ ölkə və bütövlükdə cəmiyyət olaraq, Gürcüstanın dəstəyinə sahiblənməkdə maraqlıdır. ABŞ son 30 ildə də bunu edib. Bu üzdən, durumu ehtiyatla yönəltmək çox vacibdir", - Kakaçianın sözləridir.

XS
SM
MD
LG