Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:09

Kamil Əfsəroğlu. Xəzri (2)


əvvəli


Cavab tapmağa çətinlik çəkdim. Doğrusu, Şıxəlinin uzun-uzadı danışığına sonda qiymət verməli olacağımı gözləmirdim. Əslində, bu son da deyildi və mənim cavab verib-verməməyim heç nəyi dəyişmirdi. Bunu, əlbət, qonşum da yaxşı bilirdi. Amma deyəsən, sualı boşuna verməmişdi. Bəlkə də qəsdi mənim - yeni kirənişinin halını-xasiyyətini öyrənmək idi, başqa bir şey deyildi.

Dənizdən əsən meh özüylə xoş ətir gətirdi. Başımı qaldırdım, gözlərimi çəhrayı darvazaya dikdim. Bilirdim ki, burnumu oxşayan bu xəfif bihuşedici ətrin dalınca gözəl-göyçək qız içəri girəcək. Onun gəlişiylə həyətin ab-havası dəyişir, yan-yörə işıqlanırdı. Yerişi də başqaydı: ayaqlarını yerə ehmal basırdı, sanki yerimir, bir əlçim ağappaq bulud təki havada ağır-ağır süzürdü. Tut ağacının yanından ötəndə yerişini lap ləngidirdi, qıyqacı məni süzür, bic-bic gülümsəyirdi. Özümü kitab oxuyurmuş kimi göstərsəm də, altdan-altdan ona göz qoyurdum. Oğrun baxışımdan özüm də utanır, sifətim pörtüb qıpqırmızı qızarırdı. Qız isə əksinə, mənim bu halımdan lap şıltaqlaşır, yaraşıqlı sifətindəki təbəssüm anidən şaqraq gülüşə çönürdü. Ağzıma su alıb susurdum. Qız da dillənmirdi. Əslində, onun qara, qaynar gözlərindəki ifadəni sözə çevirməyə ehtiyac da yox idi. Süzgün baxışları deyirdi: "Salam, təzə kvartirant!". Əlbət, o da mənim gözlərimdəki ifadəni oxuyurdu: "Salam, Nora!" Sonra onun dolu, yaraşıqlı ayaqları gözlərimin qabağından ötüb keçirdi, o qədər yaxından ötürdü ki, o yan-bu yana yellənən qısa ətəyinin məltəmi üzümü yalayırdı. Bir-birinə sürtünən ətli baldırlarının xəfif pıçıltısını eşidirdim. Ehmal-ehmal artırmanı qalxırdı. Vur-tut beş-altı pilləli bu daş artırma göyün nərdivanıydı sanki, qızı göyün yeddinci qatına qaldırırdı. Baxışlarımı kürəyində hiss eləyir, məni xoş, şirin duyğulardan ayırmağa qıymırmış kimi, qalxmağa çox da tələsmirdi. Kandarda bir anlığa ayaq saxlayıb bic-bic gülümsəyir, mavi rəngli qapının arxasında qeyb olurdu. Onun xəfif ətri isə bir müddət həyətdən çəkilmirdi, havanın canına hopub qalırdı.

Nora anası ilə birlikdə yaşayırdı. Mənzillərinin pəncərəsi həyətə açılırdı. Səhərlər tül pərdə arxasından Noranın silueti görünürdü. Güzgü qabağında durub, çılpaq çiyinlərinə dağılmış saçlarını darayır, su sonası kimi öz gözəlliyindən həzz alırdı. Mən evdən çıxanda hansısa güclü bir qüvvə fikrimi tül pərdəli pəncərəyə dartdı. Bəlkə də o şıltaq qız guzgüdə təkcə özünə baxmırdı, həm də məni görür və utancaqlığıma gülürdu. Nora evdə olanda həyət də başqalaşır, işıqlanırdı. Əlbət, elə o üzdən dilənçi kor oğlan da həyətə Nora evdə olanda gəlirdi. Qapqara eynəyinin arxasından qaranlığın upuzun dəhlizinə baxan gözləri iynə ucu qədər bir işartının acıydı. Korun ən böyük diləyi nə olar - işıq, nur! Mənə elə gəlirdi, cavan oğlan pul-para yox, bir qətrə nur dilənirdi. Yazıq-yazıq zarıyırdı: "Dünya işığına həsrət qalmış Allah bəndəsinə əl tutun!.." Dilənçi əlindəki çubuğu irəli uzadıb ehtiyatla yeriyir, artırmaları qalxıb Noragilin pəncərəsi qabağında dayanırdı. Nora tül pərdəni çəkib dilənçi oğlana pul uzadırdı. Yox, puldan çox bir dıqqan da olsa, işıq payı verirdi. Oğlanın əli havada ora-bura gəzir, Noranın əlini tapırdı. Dilənçi, qızın pambıq təki ağappaq əlini ovcundan buraxmaq istəmirdi - kor tutduğunu buraxmaz. Nora yarıaçıq döşlərini belə gizlətmirdi. Bir dəfə Bilqeyis xala onu məzəmmətləyəndə Nora gülə-gülə dedi: "Nədi, ay arvad? On je slepoy. Kar ki deyil, kordu, kakaya emu raznitsa: ya qolaya, ili net.

Bir yol, dərsdən qayıdanda Bilqeyis xalanı həyətin ortasında əli üzündə duran gördüm. Heyrətdən yazıq arvadın dili tutulmuşdu. Onun boylandığı səmtə çöndüm, gözlərimə inanmadım. Kor dilənçi pəncərədən xəlvətcə boylanıb güzgü qabağında özünə sığal verən Noraya baxırdı. Ağzı açıla qalmışdı.

- Vaxsey!.. Sənin kor gözüvə şiş batsın! - Bilqeyis xala özünə gəlib qiyyə çəkdi. Onun səsinə dilənçi diksinib daşın üstündən yerə gəldi. Əlini gəzdirib əl ağacını tapdı, ayağa qalxıb ehtiyatla artırmaya tərəf gələ-gələ zarıdı:

- Dünya işığına həsrət qalmış Allah bəndəsinə...

Bilqeyis xala onun sözünü ağzında kəsdi:

- Yalansa, sənin kor gözün tökülsün! Camaatın qızında nə işin var, ay binamus!

Dilənçi çubuğunu yerə sürtə-sürtə keçib getmək istəyəndə, Bilqeyis xala iri əndamıyla onun yolunu kəsdi.

- Adə, bir diyan görüm! - əmr elədi. - Sən korsan, yoxsa artistlik eliyirsən, bizi barmağıva doluyursan?! - Əl atıb oğlanın qara eynəyini çıxartdı, gözlərinə zənd elədi. Oğlanın gözləri ağara qalmışdı, bəbəkləri yox idi. Bilqeyis xala gördüyündən ürpəndi, ufuldayıb geri çəkildi. Dilənçi adəti üzrə əzbərlədiyi sözləri təkrarlayıb, zarıya-zarıya həyətdən çıxdı.

- Oy, mamoçka! - Noranın səsi eşidildi. - Tyotya Bilqeyis, znaçit on ne slepoy bıl da? Kor deyilmiş? - pəncərədən soruşdu.

Bilqeyis arvad sifətini turşutdu.

- Slepoydu, kordu, - deyib Noranı sakitləşdirmək istədi. - Ağəz, bu yetimin gözlərinin qarası itib, baxanda adam qorxur. - Üzünü döndərib astadan deyindi. - Günahın yekəsi bu başı batmışın özündədi, külü qoyum sənin qız başıva! Güzgünün qabağından yığışır ki?..

Həmin əhvalatdan sonra kor dilənçi bir daha həyətə ayaq basmadı. Bayandur kişi onu şəhərdə görmüşdü, deyir, əl ağacını qoltuğuna vurub elə qaçırmış, milislər çata bilmirmiş.

... Bihuşedici xoş ətrin dalınca Noranın özü həyətə girdi. Həyət işıqlandı elə bil. Nazlı-qəmzəli yerişindən özü də həzz alırdı. Oynaq, şux baxışlarından yenə od tökülürdü, həyətə sığmırdı. Mənə elə gəlirdi, onun işvəsi təkcə bu miskin həyətə yox, heç şəhərə də sığmazdı. Əynində qolu, ətəyi qısa, bəyaz don vardı. Boynundan asdığı qızıl zəncirin ucundakı xaç, çatal hulu təki qabarıq döşlərinin arasına sallanmışdı.

Noranı görcək Şıxəli qəddini dikəltdi, qızı mənalı-mənalı süzüb zarafatdan qalmadı:

- Privet, krasavitsa yujnaya!

- Ni komu ne nujnaya, - Nora qafiyə tutdu. Hazırcavablığına təəccübləndim. Əlbət, qonşusuyla ilk deyişməsi deyildi.

- Elə nöş deyirsən, ceyran? - Şıxəli dilinin şirin yerinə saldı. - Tı nujnaya. Sənin gözəlliyin korun gözünü açır...

Noranın şaqraq gülüşü həyəti başına götürdü. Şıxəlinin eyhamını anlamışdı.

- Lalın dilini necə? - deyib gözlərini mənə sarı süzdürdü.

Şıxəli də onun sözlərindəki eyhamı tutdu.

- Təzə kvartirantdı də, çəkinir, özün sonra göreceysən ki, dostumuz alayı cayıldı. Arada qərdeşimizi imtahana çəkirəm, əvvəlki kvartirantlar kimi ölüvay deyil.

- Eşit, inanma, - Nora nazlı-nazlı dilləndi. Yanımdan ötəndə ətəyinin məltəmi yenə üzümü yaladı, yenə çılpaq baldırlarının pıçıltısını eşitdim. Daş artırmalarla yenə buludlardan yuxarı - göyün yeddinci qatına qalxdı sanki.

- Erməni malı, can dərmanı! - Şıxəli Noranın qarasınca astadan söz atdı. Üzünü mənə tutdu.

- Svoyski qızdı, amma bir balaca yelbeyindi, - dedi. - Deyəsən, sənə də ilişir a, qədeş?.. Mkıçın bacısı qızıdı. Dayısı Noraya oxşamır, ətiacı adamdı, üzdə deməsə də, bizim milləti görən gözü yoxdu. Buranın çörəyini yeyir, amma bizi bəyənmir.

- Niyə gedib Ermənistanda yaşamır? - soruşdum.

- Yaşıya bilməz, axı. Nöşün ki, oralarda Qarabağ, Bakı ermənilərini vtoroy sort adam sayırlar. Heç dilləri də tutmur. Yerevanda Qarabağ ermənilərinin danışığını məsxərəyə qoyurlar, bunları Osmanlıdandönmə bilirlər.

- Bizim qonşuluğumuzda erməni kəndləri var, - dedim, - ordakı adamların çoxunun familiyası türk sözüdü: Qəhrəmanyan, Nalbəndyan, Yüzbaşyan, Tumanyan...

- Sağ ol, student! - Şıxəli axtardığını tapıbmış kimi sevindi. - Oxumaq belə şeydi e, mənim ağlıma gəlməzdi. Mkıçın da familiyası Qəhrəmanyandı. Deyəcəm, alə, a vtoroy sort dığa, sizin dilinizdə "Qəhrəman" sözü var bəgəm? Get özüvə podxodyaşi bir familiya tapginən. Qəhrəmana bax, mən ölüm. Davada da olmuyub ki, deyəsən cəbhədə nəsə eliyib.

- Təqaüdçüdü?

- Həri. Arvadı Zoya özünnən on beş yaş kiçikdi, poçtda telefonistka işliyirdi, qovdular. Adamların danışığına qulaq asırmış. Allah buları da alayı cür nakazat eliyib - uşaqları yoxdu. Doğmuyan arvadların uşaqdan zəhləsi gedir. Mən belənçik bilməzdim. Arada bir fikir verginən, gör Zoya o ekizlərə necə əyri-əyri baxır. Əri Mkıç da elədi, uşaq görəndə, elə bil torbada ilan görür.

- Şıxəli, deyəsən, Bakıda erməni çoxdu ha.

- Həri. Ermənikənd bazarı deyirlər, orda yaşıyanların hamısı dığalardı. O zonada lotuluq eliyirlər. Elə ki, aşağılara düşdülər, olurlar quzu. Yaman bic millətdi. Qədeş, sənə deyim, şəhərdə yaxçı yaşıyanlar elə ermənilərdi. Uzağa nöş gedirsən? Götür bu Mkıçı, həyətdə duşevoyu, tualeti olan yedinka mənzil olarınkıdı, qalan hamı obşi tualetə, obşi hamama gedir. Özün ki, Allah şahidisən, görürsən.

- Nə yaxşı, Mkıçın varıdı?

- Erməni bic olur axı...

-Biz onlara bic erməni deyirik, onlar da bizə gic müsəlman.

- Həri, eşitmişəm. Belə baxanda, bizim millət fışdırığa gedəndi, mən ölüm. Ürəyiyumşağıq, Allah bizi də belənçik yaradıb... Hə, sözü Mkıça gətirirdim. O yetim haralara şikayət yazmadı - Moskvaya, lap Kremləcən. Özünnən uydurmuşdu ki, guya bu yetimin atası Azərbaycanda Şura hökumətini quranlardan olub. Ərizəsi Kremldə işləyən bir erməninin əlinə düşüb, o da bunu podderjka eliyib, necə lazımdı. Qədeş, məni düzgün başa düşginən: bir məmləkətdə ki, tualet tikməyə icazəni Kreml versin, onnan nə ölkə olar?..

Həyətin qurtaracağında daşdan tikilmiş, ikigözlü ayaqyolu vardı. Sol qapıda "M", sağdakında isə "J", yazılmışdı. Ora ensiz bir cığır gedirdi. Mkıçla onun arvadından savayı sakinlərin hamısı böyüklü-kiçikli bu cığırı tapdaqaltı eləmişdi. Səhərlər işə, dükan-bazara tələsən yataqdan er qalxırdı ki, ayaqyolu növbəsinə dayanmasın. Üzbəüz çıxanlar özgə adamlar kimi dilucu, soyuq salamlaşır, nəsə qəbahət iş tuturmuşlar kimi, sıxılır, utanıb xəcalət çəkirdilər. Bu xəcalət cığırını yalnız bir nəfər şən əhval-ruhiyyəylə gedib gəlirdi - Bayandur kişi. Dünya vecinə deyildi, müharibə iştirakçısı, əmək veteranı olmağı onu həyatdakı bir çox növbələrdən, guya həyətdəki ayaqyolu sırasından da azad edirdi. Əlində aftafa, qəzet, qarşılaşdığı qonşularla arın-arxayın hal-əhval tutur, onları söhbətə çəkirdi. Ayaqyoluna girdi, çıxmaq bilmirdi. İlk günlər həyətdə rastlaşdığım çox şey mənə qəribə, həm də gülməli gəlirdi. Bayırda dayanıb növbə gözləyən Şıxəliylə ayaqyolundakı Bayandur kişinin dialoqu isə ayrı bir tamaşaydı, iki göz gərəkdi baxsın. Şıxəli əvvəl iki-üç dəfə yalandan öskürürdü, içərdəkinə çatırmaq istəyirdi ki, bayırda gözləyən var. Sonra hövsələsini boğmayıb soruşurdu: "Bayandur qədeş, çox qalıb?". İçəridən Bayandur kişinin səsi gəlirdi: "Hələ birinci səhifədəyəm, baş məqalədə..." Şıxəli səsini udurdu. Su içənə ilan dəymədiyi kimi, harada oturmağından asılı olmayaraq "Baş məqalə" oxuyana pəl vurmağa heç kimin cürəti çatmırdı. "Baş məqalə" qəzet və jurnalların birinci səhifəsindəki dövlət əhəmiyyətli rəsmi yazılara deyirdilər.

- Fikir vermisən, qədeş? - Şıxəli məndən soruşdu. - Bayandur kişi "Kommunist" qəzetini tualetdə oxuyur. Alə, obşi tualet çitalnı zaldı bəgəm, orda qəzet oxuyallar? Tem bolee "Kommunist" qəzeti. Bu işi mən tutsam, demaqoqluq eliyəllər ki, bəs Şanxaylı Şıxəli partiyanın qəzetini tualet kağızı yerinə işlədir. Qulağımdan yapışıb atallar qazamata, mən ölüm.

Ayaqyolunun ümumi olmağı Şıxəlinin ağrılı yeriydi, barışa bilmirdi. Əslində, bununla heç kəs barışmırdı, sadəcə, dilə gətirmirdilər. Belə söz-söhbəti təkcə Şıxəli dilinə gətirirdi. Hətta bir dəfə götürüb Kommunal Mənzil İdarəsinə ərizə də yazıb ki, tualet tikməyə icazə alsın. Ərizəsinə cavab verməyiblər. Cavab vermək bir yana, çağırıb onu divara qısnayıblar, borclu çıxarıblar. Deyiblər, Şıxəli, yadında saxla ki, sən kapitalizmdə yox, sosializm cəmiyyətində yaşayırsan. Bu quruluşun bünövrəsi ümumilik prinsipi üstündə qurulub. Hər şeyin "obşi" olmağı insanları yaxınlaşdırır, mehribanlaşdırır, kapitalizmdəki kimi hər kəs özünü fikirləşmir... O da qayıdıb deyib, mən istiyirəm mənzilimdə öz tualetim olsun, bunu gətirib siyasətə nöş bağlayırsınız? Etirazım yoxdu, yaşayaq sosializmdə, ancaq tualetə kapitalist kimi gedək... O sözün üstündə başı çox ağrılar çəkib, o yan-bu yana dartıb incidiblər. İncidiblər ki, bu gün ayaqyoluna kapitalist kimi getmək istəyən sabah şəxsi maşın arzusunda olacaq, ailədə adambaşına ayrıca yataq otağı istəyəcək. Bu da sosializm-kommunizm prinsiplərinə yaddır...

Eyvanlardan, aynabəndlərdən uzanan şəridlər hörümçək toru kimi hər yanı sarımışdı. Adama elə gəlirdi bu iplər yalnız pal-paltar sərmək üçün deyildi, həm də otaqları, mənzilləri bir birinə bağlayan və bu darısqal otaqlarda, mənzillərdə yaşayanları yaxınlaşdıran tellərdi. Yalnız Mkıçgilin şəridi Xar tut ağacına bağlanmışdı, əlbət, üzbəüz mənzildəki qonşuyla yola getmədiklərindən belə eləmişdilər. Şəridin üstü boş olmurdu, taxta tutqaclarla asılmış pal-paltar quruyar-qurumaz, Zoya onları yığışdırır, yerinə suyu süzülən başqalarını asırdı. Mənə elə gəlirdi bu bəstəboy, qarayanız arvad hər gün pal-paltar yumaqla özünü ovundurur, gün keçirir. Onların eyvanından uzanan boz ip sonsuz-övladsız bir ailəylə qısır ağac arasında həm də qismət bağıydı elə bil...

Şəridlərdən asılmış mələfələri külək qabardanda onlar ağ yelkənə bənzəyirdi. "Ağ yelkənlər" xəzri yelindən dartınıb yellənir, şappıltı salır, az qalırdı şəridləri qırıb qopartsın. Qapalı, darısqal həyət taxta eyvanları, kirli şüşəbəndləriylə quma oturmuş köhnə gəmini xatırladırdı. Sakinlərin başlarını dürtdükləri bambalaca otaqlar da kayutadan seçilmirdi. Qəribəydi ki, Şıxəlidən savayı bunun fərqinə varan yox idi və sanki təkcə onlar deyil, Yer üzünün bütün inasanları beləcə kayuta-mənzillərdə güzəran sürürlər... Elə bilirdim nə vaxtsa soyuq şimal küləyi - dəli bir xəzri əsəcək, bu sükansız "gəmini" lövbərdən qoparıb dənizin dalğalı ağuşuna atacaq...

- İndi tarazam, - Şıxəli əlini qarnına çəkdi, - vurmuşam, necə lazımdı. İnsana nə qalır, heç nə. Beş günlük dünyadı, onun da ikisi "vıxodnoya" düşür. Student, inşallah, sabahda-biri gündə sabantuy qurarıq: sən "zakuskasını" alarsan, mən də "Ağdam" götürərəm, iki qonşu nuş eliyərik özümüzçün.

- 0,50, yoxsa 0,75 litirlik? - bu dəfə mən soruşdum. Əslində bu, sualdan çox, cavab idi, o cavab ki, qonşum yatsa, yuxusuna da girməzdi. Qulaqlarına inanmırmış kimi, kirimişcə məni süzdü. Təəccüblü baxışından aşkarca bəlliydi ki, belə cavab gözləmirdi və əlbət, özlüyündə bir daha əmin oldu ki, mən həyətin əvvəlki kirənişinləri kimi deyiləm, başqa hal-xasiyyətliyəm. Çiçəyi çırtladı. Əlini kürəyimə vurub məni təriflədi:

- Malades, student! Var də oğullar... Xoşum gəldi söbətinnən, - uşaq kimi sevindi, tez də əlavə elədi:

- Atalar necə deyib - "Ağdamı" ver vurana, bir şüşə də artıq...

Onun dedikləri də mənə qəribə gəldi. Ataların "Çörəyi ver çörəkçiyə, birini də artıq" kəlamını eşitmişdim. Bu hikmətli ifadəni bilməyən yoxdur. Qaldı "Ağdam" çaxırı haqqında deyilənlərə, doğrusu, bu, məndən ötrü yenilik idi. Görünür, bu çaxır elə qədimlərdən matah olub, yoxsa atalar boşuna danışmazdı.

Özümü gözütox göstərmək istədim.

- Şıxəli, qalsın başqa vaxta, - dedim, - dərslərim çoxdu. Bir də, mən düşəndə - bayramnan-bayrama içirəm.

Deyəsən, bu sözlərim qonşumu açmadı, çeçələ barmağıyla peysərini qaşıdı. Bəlkə də başı qaşınmırdı, nəyisə yadına salmağa çalışırdı. Onun nə fikirləşdiyini, nə düşünüb-daşındığını bilmirdim. Hardan biləydim?

- Student, bu gün ayın neçəsidi? - soruşdu.

- 30 sentyabr, - cavab verdim. - 1969-cu il, - hər ehtimala qarşı xatırlatdım.

- Üzümüzə gələn bayram 7 noyabrdı - Şura hökumətinin qurulduğu gün. Mən buna kasıb-kusub bayramı deyirəm. Yaxşıca otmeçat eliyərik, necə deyirlər "Ley-pey Bombey". Düz deyil, qədeş?

Razılıq əlaməti olaraq kirimişcə başımı tərpətdim. 7 Noyabr ölkədə xüsusi şövqlə qeyd edilir. Ən böyük hərbi parad da həmin gün olur. Millət ellikcən televizorun qarşısına yığışır. Təntənəli marş sədaları altında Qızıl meydandan tanklar-toplar, raket daşıyan maşınlar, onların dalınca isə əsgəri hissələr, kursantlar nizamla keçirlər. Meydan təlatümə gəlir, titrəyir. Levitanın gur səsi dalğa-dalğa yayılır, imperializm əleyhinə şüarlar səslənir. Adama elə gəlir ki, 7 Noyabr bayramdan çox, ölkənin gücünü, qüdrətini nümayiş etdirmək, kimlərəsə hərbə-zorba gəlmək üçündür. Bu bayram payızın çiskinli-yağışlı vaxtına düşsə də, xalq küçələrə tökülür, şənlənir, yeyib-içir. Yəqin, bayramlar həm də insanları ürək qısan yeknəsəqlikdən qurtarmaqdan, baş qatmaqdan ötrüdü.

- Əvvəl günlər bayramlarda vurarsan, sonra aydan-aya, həftədən-həftəyə, - Şıxəli mənə yol göstərdi. - Belənçiginə, yavaş-yavaş yoluna düşər. Moskva da birdən qurulmuyub, bala-bala tikilib... Şəhər yeridi, öyrəşeceysən. Özün məni bezdirəceysən ki, Şıxəli qədeş, gedək boğazımızı yaşlıyaq, necə lazımdı. Elədi, elə deyil?

- Bəlkə də, - bu dəfə işimi ehtiyatlı tutub, qeyri-müəyyən bir cavab verdim. Bəri başdan nə deyə bilərdim? Yaşayarıq, görərik. Məndən fərqli olaraq, Şıxəli söz-söhbətində ürəkliydi, sanki hər şey doğrudan da onun dediyi kimi olmalıdı. Öyrənmək istədikləri də az deyildi, o üzdən də marağını boğmur, sualı suala calayırdı.

- Student, sən bilərsən, deyir, yaxçı, naturalnı çaxır kənddə olur. Əlbət, sizin kənddə də vinzavod var ki, içki məsələsindən başın çıxır. 0,75 dedin e, hər adam belənçik söbətləri bilməz, bu professional sözüdü, mən ölüm. Deyirəm, qurban olum Allaha, axır ki, həyətimizə dostoynı kvartirant yetirdi.

Şıxəli vinzavod məsələsində yanılmışdı, çünki kəndimizdə əzəldən belə zavod olmayıb. Bizlərdə camaat pambıq əkib-becərir. Araq-çaxırı da hər kəs qapısının məhsulundan çəkir. Qəzənfər kişinin düzəltdiyi içkiyə isə, heç söz yoxdu. Onun tut arağı bütün rayonda manşırdı, tərifi dillərdən düşmür. Əli bərəkətlidi, daşdan da araq çəksə, matahdı. Qəzənfər kişi deyir, tut arağını qaydasında içəsən, dərmandı. Tumo olanda, mədəsi pozulanda özünü öz dərmanıyla sağaldır, doktora-filana gedib-eləmir, başqalarına da məsləhət görmür. Elə ona görə də hamı onun çəkdiyi içkiyə araq yox, dərman deyir... Bu sözləri eşidəndə, Şıxəlinin çiçəyi çırtladı. Toxtadı ki, sən demə, indiyəcən araq deyil, dərman içirmiş və bundan belə içməyi heç kəs qaxınc eləyib onun başına vura bilməz, heç uçastkovı Muradov da... Birinci dəfəydi araq haqqında belə tərif eşidirdi. Çaşıb qalmışdı.

- Baş açmaq olmur, - təəccüblə çiyinlərini dartdı. - Kimisi arağı dərman bilir, kimisi zəhər. Alə, zəhərdisə, dükanda nöş satıllar? Zəhərdisə, doktorlar gecə növbəsində nöş xəstələrin spirt payınnan kəsib içirlər? Zəhər olsa, gülləni başına sıxsan da, içməzlər. Loqika yoxdur ey... Şıxəli ölmür elənçik "zəhər" üçün?.. Qədeş, xırdala gəlsin, qiyamət söbətlər eliyirsən, mən ölüm. Rusların ataları yaxçı deyib: "Vek jivi, vek uçis"... Müsibət kvartirantsan, mən ölüm. Qədeş, kətdə araq çəkən təkcə Qəzənfər kişidi bəgəm?

- Yox, hamı çəkir. Elə qapı yoxdu ki, küpnən araq-çaxırı olmasın, - dedim. - Dul qadının da həyətində küp var, ehtiyatını üzməz. Qədim şirəviş daşında elə çaxır düzəldillər, gəl görəsən. Yeddi para kəndin hamısı araq-çaxır çəkəndi. Hər kəs xeyir işini qapısının içkisiylə yola verir.

- Mənim yerim məlum... Qiyamət cayıllardı sizin kətdilər, mən ölüm, - Şıxəli üzünü görmədiyi, tanımadığı yerlilərimi öydü. - Gürcü kimidilər, əlbət; içib keflənəndən sonra ağız-ağıza verib oxuyurlar. Ölmürəm elənçik kənd üçün? Propiska eləsələr, gedib orda yaşıyardım, necə lazımdı. Beş günlük dünyadı, kim bu dünyadan nə aparıb? Heç kim... Lütfəli demiş, varam kənd həyatına, ye, iç, eninlə uzunun bərabər olsun...

Qonşumun bəzi fikirləriylə razıydım. Doğrudan da, bu dünyadan heç kəs heç nə aparmır. Qaldı Lütfəli söhbətinə, onun bu fikrinə şərik ola bilməzdim. Kənddə camaat səhərdən axşama kimi işdə-gücdədi, tarladan çıxmır, elə ona görə də eniylə uzunu bərabər olan tapılmaz. Kənd camaatının mayası zəhmətlə tutulub. Doğrudur, elə ki, məhsul yığıldı, iş-güc səngidi, kolxoz əməkgününü böldü, çoxları aradan çıxıb, qaçırdı şəhərə kefə. Onları qınayan da olmurdu. Niyə qınasınlar?.. Bir müddət kəndin əhalisi seyrəlirdi. Pambıq briqadiri Hümbətalı da ta at belində qapı-qapı düşüb camaatı tarlaya səsləmirdi. Bir müddət Hümbətalını saya salan olmurdu. Yəni: "Bağda ərik var idi, salam əleyk var idi..." Pambıq briqadiri şəhərə gedənlərin qarasınca gileylənirdi, guya ondan izn almalıdılar. Özü bir dəfə də olsun kənddən qırağa çıxmayıb. Söz-söhbət düşəndə, yekəxanalığından qalmırdı, deyirdi, ac başım, dinc başım, şəhərdə nə itim azıb?.. Heç iti azsa da, dalınca getməzdi, qəpiyinin qədrini bilən idi. Fikirləşəndə ki, kəndin cavanları pambıq pulunu şəhərdə matışkalara xərcləyir, hövlündən bilmirdi neyləsin, elə bil onun cibinin pulunu xərcləyirdilər... Qəribədir, kənd-kəsək kefə-istirahətə şəhərə axışır, Şıxəli də bu axının tərsinə axmaq istəyir.

Söhbət necə uzanmışdısa, Günəşin qüruba endiyini belə hiss etməmişdim. Axşamamacal Şanxayın özgə mənzərəsi olur, ehmal-ehmal batan günəşin qırmızımtıl şüası səmanın maviliyinə qarışır. Rənglərin qarışığından qəribə bir çalar yaranır. Dənizin də siması dəyişir, suyu göylüyünü itirir. Çəhrayı darvazalı həyətdə bunu məndən başqa görən yoxdu elə bil, sanki təbiət təkcə məni ovundurmaq üçün dondan-dona girir. Adama elə gəlir Şanxay qüruba çəkilən Günəşlə dənizin tən ortasındadır: əlini yuxarı uzatsan təpənin belinə əyilmiş Günəşə, aşağı uzatsan, sahili neft buruqlaryla çəpərlənmiş dənizə çatar. Bu hündür yerdən baxanda dəniz də səma tək ümmansız görünür. Onun mavi sinəsində sədəf düymələri xatırladan ağ gəmilər fit verib Bakı buxtasından ağır-ağır uzaqlaşır, bir sahildən o biri sahilə yön alır. Gecələr isə onların zəif, qırmızımtıl işıqları sayrışır. Dənizin bənizində qara xalı xatırladan Nargin adasındakı mayak göz vurub gəmilərə yol göstərir. Bu "xal" dəryaya yaraşır. Dənizin bənizində xal-adalar çoxdu, sahilə yaxını Nargin olduğundan, gözə görünən odur... Dəniz də canlıdır, təbiət onu öz bətnindən doğub - kiçik göl kimi, sonra o, yavaş-yavaş böyüyüb, dəniz olub. Deyilənə görə, şəhərlə üzbəüz, suların altında başqa bir şəhər də var - sirlərlə dolu şəhər. Nə vaxtsa o şəhərin də öz sakinləri, öz həyatı olub: günəşin doğmasıyla küçə və meydanlar canlanıb, adamlar işə-gücə, dükan-bazara yollanıblar... Carçılar küçəbəküçə düşərək, təbil vura-vura car çəkib, xalqı hökmdarın fərmanlarından hali ediblər... Kaş dəniz söz eşidən olaydı, azacıq çəkiləydi və o qədim şəhər öz izdihamı, dükan-bazarı, başıpapaqlı, uzun əbalı adamlarıyla yenidən zühur eləyəydi...

Mavi sulara tamaşa eləməkdən doymuram. Dəniz mənim uşaq dünyamdakı o xəyali dənizə bənzəyir də, bənzəmir də. Uşaq dünyamın dənizi sakit, lal suluydu, dilsiz-ağızsız idi. İndi baxıram, üzünün dönən, dəlisov vaxtı da olur: özündən çıxır, dalğaları şahə qalxıb sahildəki daşlara-qayalara çırpılır. Özünü göstərmək istəyir, elə bil qorxur ki, insanlar onun varlığını unudarlar. Xudpəsənd Xəzər həm də təlaş içindədir, sanki nə vaxtsa dünyanın çarxı dönəcək, Yer üzü yenidən buzlağa çevriləcək, həyat yox olacaq... Min illər, milyon illər ötdükcə planetin hərarəti yavaş-yavaş özünə qayıdacaq, həyatın ilkin nişanələri görünəcək, yeni bir dövr başlayacaq, yeni sivilizasiya yaranacaq. Təbii ki, o vaxtın adamları da tarixin sirlərinə yiyələnməkdən ötrü baş sındıracaqlar: arxeoloji qazıntı işləri görəcək, axtarışlar aparacaqlar. Nələr tapmayacaqlar? Beton evlərin, dəmiryol relslərinin, körpülərin qalıqlarına rast gələndə, bəlkə də heyrətlənəcək, insan övladının bir vaxtlar belə kasıb şüura, bəsit mədəniyyətə malik olduğuna çaşıb qalacaqlar...

Ayağa qalxıb qonşumla xudahafizləşmək istədim, ancaq macal tapmadım.

- Səhər açılan kimi özümü verəcəm Cənnətə, - Şıxəli əllərini bir-birinə sürtdü.

Heyrətdən alacalanmış gözlərimi onun şişib tuluqlamış üzünə dikdim. Sözünün dalını gözləyirdim, maraq məni boğurdu. Üzündə sakit, ancaq ötkəm bir ifadə vardı. İnsan oğlu ağlı kəsəndən behiştə getmək arzusuyla yaşayır, o müəmmalı aləmin yolunu-yolağasını axtarır. Qonşumun inamlı danışığından bəlliydi ki, o yanları çoxdannan su yoluna döndərib. Hər şey insanın əlində deyil? İndi insan Aya uçur, qalmışdı Cənnətə getmək olsun. Məgər Behişt Aydan da uzaqdır ki?.. Görünür, yolunu-yolağasını bilən yoxdur, yoxsa, bu dünyada qalan olmaz, qayğılardan yaxa qurtarmaq üçün hərə şələ-küləsini dalına atıb qaçar Cənnətə. Orada da ki, nə iş var, nə güc, hamı kefdədir. Hər kəs behişti özü bildiyi təki təsəvvür edir. Deyilənə görə, Cənnət bağ-bağatlı, gül-çiçəkli bir aləmdir. Orada su, süd, şərab və bal çayları axır. Guya Cənnət gümüş və qızıl kərpiclərdən qurulub, hətta ağacların budaqları da altundandır. Gül-çiçəyin ətri adamı bihuş eləyir, orada hurilər, qılmanlar əmrə müntəzirdilər. Əlbət, o sirli-sehirli aləm daim süd rəngindədir, işıqlıdır, gecəsi, qaranlığı da olmur. Söz-söhbətdə qaranlığı, zülməti Cənnətə yox, Cəhənnəmə yaraşdırırlar. Yaxşısın görən bilər... Orta məktəbdə oxuyanda tarixdən dərs verən Əsgər müəllim bizi kənddən aralıdakı qədim qalaya gəzintiyə aparmışdı. Onun izahından sonra bu yarıuçuq tikiliyə münasibətimiz dəyişdi, ona ta adi daş qalağı kimi yox, möhtəşəm bir abadə təki baxırdıq. Qalanın aşağısından ensiz cığır uzanırdı. Bu cığırı pənah tutmuş ahıl bir kişi atının cilovunu dartdı. Aralıdan: "Məllim, bu Cənnət-Cəhənnəm deyirlər ha, nə deyən şeydi, hardadı?" - soruşdu. Elə soruşdu, sanki azmışdı və o Dünyaya yol-yolağa axtarırdı. Biz kirimişcə durub Əsgər müəllimə baxdıq. Onun nə cavab verəcəyi maraqlıydı. Əsgər müəllim elə bil bu sualı çoxdan gözləyirdi, fikirləşmədən dedi: "Ağsaqqal, gördüyün bu bağlı-bağatlı, sulu-havalı işıqlı dünya var ha, Cənnət dediyin budu. Elə ki, insan öldü, quyuladılar torpağın altına, Cəhənnəm də oradı".

Şıxəlinin səsinə xəyaldan ayrıldım.

- Qədeş, meylin çəkirsə, gəl sən də get Cənnətə, - qonşum dəvət elədi. Şıxəli ataların nə vaxtsa söylədiyi "Cəhənnəmə gedən özünə yoldaş axtarar" fikrini alt-üst edib bildirmək istəyirdi ki, təkcə Cəhənnəmə yox, elə Cənnətə gedən də özünə yoldaş axtarır.

- Uzaq deyil, - dedi, - Şanxayın aşağısındakı meydandan "20" nömrəli avtobus gedir. Yolpulu qərdeşivin boynuna.

Sidq-ürəkdən təklif elədi. "Olsun, bir yol da mən onu qonaq eliyərəm" - fikirləşdim.

- Şıxəli, tezdən saat 6-da yuxudan qalxsam, necədir? - soruşdum. Sualım sorğudan çox, qonşumun dəvətini qəbul etdiyimə işarəydi.

- Alayı cayılsan, sənnən xoşum gəldi, - məni təriflədi. - Kitab-dəftərini də götürərsən, Cənnətdən ta evə qayıtmarıq: sən dərsə gedərsən, mən də Akademiyaya.

- Elmlər Akademiyasında işləyirsən?

- Həri.

Nəsə xatırlayıb ələvə elədi:

- Tezdənnən "zavtrak" eləmə, mən də yeməyəcəyəm.

Səbəbini soruşmaq istəyirdim, ancaq sözüm ağzımda qaldı. Məni maraqlandıran sualı yarıaçıq darvazadan özünü güclə içəri təpən Bilqeyis arvad verdi:

- Xeyir olsun, yemək nöş yemirsiz, analiz verəssiz?

- Yox, ay arvad, analiz-manaliz nədi, sabah "pryamoy" Cənnətə gedirik, Cənnətə, - Şıxəli cavab verdi. - Ən ləziz nemətlər də ordadı.

- Qonşu, elə yerlərin yolunu bilirsən, bizdən nöş gizlədirsən, yoxsa bizə yaraşdırmırsan? Adə, Cənnətə mənim kimisi getmiyəndə, kim gedəcək?

- Oralar sənlik deyil, ay arvad, - Şıxəli sözkəsənlik elədi, ancaq Bilqeyis arvad da dilini saxlamadı.

- Kimlikdi? - incik-incik soruşdu. - Düzünü bilmək istiyirsən, Cənnət elə mənim yerimdi...

- Ay arvad, nöş malı mala qatırsan? Sən deyən Cənnətə mən baxmıram, İnkir-Minkir baxır. Gör onlara bir "xod" tapa bilirsən, yerivi bəri başdan bron eləsinnər. Cənnətə təkcə sən yox e, hamı getmək istiyir, amma günahları qoymur.

Bilqeyis arvad Şıxəlinin danışığından bir şey anlamadığındanmı, yoxsa özünü günahsız bilmədiyindənmi, ta sözü çevirmədi. Dolu bədənini güclə daşıyan ətli ayaqlarını sürüyə-sürüyə yarızirzəmi mənzilinə tərəf getdi. Şıxəli üzünü mənə tutdu.

- Student, sözümüz sözdü?

-Əlbəttə!

- Qalginən səlamət!

- Səhərə qədər!

* * *


"Mənzildə sakinlərdən savayı özgə canlı yaşaya bilməz!" - nə həyətin girəcəyindən, nə də günəşdən qorunan qoyun-quzu kimi bir-birinə qısılmış xırda evlərin divarından belə elan asılmamışdı. Bu, kirənişini olduğum təqaüdçü Polina Qriqoryevnanın sadə, təmiz qəlbinin hayqırtısıydı və onun yazılmamış şüarı suda-quruda yaşayan bütün canlılara - gəmiricilərdən tutmuş ta sürünənlərəcən, hətta gözə görünməyən mikroblara da aid idi. Onurğalılardan təkcə kirənişin istisnaydı.

Bu darısqal həyət Polina Qriqoryevnanın sərt sanitar-gigiyena qayda-qanunlarıyla yaşayırdı. Başqa yeri həşəratlar, gəmiricilər başına götürəndə, bizim həyətdə dərmana biri də tapılmazdı. Polina xala, özünün dediyi kimi, bütün ömrünü onlarla mübarizədə çürüdüb. Şəhər sanitar-epidemiologiya stansiyasında işləyib, oradan da təqaüdə çıxıb. Deyir, onun adı gələndə, həşəratların, gəmiricilərin canına vəlvələ düşürmüş. Ağbirçək çağında da təbiətin bu iyrənc varlıqlarıyla ulduzu barışmırdı. Yaşı yetmişi haqlamış bu mehriban qadının əlində əlacı olsaydı, bütün Yer üzünü həşəratlardan təmizləyərdi. Təqaüdə çıxdığı on ildən artıqdı. Ancaq indinin özündə də keçmiş iş yoldaşları onu unutmur, bayram tədbirlərinə dəvət edir, hörmətli qonaq kimi yuxarı başda əyləşdirirlər. Polina Qriqoryevna da bundan qürur duyur. Deyir, onu yaşadan insanların mehribanlığıdır, yoxsa çoxdan ruhu göylərdə dolaşardı. Onu yaddan çıxartmayan bir də Mişa dayı idi - Polina xalayla bir yerdə işləyib. Bu həyətə köçdüyüm bir ayda onu iki-üç dəfə görmüşəm. Orta boylu, kürən kişidi, jurnallardakı aktyorlar kimi şabalıdı saçlarını səliqəylə yana darayırdı. Geyiminə fikir verən idi, səliqə-sahmanlıydı. Polina xala məni ona təqdim edib dedi:

- Mişa, poznakomsya, təzə kvartirantdı, əsl biz istəyəndi, adı da Arifdi.

Bizburun kişi əzik qalstukunu dartışdırdı, xəfifcə gülümsədi. Damarları çıxmış ətsiz əlini mənə uzatdı.

- Mixail Mixalıç, - dedi, - Mımretsov, - familiyasını da əlavə elədi. Onun cır səsi, rəsmi davranışı, ələlxüsus da soyadı mənə gülməli gəldi, özümü güclə saxladım. Polina xala qəribə familiyasına görə Mımretsovun yerinə xəcalət çəkirmiş kimi, tez dilləndi:

- Mixalıç, zaçem tak ofisialno? Pust on tebya zovyot prosto dyadey Mişoy.

- Pust... - Mixalıç çiyinlərini dartıb mızıldandı. Nimdaş meşin çantasından kağız bağlama çıxartdı. Ehtiyatla bağlamanı açıb, heç kimə məhəl qoymadan künc-bucağı dərmanlamağa başladı. Həyətə bələdliyi vardı, gəmirici və həşəratların törəyəcəyi yerləri yaxşı bilirdi. İşini qurtarandan sonra dəhlizə keçib əllərini yaxaladı. Ortası köpüb qabarmış çantadan bir şüşə çaxır çıxartdı.

- Mişa, doroqoy, zaçem denqi na vino tratiş? - Polina xala dil-ağız elədi. Əslində, bilirdi ki, dyadya Mişanın hədiyyəsi bahalı deyil. Mımretsov əliboş gəlsə belə, Polina xala onu xoş ovqatla, mehriban qarşılayardı. Ondan ötrü ən dəyərli hədiyyə keçmiş iş yoldaşının gətirdiyi zəhər idi və yaxşı bilirdi, nə qədər ki, Mımretsov təqaüdə çıxmayıb, siçan-tarakan dərmanından onun korluğu olmayacaq.

Dyadya Mişa gələn günü həyəti zəhlətökən, kəskin bir iy bürüyürdü, az qalırdı adamın ödü-öfkəsi boğazına qalxsın. Bilqeyis xala burnunu tutub donquldanırdı. Deyirdi: "Bu Mımretsovdu-nədi, onun zəhəri mənim də axırıma çıxacaq. İştahım kəsilir, boğazımnan su da keçmir". Bayandur kişi də atmacasından qalmırdı, sataşırdı: "Ay arvad, sən o rusa "sağ ol" de ki, onun hesabına bəlkə arıqlayasan. Elə Polina Qriqoryevna da sağ olsun, o olmasa, siçan-siçovul həyəti başına götürər".

Mımretsovun gəlişindən xəbər verən yalnız dərman, zəhər iyi deyildi. Həyətdə canlanma yaranırdı. Bircə stakan şirin çaxıra kişi əməlli-başlı keflənirdi. Keflənməyi bir yana, içki dərdini tərpədirdi, özü də elə tərpədirdi, onu tanımaq olmurdu. İlk baxışdan qaradinməz görünən bu nanıq adamın dili açılırdı, nə açılırdı, gəl onu susdur, görüm susdura bilirsənmi? Sinədəftər idi, qulaq asan olsaydı, bəlkə də saatlarla şeir söyləyər, yoruldum deməzdi.

Həyətin ortasında dayanmış Mımretsovun səsinə qonşular eyvana çıxdılar, kimisi pəncərədən boylandı. Bilqeyis xala yanını qapısının ağzındakı kətilə yıxdı. Zoya şəriddən asılmış paltarları yığıb eyvandan baxdı. Ekizlər də eşiyə çıxdılar, balkondan boylandılar. Polina xala onu dilə-tova tutub fikrindən daşındırmağa çalışsa da, Mımretsov buna məhəl qoymadı.

- Ruki proç, ne meşay mne, staruxa İzerqil, - deyib bozardı. Onun ipə-sapa yatmadığını görən Polina xala daha bərkini tutmadı, incik halda bir kənara çəkildi, əlləri qoynunda durub gözlədi.

Tamaşaçıları çox görən bizburun rus lap ruhlandı, səhnədəymiş kimi əliylə saçlarını yana daradı, qəddini dikəltdi. Sinəsini körük təki qabardıb burnunu hul tutdu. Həlim, axıcı səsi dalğa-dalğa həyətə yayıldı:

“Ya pomnyu çudnoe mqnovenye,

Peredo mnoy yavilas tı...

Puşkinin bu məşhur şeiri mənə orta məktəbdən tanış idi, əzbərləmişdim. Bu əsərin yaranma tarixini dərsdə müəllim bizə danışmışdı. Demişdi ki, Aleksandr Sergeyeviç təbiətən gözəllik aşiqi olub, bu şeiri də gözəlliyinə məftun olduğu bir kübar qadına - Anna Kernə həsr eləyib. O qadının bənzərsiz gözəlliyini belə mənalı və məharətlə yalnız Puşkin vəsf edə bilərdi. Sonralar məşhur rus bəstəkarı Qlinka şeirə gözəl romans bəstələyib... Deyirlər, Peterburqun bahalı restoranlarından birində sifətini qırış basmış, qəddi əyilmiş yaşlı bir qadın yarıqaranlıq küncə çəkilib şərab içər, dönə-dönə "Ya pomnyu çudnoe mqnovenye" romansını sifariş verərmiş. Əlləriylə üzünü örtüb, səssizcə için-için ağlayarmış. Bilən yoxmuş ki, bu qarı bir vaxtlar öz gözəlliyi ilə şairi məftun eləmiş Anna Kerndir...

Mişa dayının həlim, axıcı səsi həzin su şırıltısını andırırdı, hamını sehrləmişdi. "Bu zalım balası əməlli-başlı artistdi ki..." - fikrimdən keçirdim. O, gözlərini yumub şirin avazla söyləyirdi. Dodaqları tərpənməsəydi, deyərdin bəs ayaq üstəcə yatıb. Birdən səsi titrədi, sözlər dodaqlarında qırıqlandı, əriyib hıçqırtıya döndü. Əllərilə üzünü örtdü.

Gördüyüm bu mənzərədən duyğulanmışdım. Rolunun öhdəsindən məharətlə gələn bir aktyoru alqışlayırmış kimi ürəkdən çəpik çaldım. Gözləyirdim ki, indicə hamı mənə qoşulacaq, həyəti sürəkli alqış səsləri bürüyəcək və bu qəribə tamaşanın seyirçiləri qoca "aktyoru" dönə-dönə səhnəyə qaytaracaqlar. Amma nə əl çalan oldu, nə də səsini çıxaran. Ekizlər də əvvəl qımıldanmadılar, sonra bir-birinə baxıb xısın-xısın güldülər. Yaşlı kişinin ağlamağı balacaları heyrətə gətirmişdi. Onların aləmində ağlamaq uşaqlara yaraşırdı, böyüklərə yox. Bəlkə də bunu acizlik əlaməti bilirdilər. Özləri də uşaq olsalar, ancaq belə vərdişləri yox idi, onları bir dəfə də ağlayan görməmişdim. Görünür, aldıqları Sparta tərbiyəsi boşuna deyildi.

Qonşular eyvanlardan, pəncərələrdən kölgə tək səssizcə sürüşüb çəkildilər, sanki heç nə görməmiş, heç nə eşitməmişdilər. Tamaşaya yarımçıq baxanların yerini doldurmaq istəyirmiş kimi Mkıç hövlnak eyvana çıxdı. Qalın şüşəli eynəyinin arxasından xırda gözləri oynadı. Üzünü arvadına tutdu.

- Zoyacan, poçemu plaçet etot Mımretsov? - xəbər aldı. - Ləv marter eli .

Arvadı çiyinlərini çəkdi. Ekiz qardaşlar bu dəfə ucadan güldülər.

- Ləv marter!... - ekizlərin biri lağ elədi, o biri tayı da tutuquşu kimi eşitdiyini təkrarladı. Balacalar bir-birinə qoşulub uğundular, amma bu gülüş Mımretsovun ünvanına deyildi. Zoya çönüb uşaqları kinli-kinli süzdü, ətli boğazını uzadıb aşağıya boylandı, hikkəsini boğmadı:

- Polina Qriqoryevna, uspokoyte je eqo, lyudi smotryat na nas!

Erməni arvadın bu qahmarlığından əvvəl bir şey anlamadım, özünü niyə araya qatırdı, o ki rus deyildi. Məhəccərin üstünə əyilmişdi, Piy bağlamış boğazından sallanan qızıl xaç köhnə saat kəfgiri tək ora-bura yellənirdi.

Polina xala yaxınlaşıb, uşaq ovundururmuş kimi əlini Mişa dayının saçlarına çəkdi, onu dilə tutdu:

- Mişa, doroqoy, uspokoysa... Vozmi sebya v ruki.

Polina xalanın canıyanmışlığından o daha da kövrəldi, bu dəfə hönkürdü. Ağlayıb ürəyini boşaltmaq istəyirdi. Onun bu halı Polina xalanı mütəəsir eləmişdi, gözləri dolmuşdu, deyirdin, indicə Mişa dayıya qoşulub gözünün qorasını sıxacaq.

- Yazıq, dərdli adama oxşuyur, neyləsin? - Bilqeyis xala Mımretsovun halına yandı. - Ay Polina, sən bilərsən bu biçarənin dərdi nədi axı? - aralıdan soruşdu.

Polina xala him-cimlə ona nəsə işarə elədi.

Mişa dayı toxtayıb, dərindən ah çəkdi. Cibindən dəsmal çıxarıb göz yaşlarını sildi. Diksindi, elə bil yuxudan ayıldı. Nəsə qəbahət iş tutduğunu anlayıbmış kimi başını aşağı saldı. Meşin çantasını qoltuğuna vurub darvazaya sarı yönəldi.

- Nu, k çyortu vsex vas! - əlini havada yelləyib həyətdən çıxdı.

Polina xala lal nəzərlərilə onu yola salıb köks ötürdü, fikirli-fikirli başını buladı, dinməzcə evə keçdi...

* * *

Polina xalayla tanışlığımın qəribə bir tarixcəsi vardı. Onunla şəhərin mərkəzindəki ev bazarında rastlaşmışdım. Əslində, ora ev bazarı deyildi, bağlı-bağatlı, fontanlı kiçik parkdı, dəniz sahilindəki Azneft meydanınadək enirdi. Şəhərin qədim bağlarındandı, bu yaşıllığı on doqquzuncu əsrdə salmışdılar. El arasında bağa Goburnat bağı deyirdilər. Özünəməxsus ab-havası vardı, havanın isti keçməsinə baxmayaraq, günün günorta vədəsi belə burada meh gəzirdi. Ancaq mən bura sərinlənmək üçün gəlməmişdim, kirayə ev axtarırdım. Fontanın yanında topalaşmış adamlara yaxınlaşdım, çəkinə-çəkinə soruşdum:

- Kirayə ev kim verir?

Sözlərimə məhəl qoyan olmadı. Təkrar bir də soruşanda orta yaşlı kişi səsimə döndü.

- Oğul, - dedi, - inşallah, xeyir işin olanda - evlənmək xəyalına düşəndə bizə yanaşarsan. Biz manıslarıq - toy çalanlar... Ev alverinə, bax, ordakılar baxır, - aşağı səmti göstərdi.

O səmtdə daha çox adam toplanmışdı. Görünür, ev korluğu çəkənlər evlənmək qayğısıyla yaşayanlardan daha çoxdur. Əlində, elan tutanlar da vardı. Onlardan söz soruşanda cavab vermək yerinə dinməzcə işarəylə elanı göstərirdilər, yəni hər şey burada yazılıb. İlk baxışdan adama elə gəlirdi ki, belələri laldı, danışmağa dilləri yoxdu desin, elan gəzdirirlər.

Milis işçilərini görüb dağılışdılar. İşlərini bilirdilər, özləri çıxıb getməsə, onları buna məcbur edəcəkdilər. Paqonlular təşər-təşər dolaşırdılar, comalağı dağıtmaqla guya ölkədəki mənzil problemini bir andaca həll etmişdilər və bu məmləkətdə nə ev satan vardı, nə də ev alan. Belə götürəndə, əlbət, özlərinin arasında da ev, mənzil arzusuyla yaşayanlar yox deyildi. Milislərin ədası yerə-göyə sığmırdı. Bəlkə də şəhərin o vaxtkı qubernatoru bu bağ-bağatda belə ədayla gəzişməmişdi.

Bağın canlılığı bir andaca çəkildi, suyu sovulmuş dəyirmanı xatırlatdı. Çamadanı yerə qoyub skamyaya çökdüm. Yan-yörədə tək-tük adam gözə dəyirdi. Bəmbəyaz geyimdə bir qrup hərbi dənizçi sahildəki meydana sarı enirdi. Qara çəkmələri, bellərindəki enli kəmərin qızılı dəmiri parıldayıb yanırdı. Günlüksüz furajkalarının ensiz, qara lentləri kürəklərinə sallanmışdı. Matrosların hamısı sarışın, fındıqburun idi. Şəhərdə hərbçilərlə tez-tez rastlaşırsan, amma onların arasında yerli, qaraşın adam görməmişəm. Nə bilim, bəlkə mənim ürcahıma çıxmayıb.

Üzbəüz skamyada cavan oğlanla bir qız oturmuşdu, tələbəyə oxşayırdılar. Şirin-şirin söhbət edirdilər, daha doğrusu, oğlan dil-dil ötürdü. Qız eşitdiklərinə gülümsəyir, arabir də üzündəki təbəssüm şirin gülüşə çönürdü. Öz aləmlərindəydilər, guya bu boyda parkda onlardan savayı bir kimsə yox idi.

Dərd məni almışdı, harada gecələyəcəyimi fikirləşirdim. Gəzməkdən ayaqlarımın heyi kəsilmişdi. Qatarda gecəni pis yatdığımdan gözlərim yumulmaqdan ötrü sino gedirdi. Özümü toplamağa çalışsam da, bacarmırdım, elə bil kirpiklərimdən bir pud yük asılmışdı...

Gözlərimi açanda harada olduğumu əvvəl kəsdirmədim. Deyəsən, gözlərimin acısını yaxşıca almışdım. Tələbə oğlanla qızın yerində yaşlı ər-arvad əyləşmişdi. Elə bildim nə az nə çox, düz əlli illik yuxudan ayılmışam və mənimlə üzbəüz oturmuş ixtiyar ər-arvad da şirin-şirin deyib-gülən həmin tələbə oğlanla qızın qocalığıdı. Ürpəndim. Tez əlimə-ovcuma baxdım, üzümü ovuşdurdum: yox, nə əllərim, nə də sir-sifətim qırışmışdı, qulaqlarım da kardan düşməmişdi, maşınların səsini, budaqlarda gizlənmiş quşların oxumağını aydınca eşidirdim. Gözlərimin nuru da zəifləməmişdi... Qəribədir, bu yarım əsrdə mən heç dəyişməmişdim...

davamı
XS
SM
MD
LG