Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:57

Müxalifət əleyhinə mitinq istirahəti pozmur?


Bakı Şəhər İcra Hakimiyyəti aprelin 2-də mitinq keçirmək istəyən müxalifət partiyalarına Səbael rayonu, «20-ci sahə» yaşayış massivindəki sürücülük məktəbinin həyətini təklif edib.

Amma müxalifətin İctimai Palatası bu təklifdən imtina edib. Bəyan edilib ki, mitinqi şəhərin mərkəzində keçirəcəklər. Müsavat başqanının müavini Tofiq Yaqubluya görə, müxalifətə “20-ci sahədə” meydan təklif etmək səhv addımdır.

«TOYA ÇAĞIRIRLAR, DEYİRLƏR PİLLƏKƏNDƏ OTUR»

«Bu təhqirdir. Təsəvvür edin ki, sizi hansısa toya çağırıblar, amma deyirlər ki, mağarda otura bilməzsən, çıx pilləkənin altında, ya hardasa bir yerdə otur. Axı bu şəhər kimdən ötrü tikilib? Milyonlar xərcləyib şəhəri abadlaşdırırlar, əgər bu şəhər vətəndaşlar üçün deyilsə, onda kimin üçündür?»

Tofiq Yaqublu deyir ki, hakimiyyət şəhərin mərkəzində müxalifətin aksiya keçirməsinə icazə verməməsini insanların istirahət hüququnun pozulması ilə əsaslandırır. Amma sual edir ki, «necə olur şəhərin mərkəzində, AXCP sədri Əli Kərimlinin evi qarşısında İcra Hakimiyyətinin razılığı olmadan təhqiramiz şüarlarla aksiya keçirilir, buna göz yumulur?» Xatırladım ki, həmin aksiya martın 31-də keçirilib, aksiyaçılar düz Heydər Əliyev Sarayının qabağınacan gəlsələr, nəqliyyatın hərəkətini çətinləşdirsələr də, polis onlara mane olmayıb.

Tofiq Yaqublu

DİN RƏSMİSİNİN AKSİYALARA MÜNASİBƏTİ

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna müsahibəsində deyib ki, Azərbaycan hüquqi dövlət olduğundan hər bir vətəndaşın öz fikrini sərbəst ifadə etmək hüququ var. Müxalifətin aksiyalarına münasibətə gəldikdə isə şöbə rəisi bunları deyib:

«Müxalifət axı şəhərin mərkəzində, vətəndaşların istirahət etdiyi, ticarət mərkəzlərinin yerləşdiyi yerlərdə və nəinki ölkə vətəndaşlarının, xarici turistlərin də istirahət etdiyi yerlərdə ictimai diqqəti cəlb eləmək, polislə qarşıdurmaya getmək bahasına bu aksiyaları keçirməyə cəhd edir. Təbii ki, polis bunun qarşısını almalıdır, başqa cür ola da bilməz».

Müsavat başqanının müavini Tofiq Yaqublu isə hesab edir ki, nə deyilməsindən asılı olmayaraq hakimiyyət müxalifətin mitinqlərindən çəkindiyi üçün onlara şəhərin kənarında meydanlar təklif edilir.

MÜXALİFƏTİN İMTİNA ETDİYİ MEYDAN

Müxalifətə təklif edilən meydan

Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi, müxalifətinsə imtina etdiyi meydanı iki avtobus dəyişəndən sonra soraqlaşa-soraqlaşa tapdım:

-Burda stadion hardadır?

-Gedin ora...

-Ora hardan keçim?

-Ordan keçmək olmur, bax orda göy rəngli darvaza var ha, ordan çağırın, sizi buraxacaqlar içəri.

Hektar yarıma yaxın ərazisi olan meydan 6 saylı Bakı peşə məktəbinə məxsusdur. Baxmayaraq ki, İcra Hakimiyyəti rəsmi məktubda ünvanı sürücülük məktəbinin həyəti kimi göstərib. Artıq meydan sahibinə mitinq keçiriləcəyi ilə bağlı xəbərdarlıq edilib.

«BAKININ DA PAYTAXTI SƏBAEL RAYONUDUR»

Məktəbin direktor müavini Fərhad İsmayılovun sözlərinə görə, meydan 3-4 min adam tuta bilər. Direktor müavini meydanın şəhərin mərkəzindən uzaq olması fikrini bölüşmür. Deyir Azərbaycanın paytaxtı Bakıdırsa, Bakının da paytaxtı Səbael rayonudur:

«Bu meydan da Səbael rayonundadır. Heç nədən də uzaq deyil. Bütün məntəqələrə də yaxın yerdədir. Şəhərdən gəliriksə, 20-ci sahə deyilən yerdə düşürük, sonra piyada evlərin arası ilə gəlirik Elçin Əzizov küçəsinə və ordan da çıxırıq meydana».

«KİM GƏLƏR BURA?»

Amma həmin ərazidə yaşayanların bəziləri adı çəkilən meydanın mitinq üçün yararlı olmadığı qənaətindədilər. Nasir Misirxanov:

«Burda mitinq keçirmək yaraşmaz axı, mitinqin yeri şəhərin mərkəzidir. Bura qeyri-məqbuldur. Şəhərdə xeyli parklar, meydanlar salınıb. Ziyalıların əksəriyyəti inanmıram bura gəlsin, kim gələr ki bura?»


Digər sakin Nübar Qasımova isə nəinki evlərinin yanındakı meydanda, ümumiyyətlə, heç yerdə mitinq keçirilməsinin tərəfdarı deyil. Amma deyir hakimiyyət nümayəndələri mitinq keçirsə, orda çıxış edib tələb irəli sürər:

«Deyərəm maaşı artırsınlar, başqa şey yox. Artırsa, camaat dolanar. Mən gələn il təqaüdə çıxıram, 90 manat alacam. Mən bunu işığa, qaza verim, xəstə adamam, yoxsa dərmana? Nə bilim, oturublar yuxarıda, niyə bunu araşdırmırlar, nə fikirləşirlər?»

Meydana gedən yol

«HAKİMİYYƏT İKİLİ STANDARTLARA YOL VERMƏMƏLİDİR»

«Tolerant» Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu hesab edir ki, əgər Azərbaycan demokratik təsisatların inkişafında maraqlıdırsa, onda sərbəst toplaşma azadlığına hörmətlə yanaşılmalıdır. Azər Rəşidoğluna görə, əgər şəhərin mərkəzində aksiyalar keçirilməsinə icazə yoxdursa, onda müxalifət əleyhinə keçirilən aksiyalara da icazə verilməməlidir.

«Hakimiyyət belə ayrı- seçkiliyə yol verməklə ölkəni, ictimaiyyəti qarşıdurmaya sürükləyir».

Birlik rəhbəri hesab edir ki, əgər hakimiyyət bu qarşıdurmanı önləmək istəyirsə, siyasi qüvvələrə ikili standartla yanaşmamalı, hər şeyi qanunla həll edtməlidir.

XS
SM
MD
LG