Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:40

ReAl-ın prezidentə müraciəti


«Respublikaçı Alternativ» Hərəkatının həmsədrləri İlqar Məmmədov və Erkin Qədirli prezidentə etdikləri təkliflər barədə danışırlar. Yeni Azərbaycan partiyasının üzvü, deputat Rəbiyyət Aslanova isə bu müraciətə münasibət bildirb.

Erkin Qədirli:

Prezidentdə müraciətdə biz hələ 2008-ci ildə söylədiyimiz fikirləri bir daha ifadə etmişdik. O zaman referendum müzakirə olunanda biz bu mövqeni sərgiləmişik. 3 il ərzində mövqemiz eynidir ki, prezident səlahiyyətlərinin məhdudiyyətlərinin aradan qaldırılması əslində cumhuriyyətçiliyin təməlini sarsıdan bir təşəbbüsdür. Biz yenidən dəyərləndirdik mövcud şəraiti, dünyada gedən prosesləri, ölkədə gedən, özəlliklə gənclər arasındakı canlanmanı və düşündük ki, 3 il ərzində sərgilədiyimiz mövqeni daha yığcam şəkildə bir daha ifadə edək. Və bunu dövlət başçısına da ünvanlayaq ki, ən azından belə bir gözləntilərin, tələblərin olduğunu hakimiyyətdə bilsin. Və bilsin ki, onun keçirdiyi referendumla razı olmayanlar var. Bir tək məsələ hansısa adamın dəfələrlə prezident olmasında deyil. Söhbət prinsipdədir. Məhdudiyyət olmalıdır. Bu cumhuriyyətin fəlsəfəsidir.

İlqar Məmmədov:


Biz ərəb ölkələrində baş verən hadisələri görüb də bu müraciəti etdik. Çünki 2009-cu ildə bizim iqtidara qarşı istifadə etdiyimiz arqumentlərimizi və tarixi faktlara istinad etdiklərimizi indi göz qabağında görürük. Yəni ərəb ölkələrində baş verənlər. Bu ölkələrdə eyni İlham Əliyevin başçılıq etdiyi kimi rejimlər yıxılır. Nə konstitutsiya dəyişikliyi, nə qanun, nə fövqəladə rejim bunları qoruya bilmir. Əgər insanlar bu rejimləri oxşadırlarsa, onda bizdə niyə olmasın? Düşünürəm ki, Azərbaycanın dövlətçiliyinə qarşıdan gələn bu kəskin vətəndaş qarşıdurması böyük təhlükələr törədə bilər. Nədən İlham Əliyev o təhlükələri gözləsin? Nəyinə lazımdır? İlham Əliyev gərək özü üçün bir qərar versin. 2013-cü ildə referendumdan əldə etdiyi o hüquqdan istifadə etməsin. Çünki həmin hüquq onu qorumayacaq. Azərbaycanda hakimiyyət dəyişikliyi baş verəcəksə artıq seçkidən kənar proseslər nəticəsində baş verə bilər.

Rəbiyyət Aslanova:


Hər şey öz axarı ilə gedir. Bu saat təşviş doğuracaq bir şey yoxdur. Mən bilmirəm o təşkilat nə təşkilatdır. Amma o gənclərin belə bir müraciəti çox qanuna zidd bir müraciətdir. Çünki referendum ümumxalq referendumu idi. Onlar bilməlidirlər ki, referendum, ümumxalq səsverməsi yolu ilə o müddəalara Konstitutsiyada dəyişikliklər edilib. Və xalqın iradəsinin əksinə olaraq belə bir fikir irəli sürmək öz xalqının iradəsinə böyük hörmətsizlikdir. İnsanlar öz seçimini ediblər, buna səs veriblər və birmənalı olaraq o dəyişikliklər gerçəkləşib. Bu prespektivi olmayan və insanlar tərəfindən qəbul edilməyən bir istəkdir. Mən hesab edirəm ki, belə bir arzunun gerçəkləşməsi qeyri-mümkündür.
XS
SM
MD
LG