Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:02

Şahlar Ruhi. Vicdansızlar şəhəri


Arzularınızdan qorxun, çünki onlar nə vaxtsa reallaşa bilərlər. (Kant)

Sərxan artıq iki həftə idi ki, gecələr yata bilmirdi.

Qaranlıq düşən kimi küləklər evinin pəncərələrini döyəcləyir və bununla da sanki yeni melodiya bəstələyirdi.

Qoca çinar ağacının çürüməkdə olan budaqları isə sanki bu melodiyadan cuşa gəlib rəqs edirdilər.

Bu səs-küylü şənlik Sərxanı yatmağa qoymurdu.

Sərxan artıq hər şeydən bezmiş, payızdan nifrət etməyə başlamışdı.

O, stolüstü lampasını söndürüb yatağına uzanaraq ayın ləkəli üzünə baxmaq istəsə də, ay işvəli qızlar kimi üzünü bulud adlanan örpəyiylə gizlədib oğrun-oğrun ona baxırdı.

Bu səhnə Sərxanı daha da hövsələdən çıxarırdı.

O, çarpayıdan qalxaraq əynini geyinib siqaret çəkmək üçün eyvana çıxardı.

Sanki bu,onun intiqamı idi.

Siqaret çəkəndən sonra onun əsəbləri sakitləşər, dəftərini götürüb taleyiylə barışmış halda yeni hekayə yazmağa başlayardı.

Onun bu dəyişməsini görən istənilən şəxs mənim intiqam barədə dediklərimlə razılaşardı.

Axı nifrət ya intiqam, ya da yaxşılıqdan sonra belə soyuya bilərdi ki, göründüyü kimi payız havası Sərxana heç bir yaxşılıq eləməmişdi.

“Vicdan, insaf, mənlik...

Bunlar artıq köhnəlmiş və mənasını dəyişmiş sözlərdir. Onları əvəz edən bircə söz var - Axmaqlıq...

Ya da yox, səfehlik də onları əvəz edə bilər, abdallıq da...

Xülasə- vicdan axmaqlıqdır. Nəinki axmaqlıqdır, hətta bədbəxtlikdir.

Vicdanlı insan bu dünyada yaşaya bilməz, ya acından ya da vicdan əzabından ölər.

Yaşamaq üçün vicdansız olmalısan.

Hə, bu 100% belədir.Vicdanı olmaq pis şeydir.

Əgər satıcı ola-ola sənin vicdanın olsa, lazımsız kosmetikanı millətə sırıya bilməzsən, ailən də acından qırılar.

Həkim olsan, vicdanın olsa, xəstələrinə lazımsız dərmanlar yazmassan, aptekçilərin ailəsi ruzisiz qalar.

Demək, həkim vicdansızlıq edərək əslində başqa birisinə yaxşılıq edir.

Deməli, vicdansız olmaq yaxşı şeydi.

Əstağafurillah, nə sərsəm-sərsəm danışıram. Vicdanın olmasa,sən necə insan ola bilərsən?

Sən vətənini, ailəni,sənə ehtiyacı olanları necə düşünə bilərsən.

Amma o həkim... Əgər o ,pasientinə qarşı vicdanlı davransa, aptekçilər ona “vicdansız” deyəcəklər.

Onun işi nə çətindir, Ay Allah? Yaxşı ki,həkim olmamışam,yoxsa hər ehtimalda vicdansız olacaqdım. İndi heç olmasa vicdanlı ola bilirəm.

Nə olsun e,vicdanlı ola bilirəm?! Bu, mənə nə qazandırır?Adımı yazar qoymuşam, nə iqtidar qəzetləri məni çap eləyir, nə də müxalifət. Ortada “Ne rıba, ne myaso” misalı qalmışam.

Hamı mənə nifrət eləyir.Kimə lazımdır belə vicdan?

Özü də mən haradan bilirəm ki, kimsə məni “vicdansız”adlandırmır?

Bəlkə elə Kənan Səfərəliyev mənim barədə dostlarının məclisində “vicdansız” deyir?

Özü də buna haqqı var, “Gün içi”-ndə onun xeyriyyə fondunda çıxdığı oyunlardan yazmışam,onu da oradan qovublar. Yəqin ki,ona çox zərər dəyib.

O,100% mənim haqqımda “ vicdansız” deyib.Ya da, bəlkə...

Bəlkə Yavər Rəcəbxanov mənə “vicdansız” deyib?! Bu da ola bilər, o gün “ Gələcəyə qayıdış”-da onun Zerdenbulberqin fondundan qrant dilənməyindən yazmışam,onu da iqtidarın qarşısında aşağılamışam.

Yox e, bu vicdan deyilən şey məni öldürəcək. Gərək bundan qurtulmağın bir yolunu tapam. Kaş onu da artıq ət kimi əməliyyatla kəsib atmaq olaydı. Həyat necə gözəl olardı.”

Bu düşüncələrə dalan Sərxan bayırdakı konsertə məhəl qoymadan yuxuya gedir.

***

-Mən artıq 2 həftədir ki, yata bilmirəm, doktor mənə bir əlac edə bilərsiniz?

-Yuxu dərmanı və antidepressant yazacam. Aşağı düşüb “proxodnoy”-dakı aptekdən alarsan, gündə 2 dəfə yatmazdan qabaq atarsan, keçib gedər.

-Doktor, onları keçən həftə yazmışdınız, kömək eləmədi.

-Hmm, onda vəziyyət ciddidir.Sizə onkoloji xəstəxanaya “napravlenie” verəcəm, gərək mütləq ora gedib Doktor Dəccal İbliszadənin qəbuluna düşəsiniz. O sizi bəzi test-sınaqlardan keçirəcək.

-Bu doktorun nə əcaib ad-soyadı var? Yəqin atasının adı Satanadı , anasınınkı da Morana. Hansı axmaq balasına belə ad qoyar görəsən?

Həkim Sərxanın bu sözünə güldü, sonra isə dedi:

-İbliszadə soyadında nə olacaydıye adı, Cəbrayıl? Əstağafulillah.Allah bunlara ağıl versin! Nə isə, alın, vaxt itirmədən o adı gözəlin qəbuluna düşün, görün nə olacaq.

-Doğrudan, məni niyə onkoloqun yanına göndərirsiniz, nədənsə şübhələnirsiniz?

-Hə,deyəsən...

-Xərçəngdən?

-Yox, bu ondan da pis şişə oxşayır.Demişdiniz yazarsınız, hə?

-Hmm, ehtimal böyükdür ki, beyninizdə xoşxassəli vicdan şişi var.

-Nə şişi?

-Vicdan şişi...Bu, beyin yarımkürəsinin sol yarımkürəsindəki bəzi neyronların ifrat hərəkətlənməsindən yaranır. Əgər aradan qaldırılmasa, vərəm, nevroz, depresiya kimi xəstəlikləri yaradır və sonunda ya anoreksiyadan ya da intihardan ölümə səbəb olur.

-Nə danışırsınız? Vicdan onkoloji xəstəlikdir?

-Sırf onkoloji də yox, psixoloji, bioloji, anatomoloji xəstəlikdir.

-Bəs bu xəstəliyi necə aradan qaldırırlar.

-Ucuz və təhlükəsiz əməliyyatla...Niyə narahat olursunuz ki, Səırxan bəy? Sizin ki, siğortanız var, xərcinizi şirkət ödəyəcək.

-Mən pul dərdi çəkirəm? Mən...Mən... Özü də nə bilirsən ki, mənim siğorta agentim də öz vicdanını kəsdirməyib? Əgər vicdanını kəsdiribsə , iddia edəcək ki, sığortadan pul almaq üçün qəsdən xəstələnmişəm. Bunu edə bilər?Onda mən neyləyəcəm? Pulum da çox deyil...

-Hmmm, ola bilər...O halda sığorta agentinin vicdanı olmur axı... Ağılabatan versiyadır. Hə, özü də sizə daha yaxşı həkim də məsləhət görə bilərəm. Həm ucuzdur, həm də keyfiyyətli... Zalım qızının əli elə yüngüldür ki, narkozsuz da əməliyyat eləsə, ağrımırsan. Heç ruhun da duymur.Mənim əməliyyatımı o eləmişdi.

-Sən də vicdanını kəsdirmisən?

-İndi hamı onu kəsdirir. Soruşsan, bütün şəhər vicdansızdır.Müəllimlər, həkimlər, yazıçılar, şairlər, jurnalistlər, müğənnilər, nazirlər, bələdiyyə başçıları, kinorejissorlar...

-Yaxşı,de görüm həkim kimdir? Harada işləyir?

-Adı Professor Zamanova Həyatdır.Səhv eləmirəmsə, Dünya Hospitalında çalışır.

***

Sərxan yuxudan qan-tər içində ayıldı.Saata baxdı, gördü ki, bu ibrətamiz yuxu onun cəmi dördcə saatını alıb.

Bəli, bu yuxu ibrətamiz idi, çünki onun sayəsində Sərxan özüylə fəxr edirdi. O, fəxr edirdi ki, vicdansızlar şəhərindəki tək vicdanlı odur.

Bəlkə də o xəstədir və bu xəstəlikdə 4-5 aydan,lap uzağı 1 ildən sonra öləcək, amma o qalan ömrünü bəzəyən hər gecə küləklərin musiqisini eşidəcək, budaqların rəqsini görəcək, ayın işvə-nazına heyrətlənəcək.
XS
SM
MD
LG