Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:44

Üzeyir bəy Hacıbəyli. Arşın mal alan


4 MƏCLİSLİ OPERETTA

Әfradi-әhli-mәclis

Ә s g ә r--dövlәtli bir tacir oğlandır.

C a h a n--Әsgәrin xalası, kök arvaddır.

S ü l e y m a n--Әsgәrin yoldaşı.

V ә l i--Әsgәrin nökәri.

S o l t a n b ә y--qoca mülkәdardır.

G ü l ç ö h r ә--Soltan bәyin cavan qızıdır.

A s y a--Soltan bәyin qardaşı qızıdır.

Telli--Soltan bәyin qulluqçusudur.

Qonşu qızlar.

BİRİNCİ MӘCLİS

Ә s g ә r i n evindә vaqe olur. Otaq yaxşı bәzәnib, fәrş ilә döşәnibdir. Stol vә sәndәllәr dәxi vardır. Pәrdә qalxmazdan qabaq Ә s g ә r sağ tәrәfdә vә x a l a s ı sol tәrәfdә oturublar. Qapının ağzında nökәr V ә l i hazır durubdur. Musiqi müqәddimәsi çalınır.

Pәrdә qalxır. Ә s g ә r oxuyur.

Ә s g ә r.

Nalәdәndir ney kimi avazeyi-eşqim bülәnd,

M u s i q i

Nalәdәndir ney kimi avazeyi-eşqim bülәnd.

Nalә tәrkin qılmazam ney tәk kәsilsәm bәnd-bәnd.

M u s i q i

Nalә tәrkin qılmazam, nalә tәrkin qılmazam,

Gәr kәsilsәm bәnd-bәnd, gәr kәsilsәm bәnd-bәnd.

M u s i q i

Qıl mәdәd, ey bәxt, yoxsa kami-dil mümkün deyil.

M u s i q i

Qıl mәdәd, ey bәxt, yoxsa kami-dil mümkün deyil.

Böylә kim ol dilrüba bidәrddir, mәn--dәrdimәnd.

M u s i q i

Nalә tәrkin qılmazam, nalә tәrkin qılmazam,

Gәr kәsilsәm bәnd-bәnd, gәr kәsilsәm bәnd-bәnd.

M u s i q i

Açılır könlüm gәhi kim, giryeyi-tәlxim görüb.

M u s i q i

Açılır könlüm gәhi kim, giryeyi-tәlxim görüb,

Açar ol gülrüx tәbәssüm birlә lәli-nuşxәnd,

M u s i q i

Nalә tәrkin qılmazam, nalә tәrkin qılmazam,

Gәr kәsilsәm bәnd-bәnd, gәr kәsilsәm bәnd-bәnd.

M u s i q i

C a h a n. Xalan sәnә qurban, nә olubdur ki, belә qәmli-qәmli oxuyursan, adam eşidәndә ürәyi yanır?

Ә s g ә r. Ürәyin yanırsa görünür ki, sәnin ruhun var, ay xala!

C a h a n. Qanmadım nә dedin, xalan sәnә qurban, bir dә de, başa düşüm.

Ә s g ә r. Heç, bir elә söz demәdim ki, bir dә tәzәdәn deyim.... İndi sәn bura bax, ay xala. Bircә mәnә de görüm axı belә olmaz ki, belә dә qalsın, bu dünya belә gәlib belә getsә, bәs axırı nә olsun, onda işimiz necә olsun?

C a h a n. Xalan sәnә qurban, allaha şükür, dünyaya nә olubdur ki?

Ә s g ә r. Belә deyirәm ki, axı bunun axırı necә olsun, nәticәsi necә olsun, mәsәlәn, biz, bәli, böyudük, başa çatdıq. Allaha şükür, mal-dövlәt hamısı var, amma yenә dә bilirsәn, bununla adamın işi düz olmur, ürәyi toxtamır, nә isә bir şeyә yenә ehtiyac görünür. Düz deyirәm, yoxsa yalan deyirәm?

C a h a n. Xalan sәnә qurban, әlbәttә, düz deyirsәn, amma yenә dә әmәlli başa düşmәdim ki, nә deyirsәn.

Ә s g ә r. Dediyim aşkar söhbәtdir, ay xala! Belә sözün doğrusu o tәrәfә, bu tәrәfimә baxıb göz yetirirәm, görürәm bir şeyim çatmır.

C a h a n. Bay!... Çatmayan bir şey varsa, gәdәni göndәr bazardan alsın, onda nә fikir var ki?

Ә s g ә r. Sәn mәn deyәni başa düşmәdin. Әşi, mәn sәninlә böyük şeyin söhbәtini elәyirәm, sәn bazardan danışırsan. Belә deyirәm ki, bu cürә dolanacağın axırı nә olsun? Malım var, pulum var, amma pul sahibi gәrәk bir özgә şeyin dә sahibi olsun. Vәhalün ki, heç malı, pulu olmayanların görürsәn ki, bir sürüsü var.

C a h a n. Xalan sәnә qurban, sәn bir tacir adamsan, sürünü nә elәyirsәn?

V ә l i başını bulayır.

Ә s g ә r. Of, ay xala. Yenә bilmәdin nә istәyarәm?

V ә l i (birdәn-birә). Mәn bilirәm ağam nә istәyir....

Ә s g ә r (ona tәrәf yönәlir). Әdә, sәn dә burdasan? Hә, de görüm nә istәyirәm....

V ә l i (irişә-irişә). Mәn bilirәm sәn nә istәyirsәn....

Ә s g ә r vә C a h a n. Di bilirsәn de, nә dayanıbsan?

V ә l i. Sәn istәyirsәn.... (Birdәn hırıldayıb tez qapıdan çıxır, Әsgәr gülümsünür).

C a h a n. Bay, elә bil ki, gәdәnin dәliliyi var. (Әsgәrә) Xalan sәnә qurban, bircә mәni yaxşıca başa sal görüm nә istәyirsәn?

Ә s g ә r. Ay xala, bura bax, ağlınca mәnim neçә yaşım var?

C a h a n. Boy, bu ramazan yox, gәlәn ramazan gәlib ötәndәn sonra sәnin iyirmi sәkkiz yaşın tamam olacaqdır. Nәyin dәrdin çәkirsәn? Sәn ki, hәlә uşaqsan, sәni görüm yüz yaşayasan!

Ә s g ә r. Çox әcәb. Axı nә qәdәr uşaq olsam da yenә dә ayaq üstә dura bilәrәm ki?

V ә l i daxil olub haman sayaq dayanır.

C a h a n. Әlbәttә, dura bilirsәn, allaha şükür, sağ-salamat cavansan.

Ә s g ә r. Yaxşı indi bu sağ-salamat cavan bәs neylәsin, elә yeyib-yatsın?

C a h a n. Әsgәr, sәn allah, gәl mәnimlә açıq danış ki, mәn başa düşüm; axı mәn türkәsayәcә bir arvadam, әrәb dilini nә başa düşürәm, xalan sәnә qurban.

Ә s g ә r (kәnara). Әşi, daha utanmaq yeri deyildir. (Cahana). Belә bilirsәn nә var, xala? (Bәrkdәn). Mәn arvad almaq istәyirәm ey, arvad, arvad!...

V ә l i. Bax, mәn deyәn oldu.... (hırıldayır).

C a h a n. Bay ... ay xalan sәnә qurban, habelәcә de ki, mәn dә başa düşüm, daha bunun nә çәk-çeviri var ki?!

Ә s g ә r. Hә, bәs bunu bil ki, arvad almaq istәyirәm.

C a h a n. Belә çox yaxşı elәyirsәn, xalan sәnә qurban. Allah o günlәri elәsin ki, belә toyunda oynayım. (Vәli oynayır). Bax, Әsgәr, xalan sәnә qurban, gördün ki, axırda sәn gәldin mәn deyәnә. Neçә vaxtdır mәn sәnә deyirәm ki, Әsgәr, gәl evlәn, ev-eşik yiyәsi ol, oğul-uşaq sahibi ol, amma nә fayda ki, sәn qulaq asmırdın deyә, mәn dә daha dinmirdim. İndi görünür ki, mәn deyәnә getdin. Әlbәttә, arvad al, toy elә, dost sevinsin, düşmәn yansın. (Vәli ah çәkir). Bax, istәsәn günü bu güncә gedәrәm, sәnә qız axtararam. Rәhmәtlik bacım canı ağzından çıxana kimi mәnә deyirdi: Cahan, bax, Әsgәri sәnә qoyub gedirәm; onu tәk qoyma, evlәndir. (Ağlayır. Vәli bәrk ah çәkir).

Ә s g ә r. Әşi, daha bura ağlamaq yeri deyildir ki? Qoy, söhbәt açmışıq, görәk axırı necә olur.

C a h a n. Xalan sәnә qurban, evlәn.

Ә s g ә r. Axı nә sayaq evlәnim, iş elә burasındadır ki, evlәnmәk asan iş deyildir.

C a h a n. Xalan sәnә qurban, evlәnmәk su içmәk kimi asan şeydir, onda nә çәtinlik var ki? Әlәlxüsus sәnin kimi cavana ki, allaha şükür, hәmi pulun var, hәmi dövlәtin var, hәmi cavansan. Vallah, lap padşahın da qızını istәsәn sәnә verәr. Bax, burda çox fikir lazım deyildir, qoy elә bu güncә çadramı başıma salıb gedim sәnin üçün qız bәyәnib seçim. Ya özün, istәsәn mәnә de, hansı bәyin vә ya tacirin qızını istәsәn, gedim sәnә alım.

Ә s g ә r. Axı mәn nә bilirәm ki, hansı bәyin vә ya tacirin qızı yaxşıdır ki, deyim get al; mәn ki, onları görmәmişәm.

C a h a n. Buy. Xalan sәnә qurban, bәs mәnim gözlәrim kordur? Vallah, gedәrәm, dolanaram, gәzәrәm, baxaram, bәyәnәrәm, seçәrәm, bir qız alaram ki, adam baxanda ağlı gedәr.

Ә s g ә r (gülür). Ay xala, bәs elә olsa ağlım gedәr, dәli olaram ki.... Yox, xala, bu, әl vermәz. Mәn gәrәk әvvәlcә özüm qızı görәm, xoşuma gәldi alam, gәlmәdi almayam.

C a h a n. Sәn bir ağıllı-başlı mәnә nağıl et görüm necә qız alarsan? (Oxuyur vә oynayır).

Çadramı sallam başıma,

Üz-gözümü bәzәrәm. (2 dәfә)

Gedib sәnә qız axtarıb,

Hәr tәrәfi gәzәrәm. (2 dәfә)

M u s i q i

Bәyin, xanın vә tacirin

Qızlarını düzәrәm. (2 dәfә)

Çәmәndәki o güllәrin

Әn gözәlin üzәrәm. (2 dәfә)

M u s i q i

Xalan sәnә qurban ola,

Zәhmәtinә dözәrәm. (2 dәfә)

Toyunda da sәnin, bala,

Bax, belәcә, süzәrәm. (2 dәfә)

M u s i q i

C a h a n. Bәs sәn kişi xeylağı, qızı nә sayaq görәrsәn, xalq qızını sәnә göstәrәrmi?

Ә s g ә r. Hә, bәs mәtlәb elә buradadır ki, sәhәrdәn bәri sәnә deyirәm ki, bunun axırı nә olsun? İstәyirәm evlәnim, amma bilmirәm kimi alım; çünki heç kәsi görmәmişәm vә görmәk dә olmaz.

C a h a n. Ay xalan sәnә qurban, sәn gәl ata-baba yolu ilә evlәn. Sәnin nә borcundur, qoy mәn gedim sәnә qız alım, hәrgah pis olsa tәqsir mәnim boynuma.

Ә s g ә r. Ay xala, sәn nә fikir edirsәn? Mәn arşını iki şahılıq çiti görmәmiş almaram; halbuki diri gözlü arvad ola. Yox, mәn bu sayaq evlәnmәk istәmirәm. Bacarsan mәnә bir yol göstәr ki, qızı görüm, sonra alım.

C a h a n. Xalan sәnә qurban, nә yol göstәrim?

Ә s g ә r. Görünür ki, heç bir yol yoxdur. Onun üçün mәn dә evlәnmirәm.

V ә l i ah çәkir. Sükut. Musiqi çalınır, sonra S ü l e y m a n daxil olur.

S ü l e y m a n. Cahan xala, kefin yaxşıdırmı? Vәli, sәn necәsәn?

C a h a n. Allaha şükür, sağ olasan, Süleyman.

V ә l i. Bәy, iltifatın artıq olsun.

S ü l e y m a n Ә s g ә r ә tәrәf gedib oxuyur.

M u s i q i

Nәdir sәnin dәrdin, bu nә ahü zardır? (2 dәfә)

Nәdir sәnin fikrin, belә tarü mardır? (2 dәfә)

Utanma gәl söylә, belә dәrdini mәnә, (2 dәfә)

Nә qüssәdir böylә әsәr eylәyib sәnә? (2 dәfә)

Bu dünyada yoxdur belә dәrdi-bidәva. (2 dәfә)

Dәvasın al dәrdin, belә görginәn sәfa. (2 dәfә)

Eşitmәmişsәnmi belә bir mәsәl dә var, (2 dәfә)

Nә arzu varsa, belә axtaran tapar! (2 dәfә)

Balam nә olub ki, belә qaradinmәzcә oturubsan, yoxsa dünyanın dәrdi sәnә qalıbdır?

Ә s g ә r. Ay Süleyman, yaxşı oldu sәn gәldin; axı deyirlәr ki, sәn bir ağıllı adamsan, gәl görәk sәn nә mәslәhәt tökürsәn?

S ü l e y m a n. Demәli, sәn özün inanmırsan ki, mәn ağıllıyam?

Ә s g ә r. İnanıram, amma mәslәhәt töksәn lap yaxşı inanaram.

S ü l e y m a n. İndi bir-bir söylә görüm nә olubdur?

Ә s g ә r. Nә olacaqdır, onu fikir edirәm ki, yaxşı, axı bunun axırı nә olsun? Elә bu dünya belә gәlib belә getsә....

S ü l e y m a n (sözünü kәsir). Dayan, bildim nә istәyirsәn.

Ә s g ә r. Nә istәyirәm?

S ü l e y m a n. Әlbәttә, arvad almaq istәyirsәn.

H a m ı tәәccüb edir.

Ә s g ә r (tәәccüblә). Paho, nә bildin?

S ü l e y m a n. Sifәtindәn görürәm. Onu bilmәk çәtin deyil ki. (Cahana). Belәdir, belә deyil, Cahan xala?!

C a h a n. Qadan alım, әlbәttә, elәdir.

S ü l e y m a n (Vәliyә). Belәdir, belә deyil, Vәli.

V ә l i. Bәy, әlbәttә, belәdir.

S ü l e y m a n (Әsgәrә). İndi bildin ki, mәn ağıllıyam?!

Ә s g ә r. Yarısına qәdәr bildim. Aşna, indi bir iş dә var; hәrgah ona bir tәdbir töksәn, onda bilәrәm ki, başdan ayağa qәdәr ağıllısan.

S ü l e y m a n. Di bir-bir söylә, qulaq asım.

Ә s g ә r. Bax, Süleyman, mәn belә fikirdәyәm ki, qız almaq mal almaq kimi bir şeydir. İndi malın pisi-yaxşısı olan kimi....

S ü l e y m a n. Dayan, bildim nә istәyirsәn.

Ә s g ә r. Nә istәyirәm?

S ü l e y m a n. İstәyirsәn ki, әvvәlcә qızı görüb, baxıb sonra alasan.

Yenә h a m ı tәәccüb edir.

Ә s g ә r. Balam necә bildin?

S ü l e y m a n. Ağzını açan kimi. Onu bilmәyә nә var ki.... (Cahana). Belәdir, belә deyil, xala?...

C a h a n Qadan alım, әlbәttә, elәdir.

S ü l e y m a n. Belәdir, belә deyil, Vәli?

V ә l i. Bәy, doğru buyurursan.

S ü l e y m a n (Әsgәrә). İndi bildin ki, başdan ayağa qәdәr ağıllıyam?

Ә s g ә r. Bir azca qalıbdır, hәrgah bir işi dә bilsәn, onda imanım kamil olar.

S ü l e y m a n. Bir-bir söylә. Qulaq asaq.

Ә s g ә r. Yaxşı, ağıllı oğlan, bәs, mәn qızı harada görüm vә nә sayaq görüm ki, heç olmasa bir balaca bәlәd olum?

S ü l e y m a n. Ondan asan nә var ki; paltarın dәyiş, köhnәsini gey, qoltuğuna bir top çit-mit nә varsa vur, әlinә dә bir arşın al. Ondan sonra düş qapı-qapı gәz vә arşın mal sat. Bu halda, gördüyün qızların birisini seç, sonra lәlәşini göndәr, gedim elçilik elәyim, vәssәlam.

Ә s g ә r (sevinir). Әcәb fikirdir, vallah!

C a h a n. Qadan alım, әlbәttә, yaxşı fikirdir.

S ü l e y m a n. Ayrı cürә әlacı yoxdur. (Cahana). Belәdir, belә deyil, xala?

C a h a n. Qadan alım, әlbәttә, belәdir.

S ü l e y m a n. Belәdir, belә deyil, Vәli?

V ә l i. Bәy, doğru buyurursan.

S ü l e y m a n (Әsgәrә). İndi gördün ağıllıyam?

Ә s g ә r. Ağıllısan qardaş, ağıllısan. Vallah, sәn deyәn kimi edәcәyәm.

C a h a n. Ay Süleyman, bәs sәn niyә özünü qocaldıb evlәnmirsәn?

S ü l e y m a n. Mәn dә evlәnәrәm, xala. O fikirdәn mәnim dә başımda var. Hәlә indi әvvәlcә bir Әsgәri evlәndirәk, görünür ki, bu çox tәlәsiyir. Sonra mәn dә evlәnәrәm.... (Birdәn). Yaxşı, xala, bәs sәnin fikrin nәdir?

C a h a n. Heç nә, qadan alım, nә olacaqdır ki?...

S ü l e y m a n. Yox, xala, daha bu qәdәr dul qaldın bәsdir. Qoy sәni bir allah bәndәsinә verәk, canımıza dua elәsin.

C a h a n. Buy, qadan alım, mәnim nә әrә getmәk vaxtımdır ki?

S ü l e y m a n. Necә, çox balacasan? Әlbәttә, vaxtındır, belәdir, belә deyil, ay camaat? Әlbәttә, belәdir. (Vәliyә). Balam, Vәli, sәn dә hazırlaş ha!

V ә l i utanır, başını aşağı salır.

S ü l e y m a n. Hә, Әsgәr, fikrә gedibsәn.

Ә s g ә r. Vallah, sabahdan arşın malı satan olacağam.

S ü l e y m a n. Әcәb elәrsәn, allah sәni dә tez muradına yetirsin, bizi dә. Belәdir, belә deyil, xala?

C a h a n. Qadan alım, әlbәttә, elәdir.

S ü l e y m a n. Belәdir, belә deyil, Vәli?

V ә l i. Bәy, doğru buyurursan.

S ü l e y m a n. Bәs indi ki, belә oldu, qulaq as. (Oxuyur)

M u s i q i

Öyrәn bu kәlәyi arvadı tap, tez toy elә. (2 dәfә).

Bil kim, düşmәyәcәk böylә kәlәk bir dә әlә. (2 dәfә).

Amma bax, unutma sәn, unutma sәn, bizlәri sәn,

Görәndә qaşı qara, gözü qara qızları sәn.

H a m ı. (Әsgәrdәn başqa).

Amma bax, unutma sәn, unutma sәn, bizlәri sәn,

Görәndә qaşı qara, gözü qara qızları sәn.

M u s i q i. Oynayırlar.

C a h a n.

O gün ola, balam, toy edәsәn, qız alasan, (2 dәfә)

Evlәnmәk işini aramıza dәb salasan. (2 dәfә).

Bizә dә sәn qur kәlәk, sәn qur kәlәk, sәn qur kәlәk.

Bәlkә biz dә gün görәk, bir gün görәk, bir gün görәk.

H a m ı.

Bizә dә sәn qur kәlәk, sәn qur kәlәk, sәn qur kәlәk.

Bәlkә biz dә gün görәk, bir gün görәk, bir gün görәk.

M u s i q i. Oyun.

V ә l i.

Düş bazar--şәhәrә, sat arşın mal, Әsgәr ağa (2 dәfә)

Axtar, bax, qızı tap, tez arvad al, Әsgәr ağa (2 dәfә)

Dәrdinә tapdın әlac, tapdın әlac, tapdın әlac,

Bizә dә tez bir yol aç, sәn bir yol aç, sәn bir yol aç.

H a m ı

Dәrdinә tapdın әlac, tapdın әlac, tapdın әlac,

Bizә dә tez bir yol aç, sәn bir yol aç, sәn bir yol aç.

(Oyun)

P ә r d ә

İKİNCİ MƏCLİS

Musiqi müqәddimәsi çalınır, sonra pәrdә qadxır. Soltan bәyin evinin qabağıdır. G ü l ç ö h r ә, A s y a vә T e l l i oturub, biri tikiş tikir, digәri corab hörür.

G ü l ç ö h r ә (tikiş tikә-tikә oxuyur)

M u s i q i

Pәrişan xәlqi-alәm ahü әfğan etdiyimdәndir.

M u s i q i

Pәrişan xәlqi-alәm ahü әfğan etdiyimdәndir,

Pәrişan olduğum, xәlqi pәrişan etdiyimdәndir. (2 dәfә)

M u s i q i

Dili-zarimdә dәrdi-eşq gün-gündәn füzun olmuş,

M u s i q i

Dili-zarimdә dәrdi-eşq gün-gündәn füzun olmuş.

Yetәn bidәrdә tәdbirilә dәrman etdiyimdәndir. (2 dәfә)

Deyil bühudә gәr yağsa fәlәkdәn başıma daşlar,

Binasın tişeyi-ahımla viran etdiyimdәndir. (2 dәfә)

Ü ç ü bir yerdә

Ah, ah, ah.... Gәl yarım

Gәl yarım, gәl yarım, gәl yarım.

A s y a (ah çәkir). Ay Gülçöhrә, sәn oxuyanda hәmişә mәnim ürәyim tutulur, bikef oluram.

G ü l ç ö h r ә. Görünür ki, oxumağım sәnә xoş gәlmir.

A s y a. Yox, çox xoş gәlir, elә ona görә dә mәni bir sayaq qәm basır, qüssә eliyirәm.

G ü l ç ö h r ә. Ah, bizim ömrümüz başdan-ayağa kimi qәm-qüssә deyilmi?

A s y a. Hә, vallah, doğru deyirsәn.

T e l l i. Ay xanımlar, nә olub ki, qәm-qüssә elәyirsiniz? Allah qoysa, Soltan bәy bu gün-sabah sizi әrә verәr, gedib ev yiyәsi, oğul-uşaq sahibi olarsınız, onda qәminiz dә olmaz.

G ü l ç ö h r ә. Ah, Telli, o cürә ki, bizi әrә verirlәr, heç vermәsәlәr yaxşı olar.

T e l l i. Nә üçün, ay xanım, niyә elә danışırsan?

G ü l ç ö h r ә. Doğru deyirәm, vallah, o cürә әrә getmәk mәnim xoşuma gәlmәz ki, heç bilmirsәn sәni kimә verirlәr, әrin kim olacaqdır, getdiyin adam cavandır, qocadır, keçәldir, qoturdur, adam döyәndir....

A s y a (tәәccüblә). Bәs, ay Gülçöhrә, onda daha heç әrә getmәyib evdә qalıb un çuvalına tay olacaqsan?

T e l l i. Allah elәmәsin.

G ü l ç ö h r ә. Mәn deyirәm ki, evdә qalıb un çuvalına tay olasan? Mәn onu demәk istәyirәm ki, belә adam әvvәlcә bir kәrә ki, kimә gedәcәkdir. Baxa, bәyәnә, təhəp-tövpünә bәlәd ola, sonra әrә gedә.

A s y a (gülür). Elә söz danışırsan ki, bişmiş toyuğun gülmәyi tutar. Sәn bu dörd divarın içindә kimi görә bilәrsәn, a yazıq ki, (rişxәndlә) hәlә baxıb bәyәnәsәn?

G ü l ç ö h r ә. Elә olanda, evdә qız qalmaq yaxşıdır.

T e l l i. Әşi, tәki ağam sizi әrә versin, mәn qaçıb, gedib nişanlını görәrәm, evinә-eşiyinә baxaram, sonra gәlib hamısını sizә nağıl edәrәm.

G ü l ç ö h r ә ilә A s y a gülürlәr.

G ü l ç ö h r ә. Yaxşı, ay Telli, görünür ki, bizim adaxlımızı bir sәn görsәn kifayәtdir, dәxi bizim görmәyimiz lazım deyilmiş.

T e l l i. Yox, xanım, әvvәl mәn görәrәm, sonra siz görәrsiniz.

A s y a. Yaxşı, Telli, qoy sәn deyәn olsun, tәki bizi әrә versinlәr, yerdә qalanı asandır.

G ü l ç ö h r ә. Yox, mәnciyәz görüb bәyәnmәyincә әrә getmәyәcәyәm. Amma siz elә görmәmişdәn әrә gedәrsiniz.

T e l l i. Vallah xanım, elә görmәmişdәn әrә getmәk lazımdır, yoxsa әvvәl görәndә daha sonra yaxşı olmur. Amma görmәyәndә ürәyin tәlәsir ki, bir tez görәsәn. (Oxuyur)

Sәn o yanda, yar bu yanda,

Ceyran tәk boynun buranda

Baxışın min canlar alır,

Mәni qәmә-dәrdә salır.

M u s i q i

Sәn o yanda, yar bu yanda,

Hәrdәn qıyqacı baxanda,

Gözüm o gözlәrdә qalır,

Mәni qәmә-dәrdә salır.

M u s i q i

Sәn o yanda, yar bu yanda.

Saçların üzә salanda,

Göylәrә ahım ucalır,

Mәni qәmә-dәrdә salır.

(Nağıl edir). Sәni yaxşıca geyindirirlәr, bәzәyirlәr, sonra faytona mindirib allah-allahla aparırlar. Hәlә desәn ayağının altında qurban da kәsirlәr, sonra otağa aparıb gәrdәk dalında oturdurlar, ürәyin döyünә-döyünә gözlәyirsәn. Bir dә görürsәn ki, qapı açılıb oğlan çıxdı....

Bu әsnada qapı açılıb S o l t a n bәy çıxır. Qızlar sәslәrini kәsib işlәrinә mәşğul olurlar.

T e l l i (kәnara). Allah elәmәsin ki, belә oğlan olsun.

S o l t a n b ә y (әsnәyir). Ay qız Telli, min kәrә demişәm ki, mәn yatanda gәl mәnim üstümü basdır; indi üstü açıq yatmışam, deyәsәn belimә soyuq dәyibdir. (Әsnәyir). Ay ... rәhmәtlik Sona sağ olaydı.... Qәrәz ki, tәklik bir sәnәt deyildir.

G ü l ç ö h r ә. Ay ata, bizә desәydin örtәrdik, bilmәdik.

S o l t a n b ә y. Demәdim, demәdim, keçibdir. (Әsnәyir). Di, durun gedin evә, mәn dә şәhәrә çıxıram. Evdәn yaxşı muğayat olun. Durun. (Qızlar hamısı durub içәri daxil olurlar.) Olmur, tәklik mәnә әl vermir. Beş ildir ki, gün-gündәn geri gedirәm. Srağagün hәkim Mirzә Hüseynә deyirәm ki, oram ağrıyır, buram ağrıyır, deyir ki, bir arvad al. Hanı bir elә arvad ki, uğruma gәlәydi alaydım. Әlbәttә, mәnә qız vermәzlәr. Çünki yaşım çoxdur, pulum da yox. Vә bir dә tәzәdәn top-tüfәnglә evlәnmәk mәnә yaraşmaz; mәnimki bir hallıca, dulluca arvaddır ki, bir nәfәr molla, üç manat pul vә bir kәllә qәnd ilә iş tamam ola. Ondan sonra arvad başlar gecәlәr saqqalıma hәna yaxar, sәhәrlәr dә yuyar. Yatanda da belimә soyuq dәymәz. Qәrәz, gedәk, bazara, görәk nә var, nә yox. (Gedir).

M u s i q i

Ә s g ә r pәrdә dalında oxuyur.

Ә s g ә r.

Arşın mal alan. (2 dәfә)

Arşın mal alan.

Bafta, tafta, buxça hey....

Ә s g ә r qoltuğunda arşın malı vә arşın sәhnәyә çıxır.



Ә s g ә r. Tamam üç gündür, qapı-qapı dolanıb gәzirәm, amma axtardığımı tapa bilmirәm. Bu günü dә başa çıxardım görüm nә olur. Ey bәxt sәndәn mәdәd.

M u s i q i

(Yenә oxuyur).

Arşın mal alan. (2 dәfә)

Arşın mal alan.

Bafta, tafta, buxça hey....

Bu halda G ü l ç ö h r ә, A s y a vә T e l l i bir tәrәfdәn vә qonşu qızlar o tәrәfdәn bayıra çıxırlar. Qızlar Ә s g ә r i çağırır.

Q ı z l a r. Arşınmalçı, arşınmalçı bura gәl.

Q ı z l a r xoru. (Soprano)

Arşınmalçı mal göstәr,

Bir-bir yerә sal göstәr.

Göstәr-göstәr hәr nә var,

Qızlar bәzәnmәk istәr.

M u s i q i

H a m ı.

Ah, nә gözәl parçadır,

Güllәri dә qonçadır,

Toy bәzәyi xonçadır, xonça, (2 dәfә)

Xonça....

Ondan bir paltar tikdirsәydim,

Oynardım mәn doyunca-doyunca,

M u s i q i

Xor bir dә tәkrar olunur.

Ә s g ә r (gedә-gedә). Aha, deyәsәn qız mәdәninә düşmüşәm. Bir sürü birdәn çıxdı. Görәk necә şeydirlәr. (Onlara). Deyin görüm, gözәl xanımlar, nә istәyirsiniz? Çit, ipәk, mәxmәr, bafta, tafta, hәr şeyim var.

G ü l ç ö h r ә. Aç görәk xoşumuza gәlәn nә var.

Ә s g ә r. Bu saat, xanım. (Açır, Gülçöhrәyә diqqәt yetirir).

A s y a (kәnara). Batmış nә göyçәk oğlandır.

Ә s g ә r. (yenә diqqәtlә baxır). Bax, xanım, hәr nә könül istәyәn desәn, hamısı burada vardır. (Kәnara). Amma əcәb qızdır.

T e l l i. Ay xanım, o tumanlıq nә yaxşıdır.

A s y a. A, nәyә lazım olan şeydir ki....

G ü l ç ö h r ә (Asyaya). Sәnә lazım olmaz, amma Telliyә lazım olar.

Ә s g ә r. Doğru buyurursan, xanım. (Kәnara). Agıllı qızdır, ha!... (Ona) Neçә arşın buyurursan qulluqçunuz ünün kәsim.

G ü l ç ö h r ә. Arşını neçәdәndir?

Ә s g ә r. Heç neçә, on iki qәpikdir. Amma sizә iki şahıdan hesab elәrәm.

G ü l ç ö h r ә. Bu cürә çitin arşınını biz hәmişә sәkkiz qәpikdәn alırıq, elә versәn on arşın kәs.

Ә s g ә r. Zәrәr yoxdur, sizә qurban olsun. (Olcur). Bir ... İki. (Kәnara) Amma, deyәsәn, axtardığımı tapmışam ... üç ... dörd ... vallahi çox gözәl qızdır ... beş ... altı ... yeddi ... deyәsәn elә qismәtim bu olacaqdır ... sәkkiz ... doqquz, görünür zahiri, gözәl olan kimi batini dә gözәldir ... on ... on bir ... on iki....

G ü l ç ö h r ә. On arşın bәsdir.

Ә s g ә r. Buy, hә. Fikrimdәn çıxdı, budur elә on arşındır. (Kәsir qulluqçuya verir).

A s y a. Ah, bizә yaraşan heç zadın yoxdur.

Ә s g ә r. Xanım, sizә yaraşan şeyim çoxdur, ancaq evdәdir. İnşallah gәlәn sәfәr gәtirәrәm. (Gülçöhrә pul verir). Xanım evin abadan, sәnin әlinin bәrәkәti mәnә bəsdir.

G ü l ç ö h r ә. Nә bildin ki, әlimin bәrәkәti vardır?

Ә s g ә r. Elә belә ürәyimә damdı ki, sәnin әlin bәrәkәtlidir. (Kәnara). Vallah, mәn deyәn elә budur ki, var. (Ona). Xanım, bura Soltan bәyin evi deyilmi?

G ü l ç ö h r ә. Özüdür.

Ә s g ә r. Abad olsun! Bәs Soltan bәyin qızı hansınızdır?

A s y a. Bu özüdür.

Ә s g ә r. Allah ömür versin. (Kәnara). Çox gözәl qızdır.

A s y a. Ay Gülçöhrә gedәk evә; yoxsa әmim gәlәr acığı tutar.

Gedirlәr.

Ә s g ә r. Sağ olun, var olun!

G ü l ç ö h r ә (gedә-gedә). Sәn dә sağ ol!

Ә s g ә r (tәk). Sözün doğrusu, bundan yaxşı qız görmәdim vә ola bilsin ki, heç görmәyim. Gәl Әsgәr, ya qismәt de, bunu al. Soltan bәy mәni görmәyibdisә dә, adımı eşidibdir. Bilir ki, dövlәtli tacir oğlanam. Yәqin qızı istәsәm verәr. İndi görәsәn, qız bilsә ki, mәn doğrudan da arşın mal satanam, mәnә gәlәrmi? Qızı bilmirәm, amma Soltan bәy bilsә ki, mәn arşın mal satanam, min il dә qalsa, qızı mәnә vermәz. Allahın altında qız bir dә çıxaydı, yenә bir görәydim, danışdıraydım. Dayan.... (Qapıya baxır). Deyәsәn, gәlәn var. Qoy gizlәnim görüm kimdir. (Gizlәnir, qapı açılıb Gülçöhrә çıxır).

G ü l ç ö h r ә. Asya demişkәn, arşınmalçının sir-sifәti yaxşı idi. İndi Asyaya desәn ki, gәl sәni ona әrә verәk, bir hәşir qatar, deyәr ki, mәn arşınmalçının tayıyam? Amma mәncә, arşınmalçılıq pis iş deyil ki. O da tacir kimi bir şeydir. Vallah, atam razı olsa mәn ona әrә gedәrәm. Çünki nә sayaq olsa, yenә dә üzünü görmüşәm, bilirәm ki, şil deyil, kor deyil, keçәl deyil, sifәti dә xoşuma gәldi. Üzü nәcib adamın üzünә oxşayır. Vallah onu qәşәng geyindirәsәn, bir oğlan çıxar ki, bәy balası kimi.... Mәnә deyir ki, yәqin sәnin әlin bәrәkәtlidir. Özü dә elә baxırdı ki, guya tәk mәni görür.... Bir dә görsәydim, yaxşıca diqqәt edәrdim.... Ah, gör nә danışıram, kim bilir, bәlkә onun arvad-uşağı vardır.... (Fikrә gedir).

Ә s g ә r (çıxır hüzura, arşın ğoltuğunda). Xanım, bağışla....

G ü l ç ö h r ә (sәksәnir), Uy, qorxdum a....

Ә s g ә r. Qorxma, xanım, deyәsәn mәn arşını burada qoyub getmişәm.

G ü l ç ö h r ә. Olsa burada qalardı....

Ә s g ә r. Zәrәr yoxdur, evdә alahı arşınım vardır.

G ü l ç ö h r ә (kәnara). Yenә o sayaq baxır, gözü-gözümә sataşanda elә bil ki, ildırım kimi mәni vurur.

Ә s g ә r. Xanım, allahın altında Soltan bәyin on iki nәfәr sәn kimi qızı olaydı.

G ü l ç ö h r ә. Yәni nә demәk istәyirsәn?

Ә s g ә r. Onu demәk istәyirәm ki, bir qızını bәyә, birini xana, birini tacirә, birini mollaya, birini dә seyidә verib, axırda birini dә mәnә verәydi....

G ü l ç ö h r ә. Nә olar ki....

Ә s g ә r. Amma yox, vermәz, әlbәttә vermәz. O bir bәy adamdır, amma mәn arşınmalçı. O mәnә qız vermәz.... (Kinayә ilә) vә bir dә versә dә, qız gәlmәz....

G ü l ç ö h r ә. Görünür ki, sәn subaysan.

Ә s g ә r. Lap subayam, allahın bәrәkәtindәn işim dә çox yaxşı gedir. Bir parça çörәyim var, ac deyilәm.

G ü l ç ö h r ә. Bәs nә üçün indiyә qәdәr evlәnmәyibsәn?

Ә s g ә r. Nә sayaq evlәnim; görmәdiyim qızı almaram; gördüyüm qızlardan da xoşuma gәlәn, ürәyimә yatan bir nәfәr olubdur ki, onu mәnә vermәzlәr....

G ü l ç ö h r ә. Qız özü sәnә getmәzmi?

Ә s g ә r. Yәqin ki, getmәz, çünki o bәy qızıdır.

G ü l ç ö h r ә. Sәn әvvәlcә qızdan soruş, sonra de. Nә bilirsәn getmәz?

Ә s g ә r. Doğru buyurursan, xanım, bәs, elә isә de görüm mәnә gәlәrsәnmi?

G ü l ç ö h r ә (tәәccüblә). Kim? Mәn?

Ә s g ә r. Bәli sәn, mәnim xoşladığım qız bircә sәnsәn.

G ü l ç ö h r ә. Mәn elә bildim ki, özgә qızdır....

Ә s g ә r. Sәndәn başqa özgәsi ola bilmәz.

G ü l ç ö h r ә. Bәs sәn mәni bir kәrә görmәklә xoşladın?

Ә s g ә r. Әlbәttә, xanım, göz gördü, könül sevdi. Gözüm sәni görәn kimi, qәlbim sevindiyindәn çırpınmağa başladı.

G ü l ç ö h r ә (kәnara). Vallah mәnimki dә elә oldu.

M u s i q i

Ә s g ә r.

Öyrәnib pürfәnd oldum,

Özgәyә rüşxәnd oldum. (2 dәfә)

Hәr bir dәrdә mәn doldum,

Sәni gördüm, bәnd oldum. (2 dәfә)

Elә bәnd oldum, elә bәnd oldum,

Elә bәnd oldum, dilbәr!

Dura bilmәm mәn sәnsiz.

M u s i q i

G ü l ç ö h r ә.

Heç kәsi mәn görmәzdim,

Sirrimi söylәmәzdim. (2 dәfә)

Nәdir aşiq bilmәzdim,

Sәni gördüm bәnd oldum. (2 dәfә)

Elә bәnd oldum, elә bәnd oldum.

Elә bәnd oldum, dilbәr!

Dura bilmәm mәn sәnsiz.

M u s i q i

İ k i s i b i r y e r d ә.

Kömәk etdi çün ol bәxt,

Gәldi çatdı axır vәxt. (2 dәfә)

Ömrümü bildim xoşbәxt,

Sәni gördüm bәnd oldum. (2 dәfә)

Elә bәnd oldum, elә bәnd oldum,

Elә bәnd oldum dilbәr. (2 dәfә)

Dura bilmәm mәn sәnsiz.

M u s i q i

Ә s g ә r. Xanım, mәn sәnә yaraşan deyilәm.

G ü l ç ö h r ә. Bilmirәm, amma xoşlamışam.

M u s i q i

Ә s g ә r. Görünür, doğru deyirlәr ki, qәlb qәlbi istәr, xanım....

G ü l ç ö h r ә. Mәnә xanım demә, adım Gülçöhrәdir.

Ә s g ә r. Gülçöhrә, bәs nә sayaq edәk ki, atan sәni mәnә versin?

G ü l ç ö h r ә. Mәni atamdan istә, verәr, verәr, vermәz--mәn özgәsinә әrә getmәrәm....

Ә s g ә r (kәnara). Çox әcәb. (Ona) Atan sәni güclә verәr.

G ü l ç ö h r ә. Güclә dә getmәrәm.

Ә s g ә r. Sәni zorla apararlar.

G ü l ç ö h r ә. Özümü boğaram.

Ә s g ә r. Allah elәmәsin. İndi ki, belә oldu, qoy bir yaxşı fikir edәk görüm bәlkә bir әlac taparam. İndi sәn get evә, yoxsa bizi görәrlәr, xudahafiz.

G ü l ç ö h r ә. Xudahafiz. Amma onu bil ki, sözüm sözdür. (Gedir).

Ә s g ә r (tәk). Deyirәm vallah, ürәk elә bir olur. Yazıq qız mәni xoşlayıbdır. Özü dә bilmir ki, dövlәtli tacirәm. Mәn dә qәsdәn demәdim ki, qoy axıra kimi qızı sınayım. Çox әcәb. İndi mәn gedim bir bәhanә ilә xalamı dәxi buraya göndәrim ki, baxsın, görsün necә qız seçmişәm.

Gedir.

G ü l ç ö h r ә çıxıb ora-bura baxır vә sonra oturub fikrә gedir.

G ü l ç ö h r ә. Bu nә iş idi mәn elәdim. Yad oğlanla nәlәr danışdım ki, heç qıza yaraşmaz.... Bilmirәm haradan gәldi çıxdı. Özü yaxşı, sözü yaxşı.... Heç fikrimdәn çıxmır.... Ah, necә könlüm pәrişan olubdur (Oxuyur).

M u s i q i

Aşiq oldum necә bir tazә güli-rәnayә.

M u s i q i

Aşiq oldum necә bir tazә güli-rәnayә

Ki salıbdır mәni ol işvә ilә qovğayә. (2 dәfә)

Aşiq oldum, aşiq oldum, aşiq oldum,

Necә bir tazә güli-rәnayә. (2 dәfә)

M u s i q i

Gözümün qanı ilә sinәmi al etdim kim, (2 dәfә)

Sәbәbi-sәnәt ola ol büti-bipәrvayә, (2 dәfә)

Pәrvayә, pәrvayә.

Bu bir işdir ki, mәni iynә kimi incәldib, (2 dәfә)

Salır iplik kimi hәrdәm bir uzun sövdayә,

Aşiq oldum, aşiq oldum, aşiq oldum,

Necә bir tazә güli-rәnayә. (2 dәfә)

A s y a vә T e l l i çıxıb oxuyurlar.

A s y a vә T e l l i.

Nә pәrişandır halın

Gülçöhrә, Gülçöhrә?!

Nәdir bu ahı-zarın?

Tez söylә, tez söylә.

Niyә solmuş rüxsarın?

Gülçöhrә, tez söylә.

Qıza layiq olmaz kim,

Dәrd etsin, qәm çәksin. (2 dәfә)

Nәdir bu ahı-zarın?

Gülçöhrә, tez söylә,

Gülçöhrә, tez söylә. (2 dәfә)

H a m ı s ı içәri girirlәr. Bu halda Ә s g ә r x a l a s ı ilә bәrabәr çıxır. Cahan çarşaba bürünübdür.

Ә s g ә r. Bax, xala, haman qız bu evdә olur. Apararsan bu mәxmәri vә deyәrsәn ki, arşınmalçı göndәribdir. Soruşan olsa ki, sәn kimsәn, deyәrsәn ki, arşınmalçının xalasıyam. Başa düşdünmü?

C a h a n. Başa düşdüm, xalan sәnә qurban, gedirәm. (Gedib içәri girir).

Ә s g ә r (tәk). Amma getdikcәn qıza daha artıq bәnd oluram. Günü bu günü Süleymanı görsәm göndәrәcәyәm ki, gedib elçilik elәsin.... Belә istәdiyimi tapdım.... Bu ev, bu hәyәt, bu yol hamısı elә bil ki, üzümә gülür. (Oxuyur).

M u s i q i

Axtarıb tapdım sәni, sәndәmi sevdin, yar mәni? (2 dәfә)

Gör nә haldır görmür gözüm, şadlığımdan dünyanı

Gәl-gәl maralım, gәl, gәl-gәl, ceyranım, gәl. (2 dәfә)

Sәni sevdim, yar sәni sevdim, gözüm görmәz özgәni.

M u s i q i

Halal olsun Süleyman.

M u s i q i

Halal olsun Süleyman, sәn nә kәlәkbazsan, şeytan!

Öyrәdib mәni yola saldın, mәnә rast gәldi yar can. (2 dәfә)

M u s i q i

Gәl-gәl maralım gәl, gәl-gәl ceyranım gәl! (2 dәfә)

Sәni sevdim, yar, sәni sevdim, gözüm görmәz özgәni. (2 dәfә)

İndi burada dayanmayım. Gedim evә, xalam gәlsin görәk nә söylәyәcәkdir. (Gedir).

S o l t a n b ә y bazardan qayıdır, yavaş-yavaş gәlә-gәlә özbaşına danışır.

S o l t a n b ә y. Elә hamı mәn deyәni deyir: bir hallıca dul arvad ola ki, bir nәfәr molla, üç manat pul vә bir kәllә qәndlә iş tamam ola. İndi mәn nә qayırım? Elә arvadı haradan tapım? Gәl, ay arvad. Haradasan? Gәl, gәl. (deyәn kimi Cahan çıxır vә buna tәrәf gәlir ki, keçsin. Soltan bәy tәәccüblә). Paho!... Yoxsa mәni qara basır.... Yox, deyәsәn diri gözlü arvaddır. Özü dә bizdәn çıxdı. Deyәsәn, allah mәnimkini yetirdi. (Cahana tәrәf gedir) Ay bacı, kimsәn, bizdә nә işin var idi?

C a h a n. Arşın mal aparmışdım, qızlara göstәrәm.

S o l t a n b ә y (kәnara). Arvad olmağına arvaddır, ancaq üzünü görsәm pis olmaz. (Ona). Yaxşı, bacı bir de, çarşaba bürünmüş kişi olmayasan?

C a h a n. Buy ... ay qardaş, nә söz danışırsan?

S o l t a n b ә y. Bәs elә isә bir balaca üzünü mәnә göstәr ki, yәqinlik hasil olsun.

C a h a n (üzünü açıb göstәrir). Gördün ki, arvadam!

S o l t a n b ә y. Hә, gördüm. (Kәnara). Arvadsan, özü dә lap mәn deyәndәn. (Ona). Di yaxşı, bir mәni başa sal görüm sәn kimsәn, nәçisәn vә kimin adamısan?

C a h a n. Mәn arşınmalçının xalasıyam, özüm dә qızlara, arvadlara mal satıram.

S o l t a n b ә y. Yaxşı, mәnә bir demәdin ki, görәk kimin adamısan.

C a h a n. Bәy, dәllal Kәrbәlayı Nәsirin külfәtiyәm, bәlkә tanıyasan?

S o l t a n b ә y. Xeyr, tanımıram, mәnim dәllal-mәllal ilә işim olmaz.... Yaxşı, demәli, sәnin kişin dәllallıq edir, özün dә arşın mal satırsan.

C a h a n. Bәli, kişim dәllallıq elәrdi.

S o l t a n b ә y. Edәrdi? Bәs indi nә iş görür?

C a h a n. İndi allah bilir ki, nә iş görür; rәhmәtlik on iki ildir ki, ölübdür.

S o l t a n b ә y (sevinir). Ölübdür? Demәli, sәn dulsan?

C a h a n. Bәli, dulam.

S o l t a n b ә y. Belә de dә. (Öskürür vә özünü düzәldir). Deyirsәn on iki ildir ki, әrin ölüb dul qalıbsan.... Çox әcab, indi-bәs necә eylәyәk?

C a h a n. (tәәccüblә) Nәyi necә eylәyәk?

S o l t a n b ә y (karıxmış). Yox, belә onu deyirәm ki, mәnim dә arvadım budur, beş ildir ki, mәrhum olubdur. Belә olmaq çox pis şeydir. Adam lap tәk qalır, bilmir ki, nә etsin. (Kәnara). Yaxşıca әlimә düşübdür, heç buraxmaq lazım deyildir. (Cahan istәyir getsin Soltan, bәy tez qabaqlayır). Әşi, bir dayan, hara tәlәsirsәn?

C a h a n. Tәlәsiyirәm, işim var.

S o l t a n b ә y. Daha bundan gözәl nә iş olar, әcәb söhbәt elәyirik. Sәn dul, mәn dul, gәl dәrdlәşәk dә.... Yaxşı, indi sәn deyirsәn ki, dulsan, hә?

C a h a n. Buy, dedim әrim on iki ildir ki, ölübdür....

S o l t a n b ә y. Axı burası var ki, mәn dә dulam....

C a h a n. Nә olar, allahın әmridir. Tәk sәnin başında görünmәyib ki....

S o l t a n b ә y. Orasını bilirәm.... Bura bax, gәl biz ikimiz bir iş edәk.

C a h a n. Nә iş?

S o l t a n b ә y. Belә iş ki, nә sәn dul olasan, nә dә mәn....

C a h a n. Nә sayaq elәyәk?

S o l t a n b ә y. Nә sayağı var ki, bir nәfәr molla, üç manat pul, bir kәllә qәnd, şütt-tamam, vәssalam.

C a h a n. Heç başa düşmürәm ki, nә deyirsәn.

S o l t a n b ә y. Başa düşmürsәn? Әcәb dilbilmәzsәn! Bәs, elә isә, dürüst qulaq as gör nә deyirәm, a dilbilmәz.

M u s i q i

(Çırtı vura-vura oxuyur.)

Bir at aldım, hәr yanı çapdım,

Gәl alım, gәl alım, dilbilmәz!

Axır gәlib sәni tapdım, maralım, maralım, dilbilmәz!

Aman, aman oy, qaşı kaman oy!

Gәl alım, gәl alım, maralım, dilbilmәz! (Oynayır).

M u s i q i

Bir ev tikdim, daş-üstәdir, gәl alım, gәl alım, dilbilmәz!

Hәr nә desәn baş üstәdir, gәl alım, maralım, dilbilmәz!

Aman, aman oy, qaşı kaman oy! Gәl alım, maralım, dilbilmәz! (Oynayır).



M u s i q i

Sәn dul, mәn dul, gәl mәnә bәnd ol, gәl alım; gәl alım, dilbilmәz!Hәr nә desәm ona razı ol, maralım, maralım, dilbilmәz!

Aman, aman oy, qaşı kaman oy! Gәl alım, gәl alım, dilbilmәz!

(Bu halda Ә s g ә r gәlir vә bunları görür.)

Ә s g ә r. Aha! Xalamın da işi düzәldi. Әcәb! (İrәli gәlir, oynamaqda olan Soltan bәyin qulağına.) A bәy! A bәy! Bir dayan söz deyirәm (Soltan bәy sәksәnib dayanır). Axı belә iş yaxşı deyildir; özgәnin arvadına eşqnamә oxuyursan.

S o l t a n b ә y. Balam, sәn kimsәn, sәnә nә?

Ә s g ә r. Necә mәnә nә? Bu mәnim xalamdır.

S o l t a n b ә y. Xalandır? Demәli, arşınmalçı sәnsәn?

Ә s g ә r. Bәli, mәnәm.

S o l t a n b ә y. Çox gözәl, çox pakizә. Balam, heç sәnin insafın-zadın yoxdur?

Ә s g ә r. Nә olubdur ki?

S o l t a n b ә y. Nә olacaq ki? Bu yazıq arvadı on iki ildir ki, dul saxlayıb әrә vermirsәn.

Ә s g ә r (gülümsünür). Nә edim, bir yaxşı adam tapmıram.

S o l t a n b ә y. Yaxşı adam--mәn. Gәl dә!... Gәl qohum olaq, mәn dә dulam.

Ә s g ә r (kәnara). Aha, yaxşı fürsәtdir. (Ona). Doğru deyirsәn, bәy, ya zarafat edirsәn?

S o l t a n b ә y. Tayımsan ki, zarafat edim? Lap ürәkdәn doğru deyirәm.

Ә s g ә r. Yaxşı, bәy, fәrz edәk ki, mәn xalamı verdim sәnә, bәs әvәzindә sәn mәnә nә verәrsәn?

S o l t a n b ә y. Nә verәcәyәm? Sәnin muzdun bu olar ki, mәnim kimi bәylә qohum olarsan. Xalanın muzdu o olar ki, canı rahat olar. Mәnim dә muzdum budur ki, savab yiyәsi olaram. Daha bundan artıq nә istәyirsәn?

Ә s g ә r. Yox, bәy, bu sayaq sәrf elәmәz....

S o l t a n b ә y. Bәs nә sayaq sәrf elәr?

Ә s g ә r. Bax, bәy, indi ki, mәnimlә qohum olmaq istәyirsәn, gәl ikibaşlı qohum olaq.

S o l t a n b ә y (tәәccüblә). Nә sayaq ikibaşlı?

Ә s g ә r. Bu sayaq ki, mәn xalamı verim sәnә, sәn dә qızını ver mәnә.

S o l t a n b ә y (bәrk acıqlı). Axmağın birisi axmaq! Nә yava-yava danışırsan?! (Xәncәrdәn yapışır). Mәn bәy balası kimi qızımı arşın mal satana verәcәyәm?! Cәhәnnәm ol buradan sәn dә, sәnin xalan da!... Qudurğanın birisi, bir sillә çәkәrәm ki, dişlәrin qarnına gedәr. Rәdd ol gözümün qabağından!

Ә s g ә r (arxayınca). Xala, gәl gedәk. (Gedirlәr. Kәnara). Arşınmalçı Әsgәrә qız vermәdi, amma tacir Әsgәrә verәcәkdir.

S o l t a n b ә y. Tez ol, itil buradan! (Evә tәrәf gedib qapının azğında dayanır vә gedәnlәrә baxır. Onlar gedirlәr.) Gör nә qudurğan gәdәdir ki, cürәt edib qızımı istәyir. (Xәncәrini çәkib yüyüryr). Öldürәrәm sәni qudurğan oğlu, qudurğan. (Qayıdıb fikrә gedir). Yoxdur, yoxdur mәndә bәxt. Arvad әlimә göydәn düşmüş kimi olmuşdu, özü dә әsl mәn deyәn hallıca arvad ki, iş bir nәfәr molla ilә bir kәllә qәndә bәnd idi; mәrdümәzar oğlu, mәrdümәzar hayandan gәldisә bütün işi korladı. Planımı dağıtdı. Ey vay.... (Oxuyur).

Nә pis oldu halım mәnim, gәl alım, gәl alım, gәl alım, dilbilmәz!

Getdi әldәn yarım mәnim, gәl alım, maralım, dilbilmәz! Aman, aman oy.... (Girir içәri.)

P ә r d ә


ÜÇÜNCÜ MӘCLİS

S o l t a n b ә y i n evindә vaqe olur. G ü l ç ö h r ә tәkcә oturub oxuyur. Musiqi çalınır.

Bülbüli-zarәm, güli-rüxsari-alindәn cüda.

M u s i q i

G ü l ç ö h r ә

Bülbüli-zarәm, güli-rüxsari-alindәn cüda,

Tutiyi-lalәm, şәkәr nisbәt mәqalindәn cüda. (2 dәfә)

M u s i q i

Der idim sәbr eylәyim olsam cәmalından cüda.

M u s i q i

Der idim sәbr eylәyim olsam cәmalindәn cüda,

Bilmәdim düşvar imiş olmaq vüsalindәn cüda. (2 dәfә)

Ah ... aman-aman ... aman-aman!

Bilmәdim düşvar imiş olmaq vüsalindәn cüda. (2 dәfә)

Yar gәl, yar gәl, yar gәl, yar gәl!...

M u s i q i

Әqlimi tәrk eylәdim fәzlü kәmalindәn cüda.

M u s i q i

Әqlimi tәrk eylәdim fәzlü kәmalindәn cüda.

Dönmüşәm mәn müflisә cahü cәlalından cüda. (2 dәfә)

M u s i q i

Tirә oldu ruzigarım zülfü xalindәn cüda.

M u s i q i

Tirә oldu ruzigarım zülfü xalindәn cüda,

Oldu sәhra mәnzilim vәhşi qәzalindәn cüda. (2 dәfә)

Ah aman, aman, aman, aman!

M u s i q i

Oldu sәhra mәnzilim vәhşi qәzalindәn cüda. (2 dәfә)

Yar gәl, yar gәl, yar gәl, yar gәl!...

M u s i q i

Üzünü örtüb ağlayır.

A s y a (daxil olub Gülçöhrәnin yanına gәlir). Ah Gülçöhrә, sәn allah, bir de görüm sәnә nә olub ki, bu bir neçә gündür belә pәrişan görünürsәn?

G ü l ç ö h r ә. Vallah, heç özüm dә bilmirәm. Yәqin naxoş olmuşam.

A s y a. Axı naxoş olanın bir yeri ağrıyar. Görünür ki, sәnin heç yerin ağrımır, şükür allaha.

G ü l ç ö h r ә. Ah, Asya, neylәyirsәn soruşub, sәn allah qoy mәni әldәn.

A s y a. Yox, Gülçöhrә, bu bir neçә gündür ki, sәn bilmәrrә dәyişilibsәn. Eyzәn fikirdә, kefsiz, dinmәz, yәqin burda bir hikmәt vardır.... Ay qız, bәlkә bir adama bәnd olubsan, hә?

G ü l ç ö h r ә. (Hәrәkәt edir). Kimә bәnd olacağam....

A s y a. Yox-yox, qızardın. Görürәm ki, bir adama bәnd olubsan, ancaq o adam kimdir? Bizә arşın malsatandan başqa heç kәs gәlmәmişdi. (Birdәn). Yәqin o gәdәyә bәnd olubsan?

G ü l ç ö h r ә. Gәdә nә üçün olsun?!

A s y a. Aha, bildim. Arşınmalçıya gözün düşübdür. Ay qız, heç sәnә yaraşan işdirmi? Sәn bәy qızı, bәy balası bir gәdәnin birinә bәnd olubsan.... Nәdir-nәdir bir qәdәr sir-sifәti var. Vallah, istәr lap çıraq kimi yansın, heç bir belә dә mәhәl qoymaram; o hara, mәn hara....

G ü l ç ö h r ә. (tәqsirli kimi). Vallah özüm dә başa düşmürәm ki, bu nә haldır. (Ağlamsınır vә әllәri ilә üzünü örtür.)

A s y a (nәsihәtyana). Sәn yekә qızsan, elә şeylәri başından çıxart. Sәn hara, bazarın gәdәsi hara? Barı bәnd olursan, elә adama bәnd ol ki, sәnә yaraşan olsun. İkinciyә qalan yerdә bәnd olmaq özü qız üçün çox pis şeydir. Bax, mәn sәnin kimi bir qızam, amma heç gör mәn bir adama bәnd olurammı? Bir dә vallahi, işdir, birdәn atan bilsә, yәqin bil ki, sәni tikә-tikә doğrar.

G ü l ç ö h r ә. Qoy atam bilsin, bir kәrәlik mәni öldürsün ki, canım qurtarsın.

A s y a. Axmaqlama, axmaqlama! Gәl bәri, gedәk o biri otağa, gör sәnә nәlәr söylәyәcәyәm.

G ü l ç ö h r ә n i aparır, gedirlәr.

S o l t a n b ә y (daxil olur, tәk). Zalım oğlu arşınmalçının xalası yaxşı girimә keçmişdi, olmadı. Әsl mәn deyәn arvad elә o idi ki, hallıca, dul, әndamlı. Bir nәfәr molla, üç manat pul vә bir kәllә qәnd, şüt-tamam, vәssalam. Amma di gәl ki, mәndә bәxt yoxdur.... Qudurğan oğlu qudurğan, bir dul xalasının әvәzindә gözәl-göyçәk qızımı istәyir. Guya ki, mәn qızımdan әl çәkmişәm, bazarın gәdәsinә verәm.... Mәn bir bәyәm ki, bütün tanışlarım adımı әzbәr bilir. Әşi, xanla aş yemirәm ki, bığım yağa batar, bir gәdәnin birisi mәnә göyә olmaq istәyir.... Amma xalasını alardım vә bir söz deyәn olsaydı, deyәrdim ki, bir fәqir dul arvad idi, rәhmim gәldi, aldım.... Әlqәrәz, arvad elә öz ayağı ilә yanıma gәlmişdi, şeytan oğlu şeytan işә pәrxaşlıq saldı. Qoymadı işimizi görәk.... Ah, gedәk bir az dincәlәk; yenә belimin ağrısı tutdu.... (Gedir o biri otağa, bu biri otaqdan Telli çıxır.)

T e l l i (tәk). Of, yenә ağam getdi uzanmağa. Kişi lap zәhlәmi tökübdü, indi yenә çağıracaqdır ki, ay qız Telli, gәl üstümü basdır. (Soltan bәyin sәsi gәlir: "Ay qız Telli, gәl üstümü basdır"). Çor, zәhrimar.... (Mülayim) Gәlirәm, gәlirәm. (Gedir.)A s y a (daxil olub, tәk). Ha öyüd, nәsihәt edirәm olmur. Görünür ki, qız gәdәyә çox bәnd olubdur. Ağlayır, ağlayır, gözünün yaşını dolu kimi tökür; adamın rәhmi gәlir: bilmirәm hayandan gәldi çıxdı bura arşın malsatan.... Yenә bir bәy balası ola, ya bir tacir oğlan ola, yeri var. Halbuki bazarın gәdәsi.... (Pәnçәrәyә tәrәf baxır). O kimdir bizә gәlir? Buy, nә yaxşı oğlandır, vallah lap bәy balasına oxşayır. Bax adam bәnd olanda da belәsinә ola. Görәsәn bu bizә niyә gәlir, xeyir xәbәr ola. Gәlir, gәlir, düz bizә gәlir, qoy gәlsin qaçmayacağam. Gәldi....

Q a p ı döyülür. A s y a qapını açır. S ü l e y m a n daxil olur. Asya әli ilә üzünü gizlәtmәk istәyir.

S ü l e y m a n. Soltan bәy evdәdirmi?

A s y a. Bәli, evdәdir. Bir qәdәr burada әylәşin, gedim çağırım. (Gedir.)

S ü l e y m a n (tәk). Yәqin ki, Soltan bәyin qızıdır, amma әcәb gözәl qızdır, bәrәkәllah, Әsgәr! Görünür ki, kişinin ruhu var ki, özünә bu cür qız seçibdir. Mәn belә bilmәdim ki, Soltan bәyin qızı gözәl imiş, yoxsa әvvәldәn bilsәydim özüm alardım. Heyf. Amma yaxşıca qızdır. Vallahı çox böyük sәhv elәmişәm. Gәrәk bu qızı mәn alaydım. Halbuki indi gәlmişәm qızı Әsgәr üçün istәyәm. (Fikir). Yoxsa, bәlkә elә gәlmişkәn, elә özüm üçün istәyim?... Yox, bu yoldaşlıq haqqında namәrdlik olar. Әsgәr mәnә etibar edib elçiliyә göndәribdir, özü dә qıza bәnddir, necә ola bilәr ki, onu mәyus elәyim, lәnәt şeytana. Adam gәrәkdir dostluqda düz ola. Nә elәmәk? Mәn dә axtararam, özümә bir gözәl qız taparam, xainlik pis şeydir.

S o l t a n b ә y daxil olur.

S o l t a n b ә y. Paho, Süleyman, sәn hara, bura hara? Xeyir xәbәr olasan, әylәş görәk nә var, nә yox? (Әl-әlә verib, otururlar).

S ü l e y m a n. Bәy, xeyir olmamış nә olacaq? Şükür allaha, hәr şey öz yerindә sazdır.

S o l t a n b ә y. Çox gözәl, indi söylә daha nә var, nә yox?

S ü l e y m a n. Bәy, bilirsәn bu dünyanın işi elә belә gәlibdir ki, insan insana lazım olur, adam adama gәrәk olur. Görürsәn ki, әvvәlcә bir adamı heç tanımırsan, sonra tanış olrusan, ondan sonra lap qohum olursan. Ancaq bir iş var ki, qohum olanda, gәrәk elә olasan ki, sәnә yaraşan ola, özü dә varlı ola, adlı-sanlı ola.... Mәsәlәn, götürәk bizim cavan tacirimiz Әsgәri....

S o l t a n b ә y. O kimdir?

S ü l e y m a n. Bәy, sәn onun özünü tanımasan da, atasını yaxşı tanıyırsan. Mәrhum bәzzaz Mürsәli deyirәm ki, bir gözәl kişilәrin birisi idi.

S o l t a n b ә y. Hə, yaxşı tanıyıram; hәqiqәt, mәrhum çox gözәl kişi idi.

S ü l e y m a n. Bәli, indi Әsgәr dediyim oğlan onun oğludur ki, o da hәr bir barәdә atası kimi gözәl adam vә ağıllı oğlandır. Özünün dә şükür allaha, yaxşı varı, malı. Alveri dә çox böyük tәrәqqidәdir.

S o l t a n b ә y. Yaxşı, Әsgәr nә deyir?

S ü l e y m a n. Әsgәrin dediyi odur ki, sәninlә qohum olmaq istәyir.

S o l t a n b ә y. Balam, mәnim qızım uşaqdır ki....

S ü l e y m a n. Bәy, gәrәk uşaq olmasın. Amma onu bil ki, Әsgәr özgә adamdır, bәy. O sayaq oğlanın qohumluğu sәnә hәr bir barәdә yaxşı olar.

S o l t a n b ә y. San orasını doğru deyirsәn; hәqiqәt tacir tayfası mәnim xoşuma gәlir. Yoxsa bu incinar-mincinar, doxtur-moxtur, vәkil-mәkil, uçitel-muçitellәr ilә mәnim işim olmaz. Vә xoşuma da gәlmәzlәr. Ancaq burası var ki, Әsgәri mәn görmәmişәm. Hәrçәnd bilirәm ki, atası yaxşı kişi idi vә dövlәti dә çox idi, ancaq bәzi vaxt yaxşı kişinin pis övladı olur.

S ü l e y m a n. Xeyr, bәy, Әsgәr çox gözәl oğlandır. Çox ağıllı, yaraşıqlı vә çox da şüurlu oğlandır. O barәdә tәvәqqe edirәm ki, mәnә etibar edib, sözümә inanasan. Hәrgah allah elәmәmiş Әsgәr pis adam olsaydı, mәn sәnin qızını ona istәrdimmi?

S o l t a n b ә y. Elә isә, allah xeyir versin, razıyam....

S ü l e y m a n (әl tutur). Allah xeyir versin, allah hәr ikisini xoşbәxt elәsin. Oğul-uşaq sahibi olsunlar.

S o l t a n b ә y. (durur). İndi buyur dә, buyur, gedәk o biri otağa çaydan-zaddan içәk, söhbәtimizi dә orada edәk. (Durub, o biri otağa keçirlәr.)

A s y a (daxil olur, tәk). Vallah, heç belә gözәl oğlan olmaz. Ömrümdә dә görmәmişәm. Qoy indi dә bu qapının deşiyindәn baxım, (Әyilib qapının deşiyindәn baxır.) Mәn dә bu oğlana bәnd olacağam. (Acıqla). Nә qayırım? Gülçöhrә gәdәnin birinә bәnd olanda, mәn niyә bәy oğlu kimi bir cavana bәnd olmayım? Elә olaram ki, hәlә Gülçöhrәni dә ötәrәm.... (Aşiqanә). Of, hәqiqәt, adamın adama gözü düşәndә әhvalı necә pәrişan olur! (Oxuyur).

M u s i q i

Gözәlim, yar gözәlim.

M u s i q i

Bir sözüm var, gözәlim.

M u s i q i

Bu yazıq yarına hәrdәn

Bir nәzәr sal, gözәlim. (2dәfә)

M u s i q i

Aşiq oldum sәnә mәn.

M u s i q i

Etmәdin lütfü kәrәm.

M u s i q i

Bu yazıq yarına hәrdәn

Bir nәzәr sal, gözәlim. (2dәfә)

M u s i q i

Yanıram eşq oduna,

Yetmәdin fәryadına.

Bu yazıq yarına hәrdәn

Bir nәzәr sal, gözәlim. ( 2 dәfә)

M u s i q i

Gözәlim, yar gözәlim....

Oynayır, sonra gedir.

T e l l i (çıxır). Yaxşı ki, qonaq gәldi, mәni ağamın әlindәn qurtardı. Yoxsa oramı basdır, buramı basdır, oramı ov, buramı ov.... Daha hәlak elәdi mәni. Belә şorgöz kişi olmaz. Vallah bir allah bәndәsi olsaydı, mәnicә alardı, canımı qurtarardı. Amma hanı bir elә allah bәndәsi! (Deyәn kimi qapı döyülür). Bu kimdir? Yoxsa allah bәndәsini yetirdi. (Gedib qapını açır, Vәli daxil olur).

V ә l i. Soltan bәyin evi buradır?

T e l l i. Hә, buradır, nә işin var?

V ә l i. Sizdә bir nәfәr qonaq varmı?

T e l l i. Hә, var, necә?

V ә l i. Daha nә üçün acığın tutur?

T e l l i. Acığım nә üçün tutsun, sәn kimsәn?

V ә l i. Mәn kilimçi. (Kәnara). Amma әcәb qızdır, yәqin bu qulluqçudur.

T e l l i. Kilimçi nәdir?

V ә l i. Bir әvvәlcә de görüm sәn kimsәn?

T e l l i. Mәn bu evin qulluqçusuyam.

V ә l i. Mәn dә o evin nökәriyәm.

T e l l i. Hansı evin?

V ә l i. Belә o evin, o....

T e l l i. Buy, elә bil gәdә dәli olubdur.

V ә l i. Dәli niyә oluram, maralım!

T e l l i. Mәn maral deyilәm.

V ә l i. Belә mәndәn ötrü maralsan, bu canım sәnә peşkәş. Belә, belә ... belә.... (Oxuyur).

M u s i q i

Qoy xanımı bәy aparıb

Tezlik ilә toy elәsin. (2 dәfә)

Sәnidәcә mәn alaram, (2 dәfә)

Mәn dә bir bәy olaram.

T e l l i. Pulun var?

V ә l i. Var, var.

T e l l i. Pulun var, gәlәrәm!

V ә l i. Bilirәm, gәlәrsәn!

Tel l i. Belә, belә yarımsan!

V ә l i. Belә, belә canımsan!

M u s i q i. Oynayırlar.

T e l l i.

Mәn gedәrәm ol kәsә ki, (2 dәfә)

Onun pulu çox olsun.

Onun pulu çox olsun, (2 dәfә)

Dәrdi, qәmi az olsun.

Pulun var?

V ә l i. Var, var.

M u s i q i. Oynayırlar.

İ k i s i b i r y e r d ә.

Qoy xanımı bәy aparıb,

Tezlik ilә toy elәsin. (2 dәfә)

V ә l i. Sәnidәcә, mәn alaram.

T e l l i. Mәnidәcә sәn alarsan.

V ә l i. Mәn dә bir bәy olaram. (2 dәfә)

T e l l i. Sәn dә bir bәy olarsan. (Tәk). Pulun var?

V ә l i. Var, var.

M u s i q i. Oynayırlar.

T e l l i (xoşuna gәlir). Әşi tez ol, sözünü de görüm nә istәyirsәn?

V ә l i. Sәni istәyirәm, sәni. Bildinmi?

T e l l i. Buy, әcәb işә düşdüm.

V ә l i. Gözümün, işığı, get, o qonağa deynәn ki, bir qapıya çıxsın, sözüm var. (Telli gedir). Yeri maralım, yeri. Yeri ceyranım, yeri. Әcәb qızdır. Vallah, qoy ağam qızı alsın, mәn dә bunu alım, ikimizin dә toyu bir gündә olsun. (Әlini-әlinә sürtür).

S ü l e y m a n vә S o l t a n b ә y çıxırlar.

S ü l e y m a n. Hә, Vәli, sәnsәn? Bildim nә üçün gәlibsәn, gәl gedәk. (Soltan bәyә). Bәy, hәlәlik xudahafiz.

S o l t a n b ә y. Xudahafiz, salamat ol. (Gedirlәr. Soltan bәy Süleymanı ötürüb qayıdır). Ay qız, Telli. Gülçöhrәni, Asyanı bura çağır gәlsin. Qıza da deyim görüm nә olur.... Bәli, dünyanın işi belәdir.... Bir vaxt var idi biz dә cavan idik.... İndi....

Q ı z l a r gәlirlәr.

S o l t a n b ә y. Hә, oturun görüm. Ay qız Gülçöhrә, nә üçün belә bikef görünürsәn? Nә olub ki, naxoş deyilsәn ki?

G ü l ç ö h r ә. Xeyr ata, yaxşıyam.

S o l t a n b ә y. Çox gözәl, qızım, bilirsәn nә var?

G ü l ç ö h r ә. Xeyr, ata.

S o l t a n b ә y. Bәs elә isә bil: sәni әrә verirәm.

G ü l ç ö h r ә hәrәkәt edir. T e l l i şad olur. A s y a heyfsilәnir.

A s y a (kәnara). Heyf, oğlan әlimdәn çıxdı.

G ü l ç ö h r ә. Ay qız, mәnim nә vaxtımdır ki, әrә gedim?

S o l t a n b ә y. Lap yaxşı vaxtındır. Uşaq ki, deyilsәn. Hәr bir şeyi bilirsәn, anlayırsan. Sәni bir tacir oğlana verirәm ki, hәm cavan, hәm pullu, hәm mallı....

G ü l ç ö h r ә. Ata, acığın tutmasın, mәn әrә gedәn deyilәm.

S o l t a n b ә y (mülayim). Bax, axmaqlama. Mәn elçiyә söz verdim getdi.

A s y a (kәnara). Allah sәnә şükür, gәlәn oğlan elçi imiş.

G ü l ç ö h r ә. Yox ata, mәn әrә getmәk istәmirәm.

S o l t a n b ә y. Yaxşı, yaxşı, naz elәmә, bilirәm ki, ürәyindә sevinirsәn.

G ü l ç ö h r ә. Yox ata, doğru sözümdür, mәn әrә getmәk istәmirәm, istәyirsәn vur mәni öldür, әrә vermә.

S o l t a n b ә y. Deyәsәn, sәn doğrudan danışırsan. (Bәrkdәn). Nә axmaq sözdür, necә yәni әrә getmәk istәmirsәn? Evdә qalıb qocalıb qartımayacaqsan ki?

G ü l ç ö h r ә (ağlayır). Mәn әrә getmәk istәmirәm.

S o l t a n b ә y (lap bәrkdәn). Sәn allah qudurğan olma. Sәnin nә haqqın var söz danışmağa. Atan sәni әrә verir, sәnin borcun itaәt elәmәkdir.

A s y a. Әlbәttә, Gülçöhrә, atan nә deyir, sәn ona qulaq as, indi ki, sәni әrә verirlәr, sәnin borcun getmәkdir. Daha burda artıq çek-çevir olmaz ki....

G ü l ç ö h r ә. Qoy atam mәni öldürsün, amma әrә vermәsin.

A s y a. Axı sәnin danışmağa nә haqqın vardır.

S o l t a n b ә y. Sәnә deyirәm ki, axmaq olma. Mәn sәni elә adama әrә verirәm ki, daha elәsin tapmazsan. Sәn nә fikirdәsәn?

G ü l ç ö h r ә. Sәn o adama Asyanı әrә ver, qoy mәn evdә qız qalım.

S o l t a n b ә y. Nә boş-boş danışırsan. Asyanı istәyәn olsa, onu da әrә verәcәyәm. İndi sәni istәyirlәr, gәrәk әvvәl sәni verim.

A s y a. Әlbәttә, elәdir.

G ü l ç ö h r ә. Mәn әrә getmәk istәmirәm.

S o l t a n b ә y (acıqlı). Sәnin borcun deyildir, ağzın nәdir getmәyәsәn. Atan sәnә buyurur get, get! Çox o yan-bu yan elәsәn, tutub qulağından mıxlaram divara. (Gülçöhrә ağlayır.... Sükut. Soltan bәy acıqlı-acıqlı ora-bura gәzinir. Bir azdan sonra mülayim dillә deyir.) Qızım, sәn elә bilirsәn ki, mәn sәni pis adama әrә verirәm? Sәn onu yәqin bil ki, belә oğlana gedәcәksәn ki, padşah balası kimi; özü cavan oğlan, tacir, pulu çox, dövlәti çox. Bәs dәliyәm ki, sәni pis yerә verim? Sәn mәnim gözümün işığı tәk qızımsan, mәn sәni bәdbәxt elәrәmmi? (Tutub qızının alnından öpür). Sәn qoca atanın sözünә qulaq as, dәlilik elәmә!

G ü l ç ö h r ә (ağlaya-ağlaya). Ay ata, vallah әrә getmәyә heç könlüm yoxdur. Necә elәyim? Sәn mәni әrә vermә, qoy evdә qalım.

S o l t a n b ә y. Qızım, inad olma! Atan nә deyir, sәn dә ona itaәt elә, elәmәsәn allah sәni xoşbәxt elәmәz, bәdbәxt olarsan vә onu yәqin bil ki, mәnim sözüm sözdür. Mәn kişiyә söz verdim, allah qoysa, bu gün-sabah nişan qoyular, kәbin kәsilәr, toy olar. Gedәrsәn әrә, әrin dövlәtli, özü yaxşı adam; oğul-uşaq sahibi olarsan, ev yiyәsi olarsan, mәn dә bu qoca vaxtımda bir azca dincәlәrәm, arxayın olaram. Sәn mәn deyәnә qulaq as.

G ü l ç ö h r ә. Ay ata, indi ki, sәn istәyirsәn mәn әrә gedim, qoy onda öz istәdiyimә gedim.

A s y a qorxusundan guya üzünü cırır, tәәccüb edir.

S o l t a n b ә y (tәәccüb vә heyrәtlә). Qızım sәn istәdiyin kimdir, söylә görәk.

A s y a qorxur. Musiqi.

G ü l ç ö h r ә. (Oxuyur).

Mәni saldı olmaz dәrdә, arşın mal alan, (2 dәfә)

Qalmadı heç taqәt mәndә, yanaram. (2 dәfә)

Gündüz-axşam fikrim, zikrim, arşın mal alan, (2 dәfә)

Ola bilmәz özgә fikrim, arşın mal alan, (2 dәfә)

Onu görcәk aşiq oldum, arşın mal alan, (2 dәfә)

Günü-gündәn dәrdә doldum, yanaram. (2 dәfә)

S o l t a n b ә y (bәrk hirslәnir). Qızım, arşın mal alan kimdir? (Kәnara). Yoxsa o xalası olandır?

G ü l ç ö h r ә. Mәn getsәm, ona әrә gedәrәm.

S o l t a n b ә y. (Birdәn qışqırır). Nә danışırsan, axmaq qızı axmaq. Bazarın gәdәsinә әrә gedәcәksәn, dәli olubsan nәdir? Allaha and olsun, bir sillә çәkәrәm ki, dişlәrin qarnına gedәr. Bәli, Soltan bәyin qızı bir gәdәyә aşiq olubdur, pәh-pәh, pәh! İndi bildim ki, nә üçün әrә getmәk istәmirsәn. Amma onu sәn yәqin bil ki, әgәr belә axmaqlasan, atamın goru haqqı, sәnә bir toy tutaram ki, bir kәrә nәfәsini çәkәrsәn. Sәn mәnim namusuma toxunan iş görürsәn. Nә haqqın var ki, arşınmalçıya baxırsan. Qoy bir o arşınmalçı gözümә görünsün: ona mәn bir patron çaxım ki, iyi-tozu qalmasın. Onu bil ki, mәnә Soltan bәy deyәrlәr. Mәn binamusluğu qәbul edәn adam deyilәm. Sәni dә öldürәrәm, onu da öldürәrәm!

G ü l ç ö h r ә (ağlaya-ağlaya). Ata, vallah, öldür mәnim canım qurtarsın.

S o l t a n bәy (çığıra-çığıra). Öldürәcәyәm! Bu papaq mәnә haram olsun ki, bir dә arşınmalçı adı tutsan, sәni tikә-tikә doğracayam. Belә binamusluq olar ki, mәnim qızım gәdә-güdәyә bәnd olsun? (Ayağını yerә vurur). Dur bu saat rәdd ol gözümün qabağından. İtil burdan, binamus. (Gülçöhrә durub bәrk ağlaya-ağlaya gedir. Soltan bәy hövlnak ora-bura gәzir. Asya vә Telliyә.) Nә vaxt arşınmalçı, bura gәlmişdi?

A s y a (qorxa-qorxa). Vallah, xәbәrim yoxdur.

S o l t a n b ә y. Necә xәbәrin yoxdur? Yalandan mәndәn gizlәyirsiz. Cәhәnnәm olun siz dә burdan. (Asya vә Telli qaçırlar.) Әcәb başıma kәlәk gәldi; itin birisi qapıma gәlib qızımı özünә bәnd elәyir; belә dә binamusluq olar? İndi başa düşürәm ki, nә üçün xalasının әvәzindә qızımı istәyirmiş. Cәhәnnәm olsun onun xalası da, istәmәdik.... Qız lap dәli kimi olubdur. Gәrәk tezliklә әrә verim, çıxsın getsin, yoxsa işdәn sonra bir xata çıxar. Süleymanı görsәm deyәcәyәm ki, Әsgәrә xәbәr versin ki, gәlib qızı götürüb qaçsınlar, yoxsa görünür ki, xoşa-xoşluqla getmәyәcәkdir. Mәnim dә hirsim tutar, vurub öldürәrәm. Ay qız, Asya, Telli. Bura gәlin. (Asya vә Telli daxil olur.) Bax, mәn gedirәm bazara, siz Gülçöhrәyә öyüd-nәsihәt edәrsiniz, onu başa salarsınız. Yoxsa vallah, allaha and olsun hamınızı qıraram. (Gedir bazara).

A s y a (Telliyә acıqla). İndi biz fәqir nә qayıraq, bizdә nә taqsır var ki, Gülçöhrә bir gәdәyә aşiq olubdur. Ay qız get Gülçöhrәni çağır bura. (Telli gedir.) Gör, sәn allah. Qızın cürәtinә bax. Atasına açıq deyir ki, arşınmalçıya bәnd olmuşam. Lap xatadır bu qızın işi.

G ü l ç ö h r ә ilә T e l l i gәlirlәr. G ü l ç ö h r ә yenә taxtın üstә yıxılır.

M u s i q i

A s y a vә T e l l i.

Bәsdir bunca ahü zarın (2 dәfә)

Nәyә lazım bu fәryad (2 dәfә)

Layiqdirmi ola yarın, (2 dәfә)

Atan ola sәnә yad! (2 dәfә)

G ü l ç ö h r ә.

Getmiş әldәn ixtiyarım, (2 dəfə)

Kimsәdәn yox heç imdad.

Ağlar oldu böylә halım,

Necә qılmam mәn fәryad?! (2 dәfә)

A s y a vә T e l l i.

Heç yaraşmaz ah edәsәn. (2 dəfə)

Gәl ol sәn dә biz tәk şad. (2dәfә)

Səy qıl kim qala sәndә (2 dəfə)

Xalq içindә yaxşı ad. (2 dәfә)

M u s i q i

P ә r d ә


DÖRDÜNCÜ MӘCLİS

Ә s g ә r i n evindә vaqe olur. Ev yaxşı bәzәnib, Ә s g ә r özü dәxi yaxşı geyinibdir.

Ә s g ә r. Biçarә Gülçöhrәnin başına әngәllәr açdım. İndi yazıq qız elә bilir ki, doğrudan da onu özgәsinә әrә verirlәr. Amma әcәb sözü üstә dayanan qızdır. Xoşluqla әrә getmәyә razı olmadı, odur ki, atasının tәvәqqәsinә görә, adam göndәrmişәm ki, gedib götürüb qaçsınlar. Zәrәr yoxdur; bir-iki saatdan sonra mәnim kәlәyimin üstü açılar, onda qız da sevinәr, mәn dә sevinәrәm, atası da sevinәr, hamı sevinәr. Amma ürәyim çox bәrk tәlәsir, istәyirәm ki, qızı tez gәtirsinlәr ki, yazıq daha әzab çәkmәsin. Amma qәribә iş gördüm ha. Evlәnmәdim-evlәnmәdim, axırda bu kәlәklә evlәndim. Heç pis elәmәdim, yaxşı elәdim. Allah Süleymanın atasına rәhmәt elәsin, әcәb şey öyrәtdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dәxi mәni sevir!... Qәrәz, gedim xalam dediklәrimi düzәldibdirmi? (Gedir).

Bir qәdәr sonra qapı açılır. G ü l ç ö h r ә n i qaçırıb gәtirirlәr. Bir neçә oğlan Gülçöhrәnin qolundan tutub onu içәri salırlar vә qapını örtüb gedirlәr. Gülçöhrә bәrkdәn ağlaya-ağlaya taxtın üstünә yıxılır.... Bir az keçәndәn sonra deyir:

G ü l ç ö h r ә. Ox. Bu nә әzabdır mәn çәkirәm. Mәni güclә, zorla әrә verirlәr. Bilmirәm kimә verirlәr, mәni sevdiyimdәn ayırırlar. İstәmirәm mәn bu dövlәti, bu dәstgahı. Mәn öz sevgilimi istәyirәm. (Üzünü örtüb ağlayır.)

M u s i q i

G ü l ç ö h r ә.

Hicran dәrdi, fәlәk verdi,

Bunca cәfanı layiq gördü. (2 dәfә)

Yoxdur taqәt, sәbrә halәt.

Ölmәk yaxşıdır, nә ki bu zillәt. (2 dәfә)

Ey xuda rәhm et, ey xuda rәhm et!

Qıl mәdәd ya rәb, mәn yazığa rәhm et!

M u s i q i

Yox, mәn bu hala davam edә bilmәrәm. Daha mәndә tab vә taqәt yoxdur. Hamısından yaxşısı budur ki, bir kәrәlik özümü boğum öldürüm, canım qurtarsın. (Dәsmalın açıb burur ki, özünü boğsun, lakin bu әsnada "Arşın mal alan...." sәsini eşidib tәәcüblә qulaq asır vә eşitdikcә keçmiş günlәrini yada salır. Әsgәr pәrdә dalında oxuyur: "Arşın mal alan!" Axıra kimi oxuyub qurtarır.)

M u s i q i

Ә s g ә r daxil olub, salam verir.

G ü l ç ö h r ә (tәәccüblә baxır). Sәnsәn, yoxsa özgәdir?

Ә s g ә r. Mәnәm, mәnәm, Gülçöhrә, arxayın ol.

G ü l ç ö h r ә (ağlayır). Görürsәn mәnim başıma nә işlәr gәtirirlәr? Bir qәdәr gec gәlsәydin, özümü öldürmüşdüm. Sәn buraya nә sayaq gәldin? Sәni burada görsәlәr öldürәrlәr.... Mümkün varsa, gәl qaçaq. (Әcәlә ilә dartır.)

Ә s g ә r (gülür). Hara qaçaq öz evimizdәn?

G ü l ç ö h r ә (heyrәtlә). Nә danışırsan, bura kimin evidir?

Ә s g ә r. Bura mәnim evimdir, sonra da olacaq sәnin evin.

G ü l ç ö h r ә. Heç başa düşmürәm? Mәni kim götürüb qaçıbdır?

Ә s g ә r. Mәn göndәrdiyim adamlar.

G ü l ç ö h r ә (fikirli). Bәs mәn elә bildim ki, mәni atam verdiyi tacir oğlanın adamları götürüb qaçıblar.

Ә s g ә r. Әlbәttә, elәdir. Gülçöhrә (lap heyran qalır). Yenә başa düşmәdim, allah eşqinә, mәni başa sal görüm bu nә kәlәkdir.

Ә s g ә r (gülür). Bax, Gülçöhrә. Sәnә aşiq olan arşınmalçı da mәnәm, atan әrә vermәk istәdiyi tacir oğlan da mәnәm. Mәn yalandan arşın mal satan olub özümә qız axtarırdım ki, axırda sәni tapdım vә atandan istәdim, o da verdi, amma atan bilmәdi ki, mәn arşın mal satan oğlalam, çünki o әvvәldәn mәni görmәyibdir.

G ü l ç ö h r ә (nazla). Ay biinsaf. Bәs mәnә yazığın gәlmәdi ki, bu qәdar әziyyәt çәkdim, әzab çәkdim, atam mәni öldürmәli oldu. Özümü öldürmәli oldum.... (nazla). Belә bilsәydim, sәni sevmәzdim....

Ә s g ә r. Bәs burası var ki, bu şadlığımız bütün o әziyyәtlәri yuyur aparır, elә deyilmi maralım, Gülçöhrә?

G ü l ç ö h r ә (axırda razı olur). Elәdir.

Ә s g ә r. Di gәl bәri, gedәk otaqları bir-bir gәzәk vә xalamı da görәk. (Gedirlәr o biri otağa.)

Bu halda bayır qapıdan S o l t a n b ә y daxil olur.

S o l t a n b ә y. Vallah, yenә ata ürәyidir, tab gәtirmәdi, dedim gedim görüm, bәlkә qız, xudanәgәrdә, özünә bir xәsarәt yetirdi. (Ora-bura baxır.) Bәs hanı bunlar? Ay uşaqlar, kim var?

Ә s g ә r daxil olur.

Ә s g ә r. Salamәleyküm, Soltan bәy, sәn bizә xoş gәlmisәn.

S o l t a n b ә y (әvvәl xoş üzlә, sonra tәәccüblә). Balam, sәn.... Sәn Әsgәrsәn? Yoxsa o arşın mal satan?

Ә s g ә r. Xeyr bәy, mәn Hacı Mürsәl oğlu Әsgәrәm, sәnәtim dә tacirlikdir.

S o l t a n b ә y. Deyirәm axı, ancaq mәnim gözümә belә görükdü ki, qabağımda o gәdәdir.

Ә s g ә r. Hansı gәdә?

S o l t a n b ә y. Heç, bir gәdә var idi, arşın mal satardı.

Ә s g ә r. Bilirәm, sәn istәdin ki, onun xalasın alasan, o da әvәzindә sәndәn qızını istәdi, özü dә acıqlanıb qovdun, elәdirmi?

S o l t a n b ә y (tәәccüblә). Elәdir.... Balam sәn hardan bildin?

Ә s g ә r. Necә bilmәyim ki, o mәn özüm idim....

S o l t a n b ә y (heyrәtlә.) Nә danışırsan?

Ә s g ә r. Bәli, bәli, mәn qәsdәn elә etdim ki, qızı görüm sonra alım.

S o l t a n b ә y. Doğru deyirsәn?

Ә s g ә r. Budur, qızın tәsdiq edәr. (Çağırır Gülçöhrәni.) Gülçöhrә!

G ü l ç ö h r ә (daxil olub atasına tәrәf gedir). Bax, ata, hәm sәn deyәn oldu, hәm mәn deyәn. Әsgәr bizi kәlәyә qoyub sәnin acığına vә mәnim dә әzabıma sәbәb oldu, bütün tәqsir bundadır.

S o l t a n b ә y (ayılır). Hә, indi başa düşdüm, çox kәlәkbaz imişsәn. Rәhmәtlik sәnin atan heç belә deyildi. Ya allah. (Әl verir.) Çox gözәl, çox pakizә, vay sәni Әsgәr. Amma әcәb kәlәkbaz imişsәn. (Yadına düşür). Yaxşı, balam, bәs sәnin xalan necә oldu, hә? Hәqiqәt, o, sәnin xalan idi, yoxsa o da kәlәk idi?

Ә s g ә r. Xeyr, doğrudan xalamdır.

S o l t a n b ә y. Yәqin özü dә duldurmu? (Sevinir).

Ә s g ә r. Bәli, duldur.

S o l t a n b ә y. Hә, di ver gәlsin dә!

Ә s g ә r. Gәlsin, nә deyirәm, Gülçöhrә, zәhmәt çәk xalamı çağır.

G ü l ç ö h r ә gedir.

S o l t a n b ә y. Gәlsin, onu alım da! O dul, mәn dul; hәkim dә mәnә deyib ki, gәrәk arvad alam. Mәn bilәn hәkim xalanı da görsә deyәr ki, әrә get.

Ә s g ә r. Nә sözüm var ki, al dә, al ikibaşlı qohum olaq. İndi bildinmi, ikibaşlı qohum nәdir?

S o l t a n b ә y (gülür). Bildim, bildim, a kәlәkbaz.

G ü l ç ö h r ә vә C a h a n daxil olurlar.

S o l t a n b ә y (Cahana). Әşi, gәl dә!... İrәli gәl! Görürsәn sәnin, sәnin bu bacıoğlun nә kәlәkbaz imiş.... Hә, indi nә deyirsәn, bir nәfәr molla, bir kәllә qәnd vә üç manat pulla aran necәdir? Deyirәm ki, elә Әsgәrlә Gülçöhrәnin vә sәninlә mәnim toyumuz bir olsun.

C a h a n. Nә deyirәm, allah xeyir versin.

H a m ı. Amin, amin.

S o l t a n b ә y. Balam, o uşaqlar evdә tәk qaldılar, nigarandılar. Sizin gәdәni göndәrin Asya ilә Tellini bura gәtirsinlәr.

Ә s g ә r. Bu saat gedim göndәrim. (çıxır).

S o l t a n b ә y Әşi, vallah, sevindiyimdәn elә bilirәm ki, cavan oldum.... (Tez dilin dolayır). Yәni qoca da deyilәm, elә cavan kimi bir oğlanam. Maşallah olsun mәnә.

Ә s g ә r gәlir.

Ә s g ә r. Göndәrdim getdi.

Bu halda S u l e y m a n daxil olur.

S ü l e y m a n. Salamünәleyküm.

S o l t a n b ә y. Paho Süleyman, әleykәssalam, balam sәnin bu dostun nә kәlәkbaz imiş!...

S ü l e y m a n. Bәli, çox kәlәkbazdır. Bilmirәm kimdәn öyrәnibdir.

Ә s g ә r. Necә kimdәn öyrәnmişәm? Bunun hamısını sәn öyrәtmәdinmi? Odur, xalam desin!

C a h a n. Doğrudur, bütün bu kәlәklәrin başçısı Süleymandır, o öyrәtdi.

S o l t a n b ә y. Belә imiş!... Süleyman, mәn sәni heç belә bilmәzdim, bu işlәri haradan öyrәnibsәn?

S ü l e y m a n. Bәy, öz başımdan çıxardıram.

S o l t a n b ә y. Ay sәnin başın var olsun.

S ü l e y m a n (birdәn Gülçöhrәni görüb diqqәt yetirir.) Yaxşı Gülçöhrә budur?

Ә s g ә r. Bәli, budur.

S ü l e y m a n. Bәs mәn gördüyüm qız buna oxşamır.

S o l t a n b ә y. Sәn yәqin Asyanı görübsәn.

S ü l e y m a n. Asya kimdir?

S o l t a n b ә y. O mәnim qardaşım qızıdır.

S ü l e y m a n (sevinir). Hә? Әşi, elә isә mәn nә üçün bikar qalım. Ver, mәn dә toy edim dә!...

S o l t a n b ә y. Doğru deyirsәn?

S ü l e y m a n. Әlbәttә!

S o l t a n b ә y. Verdim, al!

H a m ı. Allah xeyir versin, allah xeyir versin. Nә әcәb oldu!

S ü l e y m a n (kәnara). Bax mәrd yoldaşın axırı belә olar.

Bu halda A s y a, T e l l i vә V ә l i daxil olurlar.

S o l t a n b ә y. Bax budur gәldilәr. Ay qız, Asya, bu oğlana sәni versәm gedәrsәnmi?

A s y a (utana-utana). Bәli, gedәrәm.

S o l t a n b ә y. Qoçaq qızsan, Gülçöhrәdәn ağıllı oldun, çox gözәl, çox pakizә. (Vәli ilә Telli bir-birinә baxırlar. Vәli bәrk ah çәkir). Әdә, nә yaman ah çәkdin, bala nә dәrdin var ki?

Ә s g ә r. Nә dәrdi olacaqdır.... Gülçöhrәni mәnә verdin, Asyanı Süleymana verdin, xalamı özün alırsan, indi Tellini dә ver ona dә!...

H a m ı. Doğrudur, doğrudur.

S ü l e y m a n (Vәliyә). Hә, dedim ki, axı sәn dә hazırlaş.

S o l t a n b ә y. A qız, Telli, Vәliyә gedәrsәnmi?

T e l l i (mәrd-mәrdanә). Bәli, gedәrәm.

S o l t a n b ә y. Vәli, sәn Tellini alarsanmı?

V ә l i (utanır vә birdәi-birә). Bәli, alaram. (Gülür).

H a m ı. Allah xeyir versin.

S o l t a n b ә y. Yaxşı, balam, toylarımızı nә vaxt başlayaq?

H a m ı. Elә günü bu gün.

S o l t a n b ә y. Bәs elә isә başlayaq, düzülün!

C ü t-c ü t olub oynayırlar. Әvvәlcә musiqiyә görә ağır, sonra musiqi tezlәşdikçә tez-tez oynayırlar, ta ki, pәrdә düşür.

P ә r d ә
XS
SM
MD
LG