Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:22

"Əsl hadisə xarabazarlığı"


Tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə yazıçı Zümrüd Yağmurun "Allah qayıdır?!" romanının "Oxu zalı"ndakı müzakirəsinə qoşulur.


SİYASƏTSİZ ROMAN

Dünyada ədəbiyyat, ədəbi fikir gerçəkliyi qabaqlayır, bunu incəsənətin digər sahələrinə də aid etmək olar.

Əslində, mövcud olanı vurub keçmək, qabaqlamaq ədəbiyyatın ilkin toxumasında, onu yaradan ideyanın bətnindədir.

“Uçan xalça” yazılı mətnlərdən öncə mövcud olsa da, bu paradoksal fakt da ədəbiyyatdır – həyatdan, gerçəkliyin cızdığı xətdən, dairədən kənara çıxan hər şey cızdığı trayektoriyaya görə ədəbiyyatdır.

Müasir nəsrimizdə ədəbi fikir gerçəkliyin dalınca sürünür, onun arxa planındadır, onu həzm edə, bütün fəsadları ilə qavrayıb malik olduğu qəlibin içində həll edə bilmir.


"İnsanlar sayıqlamaq dərəcəsində yazmağa, xüsusən roman yazmaq eşqinə tutulublar, - nəticələri etibarı ilə nə qədər ağrılı olsa da, bu – yaxşıdır".
İndi nəzərdən keçirdiyimiz romanın timsalında da bunu şərtləndirən iki başlıca səbəb var:

1) İnsanlar sayıqlamaq dərəcəsində yazmağa, xüsusən roman yazmaq eşqinə tutulublar, - nəticələri etibarı ilə nə qədər ağrılı olsa da, bu – yaxşıdır.

2) Milli ədəbiyyatda müxtəlif nəsillər arasında ənənəvi “kommunikativ nüfuzetmə” kanalları tutulub, cəmiyyətdə baş verən hadisələrə bir ədəbi nəsil, qüvvə.... kar qalanda, bədii informasiyanın daxilindəki enerji donuq kütlə halına gəlir. Yaşlı nəsil də siyasi mövzularda müxtəlif “janr şkalasında” əsərlər qələmə alır – roman, memuar və sair – ancaq bu səpgili əsərlərdə məlum siyasi fiqurla, yaxud fiqurlarla müqayisədə, yaxud onların fonunda “qələm ustasının” tarix qarşısında indidən özünü safa çıxarmaq arzusu işləyir. Hamı bir şəxsin, bir fiqurun obrazını yaratmaq istəyir, onu dünyaya gətirən şərtlər yaddan çıxır, heç bir təsadüfdə masştablı təhlilin predmetini təşkil etmir. Bu ədəbi manipulyasiyalar ədəbi prosesdə absurd vəziyyət yaradır. Absurd teatrın yaradıcısının “Gərgədan” pyesi yada düşür.

Həyatın, cəmiyyətin yazılmalı prosesləri bu şəkildə, manipulyasiya üslubunda işləndikcə, bu mövzulara səmimiyyətlə yanaşan gənc nəsil problemi çözmək əvəzinə ya texniki improvizasiyalara üz tutur, ya da vəziyyəti öz xeyrinə sadələşdirir, mətləbin bədii həlli yazdığı romanın sonuncu səhifəsinə qədər unudulur.

Zümrüd Yağmurun “Allah qayıdır?!” romanı buna ən parlaq nümunədir.

Əsərin adı mətndən çıxmır, tez-tez təkrarlansa da, hadisələrin adi təfsiri, nəqli, üfüqi xətt boyu təmassız düzülməsi mətni əsl hadisə xarabazarlığına çevirir.

Adı çəkilən romanda təsvir edilən bütün hadisələrin və əşyaların yalnız səthi görünür.

Bunlar sənin – əslində böyük əksəriyyətin yaşadığı ömürdür, insanların mağmınlığı, ürəklə danışanların susdurulması, siyasi hoqqabazlıqlar hər gün müşahidə etdiyin epizodlardır.

Cəmiyyətdə görünən mövqedə duranların satın alınması – bunların hamısı acı gerçəklikdir, xronikadır, ancaq yaradıcı şəxs bunlara yanaşdıqda onun deyəcəyi söz – bildiklərimizi bizə bir daha xatırlatmaqdan ibarət olmamalıdır.

Məsələn, əgər mətndə müxalifət düşərgəsindən satın alınan şəxslərdən bəhs edilirsə, detallar, bədii həll üsulları adi oçerk, yaxud köşə yazısında olduğundan əsaslı şəkildə fərqlənməlidir (Ancaq paradoks odur ki, indi bəzi köşə yazıları romanlarımızdan daha maraqlı alınır - !).

Romanda bu adamlardan, insanların ağır güzəranından nə qədər danışılsa da, onların sifəti, xasiyyəti görünmür.

Mətni (343 səhifə - tək rəqəmdir - !) hansı yerindən qatlasan, iki hissə yüzdə yüz üst-üstə düşəcək.

Bu o deməkdir ki, “Allah qayıdır?!” bədii əsər deyil, burada çatışmayan şey məhz mövzunun bədii baxımdan həll edilməməsidir.

Müəllif bu iradları, qəbul etsə demirəm, onlar haqqında müəyyən dərəcədə düşünsə və beləliklə, mətni konstruktiv şəkildə işləsə, bu xam materialdan nəsə yaratmaq olar.

Yaxınlarda iqtidardan mandat alan (romanda təsvir edildiyi kimi) “müxalifətçidən” alınan sorğunu gördüm.

Jurnalistin hansısa söhbətə körpü salan sualına “indicə filankəslə şahmat oynayırdım” cavabını vermişdi.

Bu filankəs də onun elə müxalifətçi “mandat ortağı” idi.

Hər şeyi uduzduqdan sonra bu iki adamın bir-biri ilə şahmat oynaması misilsiz detaldır.

Əsərdə bu kimi bircə dənə də detal yoxdur. Təkcə bir yerdə redaktor kompüterdə piramida təsvirini göstərir, elə hərəkət edir ki, qarşı tərəfin düşüncə məhdudluğu ortaya çıxır.

Romanda təhkiyənin tonu kobuddur, sintaksis qısa cümlələrdə belə ağırdır.

Zümrüd Yağmur
Bəzən hiss edirsən ki, müəllif hamının, bütün personajların əvəzində danışır, düşüncə, mühakimə birtərəflidir, təhkiyə havasında plüralizm yoxdur.

Mühakimə birbaşa səciyyə daşıdığından ən doğru fikirlər belə dərhal ehkam rənginə bürünür. Belə olduğu üçündür ki, oxuduqca bu havanın səni sıxdığını hiss edirsən.

Yəni, mətn tonu, intonasiyası etibarı ilə zülməti, cəmiyyətin qaranlığını təsvir edir, onun üstünə gedir (ancaq buna görə siyasi roman olmur, əsaslı təhlillər olmadığı üçün sosial demaqogiya təsiri bağışlayır), ancaq “zülməti korlar da görür”.

Bəzən düz baxmaq bədii perspektivi öldürür.

Mətnə baxaq: “... Azər daha Allahla sirdaş ola bilmirdi; burada, tək oturub qapqara divarlardan bezdiyi anda da içindəki darıxmağı Allahla paylaşmaq istəmirdi.
Axı niyə qərar onun kimi adam olanlara görə deyil, adamlıqdan çıxanlara görə verilməli idi (mətləb olmadığı üçün, yaxud dolaşdığından fikir absurddur – C.Y.).

Niyə azın kimsəsizliyi, kədəri çoxun naqisliyində əriyib məhv olurdu?

Bu krallıqda nə qədər azadlıq, adam olmaq sevdalısı vardı, Azər bilmirdi, amma olduğunu bilirdi, onda nədən sevdalına yox, sənə xəyanət edəndə bu qədər münbit şərait yaradırsan, bunun da adı sınaq olur.

Bir ömür boyu sınaqda olmaq, müəllim qarşısında oturubmuş kimi imtahan zalında müəllimin insafına “səbr” adlı bir tərəzinin gözündə nə zaman hərəkətə gələcəyini gözləmək... ” (səh. 189)

Bu mühakimələr primitivliyinə görə bezdirir.

Təhkiyənin çevik olmaması, düz xətlər, başından məlum əhvalatların çözülməməsi, hər şeyin bir ölçüyə geydirilməsi... nəticəsində romandan ağır təəssüratla ayrılırsan.

Həmçinin oxu
Zümrüd Yağmur "Allah qayıdır?!" (Romandan parça)
XS
SM
MD
LG