Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:24

Mirzə Fətəli Axundov. Akademik Dorna məktub


Cənab Boris Andreyeviç!

Müsəlman əlifbasının natamamlığı şərqşünasların çoxuna məlumdur;
müsəlman yazısını öyrənmək, demək olar ki, Çin heroqlifi kimi,
zehnə deyil, yaddaşa möhtacdır. Əvvəla, sözlərdə tamamlanmış səslərin
əmələ gəlməsi üçün lazım olan hərflərin bir neçəsi əlifbada yoxdur.
Ikincisi, saitlərin böyük hissəsi onların yardımı ilə tələffüz olunmalı
samitlərin yanında yazılmır, bunu oxucu özü nəzərə almalıdır. Bu da
oxucu üçün o vaxt müyəssər olacaq ki, yazılmayan saitləri oxumağa
qədər kamilləşə bilsin. Bununla da illər keçir, qiymətli vaxt boş yerə
hədərə gedir. Üçüncüsü, hərflərin çoxunun yazılış şəkli eynidir və yalnız
nöqtələrlə fərqlənirlər. Bu nöqtələr də çox vaxt katiblər tərəfindən
yazılmır, onları ayırd etmək oxucunun öz öhdəsinə buraxılır.
Yazının belə vəziyyəti onunla nəticələnir ki, müsəlman əhalisi arasında
on min nəfərdən bir nəfər savadlı ancaq tapılır. Bu, onların savadlanmaq
istəmədiklərindən deyil, həmin işin çətin başa gəlməsindən
irəli gəlir. Qadınlar isə büsbütün savadsız qalırlar. Avropalılara gəldikdə,
izah etdiyimiz çətinliklər üzündən onlar müsəlman dillərinin yazısını
öyrənməkdə asiyalılardan daha çox əziyyət çəkirlər.
Sivilizasiyanın indiki sürətli nailiyyətləri dövründə yazının belə
qeyri-təbiiliyi mədəni dünyanın Şərq ədəbiyyatına sarı gedən yolunu
həmişəlik bağlaya bilməzdi, onun əlifbasında mütləq dəyişiklik əmələ
gəlməli idi. Ancaq mən bu sadalanan çatışmazlıqlara hamıdan qabaq
diqqət yetirdim və müsəlman əlifbasını dəyişmək qərarına gəldim: bütün
nöqtələri atdım, yazılmayan saitləri əlifbaya daxil etdim, onlar üçün
münasib fiqurlar ixtira etdim, əlifbanı çatışmayan hərflərlə təkmilləşdirdim.

Hər hərf üçün xüsusi, nöqtəsiz fiqur tapdım, bir sıra lazımi durğu
işarələri, düzgün yazmaq qaydaları və ən asan əlifba tədrisi metodikası
təsis etdim. Xaraktercə köhnədən fərqlənməyən bu əlifba ərəb, fars,
tatar (Azərbaycan – H.M.) dillərinin öyrənilməsi məqsədinə tam xidmət
edə bilər. Həmin layihənin kitabını mən baxılmaq üçün artıq Iran və türk
saraylarına göndərmişəm. Indi isə bu layihəni sizin maarifpərvər diqqətinizə
çatdırıram.

Əgər mənim fikirlərim sizin təsdiqinizə layiq görülsə, xahiş edirəm
onları müzakirə üçün elm sahəsində hər cür xeyirxah niyyətləri maarifpərvərcəsinə
himayə edən imperator Elmlər Akademiyasına təqdim
edəsiniz. Ümidvaram ki, ictimai fayda üçün Akademiya bu məsələyə
diqqət yetirəcək və layihə barədə öz rəyini və qərarını bildirməklə məni
şərəfləndirəcəkdir.

Mənə elə gəlir ki, bəşəriyyət üçün faydalı olan bu iş müsəlman
xurafatı mülahizələri ilə rədd edilməyəcəkdir. Ona görə ki, hicrətdən
300 il sonra müqəddəs kitabların yazıldığı kufi adlanan islam əlifbasının
dəyişilməsinə yol verilmişdir.

Dərin hörmət və hüdudsuz sədaqətlə,
Kapitan Mirzə Fətəli Axundzadə. Qafqaz
Canişini nəzdində Şərq dilləri dəftərxanasının
mütərcimi. Tiflis şəhəri
12 mart 1859-cu il
XS
SM
MD
LG