Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:40

Mirzə Ələkbər Sabir. Bilməm nə görübdür bizim oğlan oxumaqdan















Bilməm nə görübdür bizim oğlan oxumaqdan?
Dəng oldu qulağım.
Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan
Incəldi uşağım.
Ağlın aparıb bəs ki, baxır gündə qarayə,
Ya rəb, nə həmaqət!
Söz etməz əsər, çarə qalıb indi duayə,
Tədbir elə, övrət!
Lənət sənə, ifritə, sənindir bu cəhalət,
Etdin nə xəyanət!
Səndən törənibdir bizim evdə belə bidət.
Ey mayeyi-hiylət!
Tutsun çörəyim gözlərinin ağü qarasın,
Ey həmsəri-bədxah!
Haşa, oda yaxmaz ana istəkli balasın,
Kəssin səni allah!
Bu tifli oxutmaqla etdin məni tərğib,
Həp eylədin iğva.
İndi nədi fikrin? İşimiz oldu bu tərkib,
Yox çarəsi əsla.
Heyhat ki, tədbir ola bu xanəxərabə,
Zail olub əqli.
Dərsə, qəzetə, məktəbə, jurnala, kitabə
Mail olub əqli.
Yıxdın evimi, eylədin övladımı zaye,
İş keçdi məhəldən.
Mən anlamaram elm nədir, ya ki sənaye,
Zarəm bu əməldən!
İstərdim о da mən kimi bir hörmətə çatsın,
Azadə dolansın;
Та qol gücünə malik olub şöhrətə çatsın,
Dünyadə dolansın;
Bir vəqtdir indi ki, olub Rüstəmi-dövran,
Bir ad qazanaydı;
Qarətlər edib ta ki, tapaydı sərü saman,
Bir şey də qanaydı.
Puç eylədin, övrət, bu gözəl, sadə cavanı!
Dilbilməz oğul, vay!
Rəngi saralıb, qalmayıb əsla yarı canı,
Bir gülməz oğul, vay!
Ay, naxələf oğlum, nə yaman məşqə düşübsən,
Ey kaş, usanaydın!
Quldurluğa yox, elmə tərəf eşqə düşübsən,
Bu qübhü qanaydın!
Ey nuri-düçeşmim, oxumaqdan həzər eylə,
Saleh vələd ol, gəl!
At min, hünər öyrəş, məni də bəxtəvər eylə,
İşdə bələd ol, gəl!
Bəsdir oxudun, az qala canın tələf oldu,
Bu kardən əl çək!
Yazmaq, oxumaq, başına əngəl-kələf oldu,
Əşardən əl çək!
Min elm oxuyub söz biləsən hörmətin olmaz
Bu dari-cəhanda;
Söz bəhrinə gövhər olasan qiymətin olmaz
Xasə bu zəmanda.
Yox, yox, baxıram fıkrinə, səndən oğul olmaz,
Canın bəcəhənnəm!
Mırt-mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz!
Mırtılda dəmadəm,
Qıl elm fərahəm,
Ol qüssəyə həmdəm;
Ömrün olacaq kəm;
Düşmən sənə aləm!....
XS
SM
MD
LG