Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:49

Zeynalabdin Marağayi. İbrahimbəyin səyahətnaməsi (5)


əvvəli

“Bunlar da mәrsiyәxanlara mәxsusdur. Yenә dә bizә dәxli yoxdur. Bәli, bu kimi lәqәblәr nә qәdәr istәsәniz var.”

Üzümü molla Mәmmәdәliyә çevirib dedim:

“Hacıxan, bu lәqәblәrin bәzisinin üstündә qırmızı, bir parasının da üstündә göy xәtlә әlamәt qoymuşlar, bunun nә hikmәti var?”

“Afәrin,” -- dedi, -- “yaxşı mültәfit olmusan. Onların ki, qırmızı әlamәti var, qoşun sәrkәrdәlәrinә mәxsusdur, hәr kәsin ki, mirpәnc vә sәrtiblikdәn aşağı rütbәsi olmasa ona verәrlәr. Әlbәttә, o da elә belә boş-boşuna olmaz. Çoxlu peşkәş müqabilindә verilir. Sәnin-mәnim kimilәrin әli o lәqәblәrә çatmaz. O göy rәnglә әlamәti olanlar da sahiblәri yaşayan lәqәblәrdir. Nişansızlar isә boşdur, sahibi yoxdur. Mәn özüm üçün onlardan hansını istәsәm ala bilәrәm. Ancaq әrz elәdiyim sәbәbә görә istәmәdim.”

Mәn öz başıma gәlәnlәri sizә söylәyib qurtardım. İndi siz buyurun görәk hal-qәziyyә nәdir, necә olub ki, Misirdәn buraya gәlibsiniz?

Dedim:

“Doğrusu, biz bu gün әmәlli-başlı nahar elәmәmişik, acıq. Buyurun şam gәtirsinlәr, çörәk yeyәndәn sonra mәn dә öz başıma gәlәnlәri nәql elәyәcәyәm.”

Şam gәtirdilәr. Dadlı küftә bişirmişdilәr. Yedik. Çaxır tәklif elәdi. And içdim ki, indiyәdәk dilimә dәymәyib vә bundan sonra da dәymәyәcәk. Sonra mәn sözә başlayıb dedim:

“Bizim sәrgüzәştimiz o qәdәr dә uzun deyil. Misirdәn müqәddәs Mәşhәdi ziyarәt etmәk niyyәtilә yola düşdük. O ülvi mәkanın ziyarәtindәn sonra gәzә-gәzә buraya gәlib çatdıq. Buradan da Azәrbaycana getmәk әzmindәyәm. İstәyirәm ürәyimәyatan bir yeri özümә daimi iqamәtgah edәm. Gedib Misirdәki әmlakımı satam, sonra gәlib hәr bir addımı mәnim üçün Misirdәn min dәfә әziz olan vәtәnimin bir guşәsindә sakin olam. Ancaq tәәssüflәr olsun ki, hәlә burayadәk elә bir münasib yer görmәmişәm. İndi bir vasitә tapıb nazirlәrdәn iki-üçü ilә görüşmәk istәyirәm. Bir para deyilmәli mәtlәblәr var, gәrәk onlara çatdıram. Әgәr mәnim üçün bu işi yerbәyer elәsәn onda mәn sәnә Hacıxan deyәrәm. Yoxsa elә haman әvvәlki "gәdә molla Mәmmәdәli" olaraq qalacaqsan.”

Molla Mәmmәdәli dedi:

“Әgәr bir mәsәlә üçün vasitәçi axtarırsansa, yaxud yüksәk bir mәqama әrizә çatdırmaq olarsa, әlimdәn gәlәr. Amma sәni vәzirlәrin yanına aparmağı, onlarla hәmsöhbәt elәmәyi bacarmaram. Yәni bacarmaram deyәndә bir qәdәr yalan olar, bu tezlikdә bacarmaram. Әgәr beş-altı ay burada qalsanız, o da mümkündür. Bilirsiniz, gәrәk belә iş üçün münasib fürsәt әlә düşә.”

“Bu şәhәrdә uzun müddәt qalmaq mәnim üçün mümkün deyil, getmәliyәm,” -- dedim.

Bir qәdәr fikrә daldıqdan sonra dedi:

“Vәzirlәrdәn hansını görmәk istәyirsәn?”

“Daxili işlәr naziri ilә, xarici işlәr naziri ilә, bir dә hәrbi nazir ilә görüşmәk istәyirәm.”

Yenә dә gözlәrini namәlum bir nöqtәyә dikib dayandı, az sonra üzünü mәnә çevirib dedi:

“Bir tәdbir nәzәrimә gәldi. Görәk nә nәticә verәr.”

Götürüb bir-birinin ardınca üç mәktub yazdı. Hәr birisini ayrıca zәrfә qoyub, üstünü yazdıqdan sonra mәnә tәrәf uzadıb dedi:

“Bu Mirzә Kazım bәyә yazdığım mәktubdur. O, xarici işlәr nazirinin uşaqlarının müәllimidir. Özü dә әslәn әrәbdir. Әrәb dilindәn çox xoşu gәlir. Әrәbcә danışdığınızı görәn kimi sizi rәğbәtlә qarşılayacaq, nә dәrdin olsa onun çarәsini elәyәcәkdir.”

İkinci mәktub Rza xanın adınadır. O da daxili işlәr nazirinin xidmәtçisidir. Bunu da ona çatdırmalısan. Üçüncü mәktubu Әsәd bәy fәrraşbaşının ünvanına yazmışam. O da hәrbi nazirin fәrraşbaşısıdır. Gәrәk ona verәsәn. Әgәr adamdır, işdir, birdәn gördün ki, Rza xan vә Әsәd bәy çәm-xәm elәyib rәdd cavabı verirlәr, ovuçlarına xәlvәtcә bir-iki tümәn pul bas. Onda yumşalarlar. Amma ehtiyatlı ol, Mirzә Kazım bәy rüşvәtxor deyil ha.... O heç nә qәbul elәmәz. Mәşәdi Hәsәn Kirmani bu nazirliklәri tanıyır, sabah onu bәlәdçi götür. İnşaallah, mәqsәdinә çatarsan.

Çox sevinib dedim:

“Mersi, Hacıxan, mersi, Hacıxan, mersi!”

Hacıxan әlavә etdi:

“Qәm elәmә, onların hamısı düzәlәr. Әgәr nişandan-zaddan da istәsәn özüm әl-ayaq elәrәm.”

“Xeyr, xeyr, mәnә nişan-mişan lazım deyil,” -- dedim.

“Özünә lazım deyilsә, dost-aşnana lazım olar. Bunun nә eybi var? İstәyirsәn iki-üç müxtәlif dәrәcәli nişan üçün adsız fәrmanlar әlә gәtirib, aparıb xaricdә kimә istәyirsәn ver.”

Dedim:

“Әzizim, bu vәziyyәti görmәkdәn mәnim ürәyim qanla dolub, indi dә sәn mәni nişan satmağa yönәltmә. Dövlәt nişanını bu dәrәcәdә ayaqlara salan adamı allah zәlil günә qoysun. Adam nә qәdәr alçaq vә şәrәfsiz olmalıdır ki, belә bir rәzalәti boynuna alsın. Nişan satmaq nә demәkdir? Adam öz irzini, namusunu satsa ondan yaxşıdır. Çünki irz, namus adamın özününküdür. Amma nişan ümumxalqın, ölkәninkidir. Biz gәrәk dövlәt nişanına qüdsi nәzәrlә baxaq, onun dәyәrini canımızla ödәyәk, onu әlә gәtirmәk üçün şirin canımızdan keçәk. Onun şәrәfini hәr şeydәn yüksәk tutaq, çünki nişan -- xaricdә dövlәtimizin şanı vә milli şәrәfimizin timsalıdır.”

Mәnim sözlәrim molla Mәmmәdәlini darıxdırdı.

“Baba, bunlar nә sözdür sәn danışırsan? Xәbәrdәn xәbәrin yoxdur, canım. Hacı Mәmmәd Bağır kürk-yaraqlı üç-dörd dәfә Rusiyaya, Almaniyaya sәfәr elәyibdir. Hәr sәfәrindә otuz-qırx dәnә müxtәlif dәrәcәli nişan ağ fәrmanlarla apardı. Rusiyada öz gözümlә gördüm ki, hәr birini min manatdan altı yüz manatacan satırdı. Әmәlli-başlı pul qazandı.”

“Mәgәr bütün bunları şah bilmir?” -- deyә soruşdum.

“O yazığın nәdәn xәbәri var?” -- dedi. Onun başını elә qatmışlar ki, başını qaşımağa macalı yoxdur. Bunları xarici işlәr naziri ilә sәdr-әzәm әlbir olub satırlar.”

Daha dayana bilmәdim. Hönkür-hönkür ağladım.

Burada millәtin qeyrәtli övladlarından birinin vәtәn haqqında qoşduğu tәranәdәn iki beyt yadıma düşdü. Münasib olduğu üçün yazdım:

Vәtәn, behişt dә sәnin tәk gözәl ola bilmәz,

Mәhәbbәtinlә vurur sinәdә bu odlu ürәk.

Tükәnmәz hörmәtinә kәc baxarsa hәr bir kәs,

Başında olmaya heç bir zaman papağı gәrәk.

Bәli, tam qüdrәtlәri, bacarıqları olduğu halda dövlәtin vә millәtin heysiyyәtini vә şәrәfini qorumayan adamları, vәtәnin, millәtin yüksәk qәdr-qiymәtini alçaldanları gәrәk allah özü zәlil elәsin!

Saata baxdım, gördüm gecә yarıdan ötür, molla Mәmmәdәliyә dedim:

“Bizi mürәxxәs buyur gedәk. Amma bәid deyil ki, yolda polislәr qabağımızı kәssinlәr.”

“Mәnim adamım sizi ötürәcәk,” -- dedi, -- “onu hamı tanıyır.”

Ucadan nökәrini sәslәdi:

“Qulamәli, fanar hazırla!”

Qulamәli bir qәdәr әvvәl vәsfindә yazdığımız haman pinti qoca aşpazdır. Әlindә fanar, belindә qәmә o dәqiqә hazır oldu. Baxdım ki, cavanlaşıb, cәld oğlan kimi mәtin addımlarla qabağımızda gedirdi. Bizi karvansaramızın qapısına qәdәr müşayiәt etdi. Qapını döydük. Açdılar. Qulamәliyә iki qran әnam verdim:

“Allah xana ömür versin,” -- dedi.

Dedim:

“Ay baba, mәn xan deyilәm.”

Dedi:

“Bah, Tehran ola belә ucuz qiymәtә çörәk satalar. Bәs indi xan olmasan nә vaxt olacaqsan?”

Güldüm. O getdi, biz dә mәnzilә keçib yatdıq.

Sәhәr tezdәn durub namaz qıldıqdan, çay içdikdәn sonra bir para xәyallar mәni özünә mәşğul elәmәyә başladı. Gecә bәzi qarışıq yuxular görmüşdüm. Dәstәdәn dörd saat keçmiş Mәşәdi Hәsәni uzaqdan gördüm. Pillәkanları çıxıb mәnzilә gәlmәk istәyirdi.

Dedim:

“Zәhmәt çәkmәyin, bu saat geyinib özüm aşağı düşәrәm. Sәninlә bir yerdә gedәcәyik.”

Әbamı geyinib yola düşdük. Yolda Mәşәdi Hәsәnә dedim:

“Mәşәdi, mәni daxili işlәr nazirinin evinә aparmalısan. Oradan da xarici işlәr naziri vә hәrbi nazirin evinә getmәliyik.”

Mәşәdi Hәsәn dedi:

“Hacıxan işlәri düzәltdimi?”

“Bәli,” -- dedim.

Birlikdә gedib daxili işlәr nazirinin evinә çatdıq. Mәn әgәr onun evinin binasını tәsvir etsәm mәtlәb uzanar. Rza xanın sorağını tutdum. Göstәrdilәr. Yanına gedib salam verdim. Hacıxanın mәktubunu cibimdәn çıxarıb tәqdim elәdim.

O, oxuyub üstümә atdı:

“Bu gün olmaz. Heç vәchlә mümkün deyil,” -- dedi.

Bir qәdәr yaxına yeriyib, ovcuna bir imperial qoydum.

Mәnim üzümә baxıb dedi:

“Zәhmәt olmasa bir az gözlәyin.”

Beş dәqiqәdәn sonra gәldi, qapını göstәrib:

“Buyurun,” -- dedi.

Mәn otağa girәn kimi ikiqat әyilib tәzim mәrasimini yerinә yetirdim. Gördüm cәnab vәzir tirmә şaldan paltar geyib, tam әzәmәtlә yuxarı başda әylәşibdir. Mәn dayanıb durdum. Vәzir dedi:

“Hә, nә xәbәr var?”

“Qurban, bir әrzim var,” -- dedim.

“De görәk!”

“Nökәrinizin әrzi bir qәdәr uzundur. Özüm dә bu diyarda qәribәm. Әgәr lütf buyurub oturmaq icazәsini mәrhәmәt elәsәniz, әylәşib, öz әrzimi mübarәk qәdәmlәrinizin torpağına yetirәrәm.”

Bir qәdәr düşünәndәn sonra vәzir dedi:

“Yaxşı, otur, de görәk.”

Tәşәkkür elәdikdәn sonra әylәşib dedim:

“Mәn uzaq bir yoldan gәlmişәm; bu mәmlәkәtdә qәribәm. Mәzhәbim şiәdir, özüm dә әslәn iranlıyam. Sizin yüksәk mәqamınızdan acizanә tәmәnnam budur ki, lütf buyurub әrzimә axıra qәdәr qulaq asasınız. Ondan sonra mәni iltifata vә ya cәzaya layiq görsәniz, әmr edәsiniz yerinә yetirsinlәr.”

Vәzir buyurdu:

“De görәk!”

Dedim:

“Mәn xaricdә eşitmişdim, indi dә öz gözümlә görürәm ki, İran yer üzünün başqa ölkәlәrinә nisbәtәn virandır. Siz cәnab vәzir o yüksәk mәqamın tәqazasına görә mәmlәkәtin bütün işlәrindәn xәbәrdar olmalısınız. Gecә-gündüz öz vaxtınızı vә hümmәtinizi mәmlәkәtin abadlığına, ölkәnin yüksәlişinә, әhalinin rifah halına sәrf etmәlisiniz. İndi buyurun görәk, bu geniş ölkәnin hansı bir şәhәrindә xәstәxana var, yaxud harada bir әlillәr evi, yetimlәr evi bina etmisiniz, millәtin başsız uşaqlarının tәrbiyәsi üçün hansı peşә, sәnәt ocağı tәsis etmisiniz? Vәtәnin hansı qәsәbәsindә nәqliyyatın hәrәkәtini tәmin etmәk üçün şose yolları çәkmisiniz? Mәmlәkәtin vә millәtin hәyatı vә bәqasının әsası olan әkinçilik vә kәnd tәsәrrüfatının tәrәqqisi vә inkişafı üçün nә kimi tәdbirlәriniz olubdur? Ölkәnin ticarәtinin tәrәqqisi üçün nә etmisiniz? Bilirsiniz ki, bu gün böyük dövlәtlәr bu işdәn bir dәqiqә dә qafil deyillәr. Hәtta öz ticarәtlәrinin genişlәnmәsi üçün milyonlarla pul xәrclәyirlәr. Lazım gәlәndә bu yolda qanlar axıtmaqdan da çәkinmәmişlәr. Bәs sizin tәrәfinizdәn hansı bir ciddi iqdamat әmәlә gәlmişdir? Heç bilirsiniz ki, İran әmtәәsindәn hәr il xaricә nә qәdәr sadir olunur? Yaxud xaricdәn İrana nә qәdәr әmtәә idxal edilir? Әcәba, heç mübarәk xatirinizә gәlibdir ki, bir tәdbir görәsiniz ölkәdәn sadir olunan әmtәәnin miqdarı idxal edilәn әmtәәnin miqdarından artıq olsun, belәliklә dә vәtәnin gәliri xәrcindәn çox olsun? Heç bilirsiniz ki, bu yolla әhalinin maddi qüdrәti artar, dövlәtin xәzinәsi varlanar? Axı niyә İran әhalisi yaşayışına lazım olan әn kiçik şeylәr üçün xarici ölkәlәrә möhtac olsun? Mum şamını allah yaradır, ya bәşәr işidir? Mәgәr qәnd göydәn yağır? Әcәba, İranın torpağında qәnd çuğunduru, yaxud şәkәr qamışı göyәrmәzmi?! Mәgәr İran qoyunları vә inәklәrinin piyi xarici millәtlәrin mal-qarasının piyi kimi tәmizlәnә bilmәz? İranın sel kimi xaricә axan pambığı onun әhalisinin paltarına kifayәt etmәzmi? Cәnab vәzir, sizin heç İranın әhalisi vә nüfuzunun sayından xәbәriniz vardırmı? Bizim milliyyәt vә qovmiyyәtimizin varlığının vә yaşamasının zamin olan doğumun miqdarını bilirsinizmi? İndiyәdәk Rusiyada, Osmanlı torpağında, Hindistanda sәpәlәnmiş bu qәdәr iranlının mühacirәt etmәsinin sәbәblәrini öyrәnmişsinizmi? Bu bәlanın qarşısını almaq üçün nә kimi tәdbirlәr görmüşsünüz? Millәtin zәruri ehtiyacını ödәmәk üçün heç olmasa bir neçә münasib vilayәtlәrdә cәnabınızın adını daşıyan xırda fabriklәrin tәsis olunmasına nәdәndir ki, tәşәbbüs göstәrmirsiniz? Buyuracaqsınız ki, fabrik açmaq vәzirin borcu vә vәzifәsi deyil. Doğrudur, amma onu icad etmәk üçün tәdbir görmәk, millәtdә bu işә rәğbәt oyatmaq, rәiyyәtin bu sahәdәki hüququnu qorumağı tәzmin etmәk bacarıqlı vә ağıllı daxili işlәr nazirinin vәzifәsidir. Vәzir millәtin xoşbәxtliyinә sәbәb olan bu kimi tәdbirlәrin kәlәfinin ucunu tapıb rәiyyәtin әlinә vermәlidir. Әgәr etmәsә mәsuliyyәt daşıdığına görә, hәr cür mәzәmmәtә layiqdir. Nә üçün millәtin halının pәrişanlığı vә hәr tәrәfә dağılmasının sәbәbini soruşmursunuz? Nә sәbәbә görә hәr il İran әhalisindәn neçә min nәfәr cәlayi-vәtәn edir, Osmanlı, rus vә hind torpaqlarına dağılır, qürbәt vilayәtlәrdә dost-düşmәn yanında zәlil-sәrgәrdan olub, fəlakәt vә pәrişanlıqla әlbәyaxa olurlar? Sizcә artıq o gün gәlib çatmamışdırmı ki, İran nazirlәri әhalini hakimlәrә, hakimlәr peşkarlara, peşkarlar bәylәrbәyilәrә, darğalara, onlar da kәtxudalara, kәtxudalar isә fәrraşbaşı vә naiblәrә satmasınlar?! Axı hansı ölkәdә görünübdür ki, şәhәrin darğalığını icrayә versinlәr, özü dә әn alçaq vә әn şәrәfsiz adamlara? Axı insaf da yaxşı şeydir. Mәdәni ölkәlәrdә bu, şәrәfli vәzifә polis tәşkilatının öhdәsindәdir. Rәvamıdır ki, belә bir vәzifәnin başında savadsız, abırsız-hәyasız bir adam dursun? Bütün lәyaqәtsizliyi vә bacarıqsızlığı ilә işi-gücü hörmәtli tacirlәrin balalarına papış tikmәk, müxtәlif bәhanәlәrlә onların mәsuliyyәtә cәlb edib başlarına minbir oyun açmaq olsun. Beş tümәm rüşvәt almaq üçün onların üzәrinә hәr cür namünasib töhmәtlәr vә iftiralar atsın, etibardan, hörmәtdәn salsın, abırlı-hәyalı adamlardan, atası vә qardaşından utanıb çәkindiklәrinә görә heç bir tәqsiri olmadan cәrimә adı ilә әlli-altmış tümәn kәsib, yaxalarından әl çәksin?!

Heç bilirsinizmi ki, sizin bu qanun-qaydasız gömrükxanalarınızda eyni daxili vә ya xarici әmtәәyә birindәn iki tümәn, birindәn bir tümәn, başqasından guya atası sәrbaz vә ya qardaşı topçu olduğuna görә, beş qran gömrük haqqı alır vә dost-düşmәnin şәmadәtinә bais olurlar? Daha bir işi qaydaya salmaq üçün pula, adama vә ya göydәn nazil olan bir tәqdirә ehtiyac yoxdur ki?! Nә vaxtadәk zalim hakimlәrin әlindә xalqla necә rәftar etmәyi, kimdәn nә qәdәr verki almağı müәyyәnlәşdirәn bir tәlimat kitabçası vә әmәl qaydası olmayacaq?! Allahın әn dәyәrli әmanәti olan bu rәiyyәt adlandırdığınız insanların halına nә vaxtadәk etinasız qalacaqsınız? Onları nә vaxtadәk mürüvvәtsiz hakimlәrin hәvavü hәvәsinin ixtiyarına verib, o alçaqların hәr cür rәzil tәmәnnaları qarşısında mәhkum edәcәksiniz? Әcәba, üç min illik İran dövlәti özünün böyük şәhәrlәrindә üç-dörd hәkimi olan bir sәhiyyә idarәsi tәsis edә bilmir ki, heç olmasa o şәhәrlәrin әhalisi özünü hәkim qәlәmә verәn cahil, savadsız şarlatanların әcәl mәllağısından nicat versin?! Nә üçün gәrәk ilk mәrhәlәdә müalicәsi çox asan olan cüzam vә bәrәs xәstәliklәrinin müalicәsi üçün xәstәxana olmasın?! Niyә gәrәk hәr şәhәrin girәcәyindә müsafirlәr bu xәstәliyә düçar olmuş bәdbәxtlәrin böyük bir dәstәsinә rast gәlsinlәr? Bu murdar xәstәlikdәn onların dodağı, burnu tökülüb, ağzı-gözü әyilibdir. O biçarәlәr özündәn-özgәdәn kimә rast gәlirsә, әl açıb dilәnirlәr, özlәri dә vәhşi heyvanlar kimi çöllәrdә yaşamalıdırlar. Ona görә ki, öz evindәn, әhli-әyalından, yurdundan qovulmuşdur. Allaha and olsun, bir qeyrәtli vәtәnpәrvәr adam üçün ölmәk o bәdbәxtlәrin pәrişan halını görmәkdәn min dәfә asandır. Mәn ömrümdә onları bircә dәfә görmüşәm. İndi dә o dәhşәtli mәnzәrәni xatırlayanda ürәyim çırpınır. Amma siz onları hәr gün görürsünüz, ancaq üzünüzә heç toz da qondurmursunuz. Bәs onlar sizin din qardaşlarınız, vәtәn övladları deyillәrmi? Başqaları öz hәmvәtәnlәrindәn bircәsinin hәyatını qorumaq üçün min mәşәqqәtә qatlaşır, saysız-hesabsız pullar axıdırlar. Dost-düşmәn yanında dövlәtin vә millәtin xar vә zәlil olmasına bais olanlar bu nöqsanların aradan qaldırılmasına o qәdәr dә böyük vәsait lazım deyil. Әlacı çox asandır. Dövlәtә dua etmәk babәtindәn ildә altmışca tümәn, o da bir neçә nәfәrin vasitәçiliyi ilә, gәliri olan bir ruhaninin uşaqları, biçarә rәiyyәtdәn cәrimә, rüşvәt almaq nәticәsindә iyirmi-otuz il әrzindә beş kürur sәrvәt sahibi ola bilәr, amma vәtәnin cüzi nöqsanlarını bәrtәrәf etmәk üçün ümumi yardıma müraciәt etmәk olmazmı? Halbuki bu yolla hәmin müqәddәs tәdbirә sәrәncam vermәk mümkündür. Bu iş üçün yalnız xeyirxahlıq, tәdbir, düzgünlük vә tamahsızlıq lazımdır. Әgәr millәt özünü dövlәtdәn, dövlәt isә özünü millәtdәn bilsә, bunların zahirәn, ad etibarilә iki olub, hәqiqәtdә vahid olduğunu anlasalar bütün çәtin işlәr asanlaşar, tezliklә icrası mümkün olar. Vәtәnin bu iki әziz hissәsinin vәhdәti sayәsindә tәrәqqi yolunda heç bir maneә müqavimәt göstәrә bilmәz.

Birlikdәn törәyir hәmişә dövlәt,

Ayrılıq gәtirir kasıblıq, nikbәt.

Әdalәt vә hüqut bәrabәrliyinin kömәyi ilә bütün çәtinliklәrә qalib gәlmәk olar. Mәn bu sәfәr әsnasında İranın kiçik bir hissәsini görmәklә ürәyim qanla doldu. Mәmlәkәt pәrişan, millәt pәrişan, ticarәt pәrişan, xәyal pәrişan, әqidәlәr pәrişan, şәhәr pәrişan, şah pәrişan. İlahi, bu nә pәrişanlıqdır?! Mәәttәl qalmışam ki, belә bir pәrişanlıqla daha bu vәzirlәrin toplanmasına nә ehtiyac var imiş? Nökәrinizin sizdәn tәvәqqe vә ricası bundan ibarәtdir ki, bütün bu pәrişanlığın sәbәbini buyurasınız.

Әgәr allahın peyğәmbәri sizdәn soruşsa ki, ey İran vәzirlәri, ey millәt başçıları, hanı mәnim şәriәtim, hanı sizin cahad etmә vәsaitiniz, hanı sizin mücahidlәriniz, hanı sizin imanınız? Axı mәn vәtәn mәhәbbәtini iman ilә yanaşı tutmuşam. Onda siz nә cavab verәcәksiniz? Bütün bunların yoxluğuna hansı sәbәbi gәtirәcәksiniz? Hәrgah bir dost vә ya düşmәn sizdәn soruşsa ki, bu әlli-altmış illik dinc şahlıq dövründә xaricdәn heç bir müdaxilә olunmayıb, tam istiqlaliyyәtlә hökmranlıq etdiyiniz halda, iyirmi beş kürur İran cәmiyyәtindәn necә oldu ki, iyirmi beş nәfәr tәrbiyә edә bilmәdiniz ki, mәmlәkәtin gömrük işini idarә edә bilsin. Daha Avropadan, xarici millәtlәrdәn ağır, yüksәk maaşla adam kirә elәyib, kömrüklәrinizi onların әlinә tapşırmaya idiniz. Onda siz nә cavab verәrsiniz?

Әgәr bir әcnәbi sizdәn soruşsa ki, bu altmış ilin әrzindә necә oldu ki, bu genişlikdә münbit ölkәnin maliyyәsinә bircә milyon tümәn artıra bilmәdiniz ki, vәtәnin müdafiәsi üçün mәsrәf oluna idi. Onda ona nә kimi qaneedici cavab tapıb verәcәksiniz? Onu da qulluğunuza әrz elәyim ki, bu altmış ilin müddәtindә başqa yaxın vә uzaq ölkәlәrin maliyyәsi bir neçә qat artmışdır. Onların abadlığı vә cәmiyyәti dә haman nisbәtlә tәrәqqi etmişdir.

Әgәr sizin öz vicdanınız sizdәn soruşsa ki, nә üçün ölkәnin bütün gәlirini rüşvәt, peşkәş vә cәrimәyә hәsr edib, onun maliyyәsinin artmasına, ticarәtinin, kәnd tәsәrrüfatının inkişafına lazım olan şәraiti yaratmadınız, onda nә cavab verәrsiniz ki, başıaşağılığınıza sәbәb olmasın? Әcәba, qorxurdunuz ki, vәtәnin meşәlәrini islah etmәk, sahibsiz mәdәnlәri çıxarmaq vә nәqliyyat vәsaiti hazırlamaqdan әlә gәlәn mәnfәәt biçarә rәiyyәti soyub talamaqdan aldığınız sәrvәtdәn az olsunmu? Bәs siz bilmirsiniz ki, rәiyyәt dövlәtin әli, ayağı hesab olunur? Onların bugünkü fәlakәti beş gündәn sonra sizin özünüzün fәlakәt vә xarlığınız demәkdir.”

Vәzir dedi:

“Boşboğazlığın qurtardı, ya yenә dә vardır? Daha mәndә taqәt qalmadı, sәnin bu cәfәngiyatına qulaq asa bilmirәm. Axmaq kişi, bu füzulluqları sәnә hansı köpәk oğlu öyrәdibdir? Mәkәn mәn axır-әzzaman peyğәmbәrәm ki, ümmәtin fikrinә qalam?! Hәr kәsin özü üçün min dәrdi, min qәmi var. Axmağın biri, iki saatdır çәnә döyür, mәn dә hey qulaq asıram görüm nә deyәcәk. Dur ayağa, dәlinin biri dәli! Cәhәnnәm ol get işinin dalınca! Qәribә axmaq adamsan! Dur itil, ya allah, tez ol gözümdәn rәdd ol!”

Әlacsızlıq üzündәn durub, gәldiyim yolla qayıtdım. Gördüm Mәşәdi Hәsәn bağçada ağacın altında tәk oturub mürgülәyir. Dedim:

“Qardaş, dur ayağa gedәk, yatmaq vaxtı deyil. Başını qaldırıb mәni gördü, tәәccüblә soruşdu:”

“Vәzirlә işini qurtardınmı?”

Cavab vermәdim, güldüm. Yolda düşünürdüm ki, görәsәn xarici işlәr naziri ilә hәrbi nazirin dә yanına gedim, ya yox. Doğrusu, tәrәddüd elәyirdim. Yenә dә öz-özümә dedim: "Adam gәrәk iradәli olsun, hәrçәnd ki, bunlardan vәtәnin dәrdlәrinә dәrman olmayacaq, amma yenә dә görmәk yaxşıdır. Heç olmasa deyilmәlilәri deyәrәm, ürәyimi boşaldaram, müәyyәn qәdәr tәskinlik taparam." Mәşәdi Hәsәnә dedim:

“Gedәk xarici işlәr nazirliyinә.”

“Nә eybi var, gedәk,” -- dedi.

Xarici işlәr nazirliyinә gәlib çatdıq. Qapının qabağında neçә fәrraş, bir nәfәr dә rus kazakı dayanmışdı. Fәrraşlardan Mirzә Kazım bәyin sorağını tutdum. Göstәrdilәr. Xoş simalı bir kişi idi. Yaxınlaşıb salam verdim, Hacıxanın mәktubunu tәqdim etdim. Alıb oxudu, әrәbcә çox mehribanlıqla soruşdu:

“Әrәb dilini bilirsinizmi?”

“Bilirәm,” -- dedim.

Yer göstәrib әrәbcә dedi:

“Buyurun әylәşin.”

Әylәşdim. Xidmәtçisini çağırıb çay istәdi. Çay içәndәn sonra durub otaqdan çıxdı. Az keçmәdәn qayıdıb gәldi. Sonra dedi:

“Bir az gözlәyin, rus sәfirliyinin birinci müavini vәzirin yanındadır. Otağı xәlvәt elәyiblәr.”

Mәn o saat anladım ki, Rusiya sәfirliyi filan imtiyazın ingilislәrә verilmәsindәn tәşvişә düşmüşdür. Söhbәt vә xәlvәt dә hәmin mәtlәb üçündür. İstәyirlәr o müqavilә pozulsun, ya da özlәri ona oxşar bir imtiyaz әlә keçirsinlәr. Tәsadüfәn, sonar mәlum oldu ki, danışıqlar elә hәmin mәtlәb üstündә imiş. Bir saatdan sonra Mirzә Kazım bәy yenidәn otaqdan çıxdı. Qayıdan baş vәzirin xidmәtçilәrindәn biri ilә gәldi. Mәni ona göstәrib dedi:

“Vәzirin hüzuruna gedәcәk.”

Bir neçә qapıdan keçdikdәn sonra xidmәtçi dayandı, pәrdәni yuxarı qaldırdı. Otağa daxil oldum. Gördüm vәzir durub otaqda gәzişir. Salam verib tәzim elәdim. Buyurdu:

“Nә var?”

Mәn daxili işlәr nazirinin görüşündә söylәdiyim müqәddimәni burada da işә salıb, oturmaq icazәsi istәdim. Vәzir soruşdu:

“Sәn Misirdәn gәlmisәnmi?”

“Bәli,” -- dedim. Bildim ki, Mirzә Kazım bәy mәnim haqqımda ona mәlumat vermişdir.

“Hansı dövlәtin rәiyyәtisәn,” -- deyә vәzir soruşdu.

“İran rәiyyәtiyәm,” -- dedim.

“Eşitmişәm Misirdә İran rәiyyәti olan bütün varlılar tәbәәlikdәn çıxıblar, başqa dövlәtlәrin tәbәәliyini qәbul elәyiblәr.”

Mәn әlavә etdim:

“Bәli, mәndәn başqa.”

Vәzir gülümsünüb әylәşdi. Mәnә dә oturmağı tәklif etdi. Burada yenә dә xahiş etdim ki, әrz edәcәyim mәtlәbә hövsәlә ilә axıra qәdәr qulaq assın. Vәzir dedi:

“Arxayın ola bilәrsәn, bu şәrtlә ki, sözlәrin mәnasız və cәfәngiyat olmasın.”

“Mәn hәr nә desәm milli qeyrәt üzündәn deyәcәyәm, sizdәn heç bir şey tәvәqqe vә tәmәnna etmәyәcәyәm,” -- dedim.

“Buyur görәk,” -- dedi.

Mәn sözә başladım:

“Cәnab vәzir, sizdәn İran millәtinin qәrib vә qәyur bir fәrdi soruşur ki, aya, sizin konsulların xarici ölkәlәrdә törәtdiklәri alçaq işlәrdәn xәbәriniz vardırmı? Әcnәbilәrin yanında İran millәtinin tәbәәlik vәsiqәsi hesab olunan bu tәzkirәlәr nә vaxtadәk әttarların әdviyyә-istiot bükdüyü mәsrәfsiz kağızlar kimi qәdir-qiymәtsiz olacaq?! Bizim milli şәrәfimizin bu mötәbәr sәnәdi haçanadәk qumar vәrәqlәri kimi müxtәlif yerlәrdә müxtәlif qiymәtlәrә, mәsәlәn, Tehranda beş qrana, Tәbrizdә bir tümәnә, Araz qırağında on beş qrana, Qafqazda dörd manat yarıma, Osmanlı torpağında yetmiş beş quruşa satılacaqdır?! Bundan әlavә, sizin mәmurlarınız hәr yerdә bu tәzkirәlәri xarici ölkәlәrin tәbәәlәri olan xәspuşlara, oğru-şarlatanlara satırlar. Bu xәspuşlar Osmanlı ölkәlәrindә, Rusiyada, hәtta Avropada özlәrini İran tәbәәsi adlandırır, minbir fırıldağa әl atırlar. Bizi yetmiş iki millәt yanında rüsvay edirlәr.... Belә bir biabırçılıqdan sonra o konsulun hörmәti vә ya üzәrindә bizim dövlәt vә millәtin nişan vә әlamәti olan tәzkirәnin zәrrәcә etibarı qalarmı?! Heç rәvamıdır ki, sizin dә bir para sәfirlәriniz bir neçә murdar lirәnin müqabilindә öz yüksәk mәqamlarından utanmayıb, bilә-bilә, düşünә-düşünә belә bir böyük rüsvayçılığa әl atırlar. Bu lәnәtә gәlmiş rüşvәt nә vaxtadәk sizin mәmurları mәsuliyyәtә cәlb etmәyә, cәzalandırmağa mane olacaq?! Әcәba, hәlә dә bu rüsvayçılıqların qarşısını almaq, dövlәti, millәti bu bәdnamçılıq boyunduruğundan xilas etmәk vaxtı gәlib çatmamışdırmı?!

Bu intizamsızlıqların nәticәsindә әcnәbi dövlәtlәrin konsulları nә vaxtadәk bizim vәtәnimizdә әllәrindәn gәlәni edәcәklәr? Bunların әksinә, haçanadәk sizin Osmanlı, rus ölkәlәrindәki konsullarınız öz tәqsirlәrini ört-basdır etmәk üçün yerli hakimlәrin vә qubernatorların әlaltıları kimi onlara yaltaqlanacaq vә alçalacaqlar?! Haçanadәk әcnәbi konsullarının bu özbaşınalığını İran dövlәtinin bacarıqsızlığı vә zәifliyi ilә izah edәcәklәr?! Siz isә belә bir fikrin düzgün olmadığını dәrk etmәyәcәksiniz?! Axı dünyada zәif dövlәtlәr çoxdur. Hәrgah qәrar olsa ki, güclülәr zәiflәri әzib pamal elәsinlәr, onda dünya bir-birinә dәyәr, bәli, o dövlәtin ki, yazılıb tәsdiq olunmuş müәyyәn bir qanunu yoxdur, hәr nә istәsәlәr ona edәrlәr. Başqası da bu işә mane olmaz. İndi İngiltәrә, Fransa vә ya Rusiyanın general konsulunun hünәrlәri varsa hökumәti tәzә tәşkil tapmış, cәmiyyәti isә üç milyondan artıq olmayan Bolqarıstanda bir işә müdaxilә etsin vә ya bolqar tәbәәlәrindәn birinә desin ki, buradan dur, orada otur. Haman gün onun ayaqqabılarını cütlәyib qoyarlar qabağına. Necә ki, indiyәdәk dәfәlәrlә bu işi elәyiblәr.

Xarici sәfirlәr vә konsullar İranda etdiklәri özbaşınalıqları bәlkә dә İran sәfirlәri vә mәmurlarından öyrәnmişlәr? Bu mәmurlar, tәbәәlәrin hüququnu müdafiә etmәyә borclu olduqları halda, onları açıqca çalıb çapdıqları bir tәqdirdә xarici mәmurlardan daha nә gözlәmәk olar?! Özümüzün qanunumuz vә әdalәtimiz olmadığı halda, onlara nә dil ilә demәk olar ki, bizlә qanunla, әdalәtlә rәftar elәyin? Bu acınacaqlı vәziyyәtdәn, cәnab vәzir, allaha pәnah aparıram. Haraya ayaq basırsan ah-nalәlәrinin tüstüsü ilә göylәri qaraldan, ürәyi od tutub yanan iranlılara rast gәlirsәn. Onlar ölkәnin daxilindә olan zülm, haqsızlıq nәticәsindә baş götürüb qaçır, xaricdә isә ondan daha betәr cәfalara düçar olurlar. Osmanlı torpağında, Rusiyada hәr hansı kәndә, qәsәbәyә getsәn görәcәksәn ki, bir ovuc arsız, işsiz avara fәrraş bir adamın başına toplanıb onun adını qoyublar konsul. Hamısı әlbir olub, dövlәt dәftәrindә heç bir ismi-rәsmilәri olmayan bu cәlayi-vәtәn etmiş biçarәlәrin canına daraşıblar. Sağa keçirlәr, kәsirlәr, sola keçirlәr, siyirirlәr. Әvvәla, mәmlәkәtin daxilindә nә üçün zülm qapıları bağlanılmır ki, bu yazıqlar da vәtәnlәrini tәrk etmәyә mәcbur olmasınlar? İkincisi, nә üçün konsullar bu fәqir-füqәranın hәr birisindәn gәrәk tәzkirә pulu ünvanı ilә beş manat alıb, öz cibinә salsın?! Әgәr buyursanız ki, onlara bu pulu maaş әvәzinә veririk, allah haqqı, aldanırsınız. Çünki bu pulu dövlәt özü alıb hәmin utanmaz mürüvvәtsizlәrә maaş versә, ildә dövlәt xәzinәsinin gәliri xeyli artar, bu kimi rüsvayçılıqlar da müәyyәn dәrәcәdә azalar. Hal-hazırda Osmanlı ölkәsindә vә Rusiyada bir iranlı öldükdә, hansı tәbәqәyә mәnsub olmasından asılı olmayaraq, onun birinci varisi hәmin sәfirlәr vә konsullardır. Ölünün vәrәsәlәri vә tәlәbkarlarının gücü çatdıqda onlara da müәyyәn pay düşәcәkdir. Әks tәqdirdә, әllәrinә heç bir şey çatmayacaq. Pasport mәsәlәsi dә bunun tayıdır. Dәqiq şәkildә hesablanıb mәlum olmuşdur ki, hәr bir iranlı, hәr hansı sәrhәddәn gedir-getsin, Mәkkәni ziyarәt elәyib qayıdanadәk qırx beş tümәn tәzkirә vә qolçәkmә pulu vermәlidir. Hәr il azı dörd min nәfәr iranlı Mәkkәnin ziyarәtinә gedir. Bunların tәzkirә pulu ildә yüz altmış min tümәndәn artıq olur. Bu pulla Rusiyanın vә Osmanlı ölkәsinin bütün mühüm vә lazımi yerlәrindә müәyyәn maaş vә tәlimatla konsul saxlamaq mümkündür. Maaş verildikdә isә, konsullardan şikayәt olunarsa, onları mәsuliyyәtә cәlb edib, cәzalandırmaq da caizdir. Bizim vә bütün müsәlmanların qiblәsinin darvazası hesab olunan Cәddә limanında tәsәrrüfat işlәrinә baxan mәmur nәcib, әdәbli, dindar, şahnәrәst, bilikli, savadlı ailәyә mәnsub bir adam olarsa, bunun nә eybi var? Oranın tәsәrrüfat işinә baxan mәmurun vәzifәsi hәrraca qoyulur. Bu vәzifә hәr il müzaidә ilә bir-iki min lirә müqabilindә hәr bir atasından xәbәrsiz, alçaq, savadsızın әlinә tapşırılır ki, o da hörmәt vә hüquqlarının qorunması dövlәtin öhdәsindә olan hacıların canına, malına hakim kәsilir. Hökumәt hәr bir tәzkirәdәn bir tümәndәn artıq almadığı halda o, utanmadan, çәkinmәdәn yarım lirә alır ki, bu da iki tümәn yarım elәyir. Hәlә bundan sonra da camaatın yaxasından әl çәkmir, hamballar vә dәvәçilәrlә әlbir olub, hacıları çapır. Bir dәvәni vә ya ulağı Cәddәdәn Mәkkәyә kirә edәndә başqalarından, yәni Osmanlı, Misir, Әlcәzair, Hollandiya, Hind vә Qafqaz müsәlmanlarından otuz quruş aldıqları halda iranlıdan iki yüz quruş, yәni altı dәfә artıq tәlәb edirdilәr. Bu mәsәlәlәri hәr il qәzetlәr yazır vә hacıların fәryadı göylәrә yüksәlir. Amma bu fәryadları eşidәn qulaq hanı?! Onlara zülm edәn hәyasızlar heç bir cәza almırlar. Üç aylıq müvәqqәti konsulların İran hacılarından hәr il Cәddәdә aldıqları pul bir sәfirin maaşına kifayәt edәr. Cәnab vәzir, әgәr mәnim bu dediklәrimdәn xәbәriniz vardır vә bunların әhәmiyyәtsiz olduğunu zәnn elәyirsinizsә, onda icazә verin әrz elәyim ki, çox insafsız adamsınız. Xәbәriniz yoxdursa, başqa sözlә, sizin öhdәnizdә olan idarәlәrdә nәlәr olduğunu bilmirsinizsә, onda hamının haqqı var ki, sizi başısoyuq bir adam hesab elәsin vә bu yüksәk mәqama layiq olmadığınızı söylәsin. Vәssәlam.”

Vәzir gәrnәşәrәk yerindәcә dik oturdu, mәni başdan-ayağa süzüb dedi:

“Әrәbistanın tәrbiyәsi bundan artıq olmaz ki!...

Axmaq kişi, sәn nә dili uzun, qafasız adammışsan. Qanun adını eşidib dilinә dolamısan. Bir ucdan qanundan dәm vurursan. Daha bunu qanmırsan ki, başqa dövlәtlәrdә bircә qanun vardır ki, ildә bir dәfә dә icra olunmur. Bizim ölkәmizdә hәr bir nazirliyin özünün ayrıca qanunu var. Onların hәr birinin hökmü dә yarım saat әrzindә yerinә yetirilir. Sәnin bircә işindәn xoşum gәldi ki, İran tәbәәliyindәn çıxmamısan. Yoxsa sәninlә başqa cür rәftar edәrdim. Dur ayağa, cәhәnnәm ol, ya allah!...”

davamı
XS
SM
MD
LG