Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:35

«Məhşər saatı» qurulub, artıq vaxt gedir…


Əqrəbin saat 12-dən geri çəkilməsi nüvə silahı ilə məhvolma riskinin azalması deməkdir
Əqrəbin saat 12-dən geri çəkilməsi nüvə silahı ilə məhvolma riskinin azalması deməkdir

«Məhşər saatı» adlandırılan simvolik saat nüvə silahı ilə bağlı qlobal gərginliyin bir növ barometri, ölçü cihazıdır. İlk dəfə 1947-ci ildə həmin saat nüvə silahının yayılması təhlükəsinə işarə olaraq gecə 12-yə 7 dəqiqə qalmış təsvir olunub. O vaxtdan bu günəcən Atom üzrə Alimlərin Bülleteninin rəsmiləri həmin saatın əqrəbinin yerini 17 dəfə dəyişiblər. Ya qabağa, ya da geriyə çəkiblər. Əqrəbin gecə yarısından, yəni saat 12-dən geri çəkilməsi nüvə silahı ilə məhvolma riskinin azalması deməkdir.


ABŞ və Sovet İttifaqı nüvə silahıyla bağlı razılığa gələndə də, «Soyuq müharibə» başa çatanda da belə olmuşdu. Əqrəbin 12-yə yaxınlaşdırılması bəşəriyyətin yenidən təhlükə həddində olması, qiyamət anına çatması anlamına gəlir. Alimlər yanvarın 17-də məhz belə bir addım ataraq saatın əqrəbini irəli çəkib və «Məhşər saatı»nı «gecəyarısına 5 dəqiqə qalmış» vəziyyətə gətiriblər. Bu xəbər Londonda və Vaşinqtonda elan edilməzdən əvvəl britaniyalı fizik, doktor Stefan Houkinq bunları deyib: «Xirosima və Naqasakidən bu yana heç vaxt müharibədə nüvə silahından istifadə edilməyib. Baxmayaraq ki, bəşəriyyət bir neçə dəfə fəlakət həddində olub. Həmin fəlakətlərdən biri baş versəydi, biz hamımız məhv olardıq. İkinci nüvə əsrinin astanasında olduğumuz və misli görünməmiş iqlim dəyişikliyi yaşadığımız bir vaxtda bəşəriyyətin üzləşdiyi təhlükələr barəsində alimlərin insanları məlumatlandırmaq, dünya liderlərinə isə tövsiyələr vermək kimi xüsusi vəzifəsi var».


Alimlər deyirlər ki, onların bu addımı bir az İran və Şimali Koreya ilə bağlı yaranmış nüvə təhlükəsindən, bir az da iqlim dəyişikliyindən yaranıb. Yerin altından çıxarılan karbohidrogen ehtiyatlarının yandırılması iqlim dəyişkəliyinə səbəb olduğundan atmosfer uçun daha təmiz olan nüvə enerjisindən istifadəyə maraq artıb.


«Soyuq müharibə»dən sonra dördüncü dəfədir «Məhşər saatı»nın əqrəbi irəli çəkilir. Axırıncı dəfə bu hadisə 2002-ci ildə baş verib. O vaxt bu, ABŞ-ın «Raketlərə qarşı müdafiə müqaviləsi»ndən çıxmasından və terrorçuların nüvə və bioloji silah əldə etmək təhlükəsinə görə edilmişdi.


Alimlərin sözlərinə görə, onların bu addımı həm də sözlə ifadəolunmaz dağıntının baş verməsinin və bəşəriyyətin gələcəkdə məşəqqət içində qalmasının qarşısını almaq üçün tədbirlər görməyə də bir çağırışdır.


XS
SM
MD
LG