Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:09

16 ilin nəticəsizliyi…


Robert Koçaryan Minsk Qrupu həmsədrlərini qəbul edir, Yerevan, 17 sentyabr 2007
Robert Koçaryan Minsk Qrupu həmsədrlərini qəbul edir, Yerevan, 17 sentyabr 2007

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya səfəri başlayıb. İsti yayın yaratdığı siyasi fasilə, deyəsən artıq bitmək üzrədir. Yenidən danışıqlar prosesinə start verilir. Yeni prosesdən nə gözləmək olar? Əvvəlcə onu qeyd edək ki, Minsk qrupunun həmsədrlərinin regiona səfərləri artıq adi hadisəyə çevrilib. Həmsədrlərin müxtəlif vaxtlarda verdikləri ziddiyyətli bəyanatları istisna etsək, geniş ictimaiyyət bu səfərlərə bir o qədər də maraq göstərmir. Səbəb də aydındır: mövcud olduğu on altı il ərzində Minsk qrupu münaqişənin həlli üçün əməli olaraq heç bir iş görə bilməyib. Müxtəlif vaxtlarda ortaya müxtəlif nizamlanma planları qoyulub, ancaq onların heç bir real nəticəsi olmayıb.


Minsk qrupunun həmsədrləri adətən deyirlər ki, onlar sadəcə vasitəçidirlər və vəzifələri də tərəfləri ortaq məxrəcə gətirməkdir. Amma həmsədrlər unudurlar ki, onlar dünyanın üç aparıcı dövlətini təmsil edirlər. Bu dövlətlər arzu etsəydilər prinsipcə münaqişə iştirakçılarına təsir edə, Ermənistanı təcavüzkar mövqedən çəkindirə bilərdilər. Həmsədrlər unudurlar ki, ötən nəticəsiz müddət Minsk qrupunun bir institut kimi səmərəliliyinə şübhə yaradır. Elə buna görə də təsadüfi deyil ki, müxtəlif vaxtlarda Minsk qrupunun vasitəçiliyindən imtina etmək haqqında çağırışlar eşidilir. Həmsədrlər belə çağırışları düzgün hesab etmirlər.


Amma münaqişənin BMT çərçivəsində nizamlanmasının da tərəfdarları var. Qeyd edək ki, BMT-nin sentyabrın üçüncü on günlüyündə keçiriləcək sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət də müzakirə mövzusu olacaq.


Əslində bu, BMT-nin vəzifəsidir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş əraziləri haqqında dörd qətnamə qəbul edib. Qətnamələrin həyata keçməsinə nəzarət bilavasitə BMT-nin vəzifəsidir. Qeyd etdiyimiz kimi, Minsk qrupunun həmsədrləri məsələnin BMT müstəvisinə qayıtmasının əleyhinədirlər. Amma bir alternativ də təklif edə bilmirlər. On altı il ərzində münaqişənin heç olmasa bir mərhələsini razılaşdırmaq olardı. Amma bu, baş verməyib-Azərbaycan əraziləri işğal altında qalmaqda davam edir. Aydındır ki, münaqişə əbədi olaraq davam edə bilməz. Onun bir sonu olmalıdır. Amma bu sonluq hələ görünmür. Son bir-iki ildə ümid yarandı ki, Minsk qrupu Ermənistanı münaqişənin mərhələli həll variantını qəbul etməyə razı salıb. Amma bu xüsusda da hələ dəqiq heç nə məlum deyil. İşğaldan azad ediləcək rayonların sayı hər dəfə Ermənistan tərəfindən azaldılır, Azərbaycanın işğal olunmuş bəzi rayonlarının taleyi naməlum qalır.


İndi də Minsk qrupunun həmsədrləri danışıqların formatının dəyişdirilməsini və Dağlıq Qarabağın erməni icmasının bu danışıqlara cəlb edilməsini təklif edirlər. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Dövlət rəsmiləri bildirirlər ki, erməni icması o vaxt danışıqlara cəlb edilə bilər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın. Ermənistan isə bu addımı atmaq istəmir, Azərbaycanın ərazi bütövlüyünü tanımır. Belə olan təqdirdə Minsk qrupunun həmsədrlərinin danışıqların formatını genişləndirmək haqqındakı təklifi, sadəcə başa düşülən deyil.


Əvvəldə qeyd etdik ki, Minsk qrupunun yaradılmasından artıq on altı il keçib.


Bu illər ərzində məsələyə siyasi yanaşma dəyişməli idi. Müşahidəçilərin fikrincə, indi dünyada siyasi tarazlıq və güc balansı dəyişib. Daha region Rusiyanın istisnasız nəzarətində deyil. Əvvəllər məsələyə daha çox Rusiyanın mövqeyindən yanaşılırdı. Amma indi aydındır ki, bu mövqe qüsurludur.


O da nəzərə alınmalıdır ki, indi Azərbaycan da xeyli güclənib, Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş respublikasına çevrilib, onun dünyadakı mövqeyi də möhkəmlənib. Elə bu səbəbdən Azərbaycanın haqlı və ədalətli tələbləri nəzərə alınmalıdır. İlk növbədə Azərbaycanla Ermənistan arasındakı münasibətlər nizamlanmalı, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır. Eləcə də Ermənistan BMT qətnamələrində göstərildiyi kimi işğal olunmuş əraziləri hər hansı şərt qoymadan azad etməlidir. Məsələ hüquq müstəvisinə qayıtmalıdır ki, hüquq çərçivəsində həll edilsin. Minsk qrupu isə təəssüf ki, məsələnin həllini hüquq müstəvisində deyil, hansısa kənar prinsiplər çərçivəsində axtarmağa cəhd edir.


XS
SM
MD
LG