Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:59

«Əsrin müqaviləsi» yeni əsrdə


İlham Əliyev «Əsrin müqaviləsi»nə daxil olan «Mərkəzi Azəri» neft platformasında
İlham Əliyev «Əsrin müqaviləsi»nə daxil olan «Mərkəzi Azəri» neft platformasında

Ənənəvi neft ölkəsi hesab edilən Azərbaycanda 1994-cü ildə böyük neft müqaviləsinin imzalanması mühüm hadisə oldu. Əvvəlki dövrlərdə də Azərbaycan neft istehsal edən ölkə olsa da bu, müstəqil ölkənin ilk neft müqaviləsi idi. Böyük neft müqaviləsinin imzalanması yolunda geosiyasi və maliyyə çətinlikləri var idi. Keçmiş sovet məkanında ilk dəfə olaraq Qərb şirkətləri ilə neft müqaviləsi imzalamaq düşünülən qədər də asan məsələ deyildi. Qonşu Rusiyanın təzyiqləri, Xəzərin hələ də müəyyən edilməmiş statusu-bunlar asan dəf edilən problemlər deyildi. Onları dəf etmək risk tələb edirdi.


Çətinlikləri birdən-birə dəf etmək mümkün olmadı. Azərbaycanın müstəqillik qazanmasından ilk böyük neft müqaviləsinin imzalanmasına qədər təxminən üç il müddət keçdi. İlk böyük neft müqaviləsini ancaq 1994-cü ildə reallaşdırmaq mümkün oldu. Əksər iqtisadçıların rəyi budur ki, ilk böyük neft müqaviləsinin imzalanması Azərbaycan iqtisadiyyatı üçün müstəsna əhəmiyyət kəsb etdi. Ölkə yenicə müstəqillik qazanmışdı, sosial-iqtisadi böhrandan çıxmaq, iqtisadi islahatlara başlamaq, nefti istehsal etmək və onu dünya bazarına çıxarmaq üçün yeni, alternativ nəql imkanları yaratmaq böyük sərmayələr tələb edirdi.


Ötən müddət ərzində bu işlər görüldü. Böyük neft layihəsi işə düşdü və alternativ neft kəmərləri inşa edildi. Ölkə müstəqil şəkildə neft ixrac edən dövlətlərin sırasına qoşuldu.


İndi bütün bunlar tarixi on illiyi adlayan keçmişdir. Bu on il həm də çox ziddiyyətli olub. Neftə və onun ölkə həyatına gətirdiyi töhfəyə baxış müxtəlif olub. Neft amili əsasən iki aspektdən araşdırılıb. Bunlar iqtisadi və siyasi aspektlərdir.


Neft ölkəyə böyük iqtisadi sərmayə gətirsə də onun fəsadları haqqında söhbətlər də az olmayıb. Ölkə iqtisadiyyatının neftdən asılılığı, büdcənin əsasən neft gəlirləri hesabına formalaşması, zəruri struktur islahatlarının ləngiməsi, neft gəlirlərinin səmərəli xərclənməsi problemi, nəhayət « Holland sindromu» haqqında müzakirələr bu qəbildəndir.


On il bu müzakirələrə yekun vurmaq üçün çox az müddətdir. Onlar hələ də davam edir. İqtisadçılar ölkənin gələcəyinə baxışda hələ də pessimistlərə və optimistlərə bölünməkdə davam edirlər. Məsələn, qeyri-neft sektorunun inkişafı hələ də hamını qayğılandırır. Prinsipcə, neqativ halların qarşısının alınması üçün bütün amillər nəzərə alınıb. Neft gəlirlərinin ayrıca toplandığı Neft Fondu var, qeyri-neft sektorunun inkişafı yaddan çıxmır, hökumət onu bütün proqramlarda nəzər alır, regionların inkişafına diqqət yetirilir, amma narahatlıq hələ də qalır. Görünür, problem bundadır ki, Azərbaycan kimi gənc dövlətlər üçün rəqabət qabiliyyətli qeyri-neft sektoru formalaşdırmaq çətindir, dünya iqtisadiyyatında böyük inkişaf və ixtisaslaşma gedib. Bu maneələri adlamaq bir o qədər də asan deyil. Alternativ inkişaf yolu kimi ölkədə informasiya texnologiyalarının inkişaf etdirilməsi diqqətə gətirilir. Amma sənayenin bu sektorunun hansı ölkələrin inhisarında olduğunu və bu ölkələrin necə böyük inkişaf yolu keçdiyini yada salanda bunun da bir o qədər də asan məsələ olmadığı aydınlaşır.


Neft həm də siyasi amildir. Bəzi müşahidəçilərin fikrincə, neft amili ölkədəki demokratikləşmə prosesinə mənfi təsir göstərir, siyasi islahatları ləngidir. Amma hər şeyi neftlə bağlamaq da düzgün deyil. Görünür, bunun bir səbəbini də həyatın özündə axtarmaq lazımdır. Getdikcə siyasətlə maraqlanan insanların sayı azalır. Sosial-iqtisadi böhranın aradan qalxması, iş yerlərinin açılması, biznes üçün şəraitin yaradılması insanları başqa istiqamətə yönəldir.


Siyasət daha əvvəlki cazibəsini itirib. Həm də yada salmaq lazımdır ki, Azərbaycan siyasətinin də tarixi bir o qədər böyük deyil, on illərlə ölçülür. İnsanlar böyük siyasi hadisələrdən və xüsusən də sarsıntılardan yorulublar. Sosial rifah bir meyar kimi daha çox önə keçib. Yaxşı təhsil almaq, gəlirli firmada işləmək, öz biznesini qurmaq, həyatda irəliləmək, nəyəsə nail olmaq-insanlar daha çox bunlara can atırlar. Gərək, siyasətçilər bu amilləri də nəzərə alsınlar.


XS
SM
MD
LG