Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:43

Hicab - olsun, olmasın?


«Parlament və ya prezident səviyyəsində bu məsələ birdəfəlik həll edilməlidir»
«Parlament və ya prezident səviyyəsində bu məsələ birdəfəlik həll edilməlidir»
Azərbaycan Müəllimlər İnstitutunda iki hicablı tələbənin dərsə buraxılmaması bir məsələni yenidən gündəmə gətirdi - onlarla hicablı xanımın problemləri hələ də həll edilməmiş qalmaqdadır.

Düzdür, həmin tələbələrin instituta buraxılması ilə bağlı problem mətbuatın, eləcə də Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin işə qarışmasından sonra həll edildi. Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı mövqeyində düzəlişlər etdi. O, baş verənləri anlaşılmazlıq kimi qiymətləndirdi. Rektorun qənaətincə, problem qızların dərsə hicablı və ya hicabsız gəlməsində deyil. Rektor hicablı və ya hicabsız tələbə qızların zövqsüz və açıq-saçıq geyiminə irad tutur: «Hicablının da öz geyimi olmalıdır, üstündə yeddi rəng gəzdirməməlidir».


Aqiyə Naxçıvanlı hicablı qızların geyimi ilə yanaşı qərarlarına da münasibət bildirir: «Çoxu bilmir nə edir, bu gün başını bağlayır, sabah açır. Bu istək içdən gəlirsə, uzun müddətli hazırlıqdan sonra qərar verilirsə başqa məsələ…Ancaq baxırsan ki, bir müddət sonra başqa qərar verir. Onların tərbiyəsinə qarışmaq vacibdir».


25 yaşlı hicablı Humay Həsənova isə rektorla razılaşmır. Onun sözlərinə görə, peşə seçərkən, ailə qurarkən tələsik, yanlış qərar verənlər az olmur, buna görə onları sıxma-boğmaya salmaq olmaz.


Humay deyir ki, hicab bağladığına görə, hər zaman təzyiqlə üzləşib, şəxsiyyət vəsiqəsi ala bilməyib, bu üzdən də nə təhsilini davam etdirib, nə də işləyə bilir. Odur ki, parlament və ya prezident səviyyəsində bu məsələ birdəfəlik həll edilməlidir.


Humay danışır ki, dünyada bununla bağlı müxtəlif modellər var. Məsələn, Fransanın orta məktəblərində şagirdlər dərsə boyunlarında xaç və ya xristianlığa aid başqa simvolika ilə gedə bilməzlər. ABŞ-da isə bunun əksidir: «Bu, içdən gələn bir şeydi. Bizdə hicab daxili istəklə bağlı deyil, bu, normadır. Deyirlər başınızı açın şəkil çəkdirin, sonra da bağlayın. Bu, tamam yanlışdır, mümkünsüzdür».


Milli Məclisin İnsan Haqları Daimi Komissiyasının üzvü Bəxtiyar Sadıqovun bu məsələdə mövqeyi qətidir: «Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Bu üzdən dini mənsubiyyətlə bağlı məsələləri qabartmağa lüzum yoxdur, sadəcə, qanunlara riayət etmək lazımdır». Cənab Sadıqov deyir ki, pasport haqqında qanun qəbul ediləndə layihə Avropa Şurasının ekspertlərinə göndərilib və onlar da xanımların başı açıq şəkil çəkdirməsini məqbul sayıblar.


Bəxtiyar Sadıqovun düşüncəsinə görə, azərbaycanlı xanımların yenidən çarşaba bürünməsi onları geriyə ata bilər. Bəzən isə gənc qızlar bu addımı dəb xatirinə, başqalarından seçilmək üçün atırlar: «Bunu xoşagəlməz təriqətlərin təsiri altına düşmək kimi qiymətləndirirəm. Azərbaycan qadınının uğuru odur ki, azaddır».


Hüquq müdafiəçisi İlqar İbrahimoğluna görəsə, bu cür müzakirələr Azərbaycanda insan haqlarının məhdudlaşdırıldığını göstərir: «Bu, ümumilikdə Azərbaycanda söz azadlığının və başqa azadlıqların dramatik vəziyyətinin təzahürüdür».


Hüquq müdafiəçisi Çingiz Qənizadə isə hesab edir ki, emosional müzakirələrdən, qarşıdurmadan qaçmaq və seçimi vətəndaşa buraxmaq gərəkdir. Amma bir şeyi də unutmaq olmaz ki, vətəndaşlarının böyük əksəriyyəti müsəlman olan Azərbaycan dünyəvi dövlətdir. Bu üzdən də Qənizadə düşünür ki, veriləcək qərarlar bu çərçivədə həll olunmalıdır.


XS
SM
MD
LG